Məhkəmə qərarları › İş №2-2(103)-747/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-747/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-747/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1139/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2019cu il tarixdə bağlandığı iddia olunan Məhsulların güzəştli alqı-satqısı müqaviləsinin kserosurəti təqdim olunmuşdur.

2. Həmin müqavilənin 1-ci bəndinə görə bu müqaviləyə görə satıcı özünün istehsal və satışını təşkil etdiyi sərinləşdirici spirtsiz içkiləri və çayları Alıcıya satmağı, alıcı isə öz növbəsində yalnız Satıcının istehsal və satışını təşkil etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları qəbul etməyi, həmin məhsulları öz mağazasında (satış nöqtəsi, restoran, otel, yemək xidməti sahəsi və.) satıcının təklif etdiyi yerdə yerləşdirməyi, qəbul etdiyi məhsulun əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür (tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin 8-ci bəndində əlavə şərtlər də nəzərdə tutula bilər).

3. Həmin müqaviləyə 1 nömrəli əlavəyə əsasən (kserosurət) alıcı istifadə üçün alıcıya verilən soyuducuda satıcının verdiyi məhsullardan başqa heç bir adda məhsul saxlamayacağını, satıcının istehsal və satışını təşkil etdiyi məhsulları satacağı, soyuducunu həmişə görünür yerdə, təmiz və işlək vəziyyətdə olmasını təmin etməyi öhdəsinə götürür. Əlavənin 8.2-ci bəndinə əsasən satıcı alıcıya müqavilə müddəti ərzində satıcının özünün istehsal və satışını təşkil etdiyi məhsullardan satacağına görə, ilk başdan 2000 manatlıq (ƏDV daxil) ödəniş etməyi öz öhdəsinə götürür.

4. xx.xx.2020-ci il tarixli, 00001 nömrəli, Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış hesab fakturadan (kserosurət) müəyyən olunur ki, İddiaçı MMC-yə 1694,92 manat avans məbləğin Cavabdeh hesab fakturada göstərilən bank hesabına 5 iş günü ərzində ödənilməsi xahiş olunmuşdur.

5. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh bank hesabına 1694,92 manat ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1694,92 manat pulun, 15000 (on beş min) manat təzminatın, 915 manat dəbbə pulunun, 220 manat vəkil xidməti haqqının və 143 (manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli məhsulların güzəştli alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə uyğun olaraq satıcı (İddiaçı MMC) istehsal etdiyi 6000 kasset müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri alıcı Cavabdeh onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1 saylı əlavəsinin 8.2-ci bəndinə əsasən satıcı ilk öncədən alıcıya 2000 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.8-ci bəndinə əsasən alıcı bu müqaviləni predmeti ilə müəyyən olunmuş öhdəliklərini pozarsa, satıcıya 15000 (on beş min) manat təzminat (ƏDV xaric) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən fiziki şəxs Cavabdeh xx.xx.2020-ci il tarixli hesab-faktura və xx.xx.2020-ci il tarixli ödəmə qəbzi əsasında ƏDV xaric ümumilikdə 1694,92 manat məbləğində pul verilmişdir. Cavabdeh öhdəliyini icra etməmiş və aldığı borc məbləği olan 1694,92 manat əsas borcunu və 15000 manat təzminatı ödəməmişdir. Məhsulların güzəştli alqı-satqı müqaviləsinin 6.8-ci bəndinə əsasən alıcı bu müqavilənin predmeti ilə müəyyən olunmuş öhdəliklərini pozarsa, satıcıya Əlavə №1-də göstərilmiş məbləğin, pulsuz verilmiş reklam vasitələrinin dəyərinin və pulsuz məhsulların müqavilə şərtlərinin pozulduğu günə mütənasib olaraq hesablanmış hissəsinin 2 mislini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.3-cü bəndinə görə alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1% (sıfır tam onda bir) miqdarında, gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2% (sıfır tam,onda iki) miqdarında dəbbə pulu ödənilməlidir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh rəsmi pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 (beş) gün ərzində ödənilməsi tələb olunmuşdur. Əksi təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul olunsa da, bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır.

8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.2, 442-ci maddələrinə istinad olunmuşdur.

9. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh 1694,92 manat pulun , 220 manat vəkil xidməti haqqının və 143 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1139/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 1694,92 manat (min altı yüz doxsan dörd manat doxsan iki qəpik) məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,95 manat (otuz altı manat doxsan beş qəpik) olmaqla, ümumilikdə 1731,87 manat (min yeddi yüz otuz bir manat səksən yeddi qəpik) pul vəsaitinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, iddiaçı cavabdehlə aralarında alqı-satqı müqaviləsinin bağlandığını iddia etmiş və məhkəməyə sübut qismində alqı-satqı müqaviləsinin, eləcə də əlavəsinin surətini təqdim etmişdir. Cavabdeh iddianı qəbul etməmiş, etiraz etmiş, həmin müqavilənin onun tərəfindən imzalanmadığını bildirdiyindən iddiaçıya müqavilənin əslinin məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin müqavilənin əsli məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda qeyd olunur ki, iddiaçı tərəfindən cavabdehin şəxsiyyət vəsiqəsinin, sahibkarlıq haqqında şəhadətnaməsinin surəti, bank hesab məlumatları iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim edilmişdir. Hesab olunur ki, həmin sənədlər iddiaçıya məhz cavabdeh tərəfindən təqdim oluna bilərdi. Məhkəmə iddia tələbinə münasibətdə cavabdehin etirazını əsassız saymışdır. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemində “Vergi məlumatları” bölməsindən görünür ki, iddiaçının əsas fəaliyyət istiqaməti kola və meyvə içkilərinin istehsalı, cavabdehin fəaliyyət istiqaməti restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması olmuşdur. Məhkəmənin qənaətinə əsasən həmin məbləğ də həmin zəmində avans məbləğ kimi ödənilmişdir. Belə ki, "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh bank hesabına 1694,92 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2019-cu il tarixli müqaviləyə 1 nömrəli əlavə və xx.xx.2020-ci il tarixli, 00001 nömrəli hesab faktura üzrə avans ödəmə qeyd edilmişdir. Cavabdeh tərəfindən həmin avans ödəmə qarşılığında iddiaçı üçün xidmət göstərməsi, iş görməsi və s.-lə bağlı sübutlar məhkəməyə təqdim etməmişdir. Hüquqi yardım haqqının ödənilməsini sübut edən sənəd iş materiallarına əlavə edilmədiyindən məhkəmə hesab etmişdir ki, həmin xərc cavabdehdən tutula bilməz.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.8, 14.1, 385.1, 386.1 -cü maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi mövcud olmamışdır. Belə ki, müqavilə cavabdeh tərəfindən imzalanmamışdır. Bundan əlavə müqavilənin əsli mövcud deyildir və açıq gözlə müqavilə səhifələrinin saxtalaşdırıldığı müəyyən edilir. Birinci instansiya məhkəməsinin nəzərə almadığı əsas məqamlardan da biri məhz müqavilənin cavabdeh tərəfindən imzalanmaması halıdır ki, bu hal da məhkəmə tərəfindən araşdırılmamışdır. Beləki, iddiaçı nə məhkəməyə müqavilənin əslini təqdim etməmiş, üstəlik də məhkəməni aldatmaq üçün guya avans ödənilməsi və təzminat verilməsi ilə bağlı olar əlavə saxta səhifələr təqdim etməklə məhkəməni yanıltmağa çalışmışdır. Müqavilənin şərtinə diqqət yetirsək iddiaçı cavabdehə satmaq üçün məhsul təmin etməli,cavabdeh isə həmin məhsulu satmalı və məhsulun dəyərini iddiaçıya ödəməlidir. Lakin necə ola bilər ki, iddiaçı məhsul satacağı şirkətə avans olaraq pul versin. Axı qanunda, praktikada və adət hüququnda alıcının avans ödəməsi halı mövcuddur. Necə ola bilər ki, satıcı avans ödəsin. Burdan da aydın görünür ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməyərək iddiaçının hüquqlarını qanunsuz olaraq obyektiv olmadan qorumaq naminə onun hüquqlarını kobud şəkildə pozmuşdur. Müqavilə 4 səhifədən ibarət olmaqla tərtib edilmişdir (bunu müqavilənin vərəqlərinin sonundakı yazıdan müəyyən etmək mümkündür). Lakin iddiaçının istinad etdiyi müqavilənin 8-ci bəndi və müqaviləyə əlavə 1 olan sənədlər necəsə 6/4 və 5/4 olaraq nömrələnmişdir. Microsoft Ofice proqramları işlədən şəxslər bilirlər ki, vərəqin sonunda yazılan nömrələr sistem tərəfindən avtomatik müəyyən olunur və ona müdaxilə edilməsi mümkün deyildir. Lakin hazırki iş üzrə iddiaçı tərəf sırf qanunsuz olaraq tələb etdikləri pulu əsaslandırmaq üçün guya cavabdehə avans olaraq pul verdiklərini bildirir və bunun sonradan saxta olaraq tərtib etdikləri müqavilə səhifəsi ilə əsaslandırırlar. Halbuki müqavilənin səhifələrinə diqqət yetirsək müəyyən olunur ki, müqavilənin 2-ci səhifəsi 6.6-cı bənddə yekunlaşır və müqavilənin 4-cü səhifəsi 12.2-ci bənddən başlayaraq davam edir. Bu isə onu deməyə əsas verir ki, müqavilənin 3cü səhifəsi, 6.6-cı bənddən sonrakı bəndlə başlamalı və 12.2-ci bənddən əvvəlki bəndlə bitməlidir. Eyni zamanda diqqət edilməsi əsas məqamlardan biri də budur ki, tutaq ki, müqavilə həqiqətən də mövcuddur onda niyə müqavilə üzrə 2000 manat nəzərdə tutulduğu halda 1694 manat məbləğində avans ödənilmişdir. Bu belə iddiaçının dəlillərinin tamamilə əsassız olmasını sübut edir. Birinci instansiya məhkəməsi müvafiq olaraq mövcud olmayan və saxtalaşdırıldığı açıq aşkar şəkildə görünən müqaviləyə istinad etməklə məndən pul tutmaqla mənim hüquqlarımıkobud şəkildə pozmuşdur.

15. Apelyator pozulmuş maddi və prosessual hüquq normaları kimi MM-in 385.1, 386.1, 389-cu maddələrinə MPM-in 88, 218.1-ci maddələrini göstərmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Bildirdi ki, mübahisəli müqavilə onun tərəfindən imzalanmayıb. Şirkətin adından müqaviləni administrator imzalayıb. Pul vəsaitini isə başqa şirkətlərlə işləməmək üçün alıb. Müqavilənin bağlanmasından 5 il keçib və onun əlində hər hansı sübut qalmayıb. Həmin vaxt restoran işləyirdi, lakin artıq 1 ildən çoxdur ki, restoran fəaliyyət göstərmir.

18. İddiaçının nümayəndısi və vəkili apellyaisya şikayətinə etiraz etdi, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

19. Mülki Məcəllənin: -358.1-ci maddəsinə görə səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. -358.2-ci maddəsinə görə əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən sassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

20. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş və həmin qətnamə iddianın təmin edilmiş hissəsində (vəkil xərclərinin cavabdehdən tutulması barədə tələb rədd edilmişdir) cavabdeh tərəfindən mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslığı iddia tələblərinin təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli məhsulların güzəştli alqı-satqısı müqaviləsinə əsasən cavabdehə avans olaraq 1694 manat məbləğində pul ödədiyini, lakin həmin məbləğin müqabilində cavabdeh tərəfindən müqavilədə nəzərə tutulmuş xidmətlərin göstərilmədiyini əsas göstərərək pul vəsaitinin geri qaytarılmasını xahiş edir. Cavabdeh isə mübahisəli müqavilənin onun tərəfindən imzalanmasını və iddiaçı ilə aralarında həmin müqaviləyə əsasılanan hüquq münasibətlərinin olmasını inkar edir.

26. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanması iddia olunan müqavilə güzəştli alqı-satqı müqaviləsi adlandırılsa da, alqı-satqı, xidmət və digər müqavilələrin elementlərini birləşdirən qarışıq tipli müqavilədir. Belə ki, müqavilədə satıcı adlandırılan iddiaçı tərəfindən alıcı adlanan cavabdehə güzəştli şərtlərlə malları satmaq, alıcının isə həmin malları almaq öhdəliyi ilə yanaşı alıcının müqavilədə müəyyən edilmiş miqdarda mal satmaq, soyuducunun görünən yerdə saz və təmiz vəziyyətdə olmasını, yalnız satıcının istehsal və ya satışını təşkil etdiyi sərinləşdirici spirtsiz içkiləri və çayların malların satılmasını təşkil etmək və digər öhdəlikləri də nəzərdə tutulmuşdur.

27. Mübahisəli müqavilənin onun tərəfindən imzalanmaması barədə cavabdehin dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, birincisi, iddiaçı müqavilənin bağlandığı dövrdə restoran işlətməsi, həmin restoranda iddiaçının mallarını satmasını, yəni tərəflər arasında faktiki müqavilə münasibətlərinin olmasını inkar etmir. İkncisi, işə apellyasiya instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında cavabdeh müqavilənin onun işçisi (administrator) tərəfindən imzalanması faktını təsdiq etmişdir. Bundan əlavə iddiaçı tərəfindən təyinat olaraq mübahisəli müqaviləyə istinad edilməklə cavabdehin bank hesabına 1694,92 manat məbləğində ödəniş edilməsi işin mübahisəli halını təşkil edir. Göstərilən hallar isə məcmu halında ona dəlalət edir ki, mübahisəli müqavilənin cavabdeh tərəfindən imzalanmaması ehtimal edilsə belə, cavabdehin həmin müqavilənin imzalanmasına dair məlumatı və razılığı olmuşdur. Belə olan halda mübahisəli müqavilə həqiqətən də cavabdehin səlahiyyəti olmayan işçisi tərəfindən imzalansa belə Mülki Məcəllənin 358-ci maddəsinin tələblərinə əsasən etibarlı hesab edilməlidir.

28. Bununla yanaşı o da qeyd edilməlidir ki, iddiaçı tərəfindən cavabdehə mübahisəli müqavilə üzrə 1694,92 manat məbləğində pul vəsaiti qabaqcadan ödənildiyi halda cavabdeh həmin ödənişin müqabilində müqavilə üzrə iddiaçıya malların satışının təşkil edilməsinə dair xidmət göstərməsini, müqavilədə nəzərdə tutulduğu kimi 6000 kasset mal satmağını və ümumiyyətlə müqavilə üzrə öhdəliklərini icra etməsini sübuta yetirə bilməmişdir. Digər tərəfdən hər iki tərəf hazırda aralarında hər hansı müqavilə münasibətlərinini olmamasını, yəni mübahisəli müqavilə üzrə münasibətlərə xitam verilməsini təsdiq etmişlər.

29. Göründüyü kimi cavabdeh sonradan qalxmış əsasa görə (xitam verilmiş müqaviləyə əsasən) 1694,92 manat məbləğində pul vəsaitini əldə etmiş, bununla əsassız varlanmışdır. Odur ki, iddiaçı əsassız varlanma qaydalarına əsasən 1694,92 manat məbləğində pul vəsaitinin qaytarılmasını tələb etməkdə haqlıdır.

30. Beləliklə, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1139/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar