Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-738/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdeh1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pulun tutulması” qarşı tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1723/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 862,28 manat məbləğində sığorta ödənişinin və 40 manat mediasiya xərcinin, 10 manat poçt xərcinin, cəmi 912,28 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1723/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 862,28 manat məbləğində pul, 40 manat dövlət rüsumu, ümumilikdə 902,28 (doqquz yüz iki manat iyirmi səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1723/2024 nömrəli qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 avtomobili idarə etmək hüququ olmadığı halda avtomobilin mülkiyyətçisi Cavabdeh2 MMC və qanuni sahibi Cavabdeh3 da avtomobili idarəetmə hüququ olmayan şəxsin istifadəsinə verilməsinə və deliktin törədilməsinə görə Mülki Məcəllənin 1108.1–ci maddəsinin tələbləri baxımından sürücü ilə birgə məsuliyyət daşımalıdırlar. Lakin məhkəmə qeyd edilən halları nəzərə almamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş və işin halları üzrə səhv nəticəyə gəlmişdir. Cavabdeh2 MMC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən 77AN812 dövlət qeydiyyat nişanlı minik avtomobil sonuncuya təhvil verilmişdir. Nəqliyyat vasitəsininin qeydiyyat şəhadətnaməsindən görünür ki, 77AN812 dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh2 MMC-nin mülkiyyətindədir. Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixdə 77AN812 dövlət qeydiyyat nişanlı minik avtomobilinin idarə edilməsi ilə bağlı etibarnamə verilmiş, etibarnamənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilə qədər müəyyən edilmişdir. Cavabdeh1 avtomobili idarə etmək hüququ olmadığı halda avtomobilin mülkiyyətçisi Cavabdeh2 MMC və qanuni sahibi Cavabdeh3 da avtomobili idarəetmə hüququ olmayan şəxsin istifadəsinə verilməsinə və deliktin törədilməsinə görə. Mülki Məcəllənin 1108.1–ci maddəsinin tələbləri baxımından sürücü ilə birgə məsuliyyət daşımalıdırlar. Lakin məhkəmə qeyd edilən halları nəzərə almamışdır və buna görə də hesab edir ki, məhkəmənin gəldiyi yekun nəticə işin hallarına uyğun deyil.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
8. İddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi ərizə göndərərək məhkəmə baxışının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
10. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
11. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
12. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
13. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
14. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edənzəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız iddiaçı tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin edilməyən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
22. İşin müəyyən edilən halları ondan ibarətdir ki, Cavabdeh2 MMC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən 77AN812 dövlət qeydiyyat nişanlı minik avtomobil sonuncuya təhvil verilmişdir. Nəqliyyat vasitəsininin qeydiyyat şəhadətnaməsindən görünür ki, 77AN812 dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh2 MMC-nin mülkiyyətindədir. Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixdə 77AN812 dövlət qeydiyyat nişanlı minik avtomobilinin idarə edilməsi ilə bağlı etibarnamə verilmiş, etibarnamənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilə qədər müəyyən edilmişdir. Sığorta hadisəsi baş vermis və Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə 862,28 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı ilə sığortalı Cavabdeh2 MMC arasında icbari sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, hadisənin törədilməsinə təqsirli olan Cavabdeh1 cərimə edilmişdir. Hadisə nəticəsində X3 məxsus zərər dəymiş avtomobili sığorta etmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə iddiaçı tərəfindən 862,28 manat məbləğində vəsait ödənilmişdir. Bu səbəbdən 862,28 manat məbləğində pul zərərin əmələ gəlməsində təqsirli olan Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.
23. Qeyd edilənlər inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərar, zərər aktı, lizinq müqaviləsi, təhvil-təslim aktı, sığorta müqaviləsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərlə təsdiqlənmişdir.
24. Məhkəmə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 subroqasiya qaydasında pulun tutulması tələbini rədd etmiş, pulun yalnız Cavabdeh1 tutulmasını qət etmişdir.
25. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində sığorta hadisəsi zamanı digər şəxsə zərər dəymiş, iddiaçı əmlaka dəymiş zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Cavabdeh1 maşına olan sahibliyi qanuni əsaslarla yaranmışdır. Belə ki, Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ** AN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin idarə edilməsi ilə bağlı etibarnamə verilmiş, etibarnamənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilə qədər müəyyən edilmişdir.
27. Məhkəmə kollegiyası sığorta hadisəsi baş verən zaman etibarnamənin müddətinin bitməsinə dair aşağıdakıları qeyd edir.
28. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır.
29. Həmin qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.
30. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.
31. Məhkəmə kollegiyası vurğulayır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “Hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur.
32. Bununla belə, qanunverici sığortaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur.
33. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun.
34. Hazırki halda isə Cavabdeh1 sözügedən avtomobili onun mülkiyyətçisinin razılığı olmadan və ya onun iradə ifadəsinə zidd şəkildə idarə etməsi müəyyən edilməmişdir. İddiaçının nümayəndəsi də buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə mülkiyyətçi olan Cavabdeh2 MMC ona etibarnamə vermiş, lizinq müqaviləsinin tərəfi və maşına sahiblik edən Cavabdeh3 isə Cavabdeh1 atasıdır. Cavabdeh3 Cavabdeh1 şifahi qaydada maşının idarə edilməsinə icazə vermişdir.
35. Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun.
36. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır.
37. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur.
38. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (MM-nin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəql etməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür.
39. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir.
40. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur və ümumiyyətlə “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır.
41. Bununla belə, məhkəmə kollegiyasının qənaətinə əsasən nəqliyyat vasitəsini etibarnamə olmadan (var, lakin müddəti bitdiyinə görə), lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Bu baxımdan Cavabdeh1 “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” hesab edilmir və bu səbəbdən də iddiaçının digər cavabdehlər qarşı subroqasiya hüququ yaranmamışdır. Beləliklə Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən yalnız təhlükə mənbəyinə qanuni sahiblik edən Cavabdeh1 iddiaçının subroqasiya tələbi qarşısında məsuliyyət daşıyır. Çünki digər cavabdehlərin sahibliyindən təhlükə mənbəyi çıxmışdır. Odur ki, onlar məsuliyyət daşımırlar.
42. Qeyd edilənlərdən görünür ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi hallar iş materialları ilə təsdiqini tapmamış və əksinə inkar edilmişdir.
43. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
44. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
45. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1723/2024 nömrəli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.