Məhkəmə qərarları › İş №2-2(103)-74/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-74/2020

16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-74/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Seyidova Səriyyə Seyid qızı və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İsmayılzadə Fərid Sabir oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1, Cavabdeh sığorta şirkəti açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1148/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 50.000 manat sığorta ödənişinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı fiziki və hüquqi şəxslərə məxsus nəqliyyat vasitələrinin icarə müqaviləsi əsasında istifadəyə verir. X2 mülkiyyətində olan “X9” minik markalı **-XU-*** dövlət qeydiyyat nişanli nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi əsasında iddiaçıya icarəyə verilmişdir. Müqavilə xx.xx.2027-ci tarixədək bağlanmışdır. xx.xx.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, icarəyə verən müqavilənin şərtlərinə uyğun olaraq nəqliyyat vasitəsini icarəçiyə təhvil vermiş, sonuncu qəbul etmişdir. İcarəyə götürülən nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixli sığorta müqaviləsi əsasında cavabdehdə sığortalanmışdır. Həmin sığorta müqaviləsi əsasında iddiaçıya xx.xx.2017-ci il tarixli 926047 nömrəli avtomobil nəqliyyat vasitələrinin tam siğortası üzrə siğorta şəhadətnaməsi təqdim olunmuşdur. Sığorta şəhadətnaməsinə əsasən sığorta müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək bağlanmışdır. Sığorta şəhadətnaməsində nəqliyyat vasitəsinin dəyəri 50.000 manat müəyyən edilmiş, sığorta haqqı 1.750 olduğundan, sığorta şəhadətnaməsində xx.xx.2017-ci il tarixdən 4 hissədən ödəməklə, 438 manat ödəniş aparılması qeyd edilmişdir. xx.xx.2018-ci il tarixli “Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi”nə əsasən **-XU-*** dövlət nişanli avtomobil iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixədək X4 7 gün müddətə icarəyə verilmişdir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən avtomobil müqavilənin şərtlərinə uyğun olaraq S.Cəlilova təhvil verilmişdir. xx.xx.2018-ci il tarixdə nəqliyyat vasitəsi S.Cəlilovun az müddətdə tanışı olan X11 oglu tərəfindən qaçırılmış və bu günə qədər tapılmamışdır. R.Nəzərova təqsiriləndilən şəxs qismində Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi acılmış, xx.xx.2018-ci il tarixdə Nərimanov rayon məhkəməsi tərəfindən R.Nəzərovun tutulması və həbs olunmasına dair qərar verilmişdir. Cavabdehə sığortayla bağlı müraciət olunmuş, amma sığorta şirkəti dəymiş zərərin ödənilməsindən əsassız olaraq imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təqsirləndirilən şəxs R.Nəzərov barəsində qətimkan tədbirinin seçilməsinə istinad edərək, cavabdehdən sığorta ödənişini tələb etməsində haqlı olmadığı qənaətindədir. Belə ki, “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta Qaydaları”nın 7.1.14-cü bəndinə əsasən, sığortalının, avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan hər hansı şəxsin, faydalanan şəxsin və ya avtonəqliyyat vasitəsinin sərnişini olan şəxsin qərəzli hərəkətləri və ya adıçəkilən şəxslərin cinayət törətməsi və ya törədilməsinə cəhd etməsi nəticəsində baş vermiş hadisələr istisna təşkil edən hallara aiddir. Məhkəmə qeyd etmişdir ki, “X9” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin oğurlanıb-oğurlanmaması, dələduzluq nəticəsində mənimsənilməsi, ümumiyyətlə avtomobilin aqibəti barədə hər hansı məlumatın olmaması və ya ehtimal edilən cinayətlərin sığortalının, sığortaolunanın və yaxud sərnişinin qəsdi nəticəsində baş verməsi və xüsusən də cinayət hadisəsinin olub-olmaması barədə təsdiqedici sübutlar, o cümlədən, qanuni qüvvəyə minmiş məhkəmə aktı (hökmü) mövcud olmadığından və iddiaçı tərəfindən belə sübutlar məhkəməyə təqdim edilmədiyindən, cavabdeh iddiaçıya sığorta ödənişinin ödənilməsindən mahiyyət etibarilə imtina etməkdə haqlı olmuşdur. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə mübahisənin tərəflər arasında bağlanmış 926047 nömrəli xx.xx.2017-ci il tarixli Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası müqaviləsindən irəli gəldiyini qeyd etsə də, iş materiallarından görünür ki, nəqliyyat vasitəsi hüquqi şəxsə deyil, fiziki şəxsə məxsusdur, ona görə də fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta müqaviləsindən söhbət gedir. Sığortalanmış **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi fiziki şəxs Z.Zərgərovun mülkiyyətindədir. Məhkəmə iddiaçının Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli təqsirləndirilən şəxs R.Nəzərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə istinad edərək, cavabdehdən sığorta ödənişi tələb etməsində haqlı olmadığını yazmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 82-ci maddəsində faktların və halların preyudisial əhəmiyyətindən bəhs edilir. Müvafiq prosessual qaydalara riayət edilməklə toplanmış və araşdırlmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi və məhkəmə aktlarında əks olunan hallar MPM-in 82.3-cü maddəsində təsbit olunan şərtlərlə preyudisiallıq əhəmiyyətinə malik olmalıdır. Preyudisiallıq istənilən məhkəmə instansiyasında və istənilən növ məhkəmədə öz əhəmiyyətini saxlayır. MPM-in 82.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş və ləğv edilməmiş ittiham və bəraət hökmləri ilə yanaşı, cinayət mühakimə icraatını yekunlaşdıran digər bir məhkəmə aktının, cinayət işi üzrə və ya cinayət təqibi üzrə icraata xitam verilməsi və ya buna bənzər qərarların da preyudisiallığı həmin maddə ilə nəzərdə tutulan qaydada tanınmalıdır. Məhkəmə aktlarının (qərarlarının) müəyyən məsələlərdə məhdud preyudisiallığı MPM-in 82.1-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil etmir. Odur ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsinə dair qərarının məhdud preyudisiallığı nəzərə alınmalı idi. Məhkəmə qərarı ilə yanaşı Nəsimi RPİ İŞ-nin və Nərimanov rayon RPİ İŞ-nin qəbul etdiyi prosessual qərarlar mövcuddur. Məhkəmənin Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta qaydalarının 3.1 və 3.3-cü bəndlərinə istinad edərək, sığortalanmış nəqliyyat vasitəsinin digər şəxslər, yəni notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olmayan şəxs tərəfindən idarə olunması zamanı baş vermiş hadisələr üzrə heç bir sığorta ödənişinin həyata keçirilmədiyinə dair qənaəti də yanlışdır. Belə ki, sığortalanmış nəqliyyat vasitəsi etibarnaməsi olmayan şəxs tərəfindən dələduzluq cinayəti nəticəsində ələ keçirilmişdir, burada nəqliyyat vasitəsinin etibarnaməsi olmayan şəxs tərəfindən idarə olunması kimi cümlənin işlədilməsi həqiqəti əks etdirmir. Məhkəmə **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin oğurlanıboğurlanmaması, dələduzluq nəticəsində mənimsənilməsi, ümumiyyətlə avtomobilin aqibəti barədə hər hansı məlumatın olmaması və ya ehtimal edilən cinayətlərin sığortalının, sığorta olunanın və yaxud sərnişinin qəsdi nəticəsində baş verməsi və xüsusən də cinayət hadisəsinin olub-olmaması barədə təsdiqedici sübutlar, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə aktı (hökmü) mövcud olmadığından və iddiaçı tərəfindən belə sübutlar məhkəməyə təqdim edilmədiyindən, cavabdeh iddiaçıya sığorta ödənişinin ödənilməsindən mahiyyət etibarı ilə imtina etməkdə haqlı olması barədə gəldiyi qənaət düzgün deyildir. Belə ki, sığortlanmış nəqliyyat vasitəsinin dələduzluq yolu ilə R.Nəzərov tərəfindən ələ keçirilməsi faktının cinayət hadisəsi olmasına Nəsimi RPİ və Nərimanov RPİ-nin istintaq orqanları tərəfindən hüquqi qiymət verilmiş, istintaq orqanı təqsirli şəxsi müəyyən etmiş və barəsində prosessual qərarlar qəbul etmişlər. Cinayəti törətmiş təqsirli şəxs müəyyən edilmiş və ona CPM-in tələblərinə əsasən ittiham verilmiş, həmin prosessual qərarlar ləğv olunmamışdır. Məhkəmə səlahiyyətlərini aşaraq cinayət qanunverciliyinin müddəalarına uyğun olaraq müəyyən edilmiş faktları və sübutları şübhə altına almış, həmin sübutlar məhkəməyə təqdim olunmasına baxmayaraq, cinayət hadisəsinin olub-olmaması barədə təsdiqedici sübutların iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi kimi həqiqəti əks etdirməyən fikir yazılmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini MPM-in 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdə olan, icarəyə verən X5 ilə icarəçi İddiaçı MMC arasında bağlanmış xx.xx.2017ci il tarixli 003 nömrəli icarə müqaviləsinə görə, “Toyota” markalı Land Cruiser modelli **- XU-*** dövlət qeydiyyat nişanlı 2011 buraxılış ili olan ağ mirvari rəngli nəqliyyat vasitəsi icarə müqaviləsi əsasında iddiaçının xidməti ehtiyacları üçün istifadəsinə verilmiş, xx.xx.2017-ci il tarixli Təhvil-təslim aktı ilə avtomobil sonuncuya təhvil verilmişdir. İcarəyə verən İddiaçı MMC ilə icarədar Samir Jalilovi arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi”ə əsasən “X9” markalı **- XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı tərəfindən icarə müqaviləsi əsasında 7 gün müddətinə xx.xx.2018-ci il tarixədək icarədarın istifadəsinə verilmiş, bu barədə sonuncuya xx.xx.2018-ci il tarixli yol vərəqəsi verilmişdir. xx.xx.2017-ci il tarixli 926047 nömrəli Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası şəhadətnaməsinə görə, sığortalı İddiaçı MMC, sığorta müddəti xx.xx.2018-ci il tarixədək, sığorta obyekti “Toyota” markalı “Land Cruiser” modelli **-XU-*** dövlət qeydiyyat nişanlı 2011 buraxılış ili olan ağ mirvari rəngli nəqliyyat vasitəsi, sığorta məbləği 50.000 manat, sığorta haqqı 1.750 manatdır. Şəhadətnaməyə əsasən, avtonəqliyyat vasitəsinin maddi zərərdən sığortası üzrə sığorta risklərinə: yanğın, partlayış, ildırım vurması və onların nəticələrinin aradan qaldırılması, yol-nəqliyyat hadisəsi, bütün təbii fəlakətlər, ağacların/daşların və digər predmetlərin dəyməsi/düşməsi, üçüncü şəxslərin qərəzli, qanuna zidd olan hərəkətləri, oğurluq, qaçırma, dələduzluq, soyğunçuluq, quldurluq və bunlarla məhdudlaşmamaq şərtilə, MTR-Q-C-05-10a kodlu “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası qaydaları” ilə istisna olunan hallardan başqa, sığortalanmış avtonəqliyyat vasitəsinə zərər dəyməklə nəticələnən qəflətən və gözlənilmədən baş vermiş bütün hadisələr, daxil edilmişdir. Şəhadətnaməyə görə, sığorta şərtləri Cavabdeh sığorta şirkətinin MTR-Q-C-05-10a kodlu “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası qaydaları”na müvafiq olaraq tənzimlənir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-376/2018 nömrəli iş üzrə həbs qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs X7 barəsində həbs qətimkan tədbirinin seçilməsi, tutulduqda dərhal həbsə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır. Cavabdehin iddiaçiya ünvanladığı xx.xx.2019-cu il tarixli 03/3061 nömrəli məktubdan görünür ki, “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası qaydaları”nın 7.1.4, 20.1.12-ci bəndlərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisə sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədiyindən, sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Mülki Məcəllənin: 899.1-ci maddəsinə görə, sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: 899.1.1. tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; 899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; 899.1.3. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada. 899.1-1. Bu Məcəllənin 899.1-ci maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsinin formaları elektron sənəd formasında da bağlana bilər; 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 922.2-ci maddəsinə görə, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; 935.1.8-ci maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. xx.xx.2017-ci il tarixli 926047 nömrəli Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası şəhadətnaməsinin tərkib hissəsi olan “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası qaydaları”nın “Bütün bölmələrə aid ümumi istisnalar” adlı 7-ci bəndinə əsasən, bu Sığorta Qaydaları ilə aşağıdakılar üzrə təminat verilmir və ödəniş həyata keçirilmir (7.1): 7.1.4. Sığortalının, avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan hər hansı şəxsin, Faydalanan şəxsin və ya avtonəqliyyat vasitəsinin sərnişini olan şəxsin qərəzli hərəkətləri və ya adı çəkilən şəxslərin cinayət törətməsi və ya törədilməsinə cəhd etməsi nəticəsində baş vermiş hadisələr. Beləliklə də, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, baş vermiş hadisə sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədiyi üçün, cavabdeh sığortaçının sığorta ödənişinin verilməsindən imtinası qanuni və əsaslı olduğundan, iddia düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, X3 Nəsimi RPİ İstintaq şöbəsində şahid qismində dindirilməsinə dair işin 28-32-ci vərəqlərində olan xx.xx.2018-ci il tarixli protokolda əks olunmuş ifadəsindən müəyyən edilir ki, Ramil adlı şəxslə 2018-ci ilin əvvəllərində tanış olmuşdur, avtomobil kiralamaq istəyən Ramilin sürücülük vəsiqəsi olmadığı üçün “X9” markalı nəqliyyat vasitəsinin icarəyə götürülməsi Ramilin təşəbbüsü və onun hesabına olsa da, formal olaraq Samirin adına rəsmiləşdirilmişdir, birlikdə istirahətə getdikləri Siyəzən rayonunun dağ kəndində avtomobil qarda sol tərəfi üstə aşmışdır, avtomobilin təmiri ilə bağlı məsələnin həllini Ramil boynuna götürdüyü üçün nəqliyyat vasitəsini Abşeron rayonunda Ramilə vermişdir, sonuncu da avtomobili telefonla ora dəvət etdiyi şəxsə verərək, özü həmin şəxsin “Mersedes” markalı maşınında oradan uzaqlaşmışdır, bundan sonra S.Cəlilov sərhəddən qanunsuz keçərək, Gürcüstana getmişdir. X2 Nəsimi RPİ İstintaq şöbəsində zərərçəkmiş şəxs qismində dindirilməsinə dair işin 33-35-ci vərəqlərində olan xx.xx.2018-ci il tarixli protokolda qeyd olunan ifadəsində isə “X9” markalı nəqliyyat vasitəsinin S.Cəlilova “Rent A Car” ofisi işlədən Z.Zərgərov tərəfindən icarəyə verildiyi göstərilmişdir. Z.Zərgərovun ifadəsində “X9” markalı nəqliyyat vasitəsinin İddiaçı MMC tərəfindən icarəyə verilməsi barədə heç bir qeyd yoxdur. Göründüyü kimi, sığorta obyekti avtomobilə sığortalı iddiaçının icarəyə verdiyi şəxsin (Samir Jalilovi) əvvəlcədən tanıdığı, birlikdə istirahətə getdiyi, avtonəqliyyat vasitəsinin sərnişini olan (əslində isə avtomobili icarəyə götürən, lakin sürücülük vəsiqəsi olmadığı üçün bunu başqasının adına rəsmiləşdirən) şəxsin (Ramil Nəzərov) hərəkətləri nəticəsində zərər vurulmuşdur ki, qeyd olunanlar da tərəflər arasında bağlanmış sığorta müqaviləsinin standart şərtlərini ehtiva edən “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası qaydaları”nın 7.1.4-cü bəndinin təsirinə düşməklə, sığorta şəhadətnaməsi ilə istisna olunan hallara aid edilir və bununla da şəhadətnamə ilə nəzərdə tutulan üçüncü şəxslərin qərəzli, qanuna zidd, oğurluq, qaçırma, dələduzluq, soyğunçuluq, quldurluq hərəkətlərini əhatə etmir. Belə ki, xx.xx.2017-ci il tarixli 926047 nömrəli Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası şəhadətnaməsinin avtonəqliyyat vasitəsinin maddi zərərdən sığortası üzrə sığorta risklərinin siyahısında belə “üçüncü şəxslərin qərəzli, qanuna zidd olan hərəkətləri, oğurluq, qaçırma, dələduzluq, soyğunçuluq, quldurluq” halları “MTR-Q-C-05-10a kodlu “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası qaydaları” ilə istisna olunan hallardan başqa” qeydi ilə məhdudlaşdırılmışdır. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və onları əsassız sayır. Belə ki: 1. sığortalanmış **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi fiziki şəxsin mülkiyyətində olsa da, sığorta müqaviləsi hüquqi şəxs olan iddiaçı ilə bağlandığı üçün, mübahisəyə də “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası qaydaları” tətbiq olunmalıdır; 2.iş üzrə MPM-in 82.4-cü maddəsində bəhs olunan məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yaxud cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mövcud deyil. İddiaçının belə bir məhkəmə qərarı kimi istinad etdiyi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2018-ci il tarixli qərarı isə cinayət təqibi üzrə “hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti” məsələsinə hüquqi qiymət verən yekun məhkəmə aktı deyil. Belə bir hökm yaxud məhkəmə qərarının mövcudluğu fərz olunsa, o halda “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası qaydaları” ilə sığorta şəhadətnaməsində istisna olunan hallar məhkəmə hökmü yaxud məhkəmə qərarının preyudisiallığının müzakirəsi zərurətini aradan qaldırmış olacaqdı. Belə ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla qanunazidd olmayan istənilən şərtlərlə müqavilə bağlamaq imkanı verir. Bu baxımdan, öhdəliklərinin əmələ gəlməsi əsasları arasında müqavilə aparıcı yer tutur. Müqavilə ilə tərəflər qarşılıqlı razılıq əsasında hüquq və vəzifələrini müəyyən etməklə öz əmlak mənafelərini təmin etmiş olurlar. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa müvafiq olaraq, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlmə əsasları kimi müəyyən olunmuşdur. Bu baxımdan tərəflər arasında bağlanılan və şəhadətnamə ilə rəsmiləşdirilən sığorta müqaviləsinin şərtləri onlar arasında əmələ gəlmiş münasibətin hüquqi əsasları kimi qiymətləndirilməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib edilir, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır (MPM-384.0.1.). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1148/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Səriyyə Seyidova İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar