Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-736/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı LTD Firmasının Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1257/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı LTD Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 9514,36 manat məbləğin və ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" LTD Firmasına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1257/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh MMC-dən 9514,36 manat borc məbləği və mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 116 manat tutularaq İddiaçı LTD Firmasına ödənilsin qət edilmişdir.
3. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1257/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən müqaviləni qəbul etmirlər. Müqavilədəki imza birmənalı direktor tərəfindən imzalanmamışdır. İlk növbədə həmin müqaviləni mübahisələndiririk. Digər məsələ isə iddiaçı tərəfindən təqdim edilən elektron qaimələr sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin elektron qaimələrin təhvil təslim aktları olmalıdır. Satılmış malın təhvil təslimi barədə aktların da təqdim edilməməsi iddianın əsassız olduğuna əsasdır. Elektron qaimələrin alt sənədlərin əsillərinin təqdim edilməsini, malların satışına dair aktların təqdim edilməsini xahiş edir. Yuxarıda qeyd edilənlərlə bağlı məhkəmə tərəfindən araşdırılma aparılmayıb. İddiaçı nə yazıb məhkəmə onu təsdiqləyib və təmin edib. Ümumiyyətlə müqaviləyə də diqqət yetirilsə görünər ki, müqavilə Vəli Əkbərov tərəfindən imza edilməyib. İddiaçının pul tələbi etdiyi müqavilə direktor və ya buna səlahiyyətli şəxs tərəfindən imzalanmayıb. Həmin vaxt və cari tarixədək müəssisənin direktoru Əkbərov Vəli olmuşdur. Təhvil təslim aktları, satış sənədləri heç briri mövcud olmamışdır. Həmin vaxt və cari tarixədək müəssisənin direktoru Əkbərov Vəli olmuşdur.Məhkəmə isə müqaviləyə möhürün vurulmasını müqavilənin bağlanmış olması kimi qiymətləndirmişdir. Halbuki məhkəmə həmin möhürü və aktlardakı möhürü araşdırmalı və müvafiq ekspertiza təyin etməli idi. Bu səbəbdən xətşünaslıq ekspertizası keçirilməli və müqavilə kim tərəfindən imzalanması araşdırılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
7. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
11. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
14. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
15. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
19. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
22. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış 10 noyabr 2021-ci il tarixli 543 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəf malları təqdim etmiş, cavabdeh tərəf malların bir qisminə görə ödənişlər etmiş, qalan hissəni, yəni iddiada tələb edilən 9514,36 manat məbləği ödəməmişdir.
23. İddiaçı iddia etmişdir ki, malları təhvil versə də, ödənişi almamış, cavabdeh öhdəliyi pozmuşdur. İddiaçı tələbini sübut edən müqavilə, e-qaimələr, ödənişləri göstərən bank məktubu təqdim etmişdir.
24. Qeyd olunanlardan göründüyü kimi iddiaçı şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirdikləri, buna dair sübutları təqdim etdikləri halda, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin mövqeyini nəzərə almadan qətnamə qəbul etmişdir.
26. Cavabdeh şikayətində qeyd edilən e-qaimələrin malların təhvil alınmasını təsdiq edən sübut kimi qəbul etməmiş, müqavilədəki imzanın direktora məxsus olmamasına görə iddianın rədd edilməsini xahiş etmişdir.
27. Qeyd edilməlidir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, hətta əksinə, cavabdeh şirkətin beş gün keçmədən belə ödənişlərin edilməsi tələb edilən bütün e-qaimələri şəxsən təsdiq etməsi cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi mənasına gəlir. Cavabdeh həmin e-qaimələrin onlar tərəfindən ləğv edilməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
28. Apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını ümumiyyətlə təsdiq etməməsi deyil, birbaşa təsdiq etməməsi barədə mövqe bildirilmişdir. Eyni zamanda digər sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verilməsi göstərilmişdir. Göründüyü kimi məhkəmə qeyd edilən Plenum qərarındakı hüquqi mövqeyi nəzərə almış və e-qaimələrə düzgün hüquqi qiymət vermişdir.
29. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 543 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 1.2-ci bəndində göstərilən məhsulu alıcıya satmağı, alıcı isə malı qəbul edib e-qaimədə göstərilən qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Göründüyü kimi e-qaimə ödənişin edilməsi üçün kifayət edir.
30. İş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehlə alqı-satqı müqaviləsi bağlamış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi qismən yerinə yetirməmiş və müqavilənin etibarlılığını mübahisələndirmişdir. Cavabdeh müqavilədəki imzanın direktora məxsus olmamasına əsaslanaraq ondan pul tələb edilməsini qanunsuz hesab edir.
31. xx.xx.2021-ci il tarixli müqavilədə cəmiyyətin direktoru Əkbərov Vəli göstərilmiş və onun tərəfindən imza edilmişdir. Cavabdeh işin bu halını mübahisə etsə də, əsaslı şübhə yaradacaq halları göstərməmişdir.
32. Müılki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
33. Cavabdehin mövqeyi əsaslı olması fərz edilsə, bununla əlaqədar qeyd olunmalıdır ki, cavabdeh cəmiyyətin möhürü ilə müqavilə təsdiq edilmiş, müqavilə üzrə ödənişlər edilmişdir. Qeyd edilən hallar müqavilənin etibarlı olmasını göstərmiş, yalnız imzanın cavabdehin direktoruna məxsus olmaması əsası ilə müqavilənin etibarsız hala gəlməsi iş materialları ilə uyğun olmamışdır. İş materialları isə onu göstərir ki, tərəflər arasında real müqavilə münasibətləri olmuş, iradə ifadələri olmuş, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən qismən icra edilmişdir. Bu hallar müqavilənin etibarlı əqd olmasını göstərir.
34. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. İddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Kollegiya qeyd edir ki, cavabdehin şikayətdə göstərdiyi məsələlər üzrə heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
35. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 9514,36 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən 9514,36 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
36. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
38. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1257/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.