Məhkəmə qərarları › İş №2-2(103)-738/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-738/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-738/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X13 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və X6 ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-1586/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19- 00110 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür.

2. İddiaçı tərəflər arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli 19-00110 saylı Alqısatqı müqaviləsi əsasında yaranmış borcun cavabdeh tərərindən ödənilmədiyini bildirir. Cavabdeh isə hazırkı mübahisə üzrə qanunla nəzərdə tutulmuş mübahisənin mediasiya yolu ilə həlli üzrə qanunda icbari xarakter daşıyan ilkin mediasiya sessiyasının keçirilməsinə dair bildirişin təqdim olunmadığını və X7 iştirakının qərəz/səhlənkarlıqla təmin olunmadığını və aralarındakı münasibətin Cavabdeh MMC-yə heç bir aidiyyətinin olmadığını, MMC-nin özünün təsisçisinin və ya icra orqanında təmsil olunan şəxslərin şəxsi borcları üçün cavabdehlik daşıya bilmədiyini qeyd edir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətnə olan 32497,20 manat borcunu ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli 19-00110 saylı Alqı-satqı müqaviləsi əsasında xx.xx.2020 tarixli EBAM 954285 saylı e-Qaiməyə əsasən 32497,20 manat (ƏDV daxil) mallar Cavabdeh MMC-yə verilmişdir. Müqavilənin əlavəsi olan xx.xx.2020 tarixli X4 əsasən malların dəyəri mallar verildikdən sonra 30 gün müddətində 100 % olaraq ödənilməlidir. Lakin dəfələrlə şifahi və yazılı xəbərdarlığa baxmayaraq 32497,20 manat (ƏDV daxil) məbləğ bu günədək ödənilməmişdir. 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən xx.xx.2023-cü il tarixdə Mediasiyaya müraciət edilmiş mediator tərəfdən Cavabdeh MMC mediasiyaya dəvət edilsə də mediasiya prosesinə gəlməmişdirlər. Nəticədə xx.xx.2023-cü il tarixdə Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən “X7 X10 Arayş” təqdim edilmişdir.

5. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz verərək belə əsaslandırılmışdır ki, hazırkı mübahisə üzrə qanunla nəzərdə tutulmuş mübahisənin mediasiya yolu ilə həlli üzrə qanunda icbari xarakter daşıyan ilkin mediasiya sessiyasının keçirilməsinə dair bildiriş cavabdehə təqdim olunmamış və X7 iştirakı qərəz/səhlənkarlıqla təmin olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “X7 iştirak edilməmə” barədə arayışda bildirişin xx.xx.2023-cü il tarixdə çatdığı qeyd olunmuşdur. Əvvəla, bu qeyddən bildirişin kimə birinci tərəfə, yoxsa ikinci tərəfə çatdığı bəlli deyil. Digər tərəfdən isə, cavabdeh hüquqi şəxsin nümayəndələri birmənalı şəkildə açıq ünvana malik olmalarına baxmayaraq ilkin mediasiya sessiyasının keçirilməsi barədə hər hansı formada bildiriş almadıqlarını, mübahisədən yalnız məhkəmədən sms-bildiriş göndərildiyi zaman xəbərdar olduqlarını bildirirlər. Sonuncu məhkəmə iclasından sonra mediasiya təşkilatı ilə əlaqə saxlayıb məsələni dəqiqləşdirilməyə çalışılsa da, hər hansı dəqiq cavab verilməmişdir. Halbuki poçt qəbzini göstərməklə məsələ yerindəcə aydınlaşdırıla bilərdi. Buradan da aydın görünür ki, mediasiya qanunvericiliyi ilə müəyyən edilən qaydaya riayət olunmadığından məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli “X7 iştirak edilməmə” barədə arayış hüquqi əhəmiyyəti/etibarlılığı olmayan sənəddir. Mediasiya haqqında qanunun 21.9.1-ci maddəsinə əsasən, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə, məhkəməyə müraciət edildikdə, müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda Məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən iddiaya mahiyyəti üzrə baxılmadan iş üzrə iddianın baxılmamış saxlanılması barədə qərardad çıxarılmalıdır. Ayrıca istər iddianın əsasında duran xx.xx.2019-cu il tarixli müqavilə, istər də xx.xx.2020-ci il tarixli X2 Cavabdeh MMC adından X5 tərəfindən imzalanmışdır. Halbuki həmin şəxsin həmin tarixdə təkbaşına MMC-ni təmsil etmə səlahiyyəti olmamışdır. Belə ki, ARVN yanında Milli Gəlirlər Departamenti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Cavabdeh MMC-yə münasibətdə Kommersiya Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışda da qanuni təmsilçi kimi - X5 (direktor) və Qanuni nümayəndə (baş direktor) göstərilmişdir. Halbuki, ARVN yanında Milli Gəlirlər Departamenti tərəfindən xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış MMC-nin nizamnaməsinin 5.1-ci maddəsinə əsasən, MMC-nin cari fəaliyyətinə rəhbərlik və onun işlərinin aparılması onun kollegial icra orqanı olan İdarə Heyəti tərəfindən həyata keçirilir. İdarə Heyətinin tərkibi Baş direktor və Direktordan ibarət üzvlərdir. Nizamnamənin 5.4-cü maddəsinə əsasən, X11 səlahiyyətlərinə aid olan məsələlər barədə Baş direktorun yazılı razılığı əsasında yalnız qərar qəbul edə bilər. Kommersiya Hüquqi şəxslərin dövlət reyestrindəki yuxarıdakı məlumatlar açıq məlumat olaraq e-taxes.gov.az internet portalının müvafiq bölməsində ictimaiyyətə təqdim olunur. Yəni iddiaçı tərəf müqavilə bağlayarkən X3 MMC-ni təmsil baxımından məhdud səlahiyyətə malik olduğunu aşkar surətdə bilməli idi. Ən azından, reyestrdən çıxarışda qanuni təmsilçi qismində iki şəxsin iştirak etdiyi aydın görünür və iddiaçı bu məqamı- Tanrıverdi Sadıqovun səlahiyyətini dəqiqləşdirməli idi. Digər tərəfdən, həmin müqavilə və müqavilə üzrə bağlanılan Protokola əsasən alınan malların Cavabdeh MMC-yə heç bir aidiyyəti yoxdur. Tanrıverdi Sadıqov öz şəxsi mülahizəsi və öz sahibkarlıq fəaliyyəti üçün həmin malları almış, bu baxımdan nizamnamədəki səlahiyyətlərindən açıq aşkar kənara çıxaraq bağladığı əqdə görə MMCnin cavabdehlik daşıması qəbul edilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 350-ci maddəsinə əsasən, əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Sadalanan bu hallar, yəni iddiaçı -tərəfindən açıq şəkildə bilinməli olan- səlahiyyəti nizamnamə əsasında məhdudlaşdırılmış şəxs tərəfindən imzalanmış əqdin etibarsızlığına görə, iddianın əsassız olduğunu sübut edir. İddiaçı müqavilə bağladığı və mal verdiyi X1 pulu tələb edə bilər. Aralarındakı münasibətin Cavabdeh MMC-yə heç bir aidiyyəti yoxdur. MMC özünün təsisçisinin və ya icra orqanında təmsil olunan şəxslərin şəxsi borcları üçün cavabdehlik daşıya bilməz.

6. İddiaçının nümayəndəsi cavabdeh tərəfin etirazına yazılı etiraz verərək bildirmişdir ki, X7n öncə X12 Sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixli ******* saylı məktubla borcun ödənilməsi üçün cavabdehə bildiriş göndərilmiş, daha sonra xx.xx.2023-cü il tarixdə isə X8 Barədə Təklif cavabdehə göndərilmiş və qəbul etmişdir. Bu səbəbdən cavabdeh tərəfin Mediasiya prosesindən xəbərdar olmadığı iddiasını əsassız hesab edir. Cavabdeh tərəf etirazında bildirir ki, “İddianın əsasında duran 20.12,2019-cu il tarixli müqavilə və onun əlavəsi xx.xx.2020-ci il tarixli QRP Cavabdeh MMC adından Sadıqov Tanrıverdi tərəfindən imzalanmış, S.Tanrıverdinin isə təkbaşına MMC-ni təmsil etmə səlahiyyəti olmamışdır”. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən xx.xx.2019-ci il tarixdə EBAE 382204 saylı e- Qaimə ilə 6237.15 manat (ƏDV daxil), xx.xx.2020-ci il tarixdə EBAİ 188889 saylı e-Qaimə ilə 5548.74 manat (ƏDV daxil) və xx.xx.2020-ci il tarixdə EBAM 954285 saylı e-Qaimə ilə 32497.20 manat (ƏDV daxil) mallar Cavabdeh MMC-yə satılmış e-Qaimələr təqdim edilmiş və təsdiqlənmişdir. Müvafiq olaraq Cavabdeh MMC-nin bank hesabından xx.xx.2019-ci il tarixdə 5285.72 manat (Qeyd: xx.xx.2019 tar HESAB N01353 19 es profil alınması), xx.xx.2020-ci il tarixdə isə 4702.32 manat (Qeyd: xx.xx.2020 tar HF 00129 20 esas profil alınması) ƏDV Depozit hesabından xx.xx.2020-ci il tarixdə 951.43 manat (Qeyd: İJ 237660 saylı VHF əsasən köçürülür) və 846.42 manat (Qeyd: xx.xx.2020 tarixli 00129-20 saylı hesaba əsasən köçürülür) ödənilmişdir. Əgər cavabdehin qeyd etdiyi kimi xx.xx.2019-cu il tarixli müqavilə MMC-nin xəbəri olmadan Sadıqov Tanrıverdi tərəfindən imzalanmışdırsa o zaman həmin müqaviləyə əsasən bu qədər əməliyyatlar MMC-nin xəbəri olmadan necə olmuşdur. Eyni zamanda etiraz ərizəsində cavabdehin təqdim etdiyi Nizamnamənin 5.3 və 5.4-cü maddələrinə əsasən ödəmələr Baş direktorun qərarı əsasında edilir. Bu səbəbdən cavabdeh tərəfin Cavabdeh MMC-nin müqavilədən və malalışından xəbərdar olmadığı iddiası əsassız hesab edir.

7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1586/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC-dən 19-00110 saylı, xx.xx.2019cü il tarixli alqı-satqı müqaviləsi üzrə 32497,20 manat (otuz iki min dörd yüz doğsan yeddi manat, iyirmi qəpik) borc məbləğinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

8. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1586/2023 saylı qətnaməsini ləğv edərək iddianın baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə mübahisənin mediasiya yolu ilə həlli məqsədilə qanunla nəzərdə tutulmuş prosedura düzgün riayət olunmamışdır. Belə ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilata mübahisənin mediasiya yolu ilə bağlı təklif göndərmişdir. Həmin təklif (preambuladan da göründüyü kimi) Mediasiya haqqında qanunun 21-ci maddəsinə əsasən hazırlanmışdır və belə təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə avtomatik xitam verilir. Təsadüfi deyil ki, həmin təklifin 2-ci abzasında da “Bu təklif Sizə göndərildiyi andan 10 (on) iş günü ərzində təklifi qəbul edib-etməməyiniz barədə cavab verməyinizi xahiş edirəm. Bu təklifə 10 (on) iş günü ərzində cavab verilmədikdə və ya hər hansı formada rədd edildikdə mediasiya prosesinə avtomatik xitam verilir.” qeyd edilmişdir. İddiaçının nümayəndəsi də məhkəmə iclasında bu təklifə münasibətdə cavabdeh orqanın hər hansı formada bir cavabının olmadığını etiraf etmişdir. Göründüyü kimi qeyd olunan müddət ərzində cavab verilmədiyindən, xx.xx.2023-cü tarixli Mediasiyanın tətbiqi barədə təklif ilə bağlanılan mediasiya prosesinə avtomatik xitam verilmişdir. Davamında Mediasiya haqqında qanunun 28-ci maddəsində nəzərdə tutulan mediasiya prosesi barədə cavabdehə hər hansı Mediasiyanın tətbiqi barədə Təklif göndərilmədən hüquqi əhəmiyyətini itirmiş (xx.xx.2023-cü il tarixli) Mediasiya Təklifi əsasında Bakı 11 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Göründüyü kimi, Mediasiya haqqında qanunun 28-ci maddəsində nəzərdə tutulmuş prosesi başlamaq üçün ikinci tərəfə X8 barədə təklif göndərilməlidir. Həmin təklif 10 (on) iş günü ərzində qəbul edilmədikdə və ya mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlinmədiyi təqdirdə, (mediasiya haqqında qanunun 21-ci maddəsindən fərqli olaraq) təklifdə göstərilən mübahisə üzrə ilkin mediasiya sessiyası hər hansı tərəfin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, hər hansı birimizin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyası barədə arayışın verdiyi mediasiya prosesini qanuna uyğun aparılmamış, 28-ci maddədə nəzərdə tutulmuş X8 barədə təklifi olmadan ilkin mediasiya sessiyası keçirilmişdir. Buradan da aydın görünür ki, mediasiya qanunvericiliyi ilə müəyyən edilən qaydaya riayət olunmadığından məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli “X7 iştirak edilməmə” barədə arayış hüquqi əhəmiyyəti/etibarlılığı olmayan sənəddir. Mediasiya haqqında qanunun 21.9.1-ci maddəsinə əsasən, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan RespublikasıQanununun 21.9-cu maddəsində göstərilən hallarda Məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmənin bu hallara düzgün hüquqi qiymət verməyərək icraatı davam etmədə hüquqi mövqeyi belə olmuşdur ki, “mediatorun tərtib etdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X8 ilə bağlı iddiaçının xx.xx.2023-cü il tarixdə müraciəti olmuş, mediator tərəfindən keçiriləcək ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə bildiriş göndərilmiş və bununla da tərəflər məlumatlandırmışdı”. Digər tərəfdən, “mediasiya sessiyasının düzgün keçirilməməsi ilə bağlı (bildirişin onlara çatdırılmaması ilə bağlı) mediator/mediasiya təşkilatı barədə hər hansı şikayət/narazıçılıq barədə Mediasiya Şurasına cavabdeh tərəfindən hər hansı müraciətin edilməməsini” Məhkəmə bu arqumentin əsassızlığı kimi qəbul etmişdir. Ümumiyyətlə, mediator və ya mediasiya təşkilatı tərəfindən verilən sənədi hüquqi etibarlılığını (ondan inzibati qaydada digər quruma şikayət verilib-verilməməsindən asılı olmayaraq) məhkəmə özü yoxlamalı və hüquqi qiymət verməlidir. Halbuki yuxarıda da izah edildiyi kimi, X8 barədə təklif Mediasiya haqqında qanunun 28-29-cu maddələrində nəzərdə tutulmuş prosedur üzrə tərtib olunub göndərilmədiyindən, onun əsasında İlkin mediasiya sessiyası ümumiyyətlə keçirilə bilinməzdi. O baxımdan səhv başlamış mediasiya icraatı nəticəsində verilmiş hər hansı bir arayışın hüquqi əhəmiyyəti yoxdur. İddiaya mahiyyəti üzrə baxılmadan iş üzrə iddianın baxılmamış saxlanılması barədə qərardad çıxarılmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.8ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa ikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

19. Həmin qaydaların 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

20. 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

21. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

22. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

24. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

25. Azərbaycan Respublikası MPM-in 250.0.13-cü maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır.

26. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “X8 barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə.

27. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri X7 iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “X7 iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

28. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.6-cı maddəsinə əsasən tərəflərdən biri X8 barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

29. Həmin Qanunun 21.7-ci maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir.

30. Həmin Qanunun 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeydşərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “X8 barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

31. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.

32. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “X8 barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X7 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “X8 barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X7 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır.

35. İşin müəyyən olunmuş halları ondan ibarətir ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19-00110 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür.

36. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda öz əksini tapmışdır.

37. Həmin müqavilənin 2.1.-ci bəndinə əsasən malın qiyməti, təhvil verilmə müddəti və ödəniş müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolu ilə müəyyən edilir.

38. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən malın qiymətlərin razılaşdırılması protokolunda göstərilən qiymətinin dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında və bu müqavilənin 2.3-cü bəndinə uyğun surətdə yol verilir. Belə razılaşma tərəflər arasında bu barədə yazılı əlavə razılaşmanın imzalanması ilə etibarlıdır. Razılıq əldə edilmədikdə, satıcı qiymətlərin razılaşdırılması protokolunda göstərilən qiymətlərlə mal təchiz etməyə davam edir.

39. Həmin müqavilənin 4.1.-ci bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə zəruri olan sənədləri alıcıya təqdim etməlidir

40. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən mal alıcıya onun müəyyən etdiyi səlahiyyətli şəxs və ya tərəflərin əlavə razılığı ilə çatdırılma vasitəsilə verilir. Çatdırılma vasitəsilə mal verildikdə bununla bağlı əlavə razılıq və onun şərtləri 1 nömrəli Əlavədə göstərilir.

41. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən malın dəyərinin köçürmə yolu ilə həyata keçirilir.

42. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19- 001100 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş 28 iyul 2020-ci il tarixli X4 əsasən Cavabdeh MMC-yə veriləcək müxtəlif adda malların yekun dəyəri 32497,20 manat müəyyən edilmişdir.

43. xx.xx.2019-cu il tarixli hesab fakturaya əsasən Cavabdeh MMC-yə ƏDV daxil 6237,15 manat dəyərində mal verilmiş və buna dair EBAE seriyalı, 382204 saylı və xx.xx.2019-cu il tarixli elektron qaimə və İJ seriyalı, 237660 saylı xx.xx.2019-cu il tarixli elektron vergi hesab faktura təqdim edilmişdir.

44. xx.xx.2020-ci il tarixli hesab fakturaya əsasən Cavabdeh MMC-yə ƏDV daxil 5548,74 manat dəyərində mal verilmiş və buna dair EBAİ seriyalı, 188889 saylı xx.xx.2020-ci il tarixli elektron qaimə təqdim edilmişdir.

45. 11 fevral 2020-ci il tarixli ödəniş tapşırığına əsasən CavabdehMMC tərəfindən İJ 237660 saylı VHF əsasən 951,43 manat və xx.xx.2020-ci il tarixli 00129-20 saylı hesaba əsasən isə 846,42 manat ƏDV depozit hesabına ödənişlər edilmişdir.

46. 25 yanvar 2023-cü il tarixli müştəri əməliyyatlar cədvəlinə əsasən Cavabdeh MMC-nin 32497,20 manat borcu olduğu qeyd olunmuşdur.

47. İddiaçı MMC-nin 13 aprel 2023-cü il tarixli hesabdan çıxarışından göründüyü kimi Cavabdeh MMC-yə məxsus bank hesabından xx.xx.2019 tarixə HESAB N01353 19 esas profil alınması üzrə 5285,72 manat və xx.xx.2020-ci il tarixdə isə HF 00129-20 esas profil alınması üzrə isə 4702.32 manat məbləğində ödənişlər edilmişdir.

48. 28 iyul 2020-ci il tarixli, EBAM seriyalı, 954285 saylı elektron qaiməyə əsasən Cavabdeh MMC-yə 32497,20 manat dəyərində mal təhvil verilmişdir.

49. Həmin elektron qaimə-faktura faktiki olaraq cavabdehə göndərilmiş, cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, ona etiraz edilməmişdir.

50. Bundan əlavə, Cavabdeh MMC tərəfindən İddiaçı MMC -yə müqavilə üzrə ödənişlər edilmişdir.

51. Kollegiya qeyd edir ki, cavabdeh malları qəbul etmiş, malların təhvili ilə bağlı elektron qaiməni təsdiq etmiş, qismən ödənişlər həyata keçirilmişdir, cavabdehin 32497,20 manat məbləğində borcu qəbul etməməsi əsassızdır.

52. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, mülki dövriyyənin subyekti olan hər bir şəxs öz mülki hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən vicdanlı və ağlabatan şəkildə hərəkət etməlidir.

53. Mülki dövriyyənin hər hansı iştirakçısının davranışını vicdanlılıq prinsipinin tələbləri baxımından qiymətləndirərkən digər tərəfin hüquq və qanuni mənafeləri nəzərə alınmaqla həmin şəxsdən gözlənilən davranış əsas götürülür.

54. Hazırkı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin isə öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 32497.20 manat pulu ödəməməsi vicdanlılıq prinsipinin tələblərinə cavab verən davranış kimi qəbul edilə bilməz

55. Bununla yanaşı, kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı cavabdeh özü ərizə ilə müraciət edərək, aralarında barışıq əldə olunması üçün vaxt verilməsini xahiş etmişdir.

56. Mediasiya prosesi barədə məlumatlandırılmaması və buna dair arayışın təqdim edilməməsi ilə bağlı qeyd edilməlidir ki, mediasiyanın əsas məqsədi tərəflər arasında mübahisələrin məhkəmədən kənar həll edilməsidir. Bu məqsədlə də, Mediator ilkin mediasiyada tərəfləri dəvət etməklə onları tam mediasiya prosesinə keçirilməsi üçün tədbirlər görməlidir. Bu xüsusda məhkəmə cavabdeh tərəfindən verilən yazılı etiraz ərizəsinə (iddianın ümumiyyətlə qəbul etməməsi) və nümayəndəsinin məhkəmə iclasında izahatına əsaslanaraq belə gənayətə gəlir ki, cavabdeh tərəfin hazırki mübahisənin məhkəmədən kənar (mediasiya qaydasında) həll etmək niyyəti ümumiyyətlə olmamışdır və cavabdeh tərəf mediator tərəfindən göndərilən bildirişi almasına baxmayaraq mediasiya sessiyasında məqsədli olaraq iştirak etməmişdir. Çünki iddiaçı tərəfindən cavabdehə göndərilən (və cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində alınması mübahisələndirilməyən) Mediasiya prosessinin tətbiqi barədə təklif də cavabsız qalmışdır.

57. Mediasiya ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq qarşı tərəfi məhkəmədən mübahisənin mediasiya vasitəsi ilə həllinə dəvət etmiş, lakin həmin dəvətə 10 gün ərzində cavabdeh tərəf münasibət bildirilmədiyindən və iddiaçı tərəfindən nəzərdə tutulmuş həmin müddət keçdikdən sonra ilkin mediasiya prosesisinin keçirilməsi üçün medasiya təşkilatına müraciət edilmiş, buna dair bildirişlər də qarşı tərəfə təqdim edilmiş və qanunvericiliyin yuxarda qeyd olunan tələblərinə də əməl edilmişdir. Digər tərəfdən cavabdehin nümayəndəsi etirazında bildirmişdir ki, xx.xx.2023-cü il tarixli “X7 iştirak edilməmə” barədə arayışda bildirişin xx.xx.2023-cü il tarixdə çatdığı qeyd olunmuşdur. Əvvəla, bu qeyddən bildirişin kimə-birinci tərəfə, yoxsa ikinci tərəfə çatdığı bəlli deyil. Digər tərəfdən isə, cavabdeh hüquqi şəxsin nümayəndələri birmənalı şəkildə açıq ünvana malik olmalarına baxmayaraq ilkin mediasiya sessiyasının keçirilməsi barədə hər hansı formada bildiriş almadıqlarını, mübahisədən yalnız məhkəmədən sms-bildiriş göndərildiyi zaman xəbərdar olduqlarını bildirirlər. Sonuncu məhkəmə iclasından sonra mediasiya təşkilatı ilə əlaqə saxlayıb məsələni dəqiqləşdirilməyə çalışılsa da, hər hansı dəqiq cavab verilməmişdir. Halbuki poçt qəbzini göstərməklə məsələ yerindəcə aydınlaşdırıla bilərdi. Məhkəmə bu arqumentə dair qeyd edir ki, hazırlıq iclası zamanı məhkəmə tərəfindən cavabdehin nümayəndəsinə “mediasiya sessiyasının düzgün keçirilməməsi ilə bağlı (bildirişin onlara çatdırılmaması ilə bağlı) mediator/mediasiya təşkilatı barədə hər hansı şikayət/narazıçılıq bildirilmişdir mi” verilən suala cavab olaraq nümayəndə bildirilmişdir ki, mediator/mediasiya təşkilatı barədə şikayət etməyiblər. Digər tərəfdən iş materiallarına əlavə olunmuş 116981 nömrəli poçt xəbərnaməsindən görünür ki, 11 saylı Mediasiya Təşkilatı (mediator Mürşüdov Səxavət) tərəfindən Cavabdeh MMC-nin ünvanına xx.xx.2023-cü il tarixində məktub göndərilib və məktub “Məmmədova” qeydi ilə imzalanaraq qəbul edilmişdir.

58. Müqaviləni imzalayan şəxsin həmin tarixdə Cavabdeh MMC-ni təmsil etməyə səlahiyyətinin olmaması barədə cavabdehin dəlilinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Qanuni nümayəndə baş direktor olması faktına dair cavabdeh tərəfindən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir.

59. Qanuni nümayəndə baş direktor olması qəbul edilsə belə Cəmiyyətin adına müqavilə bağlanması və cəmiyyətə məxsus hesablardan müqavilə üzrə iki fərqli tarixlərdə ödəniş edilməsindən həmin şəxsin və Cəmiyyətin məlumatsız olması inandırıcı hesab oluna bilməz. Belə ki, MMC-nin Nizamnamənin 5.3 və 5.4-cü maddələrinə əsasən ödəmələr Baş direktorun qərarı əsasında edilir.

60. Bununla yanaşı, müqavilə bağlanan zaman cavabdeh MMC-nin möhürünün müqavilə və qaiməyə vurulması, baş direktor olan şəxsin müqavilənin qüvvədə olduğu müddətdə Nizamnaməyə uyğun qaydada yerinə yetirilmiş bir sıra ödənişlərə dair hər hansı etirazın bildirilməməsi müqavilənin tanınması kimi qəbul edilməlidir.

61. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

62. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

63. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1586/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar