Məhkəmə qərarları › İş №2-2(103)-753/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-753/2023

28.09.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-753/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2-2(113)-3343/2023 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin halları ondan ibarətdir ki, vergi ödəyicisi olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) dövlət büdcəsinə olan 817,27 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 5987,68 manat, İşsizlikdən Sığorta Fonduna olan 184,57 manat, İcbari Tibbi Sığorta Fonduna olan 736,73 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AA*******) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 184,57 manat, dövlət büdcəsinə 817,27 manat məbləğində (o cümlədən vergilər üzrə 671,16 manat, faizlər üzrə 106,11 manat, maliyyə sanksiyası üzrə 40 manat), İcbari Tibbi Sığorta Fonduna 736,73 manat, Dövlət Sosial Müdafiə Fonduna 5987,68 manat olmaqla, ümumilikdə 7726,25 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********534700, xx.xx.2023-cü il tarixli **********257700, xx.xx.2022-ci il tarixli **********533000, xx.xx.2022-ci il tarixli **********535400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2-2(113)-3343/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.

5. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olmaqla yanaşı, maraqlı şəxsin qanunla qorunan mənafelərinə toxunur və ölkədən getmək hüquqlarımın məhdudlaşdırılması hüquqlarını kobud şəkildə pozur. Maraqlı şəxs pul qazanmaq və vergiyə olan borclarını ödəmək üçün yaxın xarici ölkələrə işgüzar səfərlər etməli və biznes imkanlarını araşdırmalıdır. Lakin Bakı Kommersiya Məhkəməsi qəbul etdiyi qətnamə ilə maraqlı şəxsin sahibkar kimi hərəkət azadlığını, pul qazanmaq imkanlarını məhdudlaşdırmış, eyni zamanda vergi borcunun ödənilməsini qarşısında şərt kimi qoyur. Həmçinin, məhkəmə iclasından bir gün əvvəl hakimə elektron qaydada məktub yazaraq xahiş etmişdir ki, səhhətində baş verən bəzi narahatlıqlara görə məhkəməyə gələ bilmədiyi üçün məhkəmə təxirə salınsın. Sözügedən məhkəmə qətnaməsində hakim Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə istinad etməklə ərizəçinin ərizəsini təmin etsə də, qətnamənin özü Konstitusiyanın 149-cu maddəsinin İİİ hissəsinin, Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsinin və 151-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İİ və İİİ hissələrinə, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununu 3.6-cı maddəsinə, AVROPA İnsan haqları Konvensiyaya dair 4 saylı protokolun 2-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə və BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Paktının 12-ci Maddəsinin müddəalarına ziddir və buna görə də ləğv edilməlidir

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ərizəçinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

11. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

12. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

13. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”.

14. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.

15. İnsan hüquqlarının və ə

16. sas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

17. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

18. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

19. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

20. Həmin Məcəllənin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

22. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

23. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsaslıdır.

27. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 884,40 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 5987,68 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 184,57 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 736,72 manat təşkil edir.

28. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur.

29. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli bildirişlərin surətindən, xx.xx.2023-cü il tarixli xəbərdarlıq haqqında məlumatdan görünür ki, "xxxx" MMC-dən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

30. Ərizəçinin təqdim etdiyi vegi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli bildirişlər, xx.xx.2023-cü il tarixli xəbərdarlıq haqqında məlumat "xxxx" MMC-nin elektron kabinetinə yerləşdirilmişdir.

31. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, vergi ödəyicisi olan "xxxx" MMC vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcları yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicilərinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində "xxxx" MMC tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir.

32. Odur ki, borclu hüquqi şəxsin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

33. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda hüquqi dövlətin əsas prinsiplərindən olan mütənasiblik prinsipi üzrə də yoxlama aparılmalıdır.

34. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir.

35. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).

36. Bundan başqa, mütənasiblik meyarı ilə bağlı AİHM-in mövqeyinə görə, hərəkət azadlığının məhdudlaşdırılması ilə bağlı hüquqi prosedur aydın və proqnozlaşdırıla bilən olmalıdır. İşin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət yolverilməzdir (Sarkizov və digərləri Bolqarıstana qarşı iş üzrə 17 aprel 2012-ci il tarixli, § 67-68, Nalbantski Bolqarıstana qarşı iş üzrə 10 fevral 2011-ci il tarixli, § 66 Qərarlar).

37. Birinci instansiya məhkəməsi qeyd edir ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir.

38. Qeyd olunan hallar, eləcə də müvafiq borcun ödənilməsi ilə bağlı ərizəçi tərəfindən bildiriş (xəbərdarlıq) göndərildikdən sonra borcun ödənilməməsi nəzərə alındıqda məhkəmə qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuna uyğun olmaqla legitim məqsəd güdür və demokratik cəmiyyətdə zəruri – mütənasibdir.

39. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizəni təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

40. Maraqlı şəxsin istinad etdiyi hallar isə əsaslı hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində birbaşa təsbit olunmuşdur ki, vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Hazırki işdə də maraqlı şəxs "xxxx" MMC-nin dövlət büdcəsinə 7000 manatdan çox borcunun olması mübahisəsizdir. Həmin borcun maraqlı şəxsdən tələb olunmasının qanuni olub-olmaması isə hazırkı mübahisənin predmeti deyildir və maraqlı şəxs həmin borcu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər.

41. Ona görə də, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsaslı hesab edilə və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2-2(113)-3343/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar