Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-745/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1428/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq geri götürülmüş 52923 manat (ƏDV daxil) dəyərində olan 5 (beş) ədəd pambığın zibilliyini ölçən aparatların qaytarılması və ya onların dəyərinin ödənilməsi, mediasiya və məhkəmə xərclərinin tam olaraq Cavabdeh İstehsalat Kommersiya firmasından alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1428/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı Cavabdeh İstehsalat Kommersiya firması ilə alıcı İddiaçı MMC arasında 12 iyun 2017-ci il tarixli, 01/29 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən satıcı cədvəl üzrə razılaşdırılmış malların alınması ilə birlikdə həmçinin cədvəldə qeyd olunmuş 12 ədəd pambığın zibilliyini ölçən LKM-2 aparatının 1 ədədinin qiyməti 8970 manat olmaqla, cəmi 107640 manat məbləğində aparatı alıcıya satmağı, alıcı isə malların dəyərini köçürmə və yaxud nağd ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər lazımınca və vaxtında icra edilməmişdir. Həmin müqavilənin cavabdeh tərəfindən uzun müddət ərzində icra edilməməsi və debitor borcun yaranması ilə əlaqədar İddiaçı MMC tərəfindən Şirvan Kommersiya Məhkəməsinə və Şirvan İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixli 01/56 №-li və xx.xx.2021-ci il tarixli 01/67 №-li sorğu məktubları göndərilmişdir. Sorğuya cavab olaraq göstərilmişdir ki, həmin müqavilə ilə bağlı yaranmış mübahisəyə görə Cavabdeh İstehsalat Kommersiya firması İddiaçı MMC-yə qarşı iki dəfə 2017-2018-ci illərdə 12 iyun 2017-ci il tarixli, 01/29 saylı müqavilənin alqı-satqı predmetini təşkil edən 5 ədəd pambığın zibilliyini ölçən aparat və bu malın 1 ədədinin qiymətinin manat hissəsində etibarsız hesab edilməsi və həmin mala münasibətdə müqavilədə valyuta növünə isə ABŞ dolları olaraq düzəliş edilməsi barədə iddia ərizəsi ilə aidiyyəti üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsınə müraciət etmişdir. Öz növbəsində Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hər iki - yəni xx.xx.2017-ci il tarixli, 2-2(086)-581/2017 nömrəli və xx.xx.2018-ci il tarixli, 2- 2(086)- 116/2018 nömrəli qərardadlarına əsasən məlum olmuşdur ki, Cavabdeh İstehsalat Kommersiya firması tərəfindən AR MPM-nin 150.0.4-cü və 150.0.7-ci maddələrinin tələblərinə riayət etmədiyinə görə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış və iddia ərizəsi baxılmamış saxlanılmışdir. Beləliklə, həmin məhkəmə qərarlarına əsasən 12 iyun 2017-ci il tarixli, 01/29 saylı alqı-satqı müqaviləsinin əvvəlki şərtləri ilə hüquqi qüvvədə qalmasına baxmayaraq və İddiaçı MMC tərəfindən 12 ədəd pambığın zibilliyini ölçən aparatın pulunun köçürmə yolu ilə satıcıya xx.xx.2017-ci il tarixli 1298 №-li ödəmə tapşırığı ilə tam ödənilməsinə və həmin malların müəssisəyə daxil edilməsinə baxmayaraq, satıcı tərəfindən gətirilmiş 12 ədəd pambığın zibilliyini ölçən aparatdan 5 ədədini özbaşına müəssisədən çıxararaq mühasibat sənədi sayılan xx.xx.2018-ci il tarixli Seriya EAAJ 172489№-li elektron qaimədə (həmin qaimə etibarsız olduğundan iddiaçı tərəfindən qəbul edilməmişdir) ciddi qanun pozuntusuna yol vermişdir. 12 iyun 2017-ci il tarixli, 01/29 saylı alqı-satqı müqaviləsinin 2-ci bəndinə zidd olaraq 7 ədəd aparatın qiymətini özü tərəfindən birtərəfli qaydada dəyişərək 1 ədədinin qiymətini 8790 manat əvəzinə 15377,14 manat qeyd etmişdir. Beləliklə də, 5 ədəd aparat iddiaçıya hələ də təhvil verilməmişdir. Cavabdeh qeyd olunan alqı-satqı müqaviləsinin şərtlərini pozmaqda davam edir. Belə ki, həmin müqavilənin 3-cü maddəsinə əsasən ödəniş əvvəlcədən 100% satıcının hesabına köçürmə yolu ilə aparılacaqdır. Satıcı alıcıya aşağıdakı sənədləri təqdim edir: 1. Elektron qaimə; 2. Hesab Faktura. Həmin müqavilənin 4-cü maddəsinə əsasən satıcı müqavilə imzalandıqdan sonra nəzərdə tutulmuş malı 120 gün ərzində alıcıya təhvil verir. Ona görə də qanunla nəzərdə tutulmuş qaydada cavabdehə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə 01/1177 saylı pretenziyalar göndərilmişdir. Lakin qeyd edilən pretenziyalar bu günədək baxılmamış və cavablandırılmamış qalmışdır. Sonralar göndərilən pretenziyalar isə cavabdehin hüquqi və faktiki ünvanları qeyri-müəyyən olduğundan dəfələrlə geri qaytarılmışdır. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirir ki, iddia tələbi iddia müddəti keçdiyindən rədd edilməlidir. Belə ki, müqavilə öhdəliyi üzrə 7 ədəd pambığın zibilliyini ölçən aparat iddiaçıya təhvil verilmişdir. Lakin 5 ədəd pambığın zibilliyini ölçən aparat alıcıya verilməmişdir. 5 ədəd malın verilməməsinin səbəbi o olmuşdur ki, müqavilə imzalanarkən valyuta səhvən ABŞ dolları əvəzinə Azərbaycan manatı kimi qeyd edilmişdir. Müqaviləyə dəyişiklik edilməsi üçün 2017-ci ildə Şirvan İnzibati-İqtisad məhkəməsinə CavabdehİKF tərəfindən müraciət edilərək, “xx.xx.2017-ci il tarixli, 01/29 nömrəli müqavilənin predmetini təşkil edən 5 ədəd pambığın zibilliyini ölçən aparat və bu malın 1 ədədinin qiymətinin manat hissəsində etibarsız hesab edilməsi və həmin mala münasibətdə müqavilədə valyuta növünə düzəliş edilməsi barədə” qətnamə çıxarılması xahiş edilmişdir. Yuxarıda qeyd edilən məhkəmə işi üzrə tərəflər arasında daha sonra şifahi razılıq əldə edilmiş və 5 ədəd pambığın zibilliyini ölçən aparatın satıcıdan tələb edilməyəcəyi barədə şifahı razılıq əldə edilmişdir. Bu səbəbdən iddia ərizəsi Şirvan İnzibati-İqtisadi məhkəməsi tərəfindən geri qaytarıldıqdan sonra cavabdeh tərəfindən təkrar iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdir. Daha sonra İddiaçı MMC-də həmçinin müqavilənin tam icrası ilə bağlı məsələ qaldırılmış və əvvəllər aralarında şifahi razılıq əldə edilməsini nəzərə alaraq təkrar məhkəməyə müqaviləyə dəyişiklik edilməsi üçün müraciət etmədiyini və bundan əlavə iddia müddətinin keçməsi ilə bağlı müqavilənin icrasından imtina etdiklərini bildirmişlər. İddiaçı hüquqi şəxs müqavilə üzrə tələb etmə müddətinin bitdiyini bildiyi üçün iddia tələbini “geri alınmış 5 ədəd pambığın zibilliyini ölçən aparatın geri qaytarılması” formasında tərtib etməklə iddia müddətinin tətbiqi məsələsindən yan keçməyə çalışmışdır. Halbuki geri götürüldüyü iddia edilən 5 ədəd aparat ümumiyyətlə heç vaxt alıcıya verilməmişdir. Həmin aparatların dəyəri baha olduğu üçün müqavilənin tam icrası rəhbəri olduğu müəssisəyə maddi baxımdan sərfəli deyildi. Məhz bu səbəbdən zamanında, yəni 2017-ci ildə cavabdeh tərəfindən İddiaçı MMC-yə qarşı yuxarıda qeyd olunan iddia tələbi ilə Şirvan İnzibati-İqtisad Məhkəməsinə müraciət edilmişdir. İddiaçı MMC ilə Elvin” İKF arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 01/29 nömrəli müqavilənin 4-cü bəndində malların müqavilə imzalandıqdan 120 gün müddətində alıcıya göndəriləcəyi, 6-cı bəndində isə müqavilənin icrası müddətinin xx.xx.2017-ci ilədək olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müddətli müqavilə üzrə öhdəliklərin icrası tələbi üzrə iddia müddəti keçdiyinə görə iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı cavabdehin dəlillərinə etiraz edir və bildirir ki, qüvvədə olan Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Cavabdeh etiraf edir ki, ümümiyyətlə müqavilə üzrə qabaqcadan ödənilmiş və çatdırılması nəzərdə tutulmuş 5 ədəd pambığın zibilliyini ölçən LKM-2 aparatı alıcının ünvanına göndərilməmişdir. Cavabdeh öz tərəfindən qanunsuz hərəkətlərə yol verilməsini etiraf edərək, etiraz ərizəsində rəsmi qaydada bildirmişdir ki, “5 ədəd aparatın verilməməsinin səbəbi o olmuşdur ki, müqavilə imzalanarkən valyuta səhvən ABŞ dolları əvəzinə Azərbaycan manatı kimi qeyd edilmişdir”. Beləliklə, aydın olur ki, müqavilə ətrafında yaranmış mübahisəyə görə cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddia baxılmadan geri qaytarıldıqdan sonra cavabdeh qanunla qadağan olunan ciddi qanun pozuntusuna yol vermişdir, yəni müqavilə bağlandıqdan və qabaqcadan ödəniş aparıldıqdan sonra birtərəfli qaydada qanunsuz olaraq valyuta növünü dəyişərək mühasibat sənədi sayılan xx.xx.2018-ci il tarixli, EAAJ seriyalı, 172489№-li elektron qaimədə saxtalaşdırmaya yol verərək, göstərilən müqavilənin 2-ci bəndinə zidd olaraq 7 (yeddi) ədəd aparatın qiymətini özü tərəfindən birtərəfli qaydada dəyişərək 1 (bir) ədədinin qiymətini 8790 manat əvəzinə 15377,14 manat qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə həmin şərtlərin mövcudluğu təsdiq olunmur. Çünki mübahisə predmeti olan 05 ədəd pambığın zibilliyini ölçən aparatın iddiaçının mülkiyyətində olması sübut olunmur. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan madənin dispozisiya şərtlərindən müəyyən olunur ki, alqı-satqı müqaviləsinin predmeti olan əşya yalnız alıcı tərəfindən onun dəyəri ödənildikdən sonra satıcı tərəfindən alıcıya təhvil verildikdən və sonuncu tərəfindən qəbul edildikdən sonra alıcının mülkiyyətinə keçir. Hazırki işdə isə mübahisə predmeti olan 05 ədəd pambığın zibilliyini ölçən aparatın cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi öz təsdiqini tapmır. Çünki cavabdeh bu halı mübahisələndirmiş, iddiaçı isə bu halı təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qeyd olunan hallardan əlavə iddiaçı tərəfindən 12 iyun 2017-ci il tarixli, 01/29 saylı alqı-satqı müqaviləsinin müvafiq bəndlərinə və cavabdeh tərəfindən öz öhdəliklərinin pozmasına istinad etməsinə dair isə kollegiya qeyd edir ki, bu əsasla iddianın qanuni əsasını Mülki Məcəllənin 568.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Hazırki işin halları da ondan ibarətdir ki, cavabdeh tərəfindən həmin müqavilə üzrə təhvil verilməli olan 05 ədəd pambığın zibilliyini ölçən aparatı iddiaçıya təhvil verilməmişdir. Bu baxımdan iddiaçının tələbləri Mülki Məcəllənin 568.1-ci maddəsi baxımından əsaslı hesab edilə bilər. Lakin kollegiya hesab edir ki, bu əsasla da iddia təmin edilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01/29 nömrəli müqavilənin 4-cü bəndində malların müqavilə imzalandıqdan 120 gün müddətində alıcıya təhvil verilməsi, 6-cı bəndində isə müqavilənin icrası müddətinin xx.xx.2017-ci il tarixədək olduğu qeyd edilmişdir. Hazırki iddia isə xx.xx.2022-ci il tarixdə, yəni həmin tarixdən hesablandıqda 4 il 3 ay keçdikdən sonra irəli sürülmüşdür. Halbuki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş 3 illik iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, xx.xx.2017-ci il tarixindən sonra cavabdeh tərəfindən hər hansı etirafedici hərəkətlərin edilməsi ilə bağlı sübutların təqdim olunmadığını, yəni hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, müqavilə öhdəliklərinin icrası əsası ilə irəli sürülmüş iddia tələbləri müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir. İddiaçı tərəfindən Mülki Məcəllənin 384.0.4-cü maddəsinə istinad edilməsi isə əsassızdır. Belə ki, bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin maddə mülkiyyətçi və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərlə bağlıdır. Hazırkı halda isə iddiaçı mülkiyyətçi və ya digər sahib deyil, çünki qeyd olunan əmlakların hər hansı formada onun mülkiyyətinə və ya sahibliyinə verilməsi öz təsdiqini tapmamış, müqavilə üzrə mübahisəli aparatlar iddiaçıya ümumiyyətlə təhvil verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar mövcud deyil. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1428/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-745/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-745/2022
13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver