Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-733/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayədəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2800/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında SF/XSM/-082 nömrəli, xx.xx.2022ci il tarixli məhsulların alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 1-ci bəndinə əsasən bu müqaviləyə görə şirkət müxtəlif növ mal və məhsulları müştəriyə satmaqla onun mülkiyyətinə verməyi, müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini şirətə ödəməyi və öz adından həmin məhsulları mülkiyyətində, istifadəsində və ya nəzarətində olan market və ya marketlər şəbəkəsində üçüncü şəxslərə satmağı öhdəsinə götürür.
3. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən şirkət bu müqavilə qüvvəyə mindikdən sonra müştərinin müraciəti əsasında onun sifarişini, bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla məhsulları müştəriyə əvvəlcədən köçürmə yolu ilə ödəmə və ya nisyə satış qaydasında malların təhvil-qəbul aktı və elektron qaimə-faktura əsasında verir və müştərinin özü və ya səlahiyyətli nümayəndəsi elektron qaiməfakturanı imzalamaqla onları qəbul edir. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4906,25 manat borcun, 70 manat dövlət rüsumunun, cəmi 4976,25 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, alqı-satqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən İddiaçı MMCdən cəmi 4906,25 manat dəyərində müxtəlif mallar alınsa da, onların dəyəri hazırki vaxtadək cavabdeh tərəfindən ödənilməmişdir. Ödənişin həyata keçirilməsi üçün cababdehə 661631 saylı xx.xx.2022-ci il tarixli, 663503 saylı xx.xx.2022-ci il tarixli, 510721 saylı xx.xx.2022-ci il tarixli, 662111 saylı xx.xx.2022-ci il tarixli, 959533 saylı xx.xx.2022-ci il tarixli, 783547 saylı xx.xx.2023-cü il tarixli, 205962 saylı xx.xx.2023cü il tarixli, 205470 saylı xx.xx.2023-cü il tarixli, 729079 saylı xx.xx.2023-cü il tarixli, 355171 saylı xx.xx.2023-cü il tarixli elektron qaimələr də göndərilmişdir. Qeyd olunanları tərəflər arasında imzalanmış 18 may 2023-cü il tarixli qarşılıqlı üzləşmə aktı da bir daha təsdiq edir.
6. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2800/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə ünvanına bildiriş göndərilmədiyindən məhkəmə iclasında iştirak edə bilməmiş, öz etiraz və sübutlarını təqdim edə bilməmişdir. Yalnız elektron kabinet vasitəsi ilə 06 iyun 2024-cü il tarixində məhkəmə tərəfindən qətnamə çıxarılmasından məlumatı olmuşdur. Eyni zamanda, cavabdeh sentyabr ayının 1-i ƏDV qeydiyyatına durmuş və bu barədə satıcı tərəflə danışaraq, qaimələrin sentyabr ayında, yəni cavabdeh ƏDV ödəyicisi kimi qeydiyyata alındıqdan sonra göndərilməsini xahiş etmişdir. Lakin, qarşı tərəf qaiməni avqust ayında göndərdiyindən əvəzləşdirməni həyata keçirə bilməmişdir. Bundan əlavə, iddiaçı qeydiyyat ünvanında yaşamadığını, kirayə qaldığını bildiyi halda iddia ərizəsində onun yalnız qeydiyyat ünvanını qeyd etmişdir. Odur ki, iddia ərizəsi MPM-nin 152.1.1-ci maddəsinə əsasən forma və məzmuna əməl edilmədiyindən geri qaytarmalı idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin Kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş ərizənin məhkəməyə daxil olması barədə bildiriş və e-2-2(113)-2800/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı Cavabdeh qeydiyyatdan keçdiyi elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilməklə rəsmi qaydada verilmişdir. Eyni zamanda, cavabdeh iddia ərizəsində haqsız olaraq borcunun olduğunun iddia edildiyini bildirsə də, daha sonra borcunu etiraf edərək iddia ərizəsinə borcun sübutu kimi əlavə edilən qaimələrin sentyabr ayında, yəni onun ƏDV ödəyicisi kimi qeydiyyata alındıqdan sonra göndərilməsini xahiş etdiyini bildirmişdir. Göründüyü kimi cavabdeh borcunu etiraf edir və onun mövcudluğunu mübahisələndirmir. İddia ərizəsində cavabdehin qeydiyyat ünvanının qeyd edilməsi isə MPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğundur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayədəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
14. Mülki Prosessual Məcəllənin 35.1-ci madəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
18. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanaraq hazırki iddianı irəli sürmüşdür.
19. Bu baxımdan kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir.
20. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcüddur.
21. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə alqı-satqı müqaviləsi üzrə malın təhvil verilməsi halını satıcı, malın dəyərinin ödənilməsi halını isə alıcı, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.
22. İddiaçı tərəfindən müqavilə üzrə malların cavabdehə təqdim edilməsi ilə bağlı təhvilqəbul aktları və 661631 saylı xx.xx.2022-ci il tarixli, 663503 saylı xx.xx.2022-ci il tarixli, 510721 saylı xx.xx.2022-ci il tarixli, 662111 saylı xx.xx.2022-ci il tarixli, 959533 saylı xx.xx.2022-ci il tarixli, 783547 saylı xx.xx.2023-cü il tarixli, 205962 saylı xx.xx.2023-cü il tarixli, 205470 saylı xx.xx.2023-cü il tarixli, 729079 saylı xx.xx.2023cü il tarixli, 355171 saylı xx.xx.2023-cü il tarixli elektron qaimələr təqdim edilmişdir.
23. Həmçinin, tərəflər arasında tərtib edilmiş və hər iki tərəfin möhür və imzası ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktında qeyd olunmuşdur ki, cavabdehin xx.xx.2023-cü il tarixə olan borcu 12.931,22 manat təşkil edir.
24. Eyni zamanda, iddiaçı müəyyən məbləğdə ödənişlərin edildiyini etiraf edir və cəmi ödənilməyən borcun 4906,25 manat təşkil etdiyini bildirir.
25. Cavabdeh isə iddiaçının etiraf etdiyi məbləğdən əlavə ödənişlərin edildiyini təsdiq edən sübutları təqdim etməmişdir.
26. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən ödənilməyən 4.906,25 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
27. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iddia ərizəsində cavabdehin qeydiyyat ünvanının qeyd edilməsi MPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğundur. Eyni zamanda, məhkəmə iclası barədə bildiriş cavabdehin ünvanına göndərilmiş və həmin bildirişdə işə yazılı icraat qaydasında baxılacağı, 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslanadırılmış etirazı və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazı və ona əlavə olunmuş, elektron sənəd formasında tərtib edilmiş sənədlərin məhkəməyə göndərilməsi təklif olunmuşdur. Lakin cavabdeh iddiaya dair hər hansı bir münasibət bildirməmiş, etiraz təqdim etməmişdir. Cavabdehin digər dəlilləri isə formal mülahizələrdən ibarətdir və mübahisənin həllinə təsir etmir.
28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara əsasən əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
29. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2800/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov