Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-741/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2507/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.05.2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı“ MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 20060 (18 % ƏDV ilə) manat borcun, 2000 manat məbləğində dəbbə pulun və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin bank hesabına iddia tələbi həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.05.2021-ci il tarixli e-2-2(113)-2507/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, hazırki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Cavabdeh MMC-nin (VÖEN: **********) bank hesabının (Bank: Kapital Bank ASC Binəqədi filialı Kod: 200156 M/h: AZ37NABZ******************** SWİFT: AİİBAZ2X İBAN: AZ89AHB********************) üzərinə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) və kommunal xərcləri ilə bağlı ödənişlərin (qaz, işıq və su) aparılmasına məhdudiyyət qoyulmadan 20060 manat məbləği həcmində həbs qoyulması qərara alınmışdır. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 31.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması barədə tədbirlər görülə bilər. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılana kimi cavabdehin bank hesabındakı hesabı üzərinə əsas borc həcmində həbs qoyulması barədə iddianın təmini tədbiri seçilməlidir. Belə ki, iddia tələbi az olmayan məbləğin, yəni 20060 manat məbləğində əsas borcun cavabdehdən tutulmasından ibarətdir və iddia təmin olunduğu təqdirdə həmin məbləğin könüllü ödənilməyəcəyi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Belə olan halda isə həmin məbləğin tutulması üzərinə həbs qoyulmuş bank hesabındaki pul vəsaitinə yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Eyni zamanda kollegiya hesab edir ki, həmin həbs cavabdehin işçilərinin əmək haqlarının eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həyata keçirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 158.3-cü maddəsindən müəyyən olunur ki, əmlak üzərinə həbs qoyulması birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı üzrə həyata keçirilir. Bu baxımdan kollegiya hesab edir ki, faktiki fəaliyyət göstərən cavabdeh MMC-nin əməkdaşlarına ödənilən əmək haqları bilavasitə istehsalatda iştirak edən əmlak kimi qiymətləndirilməli və bank hesabı üzərinə qoyulmuş həbs həmin vəsaitlərin ödənilməsinin qarşısını almamalıdır. Birinci instansiya məhkəməsi də məsələni bu qaydada həll etmişdir. Ona görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı, şikayətdə göstərilən dəlillər isə əsassızdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2507/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-741/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-741/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver