Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-731/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xidmət müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: xidmət müqaviləsi üzrə borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı MMC-nin xidmət müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1209/2022 nömrəli iş üzrə 20 may 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli xidmət müqaviləsinin 1.1-ci bəndinə görə, sifarişçi (cavabdeh) Müqavilədə qeyd edilən xidmətlərin göstərilməsinin sifariş verilməsini və icraçıya (iddiaçı) razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada qeyd olunan xidmətləri göstərməyi öhdəsinə götürür. Sifarişçi icraçıya məxsus marketlər şəbəkəsinin daxilində plastik qutuları və alüminium su qablarının yığılması üçün nəzərdə tutulmuş “Phandomat” cihazlarını yerləşdirir. Müqavilənin 3.1-ci bəndinə əsasən, sifarişçi icraçının təqdim etdiyi hesab və eqaimə əsasında ödənişlər edir. Müqavilənin 3.2-cü bəndinə görə, icraçı müvafiq qaydada göstərilən xidmətlərin həcminə görə tərtib edilən hesab-fakturanı, e-qaiməni və tərəflər arasında imzalanan təhvil-təslim aktını sifarişçiyə təqdim edəcək. Hesab ay bitdikdən sonra 10 gün müddətində Sifarişçiyə təqdim edir. Sifarişçi hesab, hesab-fakturanı, e-qaiməni və təhviltəslim aktını aldıqdan sonra xidmət haqqını 10 gün ərzində icraçının bank hesabına köçürməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən, tərəflər arasında müəyyən edilən birgə fəaliyyət ilə bağlı olan hallar, o cümlədən öz öhdəliklərinin tam və lazımınca yerinə yetirilməməsinə görə müvafiq tərəflər və yaxud hər hansı digər şəxslər qarşısında qanunvericiliklə nəzərdə tutulan məsuliyyəti tam həcmdə daşıyırlar.
2. Tərəflər arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktına görə, xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən mağazadan bir ədəd plastik qutuların və alüminium su qablarının yığılması üçün nəzərdə tutulan “Phandomat” cihazı cavabdehin adından X1 təhvil verilmişdir.
3. İddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərə görə təqdim edilmiş EBBE 205267 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1.554,68 manat, EBBC 879869 nömrəli xx.xx.2022ci il tarixli elektron qaiməyə əsasən 1.481,18 manat, EBBC 879771 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1.302,10 manat, EBBA 114832 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1.062 manat, EBBA 114826 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1.589,85 manat, EBAX 303279 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1.290,79 manat, EBAW 009429 nörməli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1.317,42 manat, EBAT xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 2.667,91 manat, EBAS 404011 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 3.698,06 manat, EBAR 428119 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 4.738 manat, EBAP 811066 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 4.307,92 manat, EBAN 432689 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 2.617,43 manat, EBAM 712399 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 3.900,10 manat, EBAM 712817 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən cavabdeh tərəfindən iddiaçıya 54.289,31 manat məbləğdə pul ödənilməlidir.
4. xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarına əsasən cavabdeh tərəfindən iddiaçıya həmin tarixdə 1.160 manat, 1.000 manat, 12.000 manat olmaqla, ümumilikdə 14.160 manat pul ödənilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2018-ci il tarixli xidmət müqaviləsinin ləğv edilməsini, həmin müqavilə üzrə yaranmış 10.815,84 manat əsas borcun və dövlət rüsumu kimi ödənilmiş 267 manat məbləğin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə ləğv edilmiş, həmin müqavilə üzrə yaranmış 10.508,26 manat məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 200 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Qətnamənin əsaslarına görə, “Cavabdeh iddiaya etiraz edərək, hazırda hər hansı borcunun olmadığını, iddiaçının tələb etdiyi 10.508,26 manat məbləğdə xidmətin göstərilmədiyini, buna dair hər hansı təhvil-təslim aktının olmadığını göstərsə də, məhkəmə araşdırması zamanı tərəflər arasında müqavilə bağlandıqdan sonra ümumiyyətlə göstərilmiş xidmətlərə dair hər hansı təhvil-təslim aktının tərtib edilmədiyi, cavabdehin iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr əsasında ödəniş etdiyi (85.816,75 manat), iddiaçının təqdim etdiyi qaimələrə dair hər hansı etiraz verilmədiyi müəyyən edilmişdir.”
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 398, 399, 404, 423, 424, 442-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAAT İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, ləğv olunub, iddianın qismən təmin olunmasını, tərəflər arasında bağlanmış xx.xx.2018 il tarixli xidmət müqaviləsinin ləğv edilməsini, iddianın qalan hissədə rədd olunmasını xahiş etmişdir.
10. Şikayətin dəlillərinə görə, iddiaçı öz iddiasını yalnız məhkəməyə təqdim etdiyi qaimələrlə əsaslandırmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, qaimələrin cavabdehə göndərilməsi iddiaçı tərəfindən xidmətlərin həqiqətən də göstərilməsini sübut etmir. Məhz bu məqsədlə müqavilədə tərəflər arasında təhvil-təslim aktların bağlanması nəzərdə tutulmuşdur. Mübahisəli hallarda yalnız həmin aktlar xidmətin göstərilməsini sübut etmiş ola bilərdi. İddiaçı borcun mövcudluğunu sübut etməmişdir. Əksinə, məhkəmə tərəflər arasında bağlanmış müqaviləni təfsir etməklə sübutetmə vəzifəsini cavabdehin üzərinə qoymuşdur. Məhkəmə nəzərə almamışdır ki, müqavilə imzalanandan sonra təhvil-təslim aktlarının imzalanmaması və bəzi qaimələrin cavabdeh tərəfindən könüllü ödənilməsi hər hansı borcun yaranmasını sübut etmir. Məhkəmə nəzərə almamışdır ki, bəzi qaimələrin cavabdeh tərəfindən könüllü ödənilməsi və bu hallarda təhvil-təslim aktlarının bağlanmaması müqavilədə göstərilmiş şərtlərin qüvvədən düşmüş hesab edilməsi kimi təfsir edilə bilməz. İddia ərizəsində iddiaçı 24.668,26 manat borcun ödənilməsini tələb etmiş, lakin bu məbləğin hansı əsaslarla müəyyən olunmasına dair heç bir söz deyilməmişdir. E-məhkəmə sistemində yerləşdirilmiş iddiaçı tərəfindən cavabdehə göndərilən 15 ədəd elektron qaimələrin surətləri göstərilmişdir. Lakin həmin qaimələrdə göstərilən məbləğlər toplananda naməlum səbəbdən iddiaçının tələb etdiyi 24.668,26 manat deyil, 86.822,17 manat məbləği alınır. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, 10.815,84 manat borcun və 267 manat dövlət rüsumun cavabdehdən tutulmasını xahiş etmişdir . Məhkəmə pretenziyada, iddia ərizəsində, iddianı əsaslandıran qaimələrdə göstərilmiş məbləğlərin biri-birinə zidd olmasına, borc məbləğinin hansı qaimələr üzrə müəyyən olunmasına dair heç bir münasibət bildirməmişdir. Məhkəmə bununla faktiki olaraq heç bir araşdırma aparmamış, borcun nədən, hansı əsaslarla yaranmasına dair iddiaçı tərəfindən sübutların təqdim edilməməsini iddiaçının xeyrinə təfsir etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apelyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: - 2.6. Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır; - 3.3. Vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaiməfaktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir; - 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Apellyasiya şikayəti ilə qətnamə 10.508,26 manat məbləğdə borcun tutulması hissədə qismən mübahisələndirildiyindən, məhkəmə aktı da eyni hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
19. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, xidmət müqaviləsinə əsasən həyata keçirilən xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyini pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdehin müqavilə üzrə iddiaçıya borcu yaranmış, cavabdehin borcun ödənilməsi ilə bağlı iddiaçı qarşısında öhdəliyi tərəflər arasında bağlanmış xidmət müqaviləsindən irəli gəlmişdir.
20. İddia ərizəsində cavabdehin müqavilə üzrə borcunun 10.815,84 manat olması göstərilsə də, sonradan iddiaçı borcun hazırda 10.508,26 manat təşkil etdiyini bildirmişdir.
21. Cavabdeh iddiaya etiraz edərək, hazırda hər hansı borcunun olmadığını, iddiaçının tələb etdiyi 10.508,26 manat məbləğdə xidmətin göstərilmədiyini, buna dair onlar arasında hər hansı təhvil-təslim aktının tərtib olunmadığını göstərmişdir.
21. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili də bununla bağlı olmuşdur.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının cavabdehə təqdim etdiyi elektron qaimələrin cəmi məbləğini təşkil edən 86.822,17 manatdan cavabdehin iddiaçıya həmin elektron qaimələr əsasında ödəniş etdiyi, cavabdehin elektron qaimələrə dair hər hansı etiraz vermədiyi və bu səbəbdən onların qüvvəyə mindiyi işin mübahisəsiz halıdır. Cavabdeh 10.508,26 manat məbləğdə xidmətin göstərilmədiyini də hər hansı təhvil-təslim aktının olmaması ilə əsaslandırsa da, tərəflər arasında müqavilə bağlandıqdan sonra göstərilmiş xidmətlərə dair nə vaxtsa təhvil-təslim aktının tərtib edildiyini və ödənişlərin də məhz həmin təhvil-təslim aktları əsasında həyata keçirdiyini nə irəli sürmüş, nə də ki, sübut edə bilmişdir. Cavabdeh tərəflər arasında xidmət müqaviləsinin bağlandığını, müqavilənin qanuniliyini, iddiaçı ilə aralarında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığını, iddiaçı tərəfindən ona xidmət göstərildiyini də mübahisə etmir. Bu mənada, tərəflər arasında xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi üzrə işgüzar təcrübənin məhz elektron qaimələrə əsasən ödəniş edilməsi qaydasında formalaşdığı şübhəsizdir. Müqavilənin 3.1-ci bəndinə əsasən də, sifarişçi icraçının təqdim etdiyi hesab və e-qaimə əsasında ödənişlər edir. Odur ki, cavabdeh 86.822,17 manat məbləğdə xidmətin dəyərinin böyük hissəsini yalnız elektron qaimə əsasında həyata keçirdikdən sonra iddiaçının eyni işgüzar təcrübəyə əsaslanaraq qalıq 10.508,26 manat məbləğdə borcu tələb etməsi həm müqaviləyə, həm də tərəflər arasında yaranan münasibətlərə uyğun olmuşdur.
23. Bu baxımdan, şikayətin iddiaçı borcun mövcudluğunu sübut etməmişdir məzmunda dəlili də əsassızdır. Belə ki, xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi üzrə tərəflər arasında elektron qaimələrə əsaslanan işgüzar təcrübəyə görə iddiaçının cavabdehə cəmi 86.822,17 manat məbləğdə xidmət göstərdiyi, cavabdehin həmin qaimələrə etiraz etmədiyi, iddiaçının həmin məbləğdən cavabdehin 10.508,26 manat məbləğdə borcunun ödənilməmiş qaldığını bildirdiyi, cavabdehin 86.822,17 manat məbləğdə borcdan hansı hissəsini ödədiyini sübuta yetirməməsi nəzərə alınarsa, bu andan etibarən sübutetmə yükü cavabdehin üzərində qalır və məhz o sübut etməlidir ki, əslində ona nə qədər xidmət göstərilmişdir və həmin xidmətdən hansı hissəsinin dəyərini ödəmişdir. Lakin cavabdeh konkret heç bir fakta, dəlilə istinad etmədən, ümumi ifadələrlə ondan tələb oluanan borcu inkar edir və bu zaman da formal olaraq müqavilə şərtinə istinad edir.
24. Bəzi qaimələrin cavabdeh tərəfindən könüllü ödənilməsi və təhvil-təslim aktlarının bağlanmaması da müqavilə şərtlərini qüvvədən salmır, lakin xidmət müqaviləsi üzrə işgüzar təcrübənin məhz elektron qaimələrə əsasən ödəniş edilməsi qaydasında formalaşması iddiaçının eyni təcrübəyə əsaslanaraq qalıq borcu da tələb hüququnu legitimləşdirmiş olur.
25. Pretenziyada, iddia ərizəsində, iddianı əsaslandıran qaimələrdə göstərilən məbləğlərin biri-birinə zidd olması da iddianın əsaslılığına təsir etmir. Belə ki, iddiaçı həmin məbləğlərdən daha az olanını cavabdehdən tələb edir.
26. Borcun xx.xx.2018-ci il tarixli xidmət müqaviləsinə və həmin müqavilə üzrə göstərilmiş xidmətlərə görə tərtib edilmiş 15 ədəd elektron qaiməyə əsasən yaranması da iş materialları ilə təsdiq olunur.
27. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1209/2022 nömrəli iş üzrə 20 may 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova