Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-736/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 28 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı (bundan sonra “Satıcı”) ilə "xxxx" (bundan sonra “Alıcı”) arasında 25 dekabr 2023-cü ildə malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə müqaviləsi bağlanmışdır.
2. Müqavilə satıcının imzası və möhürü ilə təsdiqlənsə də, alıcı tərəfindən imzalanmamışdır və möhür vurulmamışdır.
3. Həmin müqavilə üzrə qiymət razılaşma protokollarına, təhvil-təslim aktlarına nəzər yetirildikdə görünür ki, qeyd edilmiş sənədlər Cavabdeh MMC tərəfindən imzalanmamış və hətta hüquqi şəxsin möhürü ilə də təsdiq edilməmişdir.
4. Satıcı tərəfindən alıcıya 27 dekabr 2023-cü il tarixli EBDW 150851 saylı dəyəri 54 699,61 manat olan, 27 dekabr 2023-cü il tarixli EBDW 153397 saylı dəyəri 48 408,32 manat olan elektron qaimələr göndərilmişdir.
5. Kapital Bank tərəfindən verilmiş hesabdan çıxarış və ödəniş sənədlərindən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 05 iyun 2024-cü il tarixdə köçürülmüş 127 500 manat məbləğində pul vəsaiti, xx.xx.2024-cü il tarixində "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 127 309 manat həcmində geri qaytarılmışdır.
6. Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 127 500 manat məbləğində pulun köçürülməsi barədə xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, 03 iyun 2024-cü il tarixli 06/24 saylı müqaviləyə istinad olunmuşdur.
7. 06 iyun 2024-cü il tarixli ödəniş sənədindən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 127 309 manat məbləğində pul vəsaiti qaytarılarkən, “səhv göndərilən vəsaitin geri qaytarılması” qeydi aparılmışdır.
8. Tərəflər arasında 03 iyun 2024-cü il tarixli 06/24 saylı alqı-satqı müqaviləsi 236 000,47 manat dəyərində mallar barədə qiymət razılaşma protokolu imzalanmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. "xxxx" MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc üzrə 103 107,93 manat, illik gecikdirilmiş vaxt üçün 5% məbləği hesablanmaqla 4340 manat, 397 manat dövlət rüsumu, hüquqi yardım üçün ödənilm iş 320 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini satıcı razılaşdırılmış qaydada və müddətdə yerinə yetirmiş, alıcı isə malları təhvil almasına baxmayaraq öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, satıcı tərəfindən 27 dekabr 2023-cu il tarixli 150851 və 153397 nömrəli eqaimələr üzrə **********-Minik avtomobilləri üçün təkərlər 265/65R17, **********-Minik avtomobilləri üçün təkərlər 215/50ZR17, **********-Minik avtomobilləri üçün təkərlər 235/45ZR17, **********-Minik avtomobilləri üçün təkərlər 225/45ZR17, **********-Minik avtomobilləri üçün təkərlər 215/45ZR17, **********- Minik avtomobilləri üçün təkərlər 235/60R16, **********-Minik avtomobilləri üçün təkərlər 195/65R15, **********-Minik avtomobilləri üçün təkərlər 275/40ZR20, **********-Minik avtomobilləri üçün təkərlər 245/50ZR20, **********-Minik avtomobilləri üçün təkərlər 295/40ZR21, **********-Minik avtomobilləri üçün təkərlər 275/40ZR22, **********-Minik avtomobilləri üçün təkərlər 245/35ZR20, **********-Minik avtomobilləri üçün təkərlər 185/65R15, **********-Minik avtomobilləri üçün təkərlər195/60R14, **********-Minik avtomobilləri üçün təkərlər 205/65R15, **********-Minik avtomobilləri üçün təkərlər 195/55ZR16, **********-Minik avtomobilləri üçün təkərlər 205/55ZR16, **********-Minik avtomobilləri üçün təkərlər 205/60R16, **********-Minik avtomobilləri üçün təkərlər 215/55ZR16, **********-Minik avtomobilləri üçün təkərlər 215/60R16, **********-Minik avtomobilləri üçün təkərlər 215/65R16, **********-Minik avtomobilləri üçün təkərlər 215/70R16, **********-Minik avtomobilləri üçün təkərlər 225/55ZR 16 mallar alıcıya tam təhvil verilməsinə baxmayaraq, bugünədək alıcı tərəfindən göstərilən malların cəmi qiyməti 103 107 manat 93 qəpik məbləğ satıcıya ödənilməmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bank köçürməsi ilə bağlı bildirmişdir ki, qeyd edilmiş pulun ödəniş təyinatı səhv göstərildiyi üçün geri qaytarıldğını bildirmişdir. Eyni zamanda, məhkəmə iclasında iddiaçı tərəfdən əgər tərəflər arasında 25 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və 27 dekabr 2023-cü il tarixli EBDW 150851 saylı dəyəri 54 699,61 manat olan, 27 dekabr 2023-cü il tarixli EBDW 153397 saylı dəyəri 48 408,32 manat olan elektron qaimələr üzrə mallar verilmişdirsə, nəyə görə qeyd edilmiş tarixdən sonra cavabdeh tərəfindən ödənilmiş olan 127 309 manat pul geri qaytarılmışdır, həmçinin də, nəyə görə əgər 25 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə mallar üzrə pulu verilmədiyi təqdirdə sonradan başqa alqı-satqı müqaviləsi bağlanmışdır suallarına cavab olaraq, iddiaçı tərəf qeyd edilmiş pulun ödənilməsində 25 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə istinad olunmadığından geri qaytarıldığını bildirmişdir.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə və qanuni nümayəndəsi X4 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Həmçinin cavabdeh tərəf məhkəmə iclasında özünü təkər satışı biznesi ilə məşğul olduğunu, əvvəllər iddiaçı şirkət və onun faktiki rəhbəri Ağalarov Natiqlə, həmçinin sonuncunun digər şirkəti olan "xxxx" MMC ilə ortaq bizneslərinin olduğunu, sonradan isə ortaqlığın pozulduğunu, şəkillərin də, o zaman çəkildiyini bildirmişdir.
13. Birinci instansiya məhkəməsinin 28 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
- Mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, tərəflər arasında 25 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanılıbbağlanmaması və qeyd edilmiş müqavilə üzrə malların cavabdehə verilibverilməməsidir. - İddiaçı tərəfindən işə əlavə edilmiş 25 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə, qeyd edilmiş müqavilə üzrə qiymət razılaşma protokollarına, təhvil-təslim aktlarına nəzər yetirildikdə görünür ki, qeyd edilmiş sənədlər Cavabdeh MMC tərəfindən imzalanmamış və hətta hüquqi şəxsin möhürü ilə də təsdiq edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 27 dekabr 2023-cü il tarixli EBDW 150851 saylı dəyəri 54 699,61 manat olan, 27 dekabr 2023-cü il tarixli EBDW 153397 saylı dəyəri 48 408?32 manat olan elektron qaimələr göndərilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarında sərgiləmiş olduğu mövqe ondan ibarətdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Qeyd edilmiş hüquqi mövqeyə uyğun olaraq məhkəmə qeyd edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübutlara kompleks şəkildə qiymət verilməklə mübahisə həll edilməlidir. - İş materiallarına əlavə edilmiş Kapital Bank tərəfindən verilmiş hesabdan çıxarış və ödəniş sənədlərindən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 05 iyun 2024-cü il tarixdə köçürülmüş 127 500 manat məbləğində pul, 06 iyun 2024-cü il tarixində Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 127 309 manat həcmində geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 127 500 manat məbləğində pulun köçürülməsi barədə 05 iyun 2024-cü il tarixli ödəniş sənədindən görünür ki, 03 iyun 2024-cü il tarixli 06/24 saylı müqaviləyə istinad olunmuşdur. İş materiallarına əlavə edilmiş 06 iyun 2024-cü il tarixli ödəniş sənədindən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 127 309 manat məbləğində pul qaytarılarkən, “səhv göndərilən vəsaitin geri qaytarılması” qeydi aparılmışdır. İş materiallarından həmçinin görünür ki, tərəflər arasında 03 iyun 2024-cü il tarixli 06/24 saylı alqı-satqı müqaviləsi, 236 000,47 manat dəyərində mallar barədə qiymət razılaşma protokolu imzalanmışdır. - İddiaçı tərəf, məhkəmə iclasında qeyd edilmiş pulun ödəniş təyinatı səhv göstərildiyi üçün geri qaytarıldığını bildirmişdir. Cavabdeh tərəf isə 03 iyun 2024-cü il tarixli 06/24 saylı alqı-satqı müqaviləsi üzrə mallar verilmədiyindən qeyd edilmiş pulun geri qaytarıldığını bildirmişdir. - Məhkəmə iclasında iddiaçı tərəfdən əgər tərəflər arasında 25 dekabr 2023cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və 27 dekabr 2023-cü il tarixli EBDW 150851 saylı dəyəri 54 699,61 manat olan, 27 dekabr 2023-cü il tarixli EBDW 153397 saylı dəyəri 48 408,32 manat olan elektron qaimələr üzrə mallar verilmişdirsə, nəyə görə qeyd edilmiş tarixdən sonra cavabdeh tərəfindən ödənilmiş olan 127 309 manat pul geri qaytarılmışdır, həmçinin, nəyə görə əgər 25 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə mallar üzrə pulu verilmədiyi təqdirdə sonradan başqa alqı-satqı müqaviləsi bağlanmışdır suallarına cavab olaraq iddiaçı tərəf qeyd edilmiş pulun ödənilməsində 25 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə istinad olunmadığından geri qaytarıldığını bildirmiş, digər məsələni isə izah edə bilməmişdir. - Məhkəmə bu xüsusda qeyd edir ki, iddiaçının dəlilləri əsassızdır. Belə ki, əgər 25 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə mallar (indiki halda avtomobil təkərləri) cavabdehə verilmiş olsa idi və iddiaçı tərəf ona 05 iyun 2024-cü il tarixdə ödənilmiş olan 127 500 manat pulu geri qaytarmaz, ancaq indi tələb etmiş olduğu 103 107,93 manatı çıxdıqdan sonra artıq məbləği geri qaytarardı. Bundan başqa da məhkəmə qeyd edir ki, tərəflər arasında 25 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış olsa və qeyd edilmiş müqavilə üzrə mallar verilib, ödənilməmiş olsa idi, iddiaçı tərəf, sonrakı tarixdə yəni 03 iyun 2024-cü ildə 06/24 saylı alqı-satqı müqaviləsini bağlamaz və ödənilmiş pulu qaytarmaz idi. - Məhkəmə, həmçinin, iddiaçının təqdim etdiyi cavabdehin direktoru olan X3 əks olunduğu fotoşəkillərə münasibətdə qeyd edir ki, təkərlərin sayılması prosesində X3 iştirakı, tərəflər arasında 25 dekabr 2023-cü il tarixli alqısatqı müqaviləsinin bağlanması və qeyd edilmiş müqavilə üzrə malların verilməsi anlamına gəlmir. Məhkəmə tərəfindən qeyd edilmiş fotoşəkillərin və videonun nə zaman və kim tərəfindən çəkilməsi barədə sübut təqdim edilməsi iddiaçı tərəfə təklif edilsə də, iddiaçı tərəf bu barədə sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilmiş foto və video çəkilişin 25 dekabr 2023-cü il tarixli “alqı-satqı müqaviləsi” və 2 ədəd elektron qaimədə qeyd edilmiş malların verilməsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, əlaqəsi olmuş olsa idi, məhkəməyə təqdim edilən foto və videonun hansı tarixdə çəkilməsi barədə mobil cihazda dəyişdirilməsi mümkün olmayan, çəkilişdə hansı tarixdə aparılması barədə “ekran şəklini” məhkəməyə təqdim edərdi, ancaq iddiaçı tərəf nəinki qeyd edilmiş “ekran şəklini” məhkəməyə təqdim etməmiş, hətta foto və video təqdim etsə də, onun kim tərəfindən aparılmasını belə konkret cavablandıra bilməmişdir. - Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş və şahid kimi dindirilmiş Şahid1, əvvəllər "xxxx" MMC-nin anbarında işlədiyi, "xxxx" MMC-nin direktoru Elşənin, Asiflə dost və şərik olduqlarını, X3 mallar götürdüyünü, ancaq hansı tarixdə olması barədə dəqiq yadında qalmadığını bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş və şahid kimi dindirilmiş Şahid2, əvvəllər "xxxx" MMC-də anbardar işlədiyini, X3 mallar götürdüyünü ancaq hansı tarixdə olmasının barədə dəqiq yadında qalmadığını, özünün Natiq Ağalarovun əmisi oğlu olduğunu, dekabr ayında videonun çəkilib-çəkilmədiyini bilmədiyini bildirdi. Məhkəmə qeyd edir ki, hər iki şahid əvvəllər iddiaçının işçisi olmuşdur və onların da vermiş olduğu ifadələrdə 25 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlandığı və qeyd edilmiş müqavilə üzrə 103 107,93 manat dəyərində təkərlərin verilməsi halı öz təsdiqini tapmır. - Məhkəmə həmçinin qeyd edir ki, 103 107,93 manat dəyərində təkər kifayət qədər iri həcmli bir yükdür. Qeyd edilmiş yükün də daşınması üçün iri nəqliyyat vasitələri tələb olunur. Ancaq iddiaçı tərəf heç olmasa bu barədə də hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında ümumiyətlə 25 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmamış və ancaq göndərilmiş 2 ədəd elektron qaimə isə 103 107,93 manat dəyərində malların verilməsini təsdiq etmir. - Beləliklə, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı, Mülki Məcəlləsinin 405.1-ci, 405.2, 567-ci, 600.4-cü maddələrinə istinad etmişdir.
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini aşağıdakı məzmunda əsaslandırmışdır:
- İşin faktiki hallarından məlum olduğu kimi, tərəflər arasında yaranan razılaşmaya əsasən, hər iki tərəfin öhdəliyi yaranmışdır. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və onun əlavəsi olan qiymət razılaşdırma protokoluna əsasən satıcı İddiaçı MMC-nin öhdəliyi 103 107,93 manat dəyərində malların, yəni minik avtomobilləri üçün təkərləri alıcı Cavabdeh MMC-yə vermək, alıcı Süleymanoğlu Group MMC-nin öhdəliyi isə aldığı mallar qarşılığında satıcı Formula Trans MMCyə müəyyən edilən məbləğdə pul ödəməkdən ibarətdir. Satıcı müqavilədən əmələ gələn öhdəliyini icra etmiş, malları alıcıya tam təhvil vermişdir. Buna baxmayaraq alıcı öz üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmaqdadır. Bu səbəblə satıcı tərəfindən alıcıya xx.xx.2023-cü il tarixli, EBDW 150851 saylı dəyəri 54.699,61 manat olan, xx.xx.2023-cü il tarixli EBDW 153397 saylı dəyəri 48 408,32 manat olan elektron qaimələr göndərilmişdir. Həmin e-qaimələr alıcının özü tərəfindən təsdiqlənmişdir və alıcı tərəfindən satıcının anbarından sayılaraq-yoxlanılaraq birbaşa özü tərəfindən təhvil alınmışdır. Buna baxmayaraq, satıcı tərəfindən daha sonra və dəfələrlə təhvil verilmiş mallara görə dəyərinin ödənilməsi tələb edilsə də, alıcı tərəfindən heç bir ödəniş olmamışdır. Beləliklə, alıcı Cavabdeh MMC öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. - İş materiallarından aydın olur ki, satıcı tərəfindən tərəflər arasında müqavilənin bağlandığını təsdiq edən və iradə ifadəsini birbaşa təsdiqləyən e-qaimələr, onların alıcı tərəfindən birbaşa təsdiqləndiyi göstərən elektron vergi sistemindən çıxarışlar, habelə sözegedən malların cavabdeh şirkətin direktoru tərəfindən yoxlanılaraq (sayılaraq) təhvil almasını təsdiq edən foto və video görüntülər, həmçinin, cavabdeh tərəfində mallar üzrə ödəniş etməsini təsdiqləyən bank çıxarışları və habelə tərəflərin arasında yaranmış öhdəlik münasibətlərini və alıcı-cavabdeh tərəfindən sözügedən mallar təhvil alınsa da, öz öhdəliklərini lazımınca yerinə yetirməməməsi barədə şahid ifadələri birbaşa olaraq alıcı tərəfindən təsdiq edilmiş qaimələr məhkəməyə təqdim edilməsinə baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi təqdim olunan sübutlara düzgün qiymət verməmiş, habelə şahid fadələri, fotoşəkillər və video qeydlərə və işin digər faktiki hallarına formal olaraq yanaşaraq əhəmiyyət verməmişdir. Məhkəmə təqdim edilən sübutları düzgün qiymətləndirməmiş, prosessual hüququ doğru tətbiq etməmiş, işə qərəzli yanaşmış və hüquqa zidd qərar vermişdir. - İşə baxan məhkəmə ödənişin geri qaytarılması ilə əlaqədar olan hala düzgün hüquqi qiymət verməmiş, aparılan ödənişlərin iddiaçı tərəfindən qəbul ediləcəyi təqdirdə sonuncunun nə kimi risklərlə qarşılaşa biləcəyinə dair hallara doğru hüquqi mövqə formalaşdırmamışdır. Belə ki, ilk növbədə göndərilən pul vəsaitinin sözügegən müqavilə dəyərinin ödənlməsi ilə bağlı olduğu təkzib olunmazdır. Lakin ödənişi cavabdeh tərəfindən düzgün icra edilməməsi yəni ƏDV öhdəlikləri üzrə məbləğin müvafiq subhesaba icra edilməməsi və habelə ödəniş təyinatının düzgün seçilməməsi gələcəkdə iddiaçının dövlət tərəfindən müvafiq sanksiyalara məruz qoya biləcəyi və bu halın onda maddi itkilərə səbəb ola biləyindən iddiaçı əsaslı olaraq ödənişi geri qaytarmış və cavabdehdən müvafiq düzəlişlər edilməsini tələb etsə də, cavabdeh bu hala məhəl qoymamışdır. - Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il tarixli 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3 və 3.4-cü bəndlərinin (bax § 29) məzmunundan aydın olur ki, elektron qaimə- faktura göndərildiyi vaxtdan 5 gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 gün müddətində) həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Hazırkı iş üzrə e-qaimələr cavabdehin birbaşa özü tərəfindən təsdiqlənmişdir və əksini təsdiq edən hər hansı sübut məhkəyə təqdim edilməmişdir. Belə olan halda cavabdehin nümayəndəsinin “işçinin səhvi ilə təsdiq edilmişdir” izahatı işin digər halları ilə kəskin ziddiyyət təşkil edir və əgər həqiqətən də işçi səhvindən söhbət gedirsə cavabdeh tərəfindən hər hansı adekvat tədbirin görülməsi (məs.işçinin əmək intizamın cəlb edilməsi, qaimənin ləğv edilməsi üçün müraciət və.s hal ) öz təsdiqini tapmamışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
17. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq e-2-2(113)-1041/2025 saylı, 28 aprel 2025-ci il tarixli məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından iddiaçı "xxxx" X1 apellyasiya şikayətinin təmin ediməməsinə və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1041/2025 saylı, 28 aprel 2025-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya baxışı, izahat
18. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
20. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
21. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
22. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
25. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
26. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
29. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
36. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
37. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
38. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
39. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
40. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.
Apellyasiya baxışının həddi
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
43. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində irəli sürülənlərlə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.
44. İddiaçının onun tərəfindən təqdim edilən mallar üçün pul tələb etməsi və həmin malların təhvil verilməsini yalnız elektron qaimələrə istinad edərək irəli sürməsi kifayət qədər ağlabatan deyildir.
45. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərar).
46. Göründüyü kimi elektron-qaimələr öz-özlüyündə malların göndərilməsini sübut etmir və adətən elektron-qaimələrin malların təhvil verilməsinə sübut olmasını iddia edən şəxs, tərəflər arasında işgüzar münasibətlərin məhz bu kontekstdə yaranmasını sübuta yetirməlidir.
47. Tərəflər arasında işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.
48. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır (§ 20).
49. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına2, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıbdaşımamasına3, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilibedilməməsinə4 qiymət verilməsi zəruridir.
50. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.
51. Hazırkı mübahisə üzrə isə belə bir hal müəyyən edilmir.
52. Bu halda kollegiya onu da nəzərə alır ki, iddiaçının sübut qismində təqdim etdiyi müqavilələr, qiymətin razılaşdırma protokolu və digər sənədlər cavabdeh tərəfindən təsdiqlənməmişdir. Digər tərəfdən müqavilə üzrə ödəniş edilikdən sonra pul vəsaiti iddiaçı tərəfindən cavabdehə geri qaytarılmışdır (§ 5).
53. Qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, məhz iddiaçı təqdim olunmuş elektron-qaimə fakturalar üzrə malların təqdim edilməsini sübuta yetirməmişdir.
54. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
55. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
1 Ali Məhkəmə, İş № 2-2(102)-135/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 2 Ali Məhkəmə, İş № 2-2(102)-451/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 3 Ali Məhkəmə, İş № 2-2(102)-73/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 4 Ali Məhkəmə, İş № 2-2(102)-54/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17 İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1041/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.