Məhkəmə qərarları › İş №2-2(103)-74/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-74/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-74/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 20.08.2021-ci il tarixli, e-2-2(113)- 2479/2021 saylı qətnaməsindən (hakim Ülkər Həsənova) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehdən 364296 manat əsas borc və əsas borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun 91074 manat faiz borcunun, ümumilikdə, 455.370 manat məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Lisenziyası əsasında cavabdeh tərəfindən inşa edilmiş 16 mərtəbəli yaşayış binasına iddiaçı tərəfindən 14 komplekt liftlərin quraşdırılması üçün 04 may 2015- ci il tarixində müqavilə imzalanmışdır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 532.000 AZN təşkil edir. İddiaçı tərəfindən həmin müqavilədə göstərilən 9 komplekt 16 dayanacaqlı liftlər xarici ölkədən idxal edilərək, tam quraşdırılaraq Fövqəladə Hallar Nazirliyində qeydiyyata alınmış və istismara tam təhvil verilmişdir. “Liftlərin istismara təhvil aktı” tərəflər və FHN-nin nümayəndəsi tərəfindən imzalanmışdır. Müqavilə üzrə müqavilənin ümumi dəyərinin 364.296 AZN məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən qalan 5 komplekt lift quraşdırılmış, lakin FHN-də qeydiyyata və istismara təhvil verilməmişdir. Cavabdeh həmin 5 komplekt lifti FHN-nin təlimatlarına zidd olaraq başqa Şirkət tərəfindən istismara buraxdırmışdır. Bununla da ödəməli olduğu borcun ödənilməsindən yayınmışdır. Beləliklə, 04 May 2015-ci il tarixli müqavilə əsasında cavabdehin iddiaçıya 225006 manat borcu yaranmışdır. Dolların manata məzənnəsinin artması ilə əlaqədar hazırda həmin məbləğ 364.296 manat (225006:0,789=214292 dollar x1,70=364296) təşkil edir. Həmin məbləğin 5 il üçün 5%-i 91074 manat təşkil edir. Borc bu günə qədər müxtəlif bəhanələrlə ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2-2(113)-2479/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 20.08.2021-ci il tarixli qətnaməsini tamamilə ləğv edilib iş üzrə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında mübahisə 2019 cu ilin oktyabr ayında yaranmışdır. Məhkəmə qarşısında qaldırdığı iddianın səbəbi 12.10.2019-cu il tarixindən "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binada quraşdırılması başa çatmış daşinmaz əşya olan liftlərin müqavilə üzrə dəyərinin ödənilməməsidir. Cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasında heç bir sənəd və sübutlar təqdim etməməklə şifahi mülahizələr irəli sürərək bildirmişdir ki, guya Bakı şəhəri Nizami rayonu B.Nuruyev küçəsi 2389 –cu məhəllədə İddiaçı MMC tərəfindən quraşdırılmış liftlərin onlara heç bir aidiyyatı yoxdur .Onların bu liftlərin quraşdırılması haqqında heç bir məlumatı belə olmamışdır. "xxxx" MMC –nin FHN-nə məktubu əsasında liftlər FHN –nə təhvil verilməsini əsas gətirərək mülahizəsini əsaslandırmaga çalışmışdır. Halbuki İddiaçı MMC –yə həmin ünvanda quraşdırılmış liftlərə görə ”Evrostroy –S” MMC tam ödənişi həyata keçirmiş və liftlər istismara buraxılmışdır. Həmin ünvanda quraşdırılmış liftlərə görə isə İddiaçı MMC heç bir tələb irəli sürməmişdir. Belə ki, "xxxx" MMC tərəfindən ödənilmiş 306994 AZN məbləğin 152.000 AZN həmin ünvanda quraşdırılmış 4(dörd) ədəd liftə görə ödənilmişdir. 04.05.2015-ci il tarixli müqavilənin 9-cu bəndində göstərildiyi kimi bu müqavilə müqavilənin şərtləri tam yerinə yetirənədək qüvvədədir. Eyni zamanda bu müqavilənin 9.6-cı bəndində göstərildiyi kimi bütün qarşılıqlı razılaşma və kompramis əsasında nəticə əldə edilməyən, hazırki müqavilədən irəli gələn mübahisələr Məhkəməyə çıxarıla bilər. Hazırki müqavilə üzrə mübahisənin 12.10.2019-cu il tarixdən yarandığı məhkəmədə sənədlərlə sübut kimi təqdim edilmişdir. Məhkəmənin iddianın müddətinin keçirilməsi haqqında gəldiyi nəticə də MM –nin müddəalarının düzgün tətbiq edilməməsi və bu müddəalara zidd olaraq qətnamə qəbul edilməsinə səbəb yaratmışdır. Daşınmaz əşyalara görə borcun ödənilməsi tələbi ilə irəli sürülmüşdür. Eyni zamanda işin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sənədlərdən tam aydın görünür ki iddia müddəti axının başlandığı an 12.10.2019-cu ildən, yəni liftlərin quraşdırılması başa çatdıgı və mübahisənin yarandığı tarixdən hesablanmalıdır. Həmin tarixə qədər tərəflər arasında liftlərin texniki xidməti haqqında 19.03.2018-ci il tarixli müqavilə də imzalanmışdır. Lakin məhkəmə bu müddətin başlanmasını 2017-ci il tarixdə 5 ədəd liftin FHN –nə təhvil verildiyi tarixdən hesablanması və iddia müddətinin 2020 ci ildə bitdiyi qənaitinə gəlmiş və bu da tam anlaşılmaz bır qərar hesab edilməlidir. Heç bir hüququ əsası yoxdur. Bakı Kommersiya Məhkəməsinin qətnaməsi aşağıdakı dəlillər üzrə müddəalarla ziddiyyət təşkil edir: İddia üzrə tələb “Melkom” MMC-nin "xxxx"MMC-yə müqavilə üzrə quraşdırdığı liftlərə daşınmaz əşyalarına görə qoyulduğundan mövcud iddia daşınmaz əşyalarla bağlı müqavilə tələbi hüquqlarına aiddir. Azərbaycan MM–nin 373.2-ci maddəsində göstərildiyi kimi daşinmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. Tərəflər arasında mübahisə liftlərin quraşdırılması başa çatdıqdan sonra 12.10.2019-cu il tarixli məktubdan da göründüyü kimi həmin tarixdən yaranmışdır. Məhkəmə isə bu günü əsassız olaraq 2017-ci ildən başlanmış hesab edir. İşə apellyasiya qaydasında baxılması 12.01.2022-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, cavabdeh iclasda səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 20.08.2021-ci il tarixli e-2-2(113)-2479/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia edir ki, "xxxx" MMC (hazırda adı Cavabdeh MMC) ilə bağlanmış 04.05.2015-ci il tarixli 12 nömrəli müqaviləyə əsasən 7 k-t 450 kq-lıq 16 dayanacaqlı, 7 k-t 1000 kq-lıq 16 dayanacaqlı cəmi 14 ədəd liftin quraşdırılması və təhvil verilməsini üzərinə götürmüşdür. Müqaviləyə əlavəyə əsasən 450 kq-lıq liftin 1 komplektinin dəyəri 33.000 manat, 1000 kq-lıq liftin 1 komplektinin dəyəri 36.000 manat nəzərdə tutulmuşdur. 9 ədəd quraşdırılmış və təhvil verilmiş lift komplektinin dəyəri cavabdeh tərəfindən ödənilmiş, 5 ədəd lift komplekti iddiaçı tərəfindən quraşdırıldığı halda başqa şirkət tərəfindən istismara buraxılmış və dəyəri ödənilməmişdir. İşin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən təhvil verilmiş liftlərə görə cavabdeh tərəfindən 306994 manat nağd olaraq ödənilmişdir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 11.03.2020-ci il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən Cavabdeh MMC "xxxx" MMC-nin hüquqi varisidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X2 Agentliyi tərəfindən təsdiq edilmiş lift pasportlarına əsasən ünvan 3 ünvanında yerləşən cavabdehə məxsus binada iddiaçı tərəfindən 3 ədəd 450 kq-lıq, 2 ədəd 1000 kq-lıq liftlər quraşdırılaraq 2017-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubunda tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehin 364296 manat məbləğində borcunun olduğu bildirilmiş, borcun 5 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclaslarında iddiaya etiraz edərək iddiaçı tərəfindən cəmi 5 ədəd lift quraşdırıldığını, həmin liftlərin dəyərinin ödənildiyini bildirmiş, 20.08.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək mübahisəyə iddia müddətinin tətbiq edilərək baxılmasını, müqavilədən irəli gələn tələb üzrə 3 illik iddia müddəti keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi MM-nin 373.2-ci maddəsinə istinad edərək iddiaçı tərəfindən liftlərin təhvil verildiyi 2017-ci ildən 3 il keçdikdən sonra məhkəməyə 06.05.2021-ci il tarixdə müraciət olunduğundan iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, məhkəmə iddia müddətinin başlanğıcını 2017-ci ildən hesablamaqla səhvə yol vermişdir. Müddətin axımı 12.10.2019-cu il tarixdən, yəni liftlərin quraşdırılmasının başa çatdığı və mübahisənin yarandığı tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə birinci instansiya məhkəməsi tərəfindən düzgün həll edilmişdir. İddiaçı işə birinci instansiya qaydasında baxılarkən 04.08.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəməyə bildirilmişdir ki, dəyəri tələb edilən 5 ədəd liftin onun tərəfindən quraşdırıldığı liftlər təhvil verildikdən sonra onlara qulluq edilməsi üçün tərəflər arasında bağlanmış müqavilə ilə sübut edilir. Bu izahatdan aydın olur ki, iddiaçı tərəflər arasında bağlanmış 19.03.2018-ci il tarixli 10 nömrəli müqavilədə nəzərdə tutulmuş liftlərə görə ödənişi tələb edir. İş materiallarına əlavə edilmiş həmin müqaviləyə əsasən icraçı (iddiaçı) sifarişçiyə (cavabdeh) məxsus olan ünvan 4 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında 2 ədəd 1000 kq-lıq, 3 ədəd 450 kq-lıq “Liftlərin quruluş və təhlükəsiz istismar qaydasına, istehsalçı zavod tərəfindən müəyyən olunmuş tələblərə, həmçinin müqavilədə əks olunmuş liftlərin texniki xidmətinə” uyğun olaraq texniki xidmət göstərilməsini, sifarişçi isə bu xidmətlərin dəyərinin ödənilməsini öhdəsinə götürür. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, 2 komplekt 1000 kqlıq liftin dəyərinin müqaviləyə əlavəyə əsasən 72.000 manat, 3 komplekt 450 kq-lıq liftin dəyərinin 99.000 manat olduğu nəzərə alınarsa, qeyd edilən 5 ədəd liftə görə ödənişin məbləği 225006 manat deyil, 171.000 manat təşkil edə bilərdi. İddiaçının cavabdehdən hansı əsasla 225006 manat tələb etdiyi aydın deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən 373.2. müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndində görüləcək işlərin tam dəyərinin quraşdırma başa çatdıqdan sonra ödənilməsi nəzərdə tutulmuşdur. Dəyəri tələb edilən liftlərin 19.03.2018-ci il tarixli texniki xidmətlə bağlı müqavilə bağlanana qədər artıq quraşdırıldığı nəzərə alınarsa iddia müddətinin axımı ən azı həmin tarixdən hesablandıqda belə iddiaçının məhkəməyə 2021-ci ilin may ayında müraciət etdiyi nəzərə alınarsa üç illik iddia müddəti ötürülmüş olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 2018-ci ilin mart ayınadək quraşdırılmış liftlərə görə ödəniş tələb etməsi üçün üç illik iddia müddəti buraxıldığından iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 20.08.2021-ci il tarixli e-2- 2(113)-2479/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 20.08.2021-ci il tarixli e-2-2(113)-2479/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar