Məhkəmə qərarları › İş №2-2(103)-745/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-745/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-745/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X8 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1127/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları

1. Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 06 may 2024-cü il tarixli, 24-060 nömrəli müqavilə bağlanmışdır.

2. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, “X4” adlı sənədin məzmunundan müəyyən olunur ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 24-060 saylı müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı MMC-yə MT2405 seriyalı, 10310448 nömrəli qaimə üzrə 17146,46 manat əsas, 3086,36 manat ƏDV, MT2405 seriyalı, 10595634 nömrəli qaimə üzrə 1803,6 manat əsas, 324,65 manat ƏDV, MT2406 seriyalı, 10319771 nömrəli qaimə üzrə 6367,5 manat əsas,1146,15 manat ƏDV, MT2406 seriyalı, 11338285 nömrəli qaimə üzrə 1675,2 manat əsas, 301,54 manat ƏDV məbləği olmaqla, ümumilikdə 26992,76 manat əsas borcdan 15000 manat, 4858,70 manat ƏDV borcundan 2700 manat ödənilmiş, ümumilikdə 14151,46 manat qalıq borcu qalmışdır.

3. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10310448 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 20232,8275 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, **********8 nömrəli hesab-faktura göstərilmişdir.

4. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10595634 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2128,248 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024cü il tarixli, **********6 nömrəli hesab-faktura göstərilmişdir.

5. 06.06.2024-cü il tarixli, MT2406 seriyalı, 10319771 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7513,65 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024cü il tarixli, **********2 nömrəli hesab-faktura göstərilmişdir.

6. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11338285 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1976,736 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024cü il tarixli, **********2 nömrəli hesab-faktura göstərilmişdir.

7. İddiaçı MMC tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cərimə hesablanması cədvəlində Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 24- 060 saylı alqı-satqı müqaviləsi üzrə 14151,46 manat cərimə borcunun olduğu qeyd olur.

8. İş materiallarına hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2024-cü il tarixdə 15000 manat (təyinat 10.05.24 tarixli, MT2405 seriyalı, 10310448 saylı elektron qaimə üzrə qismən ödəniş) ödəniş edilmişdir.

9. ƏDV sub-uçot hesabından çıxarışından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən 2700 manat ƏDV məbləği ödənilmişdir.

10. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aldığı mallar üçün olan borcu 14151,46 manat (on dörd min yüz əlli bir manat qırx altı qəpik), ödənişlərin gecikdirilməsi üçün yaranan cərimə məbləği 2370,19 manat (ikimin üç yüz yetmiş manat on doqquz qəpik) və məhkəmə xərcləri üçün ödənilən 130 manat (yüz otuz) olmaqla, cəmi 16651,65 manat (on altı min altı yüz əlli bir manat altmış beş qəpik) məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1127/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 14151,46 manat (on dörd min yüz əlli bir manat qırx altı qəpik) borc, 700 (yeddi yüz) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117 (yüz on yeddi manat) manat olmaqla, ümumilikdə 14968,46 manat (on dörd min doqquz yüz altmış səkkiz manat qırx altı qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1127/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qismən təmin edərkən iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərə qiymət verməklə qətnamə qəbul etmişdir. Bildirilir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə təqdim edilən malların dəyərinin qismən ödənilməsinin başlıca səbəbi təqdim edilmiş malların müqavilədə qeyd edilyi kimi lazımi keyfiyyətdə olmaması olmuşdur. Belə ki, cavabdeh təhvil-təslim aktını təsdiq etməsinə baxmayaraq sonradan təqdim edilən mallarda bir sıra qüsurların olduğu müəyyən edilmiş və buna görə də malların dəyəri tərəfimizdən tam şəkildə ödənilməmişdir. Göründüyü kimi iddiaçı müqavilə üzrə lazımi keyfiyyətdə malın təqdim edilməsini öz üzərinə öhdəlik kimi götürsə də, lakin bu öhdəliyinə əməl etməmişdir. Belə ki qeyd etdiyimiz bu hal iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 6-cı bəndində öz əksini tapmışdır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən Malın keyfiyyəti istehsalçı müəssisənin elan etdiyi standartlar əsasında müəyyən olunur. Satıcı təqdim etdiyi malların keyfiyyətinə görə bu müqavilə ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddiaçı tərəfindən təqdim edilmiş mallardakı qüsurlar ilə bağlı cavabdeh tərəfindən dəfələrlə şifahi olaraq məlumat verilməsinə baxmayaraq cavabdeh bu halı təkzib etmişdir. Hətta mala baxış keçirilməsi üçün dəvət edilsələr də onlar baxış keçirməkdən imtina etmişlər. Həmçinin məhkəmə qəbul etdiyi qətnamədə hər hansı etirazın daxil olmadığını qeyd etmişdir. Bildirmək lazımdır ki, MMC-yə məxsus ASAN imza nömrəsində yaranmış problemlərə görə elektron məhkəmə informasiya sisteminə daxil olmaq mümkün olmamış və iddia ilə bağlı zəruri etirazı təqdim etmək mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə iclaslarında işitrakımız da mümkün olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməklərinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

24. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir

25. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

26. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı alıcıya onun sifarişi əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edib, malları alıcıya təhvil versə də, cavabdeh qəbul etdiyi malın dəyərini iddiaçıya ödəmək barədə öhdəliyini lazımınca icra etməmişdir. Həmin hal işdə olan sübutlarla (qiymət razılaşdırma protokolları, təhvil-təslim aktları, elektron qaimələr, ödəniş sənədləri) öz təsdiqini tapır. X2 və təhviltəslim aktları üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 31851,47 manat olan mal təhvil verilmişdir. Həmin təhvil-təslim aktlarına uyğun olaraq Cavabdeh MMC-yə göndərilmiş elektron-qaimələr üzrə ümumi məbləğ də 31851,47 manat təşkil edir .

33. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 06 may 2024-cü il tarixli, 24-060 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti, təhvil verilmə müddəti və ödəniş müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolu ilə müəyyən edilir. Tərəflər arasında razılaşdırılmış qiymətlərin razılaşdırılması protokollarının 2-ci bəndinə əsasən Protokolun 2-ci bəndinə əsasən alıcı tərəfindən ödəniş mallar təhvil verildikdən sonra 10 gün müddətində 100% edilməlidir. İş materiallarından məlum olduğu kimi Cavabdeh MMC tərəfindən mallarla bağlı hər hansı irad bildirilməmiş və ya ödənişlərin edilməsi ilə bağlı sübutlar iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda Cavabdeh MMC tərəfindən iddiaya heç bir etiraz daxil olmamış, iddiaya münasibət bildirilməmişdir. Müəyyən olunduğu kimi, Cavabdeh MMC tərəfindən 15000 manat əsas borc, 2700 manat ƏDV məbləği ödənilmiş, 14151,47 manat qalıq borc qalmışdır (31851,47-15000-2700=14151,47). Eyni zamanda qeyd olunmalıdır ki, yalnız bir qaimə-xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10310448 nömrəli elektron qaimə üzrə qismən ödəniş edilmiş, digər qaimələr üzrə isə ödəniş edilməmişdir.

34. Kollegiya malların qüsrlu olması dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh malların qüsrlu olmasına, müqavilə üzrə şirkətə məlumat verməsinə, iddiaçının iştirakı ilə qüsur aktı tərtib etməsinə və ya hər hansı tədbir görməsinə dair sübut təqdim etməmiş, sadəcə iddiaçı tərəfə şifahi qaydada məlumat verdiyini bildirsə də, bu faktı təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Əgər, həqiqətən iddiaçının göndərdiyi mallar qüsurlu idisə, cavabdehin, vaxtında Mülki Məcəllənin 639.1-ci maddəsinə əsasən həmin Məcəllənin 587-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürmək hüququ var idi ki, cavabdeh həmin hüququndan istifadə etməmişdir.

35. Apellyator apellyasiya şikayətində asan imzalarında problem olduğundan elektron məhkəmə informasiya sisteminə daxil olmağın mümkün olmadığını qeyd etsədə, məhkəmə kollegiyası bildirir ki,cavabdeh məhkəmə iclasında iştirak edərək iddiaya etirazını təqdim edə və bildirə bilərdi, lakin cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nə birinci instansiya məhkəməsində icraat zamanı, nə də apellyasiya instansiya məhkəməsində icraat zaman iştirak etməmişdir.

36. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

37. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1127/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar