Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-732/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Mərdanova Xumar Afət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli, e- 2-2 (113)-373/2021 saylı qətnaməsindən (hakim E.Əliyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq 14 mart 2018-ci il tarixli 013/18 saylı alqısatqı müqaviləsi üzrə 15409,61 manat əsas borcun, 2773,73 əlavə dəyər vergisi borcunun və 770,48 manat cərimə borcunun, o cümlədən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arasında 14 mart 2018-ci il tarixli 013/18 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən satıcı (İddiaçı MMC) Alıcıya Cavabdeh MMM) bu müqavilənin ayrılmaz tərkib hissəsi olacaq qiymət razılaşdırma protokollarında göstərilən miqdarda, adda, çeşiddə və qiymətdə boya məhsullarını (bundan sonra “mallar” adlandırılacaq) alıcı tərəfindən verilən yazılı sifariş əsasında tərtib edərək göstərilən çeşiddə və miqdarda hissə-hissə təhvil verməsini, alıcının da hissə-hissə göndərilən malları qaimə-fakturalara uyğun olaraq qəbul etməsindən sonra göndərilən hesab-fakturada qeyd olunan məbləği satıcıya ödəməsi bu müqavilənin predmetini təşkil edir. İddiaçı ilə cavabdeh arasında imzalanan müqavilənin şərtlərinə əsasən iddiaçı (Satıcı) tərəfindən cavabdeh (alıcı) tərəfindən verilən sifarişlərdə qeyd edilən mallar cavabdeh müəssisəyə 23 aprel 2019-cu il tarixində təhvil verilmiş, fəqət alınmış malların dəyəri 1 (bir) ildən artıq bir vaxt keçməsinə baxmayaraq hal-hazırdakı dövrə qədər iddiaçının hesablaşma hesabına ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli, e-2-2 (113)-373/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 14 mart 2018-ci il tarixli 013/18 saylı alqısatqı müqaviləsi üzrə yaranmış 15409,61 manat məbləğində əsas borc, 2773,73 manat əlavə dəyər vergisi borcu, 516,66 manat cərimə borcu, cəmi 18700 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olan 29,59 manat məbləğində pulun Cavabdehndən (VÖEN **********) tutularaq iddiaçı “X5 MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli, e-2-2 (113)-373/2021 saylı qətnaməsinin qismən ləğv edilməsini, iş üzrə qəbul ediləcək yeni qətnamə ilə 27.08.2019-cu il tarixli EAAZ047420 nömrəli elektron qaimə üzrə məbləğin (18 183,34 manat) ödənilməsinin yalnız İddiaçı MMC tərəfindən elektron qaimənin zamanında təqdim edilməməsi səbəbləri haqqında izahat məktubu bizə təqdim etməsindən sonra keçirilməsinin müəyyən edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir, cavabdehin dəlilləri nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün MPM-nin 385.1, 385.1.1- 385.1.4 və 386-cı maddələri ilə nəzərdə tutulmuş əsaslar mövcuddur. İş üzrə MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuş, sübutların obyektiv qiymətləndirilməsi təmin edilməmişdir. Məhkəmə tərəfindən MPM-nin 14.1-ci maddəsində göstərilən prinsiplər pozulmuşdur. İddiaçının iddia ərizəsində qeyd edilmiş əsas borc (18 183,34 manat) 27.08.2019-cu il tarixli EAAZ047420 nömrəli elektron qaimədə əks olunmuş mallara görədir. Sözügedən elektron qaimədə əks olunmuş mallar iddiaçı tərəfindən cavabdehə 23.04.2019-cu il tarixində təqdim edilməsinə baxmayaraq, elektron qaimə bundan 4 ay sonra təqdim edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən satıcı tərəfin (malları təqdim edənin) təqdim etdiyi mallara görə 5 gün müddətində elektron qaimənin təqdim edilməsi öhdəliyi vardır (VM-nin 71-1-ci, 71-1.1-ci və 71-1.1.3-cü maddələri). İddiaçıdan elektron qaimənin zamanında təqdim edilməməsi səbəbi ilə bağlı dəfələrlə izahat məktubu istənilməsinə baxmayaraq, iddiaçı tərəfindən bu günədək heç bir izahat məktubu təqdim edilməmişdir. Beləliklə, iddiaçının hərəkətsizliyinə, onun tərəfindən vergi qanunvericiliyinin tələbləri pozduğuna görə (VM ilə müəyyən olunmuş müddətdə elektron qaimənin təqdim edilməməsi) vergi orqanı tərəfindən cavabdehə qarşı maliyyə sanksiyası tətbiq oluna bilər. Cavabdeh birinci instansiya məhkəməsinə məlumat vermişdir ki, həmin izahat məktubunda elektron qaimənin zamanında təqdim edilməməsinin səbəbləri göstərildiyi halda 27.08.2019-cu il tarixli EAAZ047420 nömrəli elektron qaimə üzrə məbləğin (18 183,34 manat) ödəmə məsələsi həll olunacaqdır. Birinci instansiya məhkəməsi həmçinin əsassız olaraq cavabdehdən cərimə borcunu tutmuşdur. İşə apelyasiya qaydasında baxılması 06.08.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə (lektron kabinetlərinə məhkəmə bildirişləri yerləşdirilməklə) baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli, e-2-2 (113)-373/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni həmin hissədə yoxlayaraq hesab edir ki, mübahisələndirilən hissədə məhkəmə iş üzrə düzgün nəticəyə gəlmişdir. İşin mübahisəsiz hallarından görünür ki, 14.03.2018-ci il tarixli, 013/18 nömrəli alqısatqı müqaviləsinə əsasən satıcı (İddiaçı MMC) alıcıya Cavabdeh MMM-nə ƏDV daxil 18 183,34 manat dəyərində mal satmış, həmin malın dəyəri ödənilməmişdir. Bununla bağlı alıcıya 27.08.2019-cu il tarixdə EAAZ 047420 saylı elektron qaimə göndərilmişdir. Müqavilənin 5.3-cü bəndinin şərtlərinə əsasən satıcı tərəfindən slıcıya göndərilən hesab-fakturada qeyd edilən məbləğ bu müqavilənin 5.2-ci maddəsində qeyd olunan müddətdə ödənilmədikdə gecikdirilmiş hər gün üçün yazılı sifarişdə qeyd olunan çeşiddə və miqdarda malların qiymətini əks etdirən ümumi məbləğin 0,1%-i həddində lakin ümumi məbləğin 5%-i həcmindən artıq olmamaq şərti ilə cərimə hesablanacaqdır. İddiaçı müqavilənin qeyd edilən bəndinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə 770,48 manat cərimə tutulmasını xahiş etmiş, məhkəmə bu tələbi qismən 516,66 manat hissədə təmin etmişdir. Cavabdeh iddiaçıdan malları təhvil aldığını və dəyərinin ödənilmədiyini qəbul edir. Cavabdehin apelyasiya şikayətinin dəlili bundan ibarətdir ki, iddiaçı faktiki olaraq malları 2019-cu ilin aprel ayında təqdim etsə də vergi qanunvericiliyini pozaraq elektron qaiməni 4 ay sonra göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili (iddiaçı tərəfindən vergi qanunvericiliyinin tələbinin pozulması) iddianın rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsinin 3.2-cı bəndinə görə, tərəflərin imzaladığı və malların alıcının nümayəndəsinə verilməsini təsdiq edən sənədin tarixi malların alıcıya çatdırılma tarixi hesab olunur. Hazırkı halda cavabdeh malları iddiaçıdan faktiki aldığını qəbul etdiyindən, o cümlədən malların dəyərinin ödənilməsi bağlı satıcı tərəfindən 2019-ci ilin avqust ayından elektron qaimə-faktura və hesab faktura göndərildiyindən alıcı aldığı malın dəyərini və ödənişin gecikdirilməsinə görə elektron fakturanın göndərildiyi tarixdən sonra müqavilə tələblərinə uyğun olaraq hesablanmış cərimə borcunu ödəməyə borcludur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli, e-2-2 (113)- 373/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli, e-2-2 (113)-373/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-732/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-732/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver