Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-746/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1789/2022 nömrəli iş üzrə 01 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ödənilməmiş 182.201,77 manat məbləğdə əsas borcun, bank uçot dərəcəsi kimi hesablanmış 11.387,61 manat pulun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 8.381,28 manat cərimə məbləğinin, illik 5% hesablanmış 9.110,08 manat məbləğdə pulun, 400 manat ilkin mediasiya haqqının və 101,08 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 182.201,77 manat gecikdirilmiş əsas borc, 8.381,28 manat cərimə, ümumilikdə 190.583,05 manat və ödənilmiş 102 manat məbləğdə dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, iddia təmin edilən hissədə ləğv edilməsini, cavabdeh tərəfindən ödənilmiş 23.000 manat məbləğ nəzərə alınaraq, məhkəmə-mühasibatlıq ekspertizası keçirilməklə, əsas və cərimə borcunun dəqiq məbləğini müəyyən edərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Göründüyü kimi, apellyasiya şikayəti verən şəxs şikayətini ilk öncə “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan formaya uyğunlaşdırmalı, daha sonra həmin forma daxilində məzmun şərtlərinə əməl etməlidir. Bu baxımdan, MPM-in 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsi ilə də tələb edilmişdir ki, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin apellyasiya şikayətində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişinə əməl olunmamış, şikayətdə “əsas və cərimə borcunun dəqiq məbləğinin müəyyən edilməsi” məhkəmədən tələb olunmuş, cavabdehin özünün həmin hissədə mübahisənin həlli (iddianın hansı hissədə hansı məbləğdə tam yaxud qismən təmin və ya rədd edilməsi) ilə bağlı nə barədə qərarın qəbul olunmasına dair tələbləri isə dəqiq ifadə edilməmişdir. Həmçinin, “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavənin 6-cı və 7-ci hissələrinə əsasən, həmin hissələrdə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq normaları sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. İşdən məlum olur ki, iddiaçı şikayətin 6-cı və 7-ci hissələrində qanunvericiliyin düzgün tətbiq edilmədiyi iddia edilən bir sıra normalarını göstərsə də, hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeyini aydın şəkildə ifadə etməmiş, buna dair heç bir izah verməmiş, normaların mətnlərini formal sadalamaqla kifayətlənmişdir. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qanunun müzakirə edilən məcburi tələblərini nəzərə almamış, MPM-in 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun tərtib edilməyən apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1789/2022 nömrəli iş üzrə 01 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-746/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-746/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver