Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-746/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və İbrahim Adil oğlu İbrahimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi Eyvazlı Aytac Rafael qızının katibliyi, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3149/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) dövlət büdcəsinə olan 1,42 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) dövlət büdcəsinə olan 372190,9 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1638,33 manat, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" QSC) dövlət büdcəsinə olan 40 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 328,14 manat, İşsizlikdən Sığorta Fonduna 13,81 manat, İcbari Tibbi Sığorta Fonduna olan 55,2 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE ********) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3149/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir.
3. Maraqlı şəxs nümayəndəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə birinci instansiya məhkəməsi, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə vergi orqanının ərizəsini təmin edərkən mübahisənin həlinə formal yanaşmaqla, maraqlı şəxsin Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ aktlarla təsbit olunmuş hərəkət azadlığı hüququnun məhdudlaşdırılmasına kifayət qədər əsasların həqiqətən də mövcud olub-olmamasına diqqət yetirməmişdir. Halbuki, müvafiq sübutları təqdim etməklə məhkəmənin diqqətinə çatırılmışdı ki, maraqlı şəxsin qanuni təmsilçisi olduğu hüquqi şəxslərin borcunun ödənilməsi məqsədi ilə aşağıdakı hərəkətlər edilmişdir: "xxxx"" MMCnin (VÖEN:**********) dövlət büdcəsinə olan borcu tam ödənilmişdir. "xxxx" QSC-nin (VÖEN: **********) dövlət büdcəsinə olan borcu tam ödənilmişdir. “AZ.AV LİNES" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə olan borcundan 49 958,14 (qırx doqquz min doqquz yüz əlli səkkiz manat 14 qəp.) manat hissəsi ödənilmişdir. Göründüyü kimi, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas kimi göstərilən onun qanuni təmsilçisi olduğu 2 hüquqi şəxs üzrə dövlət büdcəsinə olan borcları tam ödənilmiş, 1 hüquqi şəxs üzrə isə borcun əhəmiyyətli hissəsi ödənilmişdir. Qeyd edilən faktlar Maraqlı şəxs qanuni təmsilçisi olduğu hüquqi şəxslərin borclarının ödənilməsi üçün faktiki nəticələrə söykənən cəhdlər göstərməsini və həmin borcun tam bağlanması üçün tədbirlər gördüyünü təsdiq edir. Nəzərə alınmalıdır ki, Maraqlı şəxs rəhbəri (qanuni təmsilçisi) olduğu müəssisələrin fəaliyyəti xarici ölkələrdə yerləşən şirkətlərlə işgüzar əlaqələrdən asılıdır. Maraqlı şəxs ölkədən getmək hüququnun məhdulaşdırılması müəssisənin fəaliyyətini tam iflic vəziyyətinə salacaqdır ki, bu da öz növbəsində müəssisənin mənfəət əldə etmək və dövlət büdcəsinə olan borclarını ödəmək imkanını ümumiyyətlə heçə endirəcəkdir. Bunun da Vergi Məcələsinin 23.1.15-3-cü maddəsində nəzərdə tutulmuş məqsədə - “hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək” məqsədinə xidmət etmədiyi aşkardır. Yuxarıda da qeyd edildiyi kimi, maraqlı şəxsin qanuni təmsilçisi olduğu müəssisələrin fəaliyyətinin xarici ölkələrdə yerləşən şirkətlərlə işgüzar əlaqələrdən asılı olması, onun ölkədən getmək hüququnun məhdudlaşdırılması isə bu əlaqələrin qırılmasına və nəticə etibarı ilə müəssisənin fəaliyyətinin iflic vəziyyətə düşməsinə səbəb olacağı səbəbindən nəinki yaranmış borcların ödənilməsinin təmin edilməsinə xidmət etməyəcək, hətta bunu daha da çətinləşdirəcəkdir ki, belə nəticənin də Vergi Məcələsinin yuxarıda istinad edilən məqsədinə xidmət etməyəcəyi aşkardır. Digər tərəfdən, iş materialarından da göründüyü kimi, hazırda müəyyən məbləğ vergi borcu yaranmış “AZ.AV LİNES" MMC 2005-ci ildən dövlət qeydiyyatına alınmaqla fəaliyyət göstərir və fəaliyyətə başladığı müddətdən keçən 19 il ərzində həmin müəssisənin rəhbərinə qarşı belə bir məcburiyyət tədbiri tətbiq edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
9. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
10. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
12. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
15. Belə ki, iş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" QSC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 1,42 manat təşkil edir. Həmin hüquqi şəxsin xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə borcu qalmamışdır. "xxxx" QSC-nin (VÖEN: **********) xx.xx.2024cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 40 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 352,94 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 14,85 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 59,39 manat təşkil edir. Həmin hüquqi şəxsin xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu qalmamışdır. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 410 742,68 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 2132,25 manat təşkil edir. Həmin hüquqi şəxsin xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə cəmi 49985,14 manat ödəniş edildikdən sonra onun dövlət büdcəsinə olan borcu 367296,10 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 2703,2 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC, "xxxx" MMC və "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2020-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildirişlərin surətindən görünür ki, adıçəkilən hüquqi şəxslərdən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Ərizəçinin təqdim etdiyi vegi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, xx.xx.2020-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildirişlər müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC və "xxxx" QSC-nin elektron kabinetinə yerləşdirilmişdir.
16. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizə əsaslı olaraq təmin edilmişdir.
17. Maraqlı şəxsin şikayətdə istinad etdiyi hallar isə əsaslı hesab edilə bilməz. Belə ki, vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün yeganə əsas vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmasıdır. Eyni zamanda qeyd olunmalıdır ki, vergi borcunun qismən ödənilməsi ərizənin rədd edilməsi üçün əsas ola bilməz.
18. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
19. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Maraqlı şəxs nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3149/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.