Məhkəmə qərarları › İş №2-2(103)-734/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-734/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-734/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1317/2022 saylı qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X2 Müəssisəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən "xxxx" MMAM-nin xeyrinə xx.xx.2019-cu il tarixli auditor xidməti göstərilməsi barədə müqavilə üzrə ƏDV daxil 3186 manat; xx.xx.2020-ci il tarixli Xidmət müqaviləsi üzrə ƏDV daxil 6608 manat; ƏDV daxil 3186 manat borca görə illik 5 faiz olaraq 398,25 manat, ƏDV daxil 6608 manat borca görə illik 5 faiz olaraq 495,59 manat faiz, ümumilikdə 893,84 manat faiz; hüquqi xidmətlərə görə ödənilmiş 800 manat və ödənilmiş 126 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, e-2-2(113)-1317/2022 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh "xxxx" MMC həmin qətnamənin ləğvi barədə ərizə və ərizənin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, işə məhkəmədə baxılarkən məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə göndərilmiş məhkəmə bildirişləri sonuncu tərəfindən rəsmi olaraq qəbul edilməmişdir. Qiyabi qətnamənin mövcudluğu barədə cavabdeh MMC-yə poçt vasitəsi ilə məktub daxil olarkən məlumatı olmuşdur. Qiyabi qətnamə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada alınmışdır. Cavabdeh qiyabi qətnamənin hüquqi anlayışı barədə məlumatı olmadığından və bu növ qətnamələrdən də 01 ay müddətində apellyasiya şikayəti verilməli olmasını zənn etdiyindən, MPM-in 244-cü maddəsində göstərilmiş qiyabi qətnamənin ləğvi üçün nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Məhz bu səbəbdən, qiyabi qətnamənin ləğv edilməsi üçün ərizə verilməsi müddəti cavabdeh MMC tərəfindən üzrlü olaraq ötürülmüşdür. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1317/2022 saylı qərardadı ərizə rədd edilmiş və qiyabi qətnaməsinin ləğvi barədə ərizə geri qaytarılmışdır. Cavabdeh "xxxx" MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 244-cü, 129.3-cü 130.1-ci, 133.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qiyabi qətnaməsi cavabdehin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə xx.xx.2022ci il tarixdə saat 16:47-də yerləşdirilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən qeyd olunan qiyabi qətnamənin ləğvi barədə ərizə xx.xx.2022-ci il tarixdə verilmiş və bununla cavabdeh qiyabi qətnamənin ləğvi barədə ərizənin verilməsi üçün 10 günlük prosessual müddətini ötürmüşdür. Məhkəmə hesab etmişdir ki, ərizədə sadalanmış halların heç biri üzürlü səbəb kimi qəbul edilə bilməz və ona görə də, müddətin bərpası barədə ərizə rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən prosessual normaların tələblərini pozmuşdur. Belə ki, Mülki Prossesual Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 243.2-ci maddəsində isə təsbit olunmuşdur ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qiyabi qətnaməni elektron imzası ilə təsdiq etməklə qiyabi qətnamə çıxarıldığı vaxtdan 10 (on) gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi qanunverici kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərə məhkəmə sənədlərinin rəsmi qaydada verilməsinin xüsusi qaydasını müəyyən etmişdir. Belə ki, məhkəmə sənədləri “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş işdə iştirak edən şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirildiyi təqdirdə rəsmi qaydada verilmiş hesab edilir. Hazırki işdən isə görünür ki, cavabdeh "xxxx" MMC-nin “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti mövcud deyildir. Bununla belə, birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən qərardadda Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qiyabi qətnaməsinin cavabdehin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməsinə istinad etmişdir. Kollegiya hesab edir ki, məhkəmə sənədinin cavabdehin müvafiq icra hakimiyyəti orqanının, yəni Dövlət Vergi Xidmətinin müəyyən etdiyi informasiya sistemində (X1 Sistemi) yaradılmış elektron kabinetinə göndərilməsi və bu halın məhkəmə sənədinin (qiyabi qətnamənin) rəsmi qaydada çatdırılması kimi qiymətləndirilməsi MPM-in 135.8 və 243.2-ci maddələrinin tələblərinə ziddir. Çünki, qanunvericilik məhkəmə sənədinin - qiyabi qətnamənin yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməsini onun rəsmi qaydada verilməsi-çatdırılması kimi qəbul edir. Mhkəmə sənədlərinin Dövlət Vergi Xidmətinin müəyyən etdiyi informasiya sistemində (X1 Sistemi) yaradılmış elektron kabinetinə göndərilməsi isə Mülki Prossesual Məcəllənin 150.2-ci maddəsində göstərilmiş və həmin sənədlərə də yalnız iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə aiddir. Belə ki, həmin maddənin tələblərinə görə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1317/2022 saylı qərardadı ləğv edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar