Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-73/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xidmət müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi Açar söz: xidmət müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xidmət müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış ASFX seriyalı 17/046 nömrəli 01 mart 2017-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində uçot və mühasibatlıq ilə əlaqədar xidmət göstərməyi öz üzərinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi icraçıya 1 ay üçün vergilər və digər ödənişlər daxil olmaqla, 3.670 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.
2. "xxxx" ASC-nin baş icraçı direktoru Bürhan Həmidov və İddiaçı olmaqla tərtib edilmiş 31 may 2019-cu il tarixli, 30 iyun 2019-cu il tarixli, 31 iyul 2019-cu il tarixli, 31 avqust 2019-cu il tarixli, 30 sentyabr 2019-cu il tarixli, 31 oktyabr 2019-cu il tarixli, 30 noyabr 2019-cu il tarixli, 30 aprel 2020-ci il tarixli, 31 may 2020-ci il tarixli, 30 iyun 2020-ci il tarixli, 31 iyul 2020-ci il tarixli, 31 avqust 2020-ci il tarixli, 30 sentyabr 2020-ci il tarixli, 31 oktyabr 2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktlara əsasən 01 mart 2017-ci il tarixli ASFX 17/046 nömrəli müqavilə üzrə iddiaçı cavabdehə həmin aylarda xidmət göstərmiş, xidmətlərin dəyəri hər ay 5.344 manat razılaşdırılmışdır. Qeyd olunan aktlar imzalanmış, "xxxx" ASC-nin möhürü ilə təsdiqlənmişdir.
3. İddiaçı məxsus bank hesabından çıxarışdan məlum olur ki, müxtəlif tarixlərdə "xxxx" ASC tərəfindən 01 mart 2017-ci il tarixli ASFX 17/046 nömrəli müqavilə üzrə ödənişlər edilmişdir.
4. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən Bakı 4 saylı Mediasiya Təşkilatının hesabına 400 manat köçürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən ödənilməmiş 74816 manat borcun və 2019-cu ildən iddia verilən günədək 9634,7 manat faizin, mediasiya prosesi və dövlət rüsumu üçün ödənilmiş 400 (dörd yüz) manatın alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə ASFX17/046 saylı 01 mart 2017-ci il tarixli “xidmət” müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində uçot və mühasibatlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar xidmətlər göstərmişdir. Müqavilənin predmetinə görə göstərdiyi xidmətin əvəzində cavabdeh həmin xidmətə görə haqqın ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Lakin, göstərdiyi xidmətlərə görə xidmət haqqı tam şəkildə ödənilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 2019-cu ilin aprel-noyabr ayları və 2020-ci ilin aprel və oktyabr ayları üzrə müqavilə üzrə xidmətlərimi göstərməsinə baxmayaraq, həmin aylar hesablansa da ödənilməmişdir. Ödənilməyən məbləğ 74816 manat təşkil edir. Dəfələrlə cavabdehə xidmətlərə görə haqqın ödənilməsi barədə həm yazılı, həm də şifahi müraciət etməsinə baxmayaraq, müraciətlərə heç bir məhəl qoyulmayıb. Sonuncu dəfə xx.xx.2022ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət olunub və pulun ödənilməsi xahiş olunmuş, ödənilmədiyi təqdirdə müvafiq məhkəməyə müraciət olunması barədə xəbərdarlıq edilmişdir. Sonuncu pretenziyaya da cavabdeh tərəfindən heç bir məhəl qoyulmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3131/2022 saylı qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia tələbi qismən təmin edilmiş "xxxx" ASCdən 74816 manat pulun və 400 manat mediasiya xərcinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
8. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən 74816 manat tutularaq iddiaçıya ödənilməlidir.
9. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. İddiaçı tərəfinin mübahisələndirilən təhvil-təslim aktları isə 31 may 2019-cu il tarixindən başlayır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia müddətinin tətbiqi üçün əsaslar mövcud deyil. Məhkəmə cavabdehin iddiaçı tərəfindən elektron qaimələrin təqdim edilməməsinə münasibətdə qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehin iddiaçıya borcu olması tərəflər arasında tərtib edilmiş görülmüş işlərin təhvil-təslimi barədə akt ilə öz təsdiqini tapır. Belə olan halda isə iddia tələbinin rədd edilməsi üçün əsaslar mövcu deyil.
10. İddiaçı iddia tələbində 2019-cu ildən iddia verilən günədək 9634,7 manat faizin ödənilməsini də tələb etmişdir. Məhkəmə bu tələblə bağlı qeyd etmişdir ki, bu məbləğin iddiaçı tərəfindən hansı tarixdən hesablanması aydın ifadə edilmədiyindən iddia bu hissədə rədd edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişdir.
12. İddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 3131/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin edilməsi və apellyasiya instansiyasında vəkil xərclərinə görə ödənilmiş 200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-3131/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, dəfələrlə cavabdehə göstərilən xidmətlərə görə haqqın ödənilməsi barədə həm yazılı, həm də şifahi müraciət edilməsinə baxmayaraq, müraciətlərə heç bir məhəl qoyulmayıb. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət olunub və pulun ödənilməsi xahiş olunmuş, ödənilmədiyi təqdirdə müvafiq məhkəməyə müraciət olunması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə faiz tələbinin rədd edilməsi üçün formal olaraq bir cümlədən istifadə etməklə fikrini bildirmişdir. Məhkəmə araşdırması zamanı ümumiyyətlə faizin nə vaxtdan yaranması, məbləğin hansı qaydada hesablanması araşdırılmamışdır. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına iddiaçı tərəfindən hər hansı qaimə əlavə edilməmişdir. Qarşı tərəf borcu əsaslandırmaq üçün heç bir qaimə təqdim etməmişdir. Cavabdehin iş materiallarında iclasın təxirə salınması barədə ərizəsi mövcuddur. İşə baxan hakim ərizəni nəzərə almamış və tərəfindən qanunvericiliyin bu prinsipi pozulmuş və ədalətsiz məhkəmə qərarının qəbul edilməsinə səbəb olmuşdur. Cavabdeh xx.xx.2022- ci il tarixli ərizə ilə müraciət edərək iddia müddətinin tətbiqini xahiş etmişdir. Lakin məhkəmə həmin ərizəyə nə məhkəmə prosesi gedişində, nə də yekun məhkəmə aktında münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməmişdir. Lakin, məhkəmə prosesi təxirə salınmamış, iddiaçı çıxış etmək hüququndan məhrum edilmiş, ona iddiaya dair fikrini ifadə etməyə imkan verilməmiş və sonunda belə bir ədalətsiz qərar qəbul edilmişdir. Bununla da qanunvericiliyin tələbi olan ədalət mühakiməsinin çəkişmə prinsipini pozulmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə - mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında təqdim edilmiş və iş materiallarında mövcud olan xx.xx.2022-ci il tarixli vəsatətinə məhkəmə münasibət bildirməmişdir. İddiaçı sözügedən mübahisənin əmək mübahisəsi olduğu əsası ilə iş üzrə rüsum ödəməmiş, hakim buna ümumiyyətlə münasibət bildirməmiş və iddia ərizəsini icraata qəbul etmişdir. İşin baxışı və onun qiymətləndirilməsi zamanı məhkəmə Azərbaycan Respublikası qanunvericiliyinin və MPM-nin bir çox maddəsinin tələblərinə zidd mövqe tutmuş və onu düzgün tövsif, təfsir və tətbiq etməmişdir. Məhkəmənin qətnamə üzrə verdiyi hüquqi qiymətləndirmə və onun tətbiqi işin obyektiv hallarına cavab vermir və qanun tələblərinə əsaslanmır və subyektiv yanaşmanın nəticəsi kimi özünü təsdiqləyir və göstərir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
17. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmyaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
18. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 752.1-ci maddə-podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 425.2-ci maddə- öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddə- icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddə- borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Qətnamə iddiaçı və cavabdeh tərəfindən həm iddianın təmin edildiyi, həm də rədd edildiyi hissədə mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3131/2022 saylı qətnaməsi qismən ləğv edilərək iddia cavabdehdən iddiaçının xeyrinə 2218 manat əsas borcun tutulması hissəsində rədd edilməli, iddia cavabdehdən iddiaçının xeyrinə faiz tutulması hissəsində qismən təmin edilərək illik 5%-lə 3629 manat pul tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinə əsasən iddiaçı cavabdehə uçot və mühasibatlıq xidməti göstərmiş və cavabdeh tərəfindən xidmətlərin dəyəri qismən ödənilmişdir.
22. İddiaçı tərəfindən hazırkı iddia ərizsi 2019-cu ilin aprel-noyabr ayları və 2020-ci ilin aprel-oktyabr ayları üzrə göstərilmiş xidmətlərin dəyəri tələb edilmiş və həmin xidmətlərin cavabdeh tərəfindən qəbul edilməsi barədə təhvil-təslim aktları iş materiallarına əlavə edilmişdir. Cavabdeh həmin aktların mötəbərliyini mübahisələndirmədiyindən iddiaçı tərəfindən xidmətin təhvil verilməsi barədə qaimə göndərilməməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz. O cümlədən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki. Xidmətlər 2019 və 2020-ci illərdə göstərildiyindən iddiaçı 2022-ci ilin aprel ayında mediasiya təşkilatına, 2022-ci ilin may ayında məhkəməyə müraciət etməklə MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməmişdir.
23. Cavabdeh təhvil-təslim aktları ilə təhvil alınmış xidmətlərin dəyərinin ödənildiyinə dair nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş hesabdan çıxarış araşdırılaraq müəyyən edilmişdir ki, 2020-ci ilin noyabr ayı üçün iddiaçıya 5344 manat və 2218 manat ödəniş edilmiş, həmin ay üçün artıq ödənilmiş 2218 manat cavabdehin digər aylar üzrə ödəməli olduğu xidmət haqqı borcundan çıxılmamışdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, həmin məbləğ iddiaçının qardaşına ödəməli olan xidmət haqqı olmuş, lakin iddiaçının hesabına köçürülmüşdür. Bu barədə sübut olmadığından həmin məbləğin məhkəmə tərəfindən ümumi borcdan çıxılmasına etiraz etmirlər.
24. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin noyabr ayı üzrə 01 mart 2017-ci il tarixli “xidmət” müqaviləsi üzrə artıq ödənilmiş 2218 manat cavabdehin ümumi borcundan çıxılmalı olduğundan əsas borcla bağlı iddia tələbi 2218 manat borcun tutulması hissəsində rədd edilməli, qətnamə cavabdehdən 72598 manat əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
25. Birinci instansiya məhkəməsi iddiaçının pul öhdəliyinin icrsının gecikdirilməsinə görə MM-nin 445.7-ci maddəsinə əsasən 2019-cu ildən tələb etdiyi 9634,7 manat faiz tələbini o əsasla rədd etmişdir ki, faizin hansı tarixdən hesablandığı göstərilməmişdir.. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tələb olunan məbləğin hansı tarixdən hesablandığını məhkəmə iclaslarında iddiaçıdan soruşmaqla dəqiqləşdirmək və ya faizlərin hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etmək imkanına malik olduğundan iddia tələbi bu əsasla rədd edilə bilməzdi. İddiaçının işə apellyasiya qaydasında baxılarkən təqdim etdiyi ərizədən görünür ki, cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə bir il üçün (05-20xx-xx.2022) illik 5%-lə faiz tutulması xahiş olunur. Məhkəmə əsas borcla bağlı tələbin 72598 manat hissədə əsaslı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə bu ödənişin gecikdirilməsinə görə bir il üçün illik 5%-lə 3629 manat pul tutulmalıdır.
26. İş materiallarından görünür ki, iddiaçı 400 manat mediasiya xərci ödəmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən apellyasiya instansiyasında işə baxılması üçün 200 manat dövlət rüsumu, vəkil xidmətinə görə 200 manat xərc ödəmişdir. İddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyi halda iddia ərizəsinin icraata qəbul edilməsinin prosessual pozuntu olduğuna dair apellyasiya şikayətində qeyd edilənlər əsassızdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 3.4-cü maddəsinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təxminən 90% hissəsi təmin edildiyindən məhkəmə MPM-nin 119-cu maddəsinə əsasən hesab edir ki, iddiaçının işə birinci instansiya və apellyasiya instansiyası məhkəməsində baxılması üçün çəkdiyi 800 manat xərcin 720 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 3131/2022 saylı qətnaməsi qismən ləğv edilərək iddia cavabdehdən iddiaçının xeyrinə 2218 manat əsas borcun tutulması hissəsində rədd edilməli, iddia cavabdehdən iddiaçının xeyrinə faiz tutulması hissəsində qismən təmin edilərək illik 5%-lə 3629 manat pul tutulmalıdır.
28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı və cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3131/2022 saylı qətnaməsi qismən ləğv edilsin. İddia cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 2218 manat əsas borcun tutulması hissəsində rədd edilsin. İddia cavabdehdən iddiaçının xeyrinə faiz tutulması hissəsində qismən təmin edilərək cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə illik 5%-lə 3629 manat pul tutulsun. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə ümumilikdə 720 manat işə baxılması ilə əlaqədar xərc tutulsun. Qətnamə qalan hissədə (72598 manat əsas borcun tutulması) dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.