Məhkəmə qərarları › İş №2-2(103)-751/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-751/2024

11.09.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-751/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvinin Mikayıl oğlunun katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3642/2024 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin borcu mövcuddur. Hüquqi şəxs haqqında məlumatla təsdiq edilir ki, hüquqi şəxsin rəhbəri xx xxxxxxx 1977-ci il tarixdə Azərbaycan Respublikası, Balakən rayonunda doğulmuş (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) Maraqlı şəxsdur.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli **********942300, xx.xx.2023-cü il tarixli **********922300, xx.xx.2023-cü il tarixli **********481100, xx.xx.2023-cü il tarixli ******************.02.2019-cu il tarixli **********708900 nömrəli bildirişlərlə hüquqi şəxsə müraciət edərək borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat

3.Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan ümumilikdə 114,43 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2024,73 manat, İşsizlikdən Sığorta Fonduna olan 78,37 manat, İcbari Tibbi Sığorta Fonduna olan 313,18 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix - xx xxxxxxx 1977-ci il, doğulduğu yer – Azərbaycan Respublikası, Balakən rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan “Şərq Tərcümə“ Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 114,43 manat məbləğində (o cümlədən, vergilər üzrə 110,3 manat, faizlər üzrə 4,13 manat), İcbari Tibbi Sığorta Fonduna 313,18 manat, Dövlət Sosial Müdafiə Fonduna 1959,15 manat, İşsizlikdən Sığorta Fonduna 78,37 manat, Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 65,58 manat olmaqla, ümumilikdə 2530,71 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********942300, xx.xx.2023-cü il tarixli **********922300, xx.xx.2023-cü il tarixli **********481100, xx.xx.2023-cü il tarixli ******************.02.2019-cu il tarixli **********708900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Yuxarıda qeyd olunan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 114,43 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2024,73 manat, İşsizlikdən Sığorta Fonduna olan 78,37 manat, İcbari Tibbi Sığorta Fonduna olan 313,18 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3642/2024 nömrəli qətnaməsi ilə ərizə qismən təmin edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 114,43 manat, Dövlət Sosial Müdafiə Fonduna 1959,15 manat, İşsizlikdən Sığorta Fonduna 78,37 manat, İcbari Tibbi Sığorta Fonduna 313,18 manat olmaqla, ümumilikdə 2465,13 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə icra orqanının rəhbəri, xx xxxxxxx 1977-ci il tarixdə Azərbaycan Respublikası, Balakən rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmışdır.

6. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixə borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən həmin hüquqi şəxsə borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində həmin borc ödənilməmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərmişdir. Borc məbləği ödənilmədiyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

7. Məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizə qismən təmin edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixə olan borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Vergi ödəyicisi olan fiziki şəxs kimi Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna borcu 34,51 manat təşkil etdiyindən və həmin məbləğ şəxsin qeyd olunan hüququnun məhdudlaşdırılmasına mütənasib olmadığından həmin borca görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair hissədə ərizə təmin olunmamalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

8. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək ərizənin təmin edilməmiş hissədə ləğv edilərək tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsində vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi üçün hər hansı məbləğ həddi müəyyən olunmamışdır. Bu nöqteyi-nəzərdən məhkəmə vergi ödəyicisi olan fiziki şəxs kimi Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna olan 34,51 manat məbləğində təşkil edən borcunun şəxsin qeyd olunan hüququnun məhdudlaşdırılmasına mütənasib olmadığından ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair hissədə ərizəni təmin etməyərək maddi hüquq normasının pozuntusuna yol vermişdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə edilmiş ərizə üzrə tələb ümumidir. Belə ki, Maraqlı şəxs həm hüquqi şəxsin icra orqanının rəhbəri, həm də fiziki şəxs kimi vergi orqanında vergi ödəyicisi qismində qeydiyyatda olduğundan müraciət üzrə tələbə ayrıayrılıqda baxılmamalıdır. Maraqlı şəxs həm öz borcunun, həm də hüquqi şəxsin borcunun ödənilməsində cavabdeh olduğuna görə borca vahid borc kimi yanaşılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanmaddi hüquq normaları məhkəmə tərəfindən nəzərə alınmamış, tətbiq edilməli olduğu halda tətbiq edilməmiş, nəticədə ərizə qismən təmin edilmişdir. Şəxsi hesab vərəqəsindən göründüyü kimi, vergi ödəyicisinin dövlət büdcəsinə və müvafiq fondlara borcu tam şəkildə ödənilməmiş, məhkəməyə müraciət edilmiş ərizə üzrə xx.xx.2024-cü il tarixə 2530.71 manat ödənilməmiş borcu qalmaqdadır. Məhkəmə qərar qəbul edərkən qeyd edilən halları nəzərə almamış, subyektiv yanaşma sərgiləmiş, işin obyektiv araşdırılması üçün üzərinə düşən vəzifəni yerinə yetirməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq (elektron kabinetlərinə bildiriş yerləşdirilməklə) məhkəmə iclasında iştirakı etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

11. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 73-cü maddəsinin İ bəndi- qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddənin 3-cü bəndi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddənin 2-ci hissəsi- insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: – 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. – 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddə - vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifəsidir. 77.3-cü maddə - vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddə - vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə - vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-7.3-cü maddə-işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 372.7-ci maddə-apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

12. Qətnamənin əsaslılığı ərizəçi tərəfindən mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

13. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3642/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək ərizə təmin edilməlidir.

14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan ümumilikdə 114,43 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2024,73 manat, İşsizlikdən Sığorta Fonduna olan 78,37 manat, İcbari Tibbi Sığorta Fonduna olan 313,18 manat məbləğində ödənilməmiş borcu olduğu üçün vergi orqanı hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

15. Birinci instansiya məhkəməsi borcun məbləğinə münasibətdə ərizəni qismən təmin edərək icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul etmişlər.

16. Məhkəmə qətnaməsində maddi hüquq normalarına düzgün istinad etsə də, ərizəni qismən təmin etməklə MPM-nin 355-7.3-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, həmin normada nəzərdə tutulur ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələr məhkəmə tərəfindən ya rədd olunmalı, ya da təmin edilməlidir. Belə ki, bu ərizələrdə yalnız bir tələb irəli sürüldüyündən və həmin tələb tələb bölünməz və kəmiyyət ifadə etməyən tələb olduğundan məhkəmə həmin tələbi təmin etdiyi halda ərizənin məzmununda qeyd edilmiş borcların məbləğinə münasibətdə ərizənin qismən təmin edilməsi barədə qətnamə qəbul edə bilməz. Apellyasiya şikayətində qətnamənin ərizənin təmin edilmədiyi hissədə ləğv edilməsi xahiş olunsa da, qeyd edildiyi kimi, məhkəmə prosessual pozuntuya yol verməklə qətnamə qəbul etdiyindən məhkəmə MPM-nin 372.7-ci maddəsini rəhbər tutaraq hesab edir ki, qətnamə tam ləğv edilməklə iş üzrə ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

17. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3642/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək ərizə təmin edilməlidir.

18. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Ərizə təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 114,43 manat, Dövlət Sosial Müdafiə Fonduna 1959,15 manat, İşsizlikdən Sığorta Fonduna 78,37 manat, İcbari Tibbi Sığorta Fonduna 313,18 manat olmaqla, ümumilikdə 2465,13 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə icra orqanının rəhbəri, xx xxxxxxx 1977-ci il tarixdə Azərbaycan Respublikası, Balakən rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. Maraqlı şəxs 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar