Məhkəmə qərarları › İş №2-2(103)-74/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-74/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-74/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1830/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli AZRC/012/016 nömrəli xidmətlərin göstərilməsinə dair çərçivə razılaşması bağlanmış, həmin razılaşmaya əsasən, iddiaçı cavabdeh tərəfindən verilən hər hansı alış sifarişində müəyyən edilmiş şərtlərə əsasən bütün zəruri avadanlıqları və materialları təmin etməyi və xidmətləri yerinə yetirməyi, cavabdeh isə avadanlıqların, materialların və xidmətlərin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş AZC-PO-6150, AZC-PO-7540, AZC-PO-9258, AZC-PO-9884, AZC-PO-9887, AZC-PO-10161, AZC-PO-10853, AZC-PO-11001, AZC-PO-11169, AZC-PO-18874 nömrəli alış sifarişləri verilmiş, qəbul aktları ilə işlər təhvil alınmış, qəbul edilən işlərə və ödənilməyən qalıq dəyərlərinə dair AZC-PO-6150 nömrəli alış sifarişi üzrə xx.xx.2023-cü il tarixli EBDN 467565 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 57144,52 manat, AZC-PO-7540 nömrəli alış sifarişi üzrə xx.xx.2023-cü il tarixli EBDQ 128018 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 61092,82 manat, AZC-PO-9258 nömrəli alış sifarişi üzrə xx.xx.2023-cü il tarixli EBDQ 069822 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 70996,97 manat, AZC-PO-9884 nömrəli alış sifarişi üzrə xx.xx.2023-cü il tarixli EBDN 631738 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 590 manat, AZC-PO-9887 nömrəli alış sifarişi üzrə xx.xx.2023-cü il tarixli EBDJ 989650 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 59236 manat, xx.xx.2023-cü il tarixli EBDN 646145 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 38633,2 manat, AZC- PO10161 nömrəli alış sifarişi üzrə xx.xx.2023-cü il tarixli EBDU 564966 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3658 manat, AZC-PO-10853 nömrəli alış sifarişi üzrə xx.xx.2023-cü il tarixli EBDM 715858 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 10936,6 manat, AZC-PO-10874 nömrəli alış sifarişi üzrə xx.xx.2023-cü il tarixli EBDN 468022 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 6924,65 manat, AZC- PO11001 nömrəli alış sifarişi üzrə xx.xx.2023-cü il tarixli EBDO 975333 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 177 manat, AZC-PO-11169 nömrəli alış sifarişi üzrə xx.xx.2023-cü il tarixli EBDO 894509 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 7788 manat dəyərində xidmətlərin (ümumilikdə ƏDV daxil olmaqla 317.177,76 manat) göstərilməsi üçün tərtib edilmiş, həmin elektron qaimələr cavabdeh tərəfindən təsdiqlənmişdir;

2. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli AZRC/088/017 nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, İddiaçı Cavabdeh tərəfindən təqdim edilmiş xidmət sifarişinə əsasən Fiber Optik (FO) kabellərinin çəkilişi, daşınması, tam montajı, texniki təmir xidmətlərinin və işlərinin, həmçinin lazımi materialların təmin edilməsini, cavabdeh isə işlərin yerinə yetirilməsi müqabilində müqaviləyə 1 saylı qoşmada müəyyən edilən qiymətlərə əsasən həmin materialları, xidmətləri və işləri qəbul edib dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş AZC-PO-9720 və AZC-PO-9723 nömrəli alış sifarişləri verilmiş, qəbul aktları ilə işlər təhvil alınmış, qəbul edilən işləriə və ödənilməyən qalıq dəyərlərinə dair AZC-PO-9720 nömrəli alış sifarişi üzrə xx.xx.2023-cü il tarixli EBDİ 147394 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3991,35 manat, AZC-PO9723 nömrəli alış sifarişi üzrə xx.xx.2023-cü il tarixli EBDİ 147669 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2141,7 manat dəyərində xidmətin (ümumilikdə ƏDV daxil olmaqla 6133,05 manat) göstərilməsi üçün tərtib edilmiş, həmin elektron qaimələr cavabdeh tərəfindən təsdiqlənmişdir;

3. Hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş AZC-PO-6622 nömrəli alış sifarişi üzrə qəbul aktı ilə təhvil alınmış işlərə dair xx.xx.2023-cü il tarixli EBDN 468065 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 8297,76 manat, AZC-PO-9722 nömrəli alış sifarişi üzrə qəbul aktı ilə təhvil alınmış işlərə dair xx.xx.2023-cü il tarixli EBDİ 148146 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3112,25 manat, AZC-PO-9726 nömrəli alış sifarişi üzrə xx.xx.2023-cü il tarixli EBDİ 147369 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2333,45 manat dəyərində xidmətlərin (ümumilikdə ƏDV daxil olmaqla 13743,46 manat) göstərilməsi üçün tərtib edilmiş, həmin elektron qaimələr cavabdeh tərəfindən təsdiqlənmişdir.

4. AR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 5/70 saylı ekspert rəyinə əsasən müəyyən edimişdir ki, tədqiqata təqdim edilmiş xx.xx.2023-cü il (c 1, i.v 66), xx.xx.2023-cü il (c 1, i.v 136), xx.xx.2023-cü il (c 1, i.v 236) mədaxil qəbzlərin (receipt order) və xx.xx.2022-ci il tarixində başlamış xx.xx.2022 tarixində bitmişdi (c 2, i.v 38), xx.xx.2022-ci il tarixində başlamış xx.xx.2022 tarixində bitmişdi (c 2, i.v 39) son qəbul aktların blankları, üzərlərində olan imzalar və möhür əksi reproqrafik surət olublar, çoxaldıcı qurğu vasitəsilə surətləri çıxarılmışdır. Təqdim edilmiş xx.xx.2022-ci il tarixində başlamış xx.xx.2023 tarixində bitmişdi (c 1, i.v 117), xx.xx.2023-cü il tarixində başlamış xx.xx.2023 tarixində bitmişdi (c 1, i.v 214), xx.xx.2023-cü il tarixində başlamış xx.xx.2023 tarixində bitmişdi (c 1, i.v 247) son qəbul aktların üzərlərində olan Cavabdeh azerconnect” məzmun möhür əksləri elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə çap edilmişdirlər. Təqdim edilmiş xx.xx.2023-cü il (c 1, i.v 103), xx.xx.2023-cü il (c 1, i.v 126),xx.xx.2023-cü il (c 1, i.v 143), xx.xx.2023-cü il (c 1, i.v 149), xx.xx.2023-cü il (c 1, i.v 160) mədaxil qəbzlərin (receipt order) üzərlərində olan “LOQİSTİKA VƏ MATERİALLARİN İDARƏ EDİLMƏSİ ŞÖBƏSİ azerconnect” məzmunlu və xx.xx.2022-ci il tarixində başlamış xx.xx.2022 tarixində bitmişdi (c 1, i.v 180,184), xx.xx.2023-cü il tarixində başlamış xx.xx.2023 tarixində bitmişdi (c 1, i.v 227), xx.xx.2023-cü il tarixində başlamış xx.xx.2023 tarixində bitmişdi (c 2, i.v 4), xx.xx.2023-cü il tarixində başlamış xx.xx.2023 tarixində bitmişdi (c 2, i.v 9), xx.xx.2023-cü il tarixində başlamış xx.xx.2023-cü il tarixində bitmiş (c 2, i.v 15) son qəbul aktlarının üzərlərində olan Cavabdeh azerconnect” məzmun möhür əksləri şırnaqlı printerdə çap edilmişdir. Cavabdeh azerconnect” məzmun möhür əksləri 03.02. 2022-ci il tarixində başlamış xx.xx.2022-tarixində bitmişdi (c 2, i.v 167) son qəbul aktın üzərində olan Cavabdeh azerconnect” məzmun möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş xx.xx.2022-ci il tarixində başlamış xx.xx.2023 tarixində bitmişdi (c 1, i.v 117), xx.xx.2022-ci il tarixində başlamış xx.xx.2022 tarixində bitmişdi (c 1, i.v 180- 184), xx.xx.2023-cüil tarixində başlamış xx.xx.2023 tarixində bitmişdi (c 1, i.v 214),xx.xx.2023-cü il tarixində başlamış xx.xx.2023 tarixində bitmişdi (c 1, i.v 227), xx.xx.2023- cü il tarixində başlamış xx.xx.2023 tarixində bitmişdi (c 1, i.v 247), xx.xx.2023cü il tarixində başlamış xx.xx.2023 tarixində bitmişdi (c 2, i.v 4), xx.xx.2023-cü il tarixində başlamış xx.xx.2023 tarixində bitmişdi (c 2, i.v 9), xx.xx.2023-cü il tarixində başlamış xx.xx.2023 tarixində bitmişdi (c 2, i.v 15), xx.xx.2022-ci il tarixində başlamış xx.xx.2022 tarixində bitmişdi (c 2, i.v 38), xx.xx.2022-ci il tarixində başlamış xx.xx.2022 tarixində bitmişdi (c 2, i.v 39) xx.xx.2022-ci il tarixində başlamış xx.xx.2022 tarixində bitmişdi (c 2, i.v 167) son qəbul aktların üzərlərində olan Cavabdeh azerconnect” məzmunlu möhür əksi və onların surətləri eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Təqdim edilmiş xx.xx.2023-cü il (c 1, i.v 66), xx.xx.2023-cü il (c 1, i.v 136), xx.xx.2023-cü il (c 1, i.v 236), xx.xx.2023-cü il (c 1, i.v 103), xx.xx.2023-cü il (c 1, i.v 126), xx.xx.2023-cü il (c 1, i.v 143), xx.xx.2023-cü il (c 1, i.v 149), xx.xx.2023-cü il (c 1, i.v 160) mədaxil qəbzlərin (receipt order) üzərlərində olan “LOQİSTİKA VƏ MATERİALLARİN İDARƏ EDİLMƏSİ ŞÖBƏSİ azerconnect” məzmunlu möhür əksinin təsvirləri eksperimental əks nümunələri ilə eynilik təşkil etmirlər.

Birinci instansiya məhkəməsindəki icraat:

5. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV daxil olmaqla 296 231,92 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmış 14811,5 manat olmaqla ümumilikdə 311 043,42 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı cavabdehin sifarişinə və tərəflərin arasında bağlanmış müqaviləyə əsasən tikinti, quraşdırma və sair işləri görüb. Lakin cavabdeh AZC-PO-9258, PO-11001, PO 9887, PO-9884, PO 6622, PO-10874, PO 6150, PO-10853, PO-9887, PO 7540, PO 9726, PO 9723, PO 9720, AZC-PO 9722, AZCPO-11169, AZC-PO-10161 saylı alış sifarişləri üzrə borcları ödəməkdən yayınır. Belə ki, cavabdeh ümumilikdə iddiaçıya 251 044 manat (ƏDV-siz) ödəməli olduğu halda, qəsdən ödənişləri ödəmək istəmir. Bu məsələ ilə bağlı dəfələrlə danışıqlar aparılsa da, heç bir halda ödənişlərin edilməyəcəyi bildirilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini icra etməyərək (hərəkətsizlik) iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Qeyd olunan borc vaxtında geri qaytarılsa idi, iddiaçı həmin vəsaiti istifadə edərək daha da böyük məbləğdə xeyir əldə də bilərdi. Qeyd olunan alış sifarişləri üzrə ƏDV məbləği isə 45187,92 manat təşkil edir. Eyni zamanda iddiaçı cavabdehə qeyd olunan məbləği 1 ildən artıqdır ki, ödəməkdən boyun qaçırır. Tərəflər arasında rəsmi yazışmalar da mövcuddur. Lakin yuxarıda qeyd olunan alış sifarişləri müxtəlif vaxtlarda olduğundan yekun məbləğ üzrə (iddia olunan məbləğ) borcun ödənilməsi tələbi 2023-cü ilin sentyabr ayından başlamışdır. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 390, 442, 448-ci və s. maddələri göstərilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1830/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 296231,92 manat əsas borc, əsas borca illik 5% ilə hesablanmaqla 5478,26 manat olmaqla ümumilikdə 301710, 18 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı halda isə iddiaçı Mülki Məcəllənin 753.1-ci maddəsində nəzərdə tutulmuş muzdun ödənilməsi hüququnu realizə edir. Cavabdehin etirazının birinci əsası elektron qaimə-fakturaların rəsmiləşdirmə üsulu kimi alış aktlarında nəzərdə tutulmamasıdır. Məhkəmə etirazın bu əsası ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər arasında formalaşmış işgüzar münasibət bu yöndə olmuşdur ki, alış aktları üzrə görülmüş işlər son qəbul aktı adlanan sənədlərlə qəbul edilmiş, bu zaman görülmüş işlərin bir hissəsinin dəyəri ödənilmiş, qalıq hissə ilə bağlı isə elektron qaimələr göndərilmişdir. Başqa sözlə, elektron qaimələr işlərin qəbulunun üsulu kimi deyil, qalıq ödənişin müəyyənləşdirilməsi üsulu kimi çıxış etmişdir. Bu zaman hər bir alış orderi üzrə işlərin təhvil alınması prosesində tərtib edilmiş bütün aktlar və qəbzlər məhz cavabdehin möhürü vurulmaqla təsdiq edilmişdir. Cavabdehin etirazının ikinci əsası isə möhürün onlara məxsus olub-olmaması, sənədlərə hansı şəraitdə möhürün vurulmasının qeyri-müəyyən olması ilə bağlı olmuşdur. Etirazın bu əsasında münasibətdə məhkəmə qeyd etmişdir ki, qanunverici möhürdən istifadəni Mülki Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla əqdin forması ilə bağlı əlavə tələb kimi tərəflərin iradəsindən asılı etmişdir. Belə ki, Mülki Məcəllənin 331.2-ci maddəsinə əsasən, tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Məhkəmə vurğulamışdır ki, mülki qanunvericilikdə müəssisənin adından tərtib olunan sənədlərdə onun möhürünün əks olunmasının zəruriliyi ilə bağlı bir sıra imperativ qaydalar da nəzərdə tutulmuşdur (MM-in 107-6.1, 362.5-ci maddələri və. s). Bundan başqa, sənədlərin təsdiq olunması zamanı möhürün əhəmiyyəti həmçinin özündə hüquqi şəxslərin ləğvinə dair qaydaları əks etdirən Mülki Məcəllənin 61-ci və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-1 və 16.1-1.3-cü maddələrində göstərilmişdir. Belə ki, həmin maddi hüquq normalarında hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı həmin təşkilatların möhürlərinin müvafiq icra hakimiyyəti orqanına təhvil verməli olması, möhür müvafiq icra hakimiyyəti orqanına təqdim edilməyənədək təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlərin verilməyəcəyi, möhür itirildiyi halda isə bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışın təqdim edilməli olduğu nəzərdə tutulur. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Belə ki, bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətini həyata keçirən şəxs olur. Qeyd olunan hal öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxsin üzərinə sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirmək vəzifəsi qoyur. Bu baxımdan hazırkı halda, hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş sənədlər imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə, bu o anlama gəlir ki, hüquqi şəxsin təmsilçisi Mülki Məcəllənin 360.2-ci maddəsinə əsasən əqdi, əksi sübut edilməyənədək, bəyənmişdir. Bu mənada nə qədər ki cavabdeh müvafiq möhürün itirildiyi və ya oğurlandığı barədə hüquq-mühafizə orqanlarına məlumat verildiyi, mətbu orqanda bu barədə məlumat dərc etdirdiyi və kontragentlərinə vaxtında məlumat verdiyinə dair sübutlar təqdim edə bilmir, məhkəmə möhürlə təsdiq olunmuş sənədlərin mötəbərliyinin şübhə altına alınmasını qeyri-ciddi qəbul edir. Həmçinin məhkəmə nəzərə almışdır ki, cavabdeh sənədlərin əsasını təşkil etdiyi (sənədlərə istinad edilən) elektron qaimələri də ləğv və ya dəyişdirmə üçün göndərməmiş, bilavasitə təsdiq etmişdir. Digər tərəfdən, cavabdeh hazırda əsas borcu qəbul etmədiyini bildirsə də, məhkəmə iclasında əldə edilmə mənbəyi hər iki tərəfin nümayəndəsi tərəfindən təsdiq edilmiş cavabdeh tərəfindən iddiaçıya göndərilmiş barışıq sazişinin layihəsində cavabdeh əsas borcun 15 iş günü müddətində ödənilməsi ilə bağlı sazişin məzmununun təsdiq edilməsini iddiaçıya təklif etmişdir. Beləliklə, məhkəmə cavabdeh xidmət müqavilələri üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab etmişdir ki, hazırkı iddia tələbi alış sifarişləri üzrə əsas borcun tutulması hissəsində əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, ƏDV daxil olmaqla 296231,92 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia ərizəsində iddiaçı həmçinin əsas borca illik 5 faizlə hesablanmış 14811,5 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş edir. Belə ki, Mülki Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan - xx.xx.2023-cü tarixədək olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı). 43. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur. Lakin tərəflər arasında təsdiqlənmiş alış sifarişlərində ödənişlərin 30 gün ərzində ödənilməsi nəzərdə tutulsa da, işgüzar münasibət bu yöndə olmamış, adıçəkilən sifarişlərin ödəmə şərtləri faktiki olaraq tətbiq edilməmişdir. Belə ki, tərəflər arasında formalaşmış işgüzar praktika xidmətlərin bir hissəsinin dəyərinin təhvil alarkən ödənilməsi, qalan hissəsi barədə isə elektron qaimə-fakturanın göndərilməsi şəkilində olmuşdur. Ötən müddət ərzində isə iddiaçı pulun ödənilməsini tələb etməmişdir. Bu isə iddiaçı tərəfindən borcun ödənilməsinə faktiki olaraq möhlət verildiyini göstərir. Belə olan halda, Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqi istisna edilir. İddiaçının xx.xx.2024-cü il tarixdə pulun tələb edilməsi barədə pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmaqla iddia ərizəsinə dəqiqləşmə verildiyi və iddiaçı tərəfindən hesablamanın aparıldığı müddətin sonu olan xx.xx.2024-cü il tarixə qədər 135 gün üçün həyata keçirilməlidir. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 5478,26 manat (296231,92 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 135 gün (gecikdirilən gün sayı)) təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 5478,26 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən olunur ki, **********65 nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsinə görə 567 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbz əsasında 240 manat dövlət rüsumu da ödənilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1830/2024 nömrəli qərardadına əsasən İddiaçı MMC-nin Cavabdeh MMCyə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə artıq ödənilmiş 205 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-yə qaytarılması qərara alınmışdır.

53. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 584 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

9. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xidmətlərin görülməsinə və malların təqdim edilməsinə dair imzalanmış çərçivə müqavilələrində və həmin müqavilələrə əsasən imzalanmış alış sifarişlərində ödənişlərin edilməsinin təməl əsası kimi tərəflər arasında imzalanmış təhvil-təslim aktı, daha sonra elektron qaimə və hesab-fakturalardır. Tərəflər arasında lazımi qaydada imzalanacaq təhvil-təslim aktının möhürlə təsdiq edilməsi şərtləndirilməmişdir. Burada əsas şərtləndirilən məqam bu aktların tərəflərin nümayəndələri tərəfindən imzalanması olmuşdur. Hazırki halda isə məhkəmənin istinad etdiyi və mötəbərliyi tərəfindən tanınmayan və imzalanma tarixləri məlum olmayan “son qəbul aktları”nı cavabdeh tərəfdən imzalayan şəxs(lər) barədə məlumatlar qeyd olunmamış, həmin şəxslərin səlahiyyətlərinin yoxlanılmasının mümkün olmamasına rəğmən məhkəmə tərəfindən sübut kimi nəzərə alınmışlar. Vurğulamaq istərdi ki, Cavabdeh MMC-nin Nizamnaməsinə görə müəssisənin 3-cü şəxslər qarşısında etibarnaməsiz yalnız Baş direktor təmsil edə bilər və digər şəxslərin bunu yalnız mülki qanunvericiliyə uyğun qaydada verilmiş etibarnamə əsasında edə bilərlər. Əqdin sonradan bəyənilməsi məsələsinə gəldikdə, nəzərə alsa ki, cavabdeh tərəfindən indiyədək “görülmüş işlərin və təqdim edilmiş malların” dəyəri ödənilmir, hər hansı bəyənmədən bəhs etmək ən azı məntiqsizdir. Elektron qaimələrin cavabdeh tərəfindən təsdiq edilməsinə, onların yalnız ödənilməyən qalıq dəyərlərinə dair tərtib edilməsinə gəldikdə vurğulamaq istərdi ki, bu qaimələrin heç də hamısı cavabdeh tərəfindən təsdiq edilməmiş, onlar iddiaçı tərəfindən müqavilə şərtlərinə və qanunvericiliyə uyğun olmadan təqdim edilmiş və qalıq məbləğlərinə dair deyil, məhz alış sifarişinin məbləğinə uyğun tərtib edilmişlər. Tərəflər arasında bağlanmış çərçivə müqavilələrinə və onların əsasında imzalanmış alış sifarişlərinə görə elektron qaimələr yalnız tərəflər arasında imzalanmış təhvil-təslim aktlarından sonra təqdim edilə bilər. Hazırki, halda isə yenə də səlahiyyəti məlum olmayan şəxs(lər) tərəfindən imzalanmış və yalnız malların “təhvilinə” aid olan bəzi sənədlərdən görünür ki, elektron qaimələr bu sənədlər öncə təqdim edilmişdir. Bu həm də onu sübut edir ki, həmin elektron qaimələr iddiaçı tərəfindən qalıq məbləğlərinin ödənişi üçün deyil, məhz alış sifarişinin ümumi məbləği üçün tərtib edilmişdir. Göründüyü kimi bu hallar cavabdeh tərəfindən məhkəmə iclasında bildirilsə də, məhkəmə tərəfindən əhəmiyyət verilməmiş, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər hərtərəfli araşdırılmamışdır. Mübahisələndirilən məhkəmə qətnaməsində bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxsin məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətini həyata keçirən şəxs olması ilə əlaqədar mövqeyə dair bildirmək istərdilər ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə görə əqdlərdə təmsilçilik etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslana bilər. Nə qədər ki, bu əsaslardan hər hansı biri mövcud deyil, sənədə imza edən şəxsin hüquqi şəxsin adından imza səlahiyyətindən söhbət aparıla bilməz. Məhkəmənin iddianı təmin etmək üçün əsas sübut hesab etdiyi “son qəbul aktların”dakı cavabdehin möhürünə gəldikdə isə bildirirlər ki, işə birinci instansiya məhkəməsində baxılan zaman bu möhürün hansı şəraitdə vurulması onlar üçün qeyrimüəyyən idi. Hazırda isə bu möhürlərin ümumiyyətlə cavabdeh tərəfindən vurulmadığını hesab edir və bu hissənin iddiaçı tərəfindən təqdim edilmiş “sənədlərin” əsllərinin təqdim edilməsi şərtilə aydınlaşdırılmalı olmasını düşünür. Məhkəmə iclasında əldə edilmə mənbəyi hər iki tərəfin nümayəndəsi tərəfindən təsdiq edilmiş cavabdeh tərəfindən iddiaçıya göndərilmiş barışıq sazişinin layihəsi ilə əlaqədar məhkəmənin mövqeyinə gəldikdə bildirir ki, cavabdehin nümayəndəsi və vəkilinin ona verilmiş etibarnamə üzrə barışıq sazişi bağlamaq, iddianı etiraf etmək səlahiyyətləri olmadığından onun tərəfindən təqdim edilmiş barışıq sazişi layihəsinin cavabdeh tərəfindən rəsmi qaydada təqdim edilmiş sənəd kimi qiymətləndirilməsini qanunsuz hesab edir. Bundan əlavə bildirmək istərdi ki, nümayəndə və vəkil tərəfindən barışıq sazişinin layihəsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “son qəbul aktlarının” qeyri-mötəbər və şəxsiyyətləri məlum olmayan şəxslər tərəfindən imzalanması aşkar edilməmişdən əvvəl göndərilmişdir. Sonuncu fakt müəyyən edildikdən sonra hər hansı barışıq sazişinin müzakirə predmeti olmaması məhkəmə iclasında vurğulanmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında apellyasiya şikayətinə etiraz etdi və təmin edilməməsini xahiş etdi.

13. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək səhhətində yaranmış problemlər ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məlumat vermişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işəcavbadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

15. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -390.4-ci maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":

-1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir; -3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. -3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. -3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

17. Mülki Prosessual Məcəllənin:

-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -206.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

18. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən tərəfindən iddianın təmin edilmiş hissəsində qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixli AZRC/012/016 nömrəli xidmətlərin göstərilməsinə dair çərçivə razılaşması və xx.xx.2017-ci il tarixli AZRC/088/017 nömrəli xidmət müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən iddiaçı cavabdehin sifarişinə əsasən materialları təqdim etməyi və xidmət göstərməyi (işləri görməyi) öhdəsinə götürmüşdür. Hazırda İddiaçı MMC sözügedən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək sifariş edilmiş malları təqdim etdiyini, işlər (xidmətlər) gördüyünü (göstərdiyini), cavabdeh tərəfindən isə mal, iş və xidmətlərin dəyərini ödənilmədiyini əsas göstərərək ƏDV daxil olmaqla 296 231,92 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmış 14811,5 manat məbləğində faizlərin tutulmasını tələb edir. Cavabdeh isə mübahisəli müqavilələr üzrə işlərin görülməsi barədə “son qəbul aktlarının” səlahiyyətli şəxs tərəfindən imzalanmadığını və həmin aktlara möhürlərin tərəflərindən vurulmaması ilə bağlı şübhələrin olmasını bildirir və iddianın rədd edilməsini tələb edir.

24. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr alqı-satqı, podrat və xidmət müqavilələrinin elementlərini birləşdirilən qarışıq müqavilələr olduğundan həmin müqavilələrə müvafiq hissələrdə alqı-satqı və podrat müqavilələrini tənzimləyən normalar tətbiq edilməlidir. Odur ki, həmin müqavilələrə əsaslanaraq irəli sürülmüş hazırkı iddianın qanuni əsaslarını Mülki Məcəllənin 752.1, 753.1 və 567, 598.1-ci maddələri təşkil edir.

25. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı ödənilməsini tələb etdiyi ƏDV daxil 296.231,92 manat məbləğində işlərin görülməsi, xidmətlərin göstərilməsi və malların təqdim edilməsi faktını təsdiq etmək üçün cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş alış sifarişləri, həmin sifarişlər əsasında iddiaçı tərəfindən cavabdehə göndərilmiş və cavabdeh tərəfindən təsdiq edilmiş (əksəriyyəti fiziki olaraq cavabdehin işçiləri tərəfindən) elektron qaimələr və hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş qəbul aktları (işlərin və xidmətlər ilə bağlı) və mədaxil qəbzlərini (malların təqdim edilməsi ilə bağlı) məhkəməyə təqdim etmişdir.

26. Cavabdeh tərəfindən apellyasiya şikayətində qəbul aktlarına vurulmuş möhür əksinin onlara məxsus möhürlə vurulması faktı mübahisələndirildiyindən iş üzrə sənədlərin texniki ekspertizası keçirilmiş və ekspert rəyi qəbul aktlarında olan Cavabdeh azerconnect” məzmunlu möhür əksi və onların surətlərinin eksperimental əks nümunələri ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Mədaxil qəbzlərindəki möhürə münasibətdə ekspert rəyində əks olunmuş nəticəyə münasibətdə kollegiya qeyd edir ki, birincisi, həmin qəbzlərdəki möhürün həqiqiliyi apellyasiya şikayətində mübahisələndirilməmişdir, digər tərəfdən həmin qəbzlərə vurulmuş möhür əksləri ekspertimental nümunələri məhkəməyə təqdim edilmiş cavabdeh şirkətin əsas möhürü ilə deyil, “Loqistika və materialların idarə edilməsi şöbəsi azerconnect” məzmunlu möhür ilə vurulmuşdur.

27. Bundan başqa kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında baxış keçirilmiş e-mail yazışmalarına əsasən “son qəbul aktı” və “mədaxil orderləri” adlı sənədlərin Cavabdeh MMC tərəfindən imzalandıqdan və möhürləndikdən sonra email vasitəsilə cavabdehin işçisi olan Mehriban Salmanovaya (həmin şəxsin işçisi olma faktı cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilməmişdir) cavabdehə məxsus elektron poçt domenində qeydə alınmış rəsmi e-mail ünvanından (mailto:mehriban.s@azerconnect.azElektron ünvan ) iddiaçının nümayəndəsinin e-mail ünvanına göndərilməsi müəyyən edilmişdir.

28. Göstərilən hal, yəni mübahisəli qəbul aktlarının təsdiq edildikdən sonra cavabdehin işçisi tərəfindən rəsmi email ünvanı vasitəsilə iddiaçıya göndərilməsi bir tərəfdən həmin sənədlərə vurulmuş möhürün onlara məxsus olmaması barədə cavabdehin dəlillərini əsassız olmasına dəlalət edir. Digər tərəfdən tərəflər arasında sənəd mübadiləsi, o cümlədən qəbul aktlarının təsdiqinin e-mail vasitəsilə həyata keçirilməsi barədə işgüzar münasibətin formalaşmasını təsdiqləməklə aktların əslinin iddiaçıda olmamasının səbəblərinə aydınlıq gətirir.

29. Qəbul aktların səlahiyyətli şəxslər tərəfindən imzalanmaması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, qəbul aktlarının səlahiyyətli şəxs tərəfindən imzalanmaması ehtimal edilsə belə həmin aktların üzərinə cavabdehin saxlanılması vəzifəsi hüquqi şəxsin səlahiyyətli şəxslərinə aid edilmiş möhürün vurulması və həmin sənədlərin rəsmi e-mail vasitəsilə iddiaçıya göndərilməsi faktları özlüyündə cavabdehin səlahiyyətli vəzifəli şəxslərinin aktların məzmunu barədə məlumatlı olmalarını və həmin aktları bəyənmələrini təsdiq edir.

30. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulmuş vicdanlılıq prinsipinə uyğun olaraq mülki dövriyyənin subyekti olan hər bir şəxs öz mülki hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən vicdanlı və ağlabatan şəkildə hərəkət etməlidir. Mülki dövriyyənin hər hansı iştirakçısının davranışını vicdanlılıq prinsipinin tələbləri baxımından qiymətləndirərkən digər tərəfin hüquq və qanuni mənafeləri nəzərə alınmaqla həmin şəxsdən gözlənilən davranış əsas götürülür.

31. Hazırkı halda müqavilənin tərəfi kontragentinin işçisinin rəsmi email vasitəsilə göndərdiyi sənədlərin səlahiyyətli şəxs tərəfindən imzalanmasını, eləcə də həmin sənədlərə vurulmuş möhürün həqiqiliyini, yəni sənədin mötəbərliyini güman etməyə, başqa sözlə desək, kontragentin bu məsələdə vicdanlı davranacağını gözləməyə haqlı olmuşdur. Odur ki, cavabdeh tərəfin qəbul aktlarını təsdiq edərək email vasitəsilə iddiaçı tərəfə göndərdiyi, bundan əlavə həmin aktlara əsasən iddiaçının göndərdiyi elektron qaimə- fakturalara qanunvericilikdə müəyyən edilmiş qaydada etiraz etmədiyi halda sonradan həmin qəbul aktlarına vurulmuş möhürün həqiqiliyini, eləcə də aktları imzalamış şəxslərin səlahiyyətlərini mübahisələndirməsi mülki dövriyyə iştirakçısından gözlənilən vicdanlı davranış kimi qəbul edilə bilməz.

32. Beləliklə, kollegiya belə qənaətə gəlir ki, işdə olan sübutların məcmusu ilə iddiaçının mübahisəli müqavilələr üzrə iddia ərizəsində göstərdiyi dəyərdə işlərin görülməsi , xidmətlərin göstərilməsi və malların təqdim edilməsi faktı iş materialları ilə öz təsdiqini tapdığından, cavabdeh tərəfindən isə həmin mal, iş və xidmətlərin dəyərinin ödənilməsi sübuta yetirilmədiyindən cavabdehdən mübahisəli müqavilələr üzrə 296.231,92 manat məbləğində borcun tutulması hissəsində iddia tələbi əsaslıdır.

33. Digər tərəfdən kollegiya Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz borcunun tutulması tələbinə dair iddianın təmin edilmiş hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin mübahisəli müqavilələr üzrə öhdəliklərinin icrasını gecikdirməsi iş materialları ilə öz təsdiqini tapdığından və cavabdehin digər əsaslardan daha böyük məbləğdə faiz tələb edə bilmədiyindən cavabdehdən iddiaçının xeyrinə pretenziya göndərildiyi tarixdən qətnamə çıxarıldığı xx.xx.2024-cü il tarixə qədər olan 135 günlük müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisəlndirilən hissədə) ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

36. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1830/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar