Məhkəmə qərarları › İş №2-2(103)-736/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-736/2023

21.09.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-736/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 26 may 2023-cü il tarixli, e-2-2(113)-2956/2023 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin halları ondan ibarətdir ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs xx.xx.2023-cü il tarixə borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Maraqlı şəxs X1 tərəfindən etibarnamə əsasında fəaliyyət göstərildiyini və bunun əsasında vergiləri ödəmək öhdəliyinin həmin şəxsin üzərində olduğunu, bu barədə vergi orqanında məlumatın olduğunu bildirərək, ərizənin təmin edilməməsini xahiş edir.

Birinci instansiya məhkəməsindəki icraat

3. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs dövlət büdcəsinə olan ümumilikdə 8899,24 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 144,38 manat, İcbari Tibbi Sığorta Fonduna olan 23,08 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün onun (doğulduğu tarix - xx xxxx 1983-cü il, doğulduğu yer – Ermənistan, Razdan rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 144,38 manat, dövlət büdcəsinə 8899,24 manat məbləğində (o cümlədən, vergilər üzrə 7060,64 manat, faizlər üzrə 1838,6 manat), İcbari Tibbi Sığorta Fonduna 23,08 manat olmaqla, ümumilikdə 9066,7 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********336800 nömrəli, xx.xx.2023- cü il tarixli **********164100 nömrəli, xx.xx.2022-ci il tarixli **********337500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Dövlət büdcəsinə olan ümumilikdə 8899,24 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 144,38 manat, İcbari Tibbi Sığorta Fonduna olan 23,08 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 26 may 2023-cü il tarixli, e-2-2(113)-2956/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.

6. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər – aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslərdir. Məhkəmə tərəfindən qanunun bu norması düzgün tətbiq edilməmişdir. Göründüyü kimi X1 tərəfindən etibarnamə əsasında fəaliyyət göstərilmişdir və bunun əsasında vergiləri ödəmək öhdəliyi həmin şəxsin üzərindədir. Belə ki, onun etibarnamə əsasında fəaliyyət göstərməsi barədə vergi orqanında məlumat olmuşdur. Vergi borclarının ödənilməsi barədə xəbərdarlıqlar etibarnamə əsasında fəaliyyət göstərmiş şəxsə göndərilməli və borcun ödənilməsi həmin şəxsdən tələb edilməli idi. Nəticədə onun üzərinə məhdudiyyət qoyulmaqla hüquqları kobud şəkildə pozulmuşdur. Vergi ödəmək öhdəliyinin etibarnamə verilmiş şəxs tərəfindən yerinə yetirilməsi, onun fəaliyyətinin olmaması, heç bir qazanc əldə etməməyi, həmin ərəfələrdə ölkə hüquqlarından kənarda olmağı iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq sübut edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

11. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

12. Həmin Məcəllənin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

14. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsaslıdır.

17. İş materiallarına əlavə edilmiş:

18. Maraqlı şəxs şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin fiziki şəxsin borcu mövcuddur.

19. Fiziki şəxslər haqqında məlumatlarla təsdiq edilir ki, Maraqlı şəxs xx xxxx 1983cü il tarixdə Ermənistan, Razdan rayonunda doğulmuş (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) və ünvan 1 ünvanında qeydiyyatdadır.

20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli **********336800 nömrəli, xx.xx.2023-cü il tarixli **********164100 nömrəli, xx.xx.2022-ci il tarixli **********337500 nömrəli bildirişlərlə fiziki şəxsə müraciət edərək borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

21. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs xx.xx.2023-cü il tarixə borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Maraqlı şəxs borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində borc ödənilməmişdir. Bundan sonra ərizəçi maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərmiş, daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.02-1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizəni təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

23. Maraqlı şəxsin istinad etdiyi hallar isə əsaslı hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində birbaşa təsbit olunmuşdur ki, vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Hazırki işdə də Maraqlı şəxs dövlət büdcəsinə 9000 manatdan çox borcunun olması mübahisəsizdir. Həmin borcun maraqlı şəxsdən tələb olunmasının qanuni olub-olmaması isə hazırkı mübahisənin predmeti deyildir və maraqlı şəxs həmin borcu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər.

24. Ona görə də, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsaslı hesab edilə və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 26 may 2023-cü il tarixli, e-2-2(113)-2956/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar