Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-739/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X5 qızının katibliyi ilə, Maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2-2(113)-3097/2023 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC tərəfindən dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Maraqlı şəxs borcdan daha yüksək məbləğdə əmlakların üzərinə həbs qoyulduğunu, siyahıya alınan əmlaklarla bağlı heç bir tədbir görülmədiyini, bu səbəbdən də maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına heç bir zərurət olmadığını bildirir.
Birinci instansiya məhkəməsindəki icraat
3. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan 566 499,78 manat və İcbari Tibbi Sığorta Fonduna olan 67,93 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan X3 barəsində (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi – AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 566 499,78 manat məbləğində (o cümlədən vergilər üzrə 123591,53 manat, faizlər üzrə 442768,25 manat, maliyyə sanksiyası üzrə 140 manat), İcbari Tibbi Sığorta Fonduna 67,93 manat olmaqla, ümumilikdə 566 567,71 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********106700 nömrəli, xx.xx.2023-cü il tarixli **********337100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
5. Maraqlı şəxs tərəfindən ərizə tələbinə qarşı etiraz təqdim edilməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2-2(113)-3097/2023 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir.
7. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2-2(113)-3097/2023 saylı qətnaməsinin ləğv edilərək, "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək məqsədilə cəmiyyətin icra orqanının rəhbəri X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayətə əlavə edilmiş vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) dövlət büdcəsinə borcunun olmasına baxmayaraq məhkəmə tərəfindən qərar qəbul edilən zaman vergi münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi ilə vergi orqanına verilmiş hüququn realizə edilməsinə əsassız olaraq maneə yaratmışdır. Belə ki, həmin Məcəllədə vergi ödəyicilərinin borcunun ödənilməsini təmin etmək məqsədilə vergi orqanına siyahıya alınmış əmlakın satılması üçün, habelə vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ verilmişdir. Qüvvədə olan heç bir qanunvericilik normasında borclu vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış hərracda satılması barədə məhkəmənin icraatında işin olması və ya qanuni qüvvəyə minmiş qətnamənin olmasının vergi orqanı tərəfindən hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi ilə bağlı ərizə verməsini məhdudlaşdıran, bu cür ərizələrin qanuna zidd və ya əsassız olması barədə heç bir müddəa yoxdur. Məhkəmə qərar qəbul edərkən subyektiv yanaşma sərgiləmiş, işin obyektiv araşdırılması üçün üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Belə olan halda heç bir dəlilə və normaya əsaslanmadan yalnız formal, subyektiv mülahizələrə əsasən qəbul edilmiş qərar ədalətli hesab edilə bilməz. Maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizədə həmin şəxsə qarşı hər hansı əmlak tələbi və ya digər tələblər irəli sürülmür. Belə ki, qanunun vergi orqanına verdiyi bu hüquq vergi öhdəliyini vaxtında və tam həcmdə yerinə yetirməyən vergi ödəyicilərinə qarşı vergi ödənişlərinin vaxtında həyata keçirilməsini təmin etmək üçün bir təsir vasitəsidir. Bu hüquqlardan hər hansı birinin həyata keçirilməsi digər hüququn həyata keçirilməsini istisna etmir. Siyahıya alınmış əmlakın satılması zamanı borc ödənildiyi andan dərhal sonra ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlı vergi orqanı tərəfindən tədbirlər həyata keçirilir. Belə olan halda, ölkədən getmək hüququnun məhdudlaşdırılması “Avropa İnsan hüquqları Konvensiyası” 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusu hesab edilə bilməz. Əmlak siyahıya alma ilə bağlı hüquqi tədbirlərin görülməsi ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi orqanının məhkəmə müdafiə hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Məhkəmə tərəfindən də qərar qəbul edilərkən bunun əksini sübut edəcək hər hansı bir dəlil ortaya qoyulmamışdır. Bundan başqa, borcun hissə-hissə ödənildiyi, hüquqi şəxsin bank hesabları üzərində alınmalı məbləğlə bağlı sərəncam olduğu, icra orqanının rəhbərinin borcun ödənilməsi istiqamətində addımlar atdığı hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququna məhdudiyyətin qoyulmaması üçün əsaslar deyildir. Göründüyü kimi, məhkəmə tərəfindən sübutlar düzgün şəkildə qiymətləndirilməmiş, yalnız mülahizələr əsasında qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, maraqlı şəxsin borcundan daha yüksək məbləğdə əmlakları üzərinə həbs qoyulmuşdur. Siyahıya alınan əmlaklarla bağlı heç bir tədbir görülmədiyi üçün, maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına heç bir zərurət yoxdur. Hazırda əsas borc tam şəkildə ödənilmişdir, tələb faiz borcu ilə əlaqəlidir və əsassız hesablanmışdır.
11. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ərizəçinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Konstitusiyasının: - 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. – 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
13. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”.
14. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: – 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. – 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. – 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. - 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassızdır.
19. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun (o cümlədən icbari tibbi sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır.
20. Eyni zamanda, hazırkı icraat üçün qanunverici tərəfindən müəyyən edilmiş dar çərçivədə vergi borcunun mübahisələndirilməsi, borcun (borc məbləğinin) əsaslı olubolmaması məsələlərinin araşdırılmasına yol verilmir.
21. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" MMC-nin icra orqanının rəhbəri X2r.
22. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 567 378,86 manat (o cümlədən vergilər üzrə 123 731,53 manat, faizlər üzrə 443 647,33 manat), İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 1139,15 manat təşkil edir.
23. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 443 624,37 manat (o cümlədən vergilər üzrə 140 manat, faizlər üzrə 443 484,37 manat), İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 1139,15 manat təşkil edir.
24. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 567 378,86 manat, İcbari Tibbi Sığorta Fonduna 1139,15 manat borcu olmuş, xx.xx.2023-cü il tarixdə isə vergi borcu (vergilər üzrə) üzrə ödəniş edilərək 443 624,37 manat, icbari tibbi sığorta haqqı üzrə isə 1139,15 manat borcu qalmışdır.
25. Məhkəmə qeyd edilən qalıq borcla əlaqədar maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyü ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin “Reiner Bolqarıstana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, Konvensiyaya üzv dövlətlər vergilərin ödənilməsini təmin etmək üçün müvafiq fiskal siyasətin formalaşdırılması və həyata keçirilməsində azadlığa malikdir. Lakin bu azadlıq vergi borcunun olması ilə əlaqədar şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının yalnız müvafiq məqsədə - borcun ödənilməsinin təmin edilməsinə istiqamətləndiyi halda yolverilən hesab edən mütənasiblik prinsipi ilə müşayiət edilməlidir. Belə ki, bu məhdudiyyət vergi borcunu ödəmək qabiliyyəti olmayan şəxsə verilən de fakto cəza xarakterinə malik ola bilməz. Həmçinin, hakimiyyət orqanları fiskal orqanların borcun digər vasitələrlə alınması üçün ağlabatan səylər göstərib-göstərmədiyini, borclunun ölkəni tərk etməsinin borcun alınması imkanını azalda biləcəyi ehtimalını vaxtaşırı yenidən qiymətləndirmədən fərdin hərəkət azadlığına məhdudiyyətləri uzun müddət saxlamaq hüququna malik deyildirlər. Fiskal orqanlar aktiv olaraq borcun tutulmasına çalışmamış, xüsusilə də ərizəçinin ölkə daxilində hər hansı aktivinə və ya daşınar əmlakına həbs qoyulması üçün heç bir yeni səy göstərməmişlər. Ərizəçinin xaricdə olan resurslarına dair sorğu etmək imkanı fiskal orqanlar tərəfindən heç vaxt nəzərdən keçirilməyib. Dövlət orqanlarının borcun ən azı bir hissəsinin tutulması üçün aşkar vasitələrdən istifadə etməməsi cavabdeh Hökumətin səfər qadağasının borcun ödənilməsi üçün zəruri olaraq qalması və ya ərizəçinin azadlığına qoyulmuş geniş məhdudiyyətə mütənasib olması barədə mövqeyini sarsıdır (Reiner Bolqarıstana qarşı № 46343/99, 2006-cı il 23 may tarixli qərarı, §§ 119-128).
27. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qoçev Bolqarıstana qarşı iş” üzrə qərarında isə göstərilmişdir ki, işin faktları ərizəçinin əvvəldən avtomatik xarakterli tədbirə məruz qaldığını göstərir. Sözügedən tədbir direktor tərəfindən ərizəçinin şəxsi vəziyyəti və hətta borclarının ödənilməməsi ilə bağlı hallar barədə izahat tələb edilmədən və qərarında bu məsələlərə baxılmadan təyin edilib. Qabaqlayıcı tədbirin effektivliyi çox vaxt onun icra sürətindən asılı olduğuna baxmayaraq, bu, müvafiq yerli orqanı tədbir tətbiq edildikdən sonra müvafiq məlumat toplamaq öhdəliyindən azad etmir. Hazırkı işdə direktor öz qərarlarını verməzdən əvvəl ərizəçiyə sadəcə olaraq onun kreditorlarına təminat veribvermədiyini bildirmək təklif etmişdir. Beləliklə, inzibati orqan ərizəçinin hərəkət azadlığının məhdudlaşdırılmasının işin halları baxımından əsaslı və mütənasib olmasını təmin etmək üçün bütün müvafiq məlumatları nəzərə almamışdır (Qoçev Bolqarıstana qarşı, № 34383/03, 2009-cu il 26 noyabr tarixli qərarı, §53).
28. Məhkəmə xüsusilə qeyd edir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənilən nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab veribverməməsini araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
29. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X7) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.
30. Məhkəmə qeyd edir ki, mütənasiblik prinsipinin məhkəmə təcrübəsində tətbiqinin bir çox aspektləri vardır. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Beləliklə, işin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət “ədalət mühakiməsi” anlayışı ilə ziddiyyət təşkil edir. Təsadüfi deyil ki, qanunverici vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhz ədalət mühakiməsini həyata keçirən məhkəmələrə həvalə etmişdir.
31. Qeyd edilənlərin əksinə olan istənilən yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüqunun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir.
32. Vergi Məcəlləsinin 65-ci maddəsində vergilər üzrə borcların alınması qaydası nəzərdə tutulmuşdur. Vergi qanunvericiliyində vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin belə müddəanın olmaması ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.
33. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********7 nömrəli sərəncamdan görünür ki, "xxxx" MMC-nin bank hesabına ƏDV üzrə 26257,73 manat, bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi üzrə 704 973,94 manat və 4562,27 manat, sair üzrə 140 manat məbləğində sərəncam qoyulmuşdur.
34. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli **********7 nömrəli qərardan görünür ki, "xxxx" MMC-nin əmlaklarının siyahıya alınması qərara alınmış, xx.xx.2023-cü il tarixli protokola əsasən 738 400 manat dəyərindəki əmlak siyahıya alınmışdır.
35. Həmçinin, maraqlı şəxsin təqdim etdiyi xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, vergi orqanı borc ödənilmədiyi təqdirdə “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli **********1 saylı Qərar üzrə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə vergi ödəyicisini xəbədar etmişdir.
36. Göründüyü kimi, hüquqi şəxsin hazırkı ərizəsinin əsası kimi qeyd etdiyi 566 567,71 manat borcundan daha artıq məbləğdə, yəni 738400 manatdan artıq dəyərdə qiymətləndirilmiş əmlakı vardır. Qeyd olunan əmlaklar isə xx.xx.2023-cü il tarixdə siyahıya alınmışdır. Hazırkı ərizə isə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur.
37. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin bank hesabına sərəncam qoyulduğu, hüquqi şəxsin ərizədə qeyd olunan borcu ödəməyə kifayət qədər əmlakı olduğu halda, həmin tədbirləri effektiv tətbiq etmədən (məsələn, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə iddia qaldırması), tükətmədən birbaşa hüquqi şəxsin icra orqanın rəhbərinin konstitusion hüququnun məhdudlaşdırılması üçün müraciət etmək anlaşılan deyil, həmin müraciətin gözləntisi qeyri-müəyyəndir. Halbuki, vergi orqanı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirlərin görülməsini, görülən tədbirlərin nəticə verməməsini və yalnız bundan sonra ölkədən getmək hüququnun məhdudlaşdırılmasının təminat üsulu kimi tətbiqinin zəruriliyini əsaslandırmalı idi. Hazırkı iş üzrə isə belə bir əsaslandırma aparılmamışdır.
38. Qeyd etmək lazımdır ki, eyni əsaslara görə Avropa Məhkəməsinin çıxarılmış qərarı da mövcuddur. Belə ki, “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də tələb edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq, ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Vergi orqanları və yerli məhkəmələr vergi borcunun alınması üçün ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti ilə bağlı hər hansı arqument irəli sürməmişlər (Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı № 74288/14 və 64568/16, 2021-ci il 14 oktyabr tarixli qərarı, §§ 93-94).
39. Bundan başqa, hazırkı xüsusi icraat çərçivəsində yuxarıda qeyd edildiyi kimi vergi borcunun mübahisələndirilməsi mümkün olmasa da, şəxsi hesab vərəqəsində borcun əsası kimi çıxış edən hesablamaların tarixi və məbləğinin təsvir edilməsi istisna edilmir.
40. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsi əsasında müəyyən olunur ki, sonuncunun dövlət büdcəsinə faizlər üzrə borcu 2019-cu ilin 4-cü rübü üzrə bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi bəyannamələri əsasında hesablanmışdır.
41. "xxxx" MMC-nin təsisçilərinin 11 mart 2022-ci il tarixli Qərarından müəyyən olunur ki, X3 həmin tarixdə "xxxx" MMC-nin direktoru təyin olunmuşdur.
42. Şəxsi hesab vərəqəsindən həmçinin müəyyən olunur ki, 11 mart 2022-ci il tarixdən sonra ödəmə tapşırıqları əsasında (sərəncam yox) vergi boru üzrə 496 249 manat məbləğində pul dövlət büdcəsinə, icbari tibbi sığorta haqqı üzrə 8527,46 manat borc İcbari Tibbi Sığorta Fonduna ödənilmişdir.
43. Göründüyü kimi, X3 "xxxx" MMC-nin 11 mart 2022-ci il tarixdə direktoru təyin edilmiş, vergilər üzrə faiz borcu isə 2019-cu ilin 4-cü rübü üzrə bəyannamələr əsasında hesablanmış, X3 hüquqi şəxsin icra orqanının rəhbəri kimi dövri olaraq böyük məbləğlərdə ödənişlərin həyata keçirilməsini təmin etmişdir.
44. Hazırkı halda – borcun hissə-hissə ödənildiyi, hüquqi şəxsin əmlakının siyahıya alındığı, hüquqi şəxsin bank hesabları üzərində alınmalı məbləğlə bağlı sərəncam olduğu, icra orqanının rəhbərinin borcun ödənilməsi istiqamətində addımlar atdığı halda, hüquqi şəxsin qalan borcunun alınması istiqamətində məhz onun icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti işin halları ilə təsdiqlənmir. Nəzərə alınsa ki, hüquqi şəxs təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan qurumdur, onun dövlət qarşısında olan öhdəlikləri üçün icra orqanının rəhbərinin məsuliyyəti müstəsna tədbirdir və yalnız Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi standartları çərçivəsində tətbiq oluna bilər.
45. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, dövlət büdcəsinə olan 443 624,37 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1139,15 manat qalıq borca görə maarqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.
46. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2-2(113)-3097/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2-2(113)-3097/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov