Məhkəmə qərarları › İş №2-2(103)-733/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-733/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-733/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-247/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 18.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə təhvil verilmiş 4 ədəd avtomobilin ödənilməmiş dəyərinə görə 21598,72 manat və müqavilə şərtlərini pozduğuna görə dəymiş maddi zərər qismində 330000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 18.02.2021-ci il tarixli e-2-2(113)-247/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehnə təhvil verilmiş 4 ədəd avtomobilin ödənilməmiş dəyərinə görə 21598,72 manat pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 1,84 manat məbləğinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, qalan 28,16 manat məbləğinin İddiaçınə aid edilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini, iddianın qismən təmin edildiyini, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin edilməsi və məhkəmə xərclərinin bölünməsi hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 18 dekabr 2019-cu il tarixli 2/111 saylı kommersiya konsessiyası müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 10 ədəd MACK markalı yük avtonəqliyyat vasitələrinin üçüncü şəxslərin adına özgəninkiləşdirilməsini iddiaçıya həvalə etməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında 10 fevral 2020-ci il tarixli AS/111-1 saylı “Avtonəqliyyat vasitələrinin alqı-satqı müqaviləsi” adlı müqavilə imzalanmış və həmin müqaviləyə əsasən iddiaçı 10 ədəd MACK GU-813 markalı yük avtonəqliyyat vasitələrini satmağı, cavabdeh isə həmin avtonəqliyyat vasitələrini müqavilədə müəyyən edildiyi şərtlər əsasında qəbul etməyi və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Həmin 10 ədəd avtonəqliyyat vasitəsindən 4 ədədi cavabdehə təhvil verilmişdir. İddiaçı bildirir ki, cavabdehdə qalmış 4 ədəd avtonəqliyyat vasitələrinin dəyəri 115998,72 manat təşkil etmiş, cavabdeh tərəfindən həmin məbləğdən 94400 manat hissəsi ödənilmiş və hazırda cavabdehin iddiaçıya 21598,72 manat məbləğində borcu qalmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin alınması, təmiri üçün ilkin olaraq iddiaçıya 25000 manat ödənilmişdir. İddiaçının nümayəndəsi və vəkilinin izahatından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin fevral ayından aprel ayınadək 94400 manat, ümumilikdə 115000 manatdan artıq pul məbləği ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddianın əsaslı hesab edilməsi üçün ilk olaraq tərəflər arasında etibarlı alqı-satqı müqaviləsinin bağlanması halı müəyyən edilməlidir. Bu hal müəyyən edildikdən sonra isə alıcı tərəfindən əşyanın təhvil alması, lakin müqavilədə nəzərdə tutulan müddətdə onun dəyərinin ödənilməməsi halları müəyyən edilməlidir. Yalnız həmin hallar müəyyən edildikdən sonra iddia təmin oluna bilər. Lakin hazırkı işdə qeyd olunan birinci hal müəyyən edilmir. Belə ki, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin predmetini avtonəqliyyat vasitələri təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən avtonəqliyyat vasitələri rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar hesab olunur, onlar dövlət qeydiyyatına alınır və həmin qeydiyyatı Daxili İşlər Nazirliyi həyata keçirir. Mülki Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsində isə təsbit olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Lakin tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edilməmişdir. Mülki Məcəllənin 329.1-ci maddəsində isə göstərilmişdir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi tərəflər arasında imzalanmış müqavilə Mülki Məcəllənin əqdlərin forma tələblərinə riayət etməməklə bağlandığı üçün etibarsız əqddir. Bundan başqa kollegiya qeyd edir ki, mövcud qanunvericilikdə nəqliyyat vasitələrinə dair alqı-satqı müqavilələrinin digər formada bağlanması da nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə əsasən bütün fiziki və hüquqi şəxslər mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər (bənd 1.2). Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar (dövlət yol polisi) nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini həyata keçirirlər (bənd 1.6). Qeyd olunan qərarla nəqliyyat vasitələrinin dövlət yol polisi orqanında alqısatqısı və dəyişdirilməsi müqavilələrinin forması təsdiq edilmişdir. Lakin tərəflər arasında imzalanmış müqavilə qeyd olunan Qərarın tələblərinə uyğun olaraq dövlət yol polisində rəsmiləşdirilməmişdir. Əksinə məhkəmə iclasında müəyyən edildi ki, hazırki mübahisənin predmeti olan 4 ədəd MACK GU-813 markalı avtonəqliyyat vasitəsinə dair iddiaçı ilə cavabdeh arasında deyil, həmin əmlakların mülkiyyətçisi olan "xxxx" MMC ilə hazırki iş üzrə cavabdeh "xxxx" MMC arasında 30 sentyabr 2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri bağlanılmış və həmin müqavilələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq DİN-nin BDYPİ-də rəsmiləşdirilmişdir. Göründüyü kimi tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi bağlanılmamışdır. Belə olan halda isə iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən həmin müqavilə üzrə ödənişin tələb etməsi əsassızdır. İddiaçı tərəfindən "xxxx" MMC ilə bağlanmış kommersiya konsessiyası müqaviləsinə istinad etməsi və həmin müqavilədən çıxış edərək cavabdehlə alqı-satqı müqaviləsi bağlanmasına dair kollegiya qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında Mülki Məcəllənin 800-cü maddəsində nəzərdə tutulmuş kommersiya konsessiyası müqaviləsinin bağlanması iddiaçı ilə digər şəxslər, hazırki halda isə cavabdehlə bağlanmış müqavilənin qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməsi vəzifəsindən azad etmir. Bundan başqa kollegiya qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilə etibarsız əqd kimi qiymətləndirilsə də, iddianın predmeti həmin əqdin etibarsız hesab edilməsi və ya etibarsız əqd üzrə alınanların geri qaytarılması ilə bağlı olmadığına görə Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın qismən təmin edilməsi və məhkəmə xərclərinin bölünməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-247/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 18.02.2021-ci il tarixli qətnaməsi qismən, yəni iddianın qismən təmin edilməsi və məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar