Məhkəmə qərarları › İş №2-2(103)-752/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-752/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-752/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1731/2022 nömrəli iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. xx.xx.2021-ci il tarixli 01/21-ŞAG nömrəli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh (satıcı) “Qiymətin razılaşdırılması protokolu” adlı əlavədə göstərilmiş malı iddiaçıya (alıcı) satmağı, iddiaçı isə malı qəbul edib dəyərini razılaşdırılmış qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin: - 1.2-ci bəndinə əsasən, müqavilənin müddəti 2021 və 2022-ci illər üçün, xx.xx.2022-ci ilədək müəyyən edilmişdir; - 1.3-cü bəndinə görə, malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri müqavilə üzrə aynlmaz tərkib hissə olan “Qiymətin razılaşdırılması protokolu” adlanan Əlavə-1 ilə müəyyən olunur; - 3.2.1-ci bəndinə əsasən, malı Müqavilənin 4.1-ci maddəsində müəyyən edilmiş müddətdə alıcının mülkiyyətinə vermək satıcının vəzifəsidir; - 3.4.1-ci bəndinə görə, əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək alıcının vəzifəsidir; - 4.2-cü bəndinə əsasən, satıcı malın təhvil verilməsi ilə birlikdə elektron qaimələri, hesab-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir; - 4.3-cü bəndinə görə, malın təhvil verilməsinin və alıcıya çatdırılmasının gecikdirilməsi halında satıcı alıcıya hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin 0,01%-i miqdarında cərimə ödəməlidir.

2. xx.xx.2021-ci il tarixli ********* nömrəli alış orderinə əsasən bir vahidin qiyməti 0,95 manat (ƏDV daxil 1,12 manat) olan ümumi məbləği (6.825,60 manat ƏDV daxil) 44.745,60 manat olan 40.000 ədəd köşəbəndlə (plastik, 40 mm x 40 mm x 2.000 mm) bağlı təklif qəbul edilmiş və həmin malların sifarişi təsdiq edilmişdir.

3. xx.xx.2021-ci il tarixli 01/21-ŞAG nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə olan xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən bir vahidin qiyməti 0,95 manat olan 40.000 ədəd köşəbəndin (plastik, 40 mm x 40 mm x 2000 mm) ümumi qiyməti (6.825,60 manat ƏDV daxil) 44.745,60 manat təşkil edir. Həmin əlavənin 4cü bəndinə əsasən, bu əlavə üzrə müvafiq mallar tam təhvil verildikdən sonra elektronqaimə faktura təqdim edilir, 6-cı bəndinə görə, malların çatdırılma müddəti və qaydası xx.xx.2021-ci il tarixədək 3.000 ədəd, növbəti çatdırılma hər beş gün ərzində 10.000 ədəd müəyyən olunmuşdur.

4. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən, iddiaçı tərəfindən cavabdehin bank hesabına xx.xx.2021-ci il tarixli 011-012/2021 nömrəli hesab-fakturalara əsasən 7.584 manat məbləğdə pul köçürülmüşdür.

5. xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə görə, iddiaçının ƏDV sub-uçot hesabından cavabdehə xx.xx.2021-ci il tarixli N 011-012/2021 nömrəli hesab-fakturalara əsasən 1.365,12 manat məbləğdə pul köçürülmüşdür.

6. xx.xx.2021-ci il tarixli ********* nömrəli alış orderinə əsasən, bir vahidin qiyməti 1,11 manat olan ümumi məbləği 16.650 manatlıq 15.000 ədəd plastik köşəbənd 2 m və bir vahidin qiyməti 1,17 manat olan ümumi məbləği 11.193,39 manat olan 9.567 ədəd plastik köşəbənd 2.2 m (cəmi 27.843,39 manat) ilə bağlı təklif qəbul edilmiş və həmin malların sifarişi təsdiq edilmişdir.

7. xx.xx.2021-ci il tarixli ********* nömrəli alış orderinə əsasən, bir vahidin qiyməti 1,11 manat olan ümumi məbləği 618,27 manat olan 557 ədəd plastik köşəbənd 2 m ilə bağlı təklif qəbul edilmiş və həmin malların sifarişi təsdiq edilmişdir.

8. X1 ilə alıcı İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli AQRO-40- 11/21 nömrəli alqı-satqı müqaviləsinə görə, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan “X4”nda göstərilən tərkibdə və həcmdə malları alıcıya satmağı, alıcı isə malın müqabilində protokolda göstərilən qiyməti ödəməyi öhdəsinə götürmüşdür.

9. xx.xx.2021-ci il tarixli müqaviləyə 1 nömrəli əlavə olan xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən, bir vahidin qiyməti 1,11 manat olan 15.557 ədəd plastik köşəbənd 2 m ümumi məbləği 17.268,27 manat və bir vahidin qiyməti 1,17 manat olan 9.567 ədəd plastik köşəbənd 2.2 m ümumi məbləği 11.193,39 manat olmaqla, cəmi məbləğ 28.461,66 manat təşkil edir.

10. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən, xx.xx.2021-ci il tarixli müqavilə üzrə bir vahidin qiyməti 1,11 manat olan 15.557 ədəd plastik köşəbənd 2 m ümumi məbləği 17.268,27 manat və bir vahidin qiyməti 1,17 manat olan 9.567 ədəd plastik köşəbənd 2.2 m ümumi məbləği 11.193,39 manat olmaqla, cəmi məbləğ 28.461,66 manat məbləğdə mallar E.Məhərrəmov tərəfindən təvhil verilmiş və İddiaçı MMC tərəfindən təhvil alınmışdır

11. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına görə, İddiaçı MMC tərəfindən E.Məhərrəmovun bank hesabına qaimə-fakturaya əsasən 28.461,66 manat məbləğdə pul vəsaiti köçürülmüşdür.

12. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01/21-ŞAG nömrəli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə xx.xx.2021-ci il tarixli protokola görə, xx.xx.2021-ci il tarixdə ümumi məbləği ƏDV daxil 37.920 manat olan 40.000 ədəd köşəbəndin satılması üçün bağlanmış müqavilənin 1 nömrəli Əlavəsi əsasında 8.000 ədəd köşəbənd üçün avans olaraq 7.584 manat ödəniş həyata keçirilmiş, Müqavilənin 1 nömrəli Əlavəsinin 3-cü bəndinin şərtinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə 3.000 ədəd, növbəti hər 5 gün ərzində 10.000 ədəd çatdırılmalı olmasına baxmayaraq, cəmi 5.893 ədəd köşəbənd təhvil verilmişdir. Əlavə olaraq 2.107 ədəd təhvil verilməli idi. Satıcı vergi orqanının 2020-ci ilin əməliyyatlarına görə şirkətlərinə tətbiq etdiyi maliyyə sanksiyasına görə bank hesabları və ƏDV depozit hesabları dondurulduğundan xammal alışı, satışı, idxal və s. əməliyyatların hazırda qeyri-mümkünv olması, istehsallarının xammal olmadığına görə demək olar ki, fəaliyyət göstərmədiklərini, öhdəlik götürdükləri köşəbəndləri bu səbəbdən təmin edə bilmədiyini göstərmişdir. Alıcı satıcının ixtisaslaşmış şirkət kimi müqavilə bağlayarkən və öhdəliyin yerinə yetiriləcəyi müddəti göstərərkən qeyd olunan riskləri müqavilədə nəzərə almalı olmasını, bu risklərin dairəsinə daxil olan halların (öhdəliklərin) icra edilmədiyi bütün hallar üçün həmin öhdəlikləri verən şəxs kimi cavabdeh olmasını, satıcının öz öhdəliklərini vaxtında icra etmədiyinə görə alıcı həmin malları başqa şəxsdən almaq məcburiyyətində qalması və zərər çəkdiyi göstərilmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.016,4 manat əsas borc, və 362,95 manat ƏDV, 170,03 manat cərimə, 4.644,02 manat məbləğdə zərərin, ödənilmiş 110 manat məbləğdə dövlət rüsumu olmaqla, ümumilikdə 7.293,4 manat məbləğdə pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsilə iddia qismən təmin edilmiş, cavabdehdən 2.016,4 manat məbləğdə əsas borcun, 362,95 manat ƏDV borcunun, 100 manat məbləğdə dəbbə pulunun, cəmi 2.479,35 manat məbləğdə pul vəsaitinin və məhkəmə xərclərinin əvəzi olaraq 60 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

15. Qətnamənin əsaslarına görə, “Qabaqcadan ödənilmiş pulun qaytarılmasına dair iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinə əsasən təqdim edilməli mallara görə 2.016,40 manat əsas və 362,95 manat ƏDV məbləği İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qabaqcadan ödənilsə də, həmin pulun müqabilində müvafiq malların iddiaçıya təqdim edilmədiyindən iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən malın qiyməti olaraq qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdir. Odur ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2.016,40 manat məbləğində əsas məbləğ və 362,95 manat ƏDV tutulmalıdır. ... Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. ... ... tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq satıcının (Agropack” MMC) ödəməli olduğu ƏDV-nin də daxil edildiyi qiyməti ödəmək öhdəliyi alıcıya (İddiaçı MMC-ya) aid edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı MMC-yə maddi zərərin dəyib-dəyməməsi faktı araşdırılarkən sonuncunun Cavabdeh MMC-yə ödəməli olduğu ƏDV daxil qiymət ilə X2 ödədiyi qiymət müqayisə edilməlidir. Hazırkı halda iddiaçı cavabdehdən ƏDV daxil 1,12 manat qiymətə alması barədə razılığa gəldiyi malı 1,11 manata, yəni daha aşağı qiymətə digər şəxsdən aldığından iddiaçıya hər hansı məbləğdə maddi zərərin dəyməsi müəyyən edilmir”

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.7, 447.1, 447.7, 567, 599.3, 645.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir.

18. Şikayətin dəlillərinə görə, məhkəmənin cərimə ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Məhkəmənin tənasübsüz sürətdə yüksək dəbbə pulunu azaltmaq hüququ olmasına baxmayaraq, hesab edir ki, 170 AZN cərimə iş üzrə elə də yeksək cərimə hesab edilə bilməz. Eyni zamanda, cərimənin məbləği müqavilə üzrə hesablandığı üçün məhkəmə həmin cəriməni azaltmaqla haqlı deyil və iddiaçının hüquqlarını pzomuş olur. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini açıq-aşkar pozmaqla iddiaçıya zərər vurmuşdur. Məhkəmənin maddi zərərlə bağlı gəldiyi nəticə də düzgün deyil. İddiaçı 4.644,02 manat zərərə düşməsini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə ödədiyi ƏDV məbləği iddiaçının şəxsi hesabında yığılan istifadəsi mümkün olmayan vəsaitlərdir və həmin vəsaitlər iddiaçının aktivində olan real pullar deyil, yalnız ƏDV-yə xərclənən pullardır. Zərər isə ondan ibarətdir ki, iddiaçı başqa şəxsdən aldığı mallara görə ödədiyi vəsaitlər iddiaçının cari pulları olmuşdur və iddiaçı real istifadədə olan pulları ödəmişdir. Yəni, cavabdehdən ƏDV daxil 1,12 manata aldığı malı (0,95 qəpik əsas məbləğ + 0,7 qəpik ƏDV hissəsi) iddiaçı digər şəxsdən 1,11 manata real pul hesabına almışdır. Bu o deməkdir ki, iddiaçı arada hər ədədə görə 0,6-0,12 qəpik görə pul itirmişdir. Əgər cavabdeh həmin məhsulları tam təhvil versəydi, iddiaçı ƏDV hesabından ödəyərək real puldan istifadə etməyəcəkdi. Bundan başqa, məhkəmə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə xx.xx.2021-ci il tarixli protokola münasibtədə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qeyd edir ki, protokolda cavabdehin öhdəliyin pozulması ilə bağlı iddiaçının mövqeyi ilə razılaşmasını təsdiq edən hər hansı bir qeyd edilməmişdir. Bu hissədə məhkəmə ilə razılaşmır, çünki cavabdeh həmin protokolu imzalamaqla və möhürləməklə həmin mövqeyi öz-özlüyündə təsdiq etmiş olur və iddiaçının mövqeyi ilə razılaşmasını avtomotik olaraq təsdiq edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi Vəkil şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir.

21. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər; Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 599.3 Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər; Maddə 645.1. Əgər satıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə alıcı müqavilədə nəzərdə tutulan malın əvəzinə başqa şəxsdən daha yüksək, lakin ağlabatan qiymətlə mal alarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini satıcıya qarşı irəli sürə bilər.

23. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, cavabdeh iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamə iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar aşkar olunmur, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

27. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli 01/21-ŞAG nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ilk partiyada verilməsi nəzərdə tutulan mallara - 8.000 ədəd köşəbəndə görə 7.584 manat əsas və 1.365,12 manat ƏDV məbləğini cavabdehə ödəmiş, cavabdeh isə müqavilə üzrə çatdırılma şərtlərini pozaraq, sifariş edilmiş malların təqdim edilməsi öhdəliyini lazımi şəkildə icra etməyərək, qabaqcadan ödənilmiş məbləğin 2.016,40 manat əsas və 362,95 manat ƏDV hissəsinin müqabilində malları iddiaçıya təqdim etməmişdir. Hazırda iddiaçı qabaqcadan ödənilmiş və müqabilində mal təqdim edilməmiş məbləğin qaytarılmasını, eləcə də dəbbə pulunun və müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edir.

28. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən aldığı ödəniş məbləği müqabilində malların verilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh iddiaçı qarşısında satılan əşyanın müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsinin icra edilməməsindən irəli gələn zərərin əvəzini ödəməlidir.

29. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

30. İlk olaraq, şikayətin məhkəmənin cərimə məbləğini tənasübsüz surətdə azaltması ilə bağlı dəlili əsaslı deyil. Belə ki, 2.016,40 manat məbləğdə əsas borca münasibətdə 100 manat məbləğdə cərimənin müəyyən edilməsi həm iddiaçının əmlak mənafeyi, həm də formalaşmış məhkəmə təcrübəsi baxımından qanuni və ədalətlidir.

31. Şikayətin maddi zərərin tutulması ilə bağlı dəlili də əsassızdır. Belə ki, iddiaçı ilə üçüncü şəxs E.Məhərrəmov arasında bağlanan alqı-satqı müqaviləsi üzrə alınacaq malların dəyəri bir ədədə münasibətdə 1,11 manat olmaqla, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin dəyərindən daha ucuzdur. Belə olan halda həmin hissədə iddiaçının hər hansı zərərə uğramasından söhbət gedə bilməz.

32. Üçüncü şəxslə müqavilə bağlanan zaman ƏDV məbləği yox, real pul məbləğindən istifadə edilməsi ilə bağlı dəlil də qeyri-müəyyən olmaqla, bu halın iddiaçıya hansı formada zərər vurmasını müəyyənləşdirməyə imkan vermir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən də əlavə dəyər vergisi (ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

33. İddiaçı ilə cavabdeh arasında bağlanmış üzləşmə protokolunun cavabdehin iddia tələbini qəbul etdiyini təsdiq edən sübut olması ilə bağlı dəlilə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən protokolda cavabdehin öhdəliyi lazımi qaydada icra edə bilmədiyi ilə bağlı ümumi ifadələr yer almış, hər hansı dəqiq zərər məbləği etiraf edilməmişdir. Belə ki, həmin protokolda cavabdeh müqavilə öhdəliyinin pozulması nəticəsində iddiaçıya 2.016,40 manat məbləğdə əsas və 362,95 manat ƏDV borcunun yaranması faktını təsdiq etmiş, eyni zamanda protokolda müqavilə üzrə öhdəliyin pozulması faktı ilə bağlı hər iki tərəfin fərqli mövqeləri göstərilmiş, lakin cavabdehin öhdəliyin pozulması ilə bağlı iddiaçının mövqeyi ilə razılaşmasını təsdiq edən hər hansı qeyd edilməmişdir. Odur ki, həmin protokolun cavabdehin iddiaçıya maddi zərərin dəyməsi faktını qəbul etməsini və bu zərəri ödəmək öhdəliyini üzərinə götürməsini təsdiq edən sübut kimi qiymətləndirməsi üçün əsas yoxdur.

34. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

35. Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1731/2022 nömrəli iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar