Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-736/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə İddiaçı MMC-nin (bundan sonra - iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra cavabdeh) qarşı müqaviləyə xitam verilməsi və sair tələblər barədə dair ilk iddia, cavabdehin iddiaçıya qarşı müqavilənin ləğv edilməsi və sair tələblərə dair qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-94/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək iddiaçı tərəfindən artıq ödənilmiş 44.403 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, müqaviləyə xitam verilməsi, lizinq obyektinin təhvil verilməsi və lizinq obyekti üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması, Sumqayıt şəhəri Bakı-Sumqayıt yolunun kənarında ümumi sahəsi 803,3 kv.m, torpaq sahəsi 0,16 ha olan əmlak kompleksi kimi müəssisənin, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna qəsəbəsi 355 nömrəli bağ evi ünvanda yerləşən ümumi sahəsi 12 ha olan torpaq sahəsi və həmin ərazidə yerləşən yaşayış sahəsi 98,24 kv.m, yardımçı sahəsi 27,71 kv.m olan 3 otaqlı bağ evinin, ünvan 2 ünvanda yerləşən, yaşayış sahəsi 27.4 kv.m, yardımçı sahəsi 72.1 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin üzərindən ipoteka yüklülüyünün götürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh də iddiaçıya və üçüncü şəxs Maraqlı şəxs qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, tərəflər arasında bağlanmış 510/40/2012 saylı 29.10.2012-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin verilməsi haqqında 24.04.2015-ci il tarixli müqavilənin və ona əlavənin ləğv edilməsini, iddiaçıdan əsas borcun, faiz və dəbbə pulunun tutulması, cavabdehə məxsus olan 1 ədəd HİTACHİ ZX-470LC-5G markalı tırtıllı ekskavatorun iddiaçıdan geri alınaraq cavabdehə verilməsi, 12.06.2015-ci il tarixli 01/15 saylı borcun etirafı müqaviləsinin ləğv edilməsi, iddiaçıdan həmin müqavilə üzrə əsas borcun, faiz borcunun və dəbbə pulunun, cavabdeh tərəfindən ödənilmiş 30 AZN məbləğdə dövlət rüsumunun tutulub onun xeyrinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh eyni zamanda iddianı təminetmə haqqında ərizə ilə məhkəməyə müraciət edərək, səhmdarı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi olan Beynəlxalq Bank ASC-nin törəmə müəssisəsi cavabdehin mülkiyyətindəki dövlət büdcəsinin vəsaiti hesabına alınmış 1 ədəd HİTACHİ ZX470LC-5G markalı tırtıllı ekskavatordan istifadə edilməsinin iddiaçıya, üçüncü şəxs Maraqlı şəxs və digər şəxslərə qadağan edilməsini xahiş etmişdir. Ərizənin əsaslarına görə, mübahisə predmeti ilə iddianı təmin etmə haqqındakı ərizənin mütənasibliyi lizinq obyektinin qanunsuz istismar nəticəsində ziyana uğrayaraq tamamilə sıradan çıxmasının gələcəkdə qəbul ediləcək qətnamənin icrasında çətinlik törətməyindən irəli gəlir. Hazırda iddiaçı və digər şəxslər ekskavatoru müqavilə ilə müəyyənləşdirilmiş muzdu ödəmədən faktiki olaraq qanunsuz istifadə edərək gəlir əldə edirlər. Müraciət və tələblərinə baxmayaraq lizinq obyektindən qanunsuz istismara hələ də iddiaçı və üçüncü şəxs tərəfindən son qoyulmamışdır. Gələcəkdə bu kimi hüquqazidd hərəkətlərin törədilməsinin, lizinq obyektindən qanunsuz istismarın qarşısının alınması, eləcə də lizinq obyektinin qanunsuz istismar nəticəsində ziyana uğrayaraq tamamilə sıradan çıxmasının gələcəkdə qəbul ediləcək qətnamənin icrasında çətinlik törətməyinin qarşısının alınması üçün ekskavatordan iddiaçı və digər şəxslərin istifadəsinə qadağa qoyulması zərurəti yaranmışdır. Göründüyü kimi, mübahisə predimeti məhz lizinq obyektinin iddiaçıdan və üçüncü şəxsdən alınması, yaranmış lizinq borcunun onlardan tutulmasıdır. Gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsi ilə alına bilən bu avadanlıq qanunsuz istismar nəticəsində tamamilə yararsız vəziyyətə düşərək sıradan çıxmaqla, həmçinin başqa bir şəxsə istifadə üçün verilməklə, eləcə də sair halların baş verməsi nəticəsində qətnamənin icrasını çətinləşdirə bilər. Bakı Kommersiya Məhkəməsinin 19.05.2021-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verib, ləğv edilib, ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri iddianı təminetmə haqqında ərizənin əsasları ilə eyni olmuşdur. Bakı Kommersiya Məhkəməsinin 21.05.2021-ci il tarixli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxs birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in 157 və 158-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər və buna prosesin istənilən mərhələsində yol verilir, hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir, iddianı təmin etmək üçün, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək cavabdehə və başqa şəxslərə qadağan edilə bilər. Məhkəmə kollegiyası bildirir ki, iddianın təmin edilməsi mülki (iqtisadi) iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, bu tədbirin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər, bu tədbirin tətbiq olunması isə o halda realizə olunur ki, iddia ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlsin. İddianı təmin etmə tədbirinin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. İddianı təmin etmə tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Bu baxımdan, iddianı təmin tədbiri institutu mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. İddianı təmin tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.” İşdən görünür ki, mübahisəli ekskavatorla bağlı tələblər iddiaçının da ilk iddia ərizəsində əks olunmuşdur. Odur ki, sözügedən mübahisəli hallar tam araşdırılıb yekunlaşmadan, həmin hallarla bağlı iddianı təminetmə tədbirinin tətbiq edilməsi məqsədəmüvafiq sayıla bilməz. Bu mənada məhkəmə kollegiyası şikayətlə razılaşmır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-94/2021 nömrəli iş üzrə 19 may 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh QSC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-736/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-736/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver