Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-73/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4985/2023 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Hüquqi şəxs haqqında məlumata əsasən əsas fəaliyyət növü mənzil tikintisi olan "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur.
2. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixə vergilər üzrə dövlət büdcəsinə borcu yoxdur.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixli, **********7 nömrəli işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişlə "xxxx" MMC-yə müraciət edərək ümumilikdə 49,63 manat (o cümlədən, işsizlikdən sığorta haqqı üzrə 46,44 manat, faizlər üzrə 3,19 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022-ci il tarixli, **********3 nömrəli muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişlə "xxxx" MMC-yə müraciət edərək ümumilikdə 17888,30 manat (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 15081,02 manat, faizlər üzrə 2707,28 manat, maliyyə sanksiyası üzrə 100 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022-ci il tarixli, **********9 nömrəli icbari tibbi sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişlə "xxxx" MMC-yə müraciət edərək ümumilikdə 198,20 manat (o cümlədən, icbari tibbi sığorta haqqı üzrə 185,64 manat, faizlər üzrə 12,56 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
6. "xxxx" MMC-nin təsisçisi olan X1 xx.xx.2023-cü il tarixli qərarına əsasən Maraqlı şəxs həmin MMC-nin direktoru vəzifəsindən azad edilmiş, təsisçi X3 qanuni təmsilçi vəzifəsini öz üzərinə götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat
7. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan “İdeal-İ İnşaat" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 17888,3 manat, İcbari Tibbi Sığorta Fonduna 198,2 manat, İşsizlikdən sığorta fonduna 49,63 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “İdeal-İ İnşaat" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 17888,3 manat, İcbari Tibbi Sığorta Fonduna 198,2 manat, İşsizlikdən sığorta fonduna 49,63 manat məbləğində olmaqla borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********027500, xx.xx.2022-ci il tarixli **********026500, xx.xx.2022-ci il tarixli **********604200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4985/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) ərizə rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, Maraqlı şəxs hazırda "xxxx" MMC-nin icra orqanının rəhbəri olmadığından və o, direktor vəzifəsindən azad edildiyindən həmin MMC-nin icra orqanının rəhbəri kimi onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə təmin edilə bilməz.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4985/2023 nömrəli qətnaməsini ləğv edərək ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən işdə olan sübutlara düzgün qiymət verilməmiş, o cümlədən maddi hüquq normaları pozulmuşdur. Belə ki, hər hansı dəyişiklik faktını təsdiq edən sübut olmadan məhkəmə Maraqlı şəxs Cəmiyyətin rəhbəri kimi tanımamışdır. Halbuki reyestrdə xx.xx.2023-cü il tarixə olan fakta əsasən “İdeal-İ İnşaat" MMC-nin rəhbəri Maraqlı şəxsdur (reyestr məlumatı şikayətə əlavə olunur). Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə görə vergi ödəyicisinin borcuna görə hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulsa da, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə Cəmiyyətin icra orqanının rəhbəri Maraqlı şəxs səlahiyyətlərinə xitam vermək “İdeal-İ İnşaat" MMC-nin ümumi yığıncağının səlahiyyətinə aid olsa da, ümumi yığıncağın belə qərarı təqdim edilməmiş, məhkəmə isə qətnamə qəbul edərkən bu faktı nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində Maraqlı şəxs “İdeal-İ İnşaat" MMC-nin rəhbəri olmadığı, "xxxx" MMC-nin təsisçisi olan X1 xx.xx.2023-cü il tarixli qərarına əsasən həmin MMC-nin direktoru vəzifəsindən azad edildiyi göstərilsə də, bu barədə reyestrdə heç bir dəyişiklik olmamış və məhkəmə qətnaməsi reyestrdə olmayan dəyişikliyə əsasən çıxarılmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Maraqlı şəxs məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
14. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir.
15. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 73-cü maddəsinin İ bəndi- qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddənin 3-cü bəndi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddənin 2-ci hissəsi- insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 91.1-ci maddə-məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. 91.3-cü maddə-məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.2-ci maddə- cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;
Azərbaycan Respublikası Vergi Məcəlləsi 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddə - vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifəsidir. 77.3-cü maddə - vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddə - vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə - vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsində qeyd edilmişdir ki, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsiszlik və ictimai arayışın maraqları naminə, ictimai qaydanı yaratmaq üçün cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxsləriun hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə "təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər "müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün "demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4985/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. İşdən görünür ki, “İdeal-İ İnşaat" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna iddia qaldırılan tarixə 17888,3 manat,icbari Tibbi Sığorta Fonduna 198,2 manat, işsizlikdən sığorta fonduna 49,63 manat məbləğində borcu olmuşdur. Kommersiya qurumlarının dövlət reyestrində qeydiyyat məlumatlarında hüquqi şəxsin qanuni təmsilçisi Maraqlı şəxs olduğundan vergi orqanı MPM-nin 355-5.1-ci maddəsinə əsasən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş, maraqlı şəxsin təqdim etdiyi sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin təsisçisi olan X1 xx.xx.2023-cü il tarixli qərarına əsasən Maraqlı şəxs həmin MMC-nin direktoru vəzifəsindən azad edilmiş, hüquqi şəxsin direktoru vəzifəsini İ.Məmmədov yenidən öz üzərinə götürmüşdür.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki, Maraqlı şəxs hazırda "xxxx" MMC-nin icra orqanının rəhbəri olmadığından və o, direktor vəzifəsindən azad edildiyindən onunla hər hansı hüquqi bağlılığı qalmayan hüquqi şəxsin borclarına görə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması “legitim məqsəd” daşımır.
20. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Maraqlı şəxs icra orqanının rəhbəri kimi səlahiyyətinə xitam verilməsi barədə işdə ümumi yığıncağın qərarının olmadığına dair qeyd edilənlər həqiqətə uyğun deyil. Mülki Məcəllənin 91.1-ci maddəsinə əsasən bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. İşdəki “Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış”dan görünür ki, "xxxx" MMC-nin yalnız bir təsisçisi var. Belə olan halda müəyyən olunur ki, ümumi yığıncağın səlahiyyətləri İ.Məmmədov tərəfindən həyata keçirildiyindən xx.xx.2023-cü il tarixli qərar hüquqi şəxsin ali idarəetmə orqanının qərarı hesab olunur.
21. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, hüquqi şəxsin icra orqanının rəhbərinin dəyişməsi ilə bağlı dövlət reyestrində müvafiq dəyişikliyin edilməsi üçün maraqlı şəxs tərəfindən dövlət orqanına müraciət edilməmişdir. Bu dəlillə bağlı maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında izahat verərkən vergi orqanına reyestrdə müvafiq dəyişikliyin aparılması üçün qeyri-rəsmi müraciət edildiyini, yeni təyin edilmiş direktor İ.Məmmədov azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün reyestrdə dəyişiklik aparılmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə tərəfindən maraqlı şəxsə hüquqi şəxsin reyestr məlumatlarında müvafiq dəyişikliyin həyata keçirilməsi üçün rəsmi müraciət etmək təklif edilərək bununla əlaqədar məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmış, həmin məhkəmə iclasında Maraqlı şəxs tərəfindən təqdim edilmiş məktub və poçt göndərişi qəbzinə əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin yeni qanuni təmsilçisi ilə bağlı reyestrdə müvafiq dəyişikliyin aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə xx.xx.2023-cü il tarixli məktubla müraciət etmiş, məktub xx.xx.2023-cü il tarixdə İdarəyə təqdim edilmiş, bununla da apellyasiya şikayətində istinad edilmiş əsas aradan qalxmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 4985/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4985/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.