Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-747/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və İbrahim Adil oğlu İbrahimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi Eyvazlı Aytac Rafael qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 29 may 2024-cü il tarixli, e-2-2(113)-3496/2024 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 8.582,59 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 14,32 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2,31 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx.xx.1993-cü il, doğulduğu yer – Bakı şəhəri, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 29 may 2024-cü il tarixli, e-2-2(113)-3496/2024 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir.
3. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır kı, məhkəmə ətraflı araşdırma aparmayaraq, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində ödənilməmiş borc məbləğinin olmasına baxmayaraq maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olmaması qənaətinə gəlməklə yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə almamış, tətbiq edilməli olduğu halda tətbiq etməmiş, nəticədə əsassız olaraq ərizəçinin tələbi təmin edilməmişdir. Göründüyü kimi məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan maddi hüquq normalarını pozmuş, qanunvericiliyə zidd olan qərar çıxarmışdır. vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 8.582,59 manat məbləğində (o cümlədən, vergilər üzrə 7.272,74 manat, faizlər üzrə 1.309,85 manat), İcbari Tibbi Sığorta Fonduna 0,17 manat, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 0 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 14,32 manat, İcbari Tibbi Sığorta Fonduna 2,14 manat olmaqla, ümumilikdə 8.599,22 manat borcu vardır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Ərizəçinin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
8. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
9. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
11. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
14. Belə ki, ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 8.582,59 manat məbləğində (o cümlədən, vergilər üzrə 7.272,74 manat, faizlər üzrə 1.309,85 manat), İcbari Tibbi Sığorta Fonduna 0,17 manat, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 0 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 14,32 manat, İcbari Tibbi Sığorta Fonduna 2,14 manat olmaqla, ümumilikdə 8.599,22 manat borcu vardır. Yaranmış borc məbləǧinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********634000 nömrəli, xx.xx.2022-ci il tarixli **********402000 nömrəli, xx.xx.2023-cü il tarixli **********098800 nömrəli, xx.xx.2022-ci il tarixli **********927500 nömrəli və xx.xx.2022-ci il tarixli **********928200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləǧini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə olan borcu 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu 0,18 manat, Maraqlı şəxs xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə olan borcu 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu 2,14 manat və Dövlət Sosial Müdafiə Fonduna olan borcu 14,32 manat təşkil edir. Belə olan halda məhkəmə vergi ödəyicisi olan "xxxx" MMC-nin qətnamənin qəbul edildiyi tarixə İcbari Tibbi Sığorta Fonduna olan qalıq borcunun cəmi 0,18 manat olduğunu, dövlət büdcəsinə isə borcunun olmadığını, fiziki şəxs Maraqlı şəxs isə qətnamənin qəbul edildiyi tarixə İcbari Tibbi Sığorta Fonduna olan qalıq borcunun cəmi 2,14 manat və Dövlət Sosial Müdafiə Fonduna olan qalıq borcunun cəmi 14,32 manat olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı halda hüquqi şəxsin, eləcə də fiziki şəxsin məcburi sosial sığorta və İcbari Tibbi Sığorta haqları üzrə borcunun ödənilməsinin təmin edilməsi üçün həmin hüquqi şəxsin rəhbəri, eləcə də fiziki şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması legitim məqsədlərə xidmət edən, qanuni tədbir olsa da, qanuni məqsədə mütənasiblik prinsipinin tələblərinə cavab vermir.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, məhkəmə əsaslı olaraq vergi borcunun olmamasını müəyyən etmiş və ərizəni rədd etmişdir.
17. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
18. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 29 may 2024-cü il tarixli, e-2-2(113)-3496/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.