Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-739/2020 10.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-54/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Nəsimi rayonu Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişməsindəki çoxmərtəbəli yaşayış binalarının tikintisinə başlanması ilə əlaqədar, göstərilən küçələr arasında yerləşən kabel kanalizasiya qurğularından keçən rabitə kabellərinin mühafizəsini təmin etmək məqsədi ilə alınmış xx.xx.2018-ci il tarixli, 15 saylı texniki şərtin tələblərinin Cavabdeh MMC tərəfindən yerinə yetirilməsi, rabitə kabelinin mühafizə zonasının təmin olunması və 10 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC poçt vasitəsilə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-54/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini və iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadında göstərilmişdir ki, kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən apellyasiya şikayətləri yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə məhkəməyə göndərilməlidir. Bildirir ki, birincisi, qanuna belə bir əlavənin edilməsindən xəbərləri olmamış, ilk dəfə Kommersiya Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişlər. İkincisi, Bakı Kommersiya Məhkəməsi öz qətnaməsində apellyasiya şikayətinin verilmə qaydası barədə bu məlumatı qeyd etməli idi və yaxud xüsusi qeyd kimi bunu göstərməli idi. Üçüncüsü, məhkəmə apellyasiya şikayəti geri qaytarmadan, onları çağırıb məsələni izah edə bilərdi və yanlışlığı düzəldərdilər. Yəni, hakim, kommersiya məhkəmələrin yeni yaradıldığını, elektron məhkəmə sistemi ölkədə yeni tətbiq edildiyini nəzərə almadan, məhkəmə müdafiə hüququndan texniki xətaya görə məhrum edilməsi qanuni və əsaslı olmamışdır. Ona görə də, qərardad ləğv olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Mülki Prosessual Məcəlləsinin («MPM») 135.8, 376.2-ci maddələrinə əsasən məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Mahmudov cavabdehin şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, prosessual qanunvericiliyin qüvvədə olan normalarını nəzərə alıb belə hesab edir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, tərəflər arasındakı hazırkı məhkəmə mübahisəsi kommersiya mübahisəsidir. MPM-in xx.xx.2020-ci il tarixdə qüvvədə olan qüvvədə olan 10-1.3-cü maddəsinin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir Məcəllənin qüvvədə olan imperativ tələbindən göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Ən azından, Məcəllənin sözügedən norması - kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. MPM-in 217.2-ci maddəsinin tələbi isə nəzərədə tutur ki, qətnamə işin baxılması zamanı qüvvədə olan prsessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından isə görünür ki, cavabdeh prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, qətnamədən verdiyi apellyasiya şikayətini Bakı Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsilə göndərməmişdir. Cavabdeh şikayətində birincisi qeyd edir ki, qanuna edilən əlavədən məlumatı olmamışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini əsassız sayır. Çünki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin 3-cü hissəsi və MPM-in 217.2-ci maddələrinin tələbləri baxımından, qanunu bilməmək cavabdehin prosessual qanunvericiliyin qeyd olunan tələbinə riayət etmək məsuliyyətindən azad etmir. Cavabdehin, qətnamədə apellyasiya şikayətinin verilmə qaydası barədə məlumatı qeyd etməli və yaxud xüsusi qeyd kimi bunu göstərməli olduğunu və şikayəti geri qaytarmadan, onları çağırıb məsələni izah etməli olması vəzifəsini bildirən dəlillərində haqlı hesab edilə bilməz. Çünki, məhkəmə öz qətnamədə şikayət vermə müddətini göstərmiş və hansı məhkəmə vasitəsilə və hansı məhkəməyə şikayətin verilməli olduğunu kifayət qədər dolğun şəkildə izah etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hamı üçün prosessual qanunvericilikdən istifadə imkanları açıq olduğu halda, məhkəmənin lüzumzuz olaraq qanuvericilyin bütün müddəalarını qətnaməyə köçürməsi zəruriyyəti istisna edilir. Beləliklə də qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qətnamədən apellyasiya şikayəti prosessual qanunvericiliklə müəyyən edilən, elektron məhkəmə informasiya sistemində yaradılan kabinet vasitəsilə verilmdiyindən, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-54/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin şikayətin geri qaytarılması qanuni və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası cavabdehin hazırkı şikayətinin həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, həmin qəradad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in qüvvədə olan 402-ci maddəsində ərizənin geri qaytarılması barədə məhkəmə qərardadından kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-54/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov İlqar Murquzov
Məhkəmə qərarları › İş №2-2(103)-739/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-739/2020
10.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver