Məhkəmə qərarları › İş №2-2(103)-749/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-749/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-749/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(113)- 1336/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçıya vurulan maddi ziyana görə 15000 manat pul və 135 manat ödədiyi dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1336/2025 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(113)- 1336/2025 saylı qərardadından iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə şikayət verilmiş və Bakı Kommersiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, e-2-2(113)-1336/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(113)- 1336/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.

4. Bakı Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(113)- 1336/2025 saylı qərardadından iddiaçı tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilmiş, şikayətə həmçinin şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilərək, ötürülmüş müddətin bərpa edilməsi və şikayətin təmin edilməsi xahiş edilmişdir.

5. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya vurulan maddi ziyana görə 15000 manat pul və 135 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəmsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı Komersiya Məhkəməsinin qərarı qanunsuz və əsassız hesab edilir. Belə ki, məhkəmənin istinad etdiyi norma, yəni Mülki Prosesual Məcəllənin 261.0.1-ci maddəsinə əsaslanmaq mülki qanuinvericiliyin normalarını pozmaqdır. Belə ki, Mülki Prosesual Məcəllənin 39.3 və 40.4cü maddələrinə əsasən müstəsna aidiyyətdə daşımacılıqla əlaqədar olaraq bağlanmış muqavilənin hansı halda tətbiq olunması göstərilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh təşkilatın hüquqi ünvanı Azərbaycan Respublikasıdır. Çünki cavabdeh tərəfin məhkəmədə dəfələrlə istinad etdiyi internet səhifəsində Türkiyə Respublikasında heç bir hüquqi ünvanı və ya hər hansı işləmək icazəsi göstərilməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1336/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddət üzrlü hesab edilmiş, 02 aprel 2025-ci il tarixli, e-2-2(113)-1336/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Apellyasiya şikayətinə etiraz

7. Cavabdeh MMC-nin qanuni nümayəndəsi AZEMİS elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə məhkəməyə yazılı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

8. Maddə 40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır.

9. Maddə 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər.

10. Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. Bu Məcəllədə göstərilən hallarda; 395.1.2. Məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.

11. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

12. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

Məhkəmənin mövqeyi

13. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

14. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(113)- 1336/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat hüququ təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur.

16. Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmiş, həmin Məcəllənin 39-cü maddəsi ilə isə mübahisə üçün müstəsna aidiyyət müəyyən edilmişdir.

17. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən yüklərin, sərnişinlərin və ya baqajın daşınma müqavilələrindən əmələ gələn yük daşıyanlara qarşı iddialar nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.4-cü maddəsinə əsasən Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, müstəsna aidiyyətlə bağlı qeyd edilən normada yük daşıyanlara qarşı iddialar müəyyən edilmişdir.

19. Hazıki icraatda isə xx.xx.2024-cü il tarixli daşıma müqaviləsindən əmələ gələn üzrə nəqliyyat təşkilatı idarəsinə qarşı mübahisəyə baxılır.

20. Belə olan halda birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının tələbinin əsasını təşkil edən xx.xx.2024-cü il tarixli daşıma müqaviləsinin 8-ci maddəsinə istinad edərək iş üzrə icraata xitam verməkdə düzgün nəticəyə gəlmişdir.

21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(113)-1336/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(113)-1336/2025 nömrəli tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar