Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-749/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-796/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 MMC cavabdeh "xxxx"xxxx"xxxx" ASC-dən Azərmaş MMC-nin xeyrinə 4610 manat məbləğində sığorta ödənişi, gecikdirilmiş sığorta ödənişi məbləğinin gündəlik 0,1 faizi olmaqla hesablanmış 553 manat məbləğində dəbbə pulu, mediasiya xidməti üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun, cəmi 5263 manat pul vəsaitinin iddaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-796/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 4110 manat (dörd min yüz on) məbləğində sığorta ödənişi və 250 (iki yüz əlli) manat məbləğində dəbbə pulu, cəmi 4360 (dörd min üç yüz altmış) manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 MMC-yə ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, PMİ 014648 nömrəli sığorta şəhadətnaməsinə əsasən İddiaçı1 MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli avtomobil sığortalı X8 tərəfindən nəqliyyat vasitələrinin tam sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. "xxxx"xxxx"xxxx" ASC arasında bağlanmış sığorta portfelinin ötürülməsinə dair müqaviləyə əsasən “sözügedən sığorta şəhadətnaməsi üzrə sığortaçının hüquq və vəzifələri xx.xx.2021-ci il tarixdən etibarən "xxxx"xxxx"xxxx" ASC-yə ötürülmüşdür. xx.xx.2021-ci il tarixdə - sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddətdə “Khazar LX” minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü X9 tərəfindən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə həmin avtomobilə maddi zərər dəymişdir. Sığorta şəhadətnaməsi üzrə faydalanan şəxs İddiaçı1 MMC tərəfindən sığorta ödənişin ödənilməsinə dair tələblə "xxxx"xxxx"xxxx" ASC hadisə barədə sığortaçıya və dövlət orqanına vaxtında məlumat verilmədiyini, nəticədə sığortaçının sığorta hadisəsinin olub-olmamasını müəyyən etmək imkanından məhrum olduğunu əsas göstərməklə sığorta ödənişi verməkdən imtina etmişdir. İddiaçı bildirir ki, hadisədən 2 gün sonra polis tərəfindən onlara məlumat verildikdən sonra faydalanan şəxs kimi İddiaçı1 MMC Rəvan Sığorta şirkətinə telefonla sığorta hadisəsi barədə məlumat verilmişdir. Tərtib edilmiş protokoldan da göründüyü kimi avtomobili etibarnamə əsasında idarə edən X7 İXM-nin 327, 327.6-cı maddələrində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməklə 100 manat cərimə edilmişdir. "xxxx" ASCyə ********** nömrəsindən hadisə barədə məlumat alan kimi ********** (Eyvaz) nömrəsilə əlaqə saxlanmış və məlumat verilmişdir. Hadisə barədə onlar 3 gün sonra xəbər tutmuşlar və 3-cü gün də Sığorta Şirkətinə məlumat vermişlər. "xxxx" ASC-nin nümayəndəsi sığorta portfelinin ötürülməsi barədə onlara heç bir məlumat vermədən sığorta hadisəsi olmasını qeydiyyata aldığını söyləmiş və tez bir zamanda əlaqə saxlanacağını bildirmişdir. Bir müddət sonra yenidən əlaqə saxlandıqdan Sığorta Şirkətinin portfelnin "xxxx" ASC-yə keçdiyini və onlarla əlaqə saxlanılmasını tövsiyə etmişlər. xx.xx.2021-ci il tarixdə X8 tərəfindən cavabdehə yazılı müraciət edilmiş və iyul ayında həmin şəxsə sığorta ödənişindən imtina barədə məktub göndərilmişdir. İmtinaya əsas kimi isə sığorta hadisəsi barədə sığortaçıya gec məlumat verilməsi olmuşdur. Lakin, "xxxx" ASC ilə bağlanmış müqaviləyə və qaydalara əsasən sığorta olunan sığorta hadisəsi olduğu zaman bildiyi vaxtdan 3 gün ərzində sığorta edənə məlumat verməlidir. Hadisə olan zaman İddiaçı1 MMC-nin sığorta hadisəsindən xəbəri olduğu vaxtdan dərhal sığorta hadisəsi olduğu vaxtdan 2 gün ərzində "xxxx" ASC-yə telefonla məlumat verilmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, xx.xx.2021-ci il tarixdə həmin avtomobilin yol nəqliyyat hadisəsinə uğraması barədə şirkətlərinə məlumat daxil olmuş və məsələ dərhal araşdırılmağa başlanılmışdır. Yasamal rayon DYPŞ tərəfindən tərtib edilən inzibati tənbeh vermə haqqında qərarda hadisənin xx.xx.2021-ci ildə baş verdiyi təsdiqini tapmışdır. İddiaçı qanunvericiliyin tələblərinə sığortalının vəzifələrinə aid olan hissəsində məhəl qoymadan 31 may 2021-ci il tarixli sığorta ödənişinin verilməsi tələbi ilə sığortaçıya rəsmi müraciət məktubu ünvanlamışdır. İddiaçıya sığorta ödənişinin verilməsindən imtinanın səbəbləri qanunvericiliyin tələbləri barədə məlumatlandırılaraq, aydın şəkildə xx.xx.2021-ci il tarixli rəsmi cavab məktubu ilə izah edilmişdir. Beləliklə, iddiaçının ərizəsində irəli sürdüyü faktlara dair heç bir sübut ortaya qoymadığını, hüquqi əsaslandırma üçün müraciət etdiyi Mülki Məcəllənin maddələrinə isə özünün əməl etmədiyi müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. Həmin Məcəllənin 934.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Hazırki işdə də həmin maddələrin dispozitiv şərtləri mövcuddur və iddiaçı sığorta ödənişinin verilməsini tələb etməkdə haqlıdır. Belə ki, mübahisənin düzgün həlli baxımından ilk növbədə müəyyən olunmalı mübahisəli hal sığortalı (və ya sığorta olunan və ya faydalanan şəxs) tərəfindən yol nəqliyyat hadisəsi barədə sığortaçıya və dövlət orqanına qanunla müəyyən edilmiş müddətdə məlumat verilib-verilməməsindən ibarətdir. Mülki Məcəllənin 923-cü maddəsinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir (923.1). Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır (923.2). Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir (923.3). Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir (923.4). Həmin Məcəllənin 935.1.1-ci maddəsinə görə isə bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olubolmamasını müəyyənləşdirmək imkanından məhrum olduğu halda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Bununla bağlı kollegiya qeyd edir ki, yol nəqliyyat hadisəsinin baş verdiyi tarixə – xx.xx.2021-ci il tarixə sığorta şəhadətnaməsi üzrə sığortaçının hüquq və vəzifələri ləğv prosesində olan "xxxx" ASC (ötürən sığortaçı) və "xxxx" ASC (qəbul edən sığortaçı) arasında bağlanmış sığorta portfelinin ötürülməsinə dair müqaviləyə və təhvil-təslim aktına əsasən "xxxx" ASC-yə ötürülsə də, həmin müqavilə barədə sığorta müqaviləsinin digər tərəflərinə (sığortalı, sığorta olunan və faydalanan şəxsə) məlumat verilməmişdir. Çünki həmin halı təsdiq edən sübutlar cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Hazırki apellyasiya baxışı zamanı cavabdeh tərəfindən təqdim edilən "xxxx" ASC ilə X8 arasında bağlanmış və hazırda qüvvədə olan müqavilələrin "xxxx" ASC-yə ötürülməsi barədə X6 ünvanlanan bildirişin kserosurəti isə sübut kimi qəbul edilə bilməz. Belə ki, əvvəla Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Bundan əlavə həmin Məcəllənin 372.2ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh qeyd olunan maddənin tələblərinə riayət etməmişdir. Ona görə də, kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara və təqdim olunmuş sübutlara əsaslanır. Mülki Məcəllənin 195-ci maddəsinin tələblərinə görə isə tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər. Kollegiya qeyd edir ki, hazırkı halda hadisənin baş verdiyi tarixə sığortalının (sığorta olunan və ya faydalanan şəxs) tələbin güzəşti barədə barədə məlumatlı olması iş materialları ilə öz təsdiqini tapmadığından sığortalı (sığorta olunan və ya faydalanan şəxs) sığorta hadisəsi barədə sığortaçıya məlumat vermək öhdəliyini tələbin ilk sahibinə "xxxx" ASC-yə münasibətdə icra etməkdə haqlı idi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 verdiyi ifadədən isə müəyyən edilir ki, sığortalanmış avtomobilin sürücüsü yol nəqliyyat hadisəsi barədə sığortalı B.Əliyevə hadisənin baş verdiyi gün məlumat vermədiyindən, hadisə barədə biriki gün sonra xəbər tutmuş və məlumatı əldə etdikdən dərhal sonra "xxxx" ASC-nin nümayəndəsi ilə telefonla əlaqə saxlamışdır. Bundan əlavə iş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən əldə edilmiş xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə (sığortalı və sığorta olunan X4 (822794 nömrəli xx.xx.2019-cu il tarixli - 10 illik) etibarnamə ilə nümayəndəsi X3 məxsus) ***-***-**-** telefon nömrəsindən çıxan və həmin nömrəyə gələn zənglərin siyahısı ilə təsdiq edilir ki, xx.xx.2021-ci il tarixdə (saat 18:30:11); xx.xx.2021-ci il tarixdə (saat 11:54:11); xx.xx.2021-ci il tarixdə (saat 18:16:45), xx.xx.2021-ci il tarixdə (saat 15:02:17-də) ***-***-**-** telefon nömrəsi ilə "xxxx" ASC-nin istifadəsində olan (077)303- 88-22 mobil nömrəsi ilə telefon danışıqları olmuşdur. Göründüyü kimi sığortalı B.Əliyevin nümayəndəsi Qafqaz Məmmədovun istifadəsində olan mobil nömrədən ilk dəfə yol nəqliyyat hadisəsindən bir gün sonra xx.xx.2021-ci il tarixdə olmaqla dəfələrlə "xxxx" ASC-nin nümayəndəsi ilə (mobil nömrə ***-***-**-**) əlaqə saxlanılmışdır. Göründüyü kimi, sığortalının nümayəndəsi xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi barədə xəbər tutduqdan sonra qısa müddət ərzində hadisənin baş verdiyi tarixdən növbəti gün hadisə barədə sığortaçıya məlumat vermişdir. Bundan əlavə kollegiya qeyd edir ki, sığortalının (sığorta olunan və ya faydalanan şəxsin) sığorta hadisəsi barədə vaxtında sığortaçını məlumatlandırmamasını ehtimal etsək belə, Mülki Məcəllənin 923.3-ci maddəsinin tələbləri baxımından sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməli idi. Səlahiyyətli dövlət orqanına qanunla müəyyən edilmiş müddətdə məlumat verilibverilməsi məsələsi ilə bağlı birinci instansiya məhkəməsi də düzgün olaraq qeyd etmişdir ki, sığorta hadisəsi baş verən gün (xx.xx.2021-ci il tarixdə) sığorta predmeti olan **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bəzi hissələri zədəli halda evakuatorla (Yasamal rayonu ərazisində yerləşən) müvafiq icra hakimiyyətinin (DİN DYP) nəzdində fəaliyyət göstərən duracağa gətirilmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi əsasnaməyə əsasən banı zədələnmiş vəziyyətdə saxlanca təhvil verilən nəqliyyat vasitəsinin sahibindən DYP-nin arayışı tələb edilir). Göstərilən hal şahid ifadələri, eləcə də iş materiallarında olan avtonəqliyyat saxlanılma qəbulu barədə aktla öz təsdiqini tapır. Sonuncu sənədə münasibətdə məhkəmə onu qeyd etmişdir ki, həmin sənəd məhkəmə baxışı mərhələsində təqdim edilsə də, avtomobilin yol nəqliyyat hadisəsinin baş verdiyi gün duracağa gətirilməsi baxış iclasında şahid Q.Məmmədov dindirildikdən sonra məlum olduğundan, yəni həmin sübutun təqdim edilməsi üçün əsaslar baxış iclasında əmələ gəldiyindən məhkəmə MPMin 78.2-ci maddəsinə əsasən həmin sənədi sübut qismində qəbul edir. Həmin sübutun “Elektron məhkəmə” informasiya sisteminə daxil edilmədiyi və Mülki Prosessual Məcəllənin 78.1-1-ci maddəsinin tələblərinin pozulması ilə bağlı cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, həmin aktə 18 may 2022-ci il tarixdə elektron qaydad sistemə daxil edilmişdir. Beləliklə, sığorta predmeti olan avtomobilin hadisə baş verdikdən dərhal sonra DİN-in duracağına gətirilməsi belə qənaətə gəlməyə əsas verir ki, səlahiyyətli dövlət orqanı hadisə barədə hadisənin baş verdiyi gün məlumatlı olmuşdur. Göründüyü kimi sığortalı (və ya sığorta olunan və ya faydalanan şəxs) tərəfindən yol nəqliyyat hadisəsi barədə sığortaçıya və dövlət orqanına qanunla müəyyən edilmiş müddətdə məlumat verilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin sığorta ödənişini verməkdən imtinası əsassız olub və faydalanan şəxs kimi iddiaçı həmin ödənişin ödənilməsini tələb etməkdə tam haqlıdır. Sığorta ödənişinin məbləği isə aşağıdakı qaydada müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 13 nömrəli xx.xx.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən “Khazar LX” minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli avtomobilinin ehtiyat hissələrinə tələb olunan xərc 2740 manat, digər xərclər 1870 manat olmaqla ümumilikdə avtomobilə dəymiş zərərin 4610 manat təşkil etməsi müəyyən edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin şərtsiz azadolma məbləği çıxılmaqla 4110 manat məbləğində sığorta ödənişinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə düzgündür. Dəbbə pulunun tutulmasına dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 934.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İddiaçı da həmin maddəyə əsasən hesablanmış 553 manat məbləğində dəbbə pulunun tutulması tələbini irəli sürmüşdür. Bununla belə birinci instansiya məhkəməsi tərəfindən həmin məbləğ Mülki Məcəllənin 467-ci maddəsinə istinad edilməklə 250 manat məbləğinə qədər azaldılmış (halbuki Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına görə qanunla müəyyən edilmiş dəbbə pulu azaldıla bilməz), iddiaçı tərəfindən isə qətnamədən apellyasiya şikayəti verilməmişdir. Ona görə də, dəbbə pulunu ödənilməsi barədə tələblərin təmin edilmədiyi hissə hazırkı apellyasiya baxışının predmetini təşkil etmir. Həmin tələblərin təmin edildiyi hissədə isə iddia əsaslıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-796/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-749/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-749/2022
13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver