Məhkəmə qərarları › İş №2-2(103)-758/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-758/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-758/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1336/2023 saylı, 26 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 51.704,27 manat gecikdirilmiş əsas borc, 5.000 manat dəbbə pulu, iddia ərizəsi Məhkəməyə verilənədək son iki il üçün əldən çıxmış fayda qismində ümumi məbləğin 10% həcmində yəni 5.000 manat məbləğin və mediasiya xərci üçün ödənilmiş 400 manat, ümumilikdə 62.104,27 manat məbləğində pulun tutularaq "Ertok” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Bu müqaviləyə əsasən cavabdehə mallar elektron qaimələr əsasında verilmişdir. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən cavabdehin xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 51.704,27 manat gecikdirilmiş əsas borcu yaranmışdır.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1336/2023 saylı, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 51.704 (əlli bir min yeddi yüz dörd) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pulun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq olaraq 400 (dörd yüz) manat məbləğində pulun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1336/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc məbləği qeyri-obyektiv olaraq hesablanmışdır. Belə ki, sözügedən 51.704 manat məbləğdən 10.000 manat məbləği Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ödənilmişdir. Lakin, məhkəmə bunu nəzərə almamışdır, nəzərə alınmadığı halda isə iş üzrə borclunun ödəməli olduğu məbləğ daha da artırılmışdır. Həmçinin, tərəflərindən məhkəməyə ekpertizanın təyin edilməsinə dair vəsatət verilməsinə baxmayaraq məhkəmə tərəfindən vəsatətə baxılmamışdır. Onu da qeyd etmək lazımdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsində “malların keyfiyyətli olmağına dair” bənd olsa da, İddiaçı MMC müqavilənin həmin bəndini kobud şəkildə pozaraq malları keyfiyyətli şəkildə təqdim etməmişdir. İddianın tələb olunan məbləğ hissəsinə nəzər saldıqda aşkar görünür ki, tələb edilən cəmi borc məbləği düzgün hesablanmayıb. Belə ki, tərəflərindən həyata keçirilmiş 10.000 manat ödəniş məhkəmə tərəfindən nəzərə alınmamış, birinci instansiya məhkəməsi kobud pozuntu edərək, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında formal qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin nümayəndələrinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

13. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

14. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

15. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

17. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

20. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

21. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.

22. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən-iddia tələbinin təmin edilən hissəsində əsaslıdır.

25. İşin müəyyən olunmuş halları ondan ibarətir ki, İddiaçı (Satıcı) ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti (Alıcı) arasında xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır.

26. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi mallara görə icraçı tərəfindən təqdim edilmiş hesab-fakturalara və elektron qaimə fakturalara uyğun olaraq aldığı malların İcraçının hesabına ödəyir.

27. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

28. 15.09.2020-ci il tarixli EBAP seriyalı 986992 nömrəli dəyəri 4.214,96 manat, xx.xx.2021-ci il tarixli EBAV seriyalı 724980 nömrəli dəyəri 2.047,54 manat, xx.xx.2021-ci il tarixli EBAV seriyalı 725666 nömrəli dəyəri 2.886,87 manat, xx.xx.2021-ci il tarixli EBAW seriyalı 864091 nömrəli dəyəri 429,82 manat, xx.xx.2021-ci il tarixli EBAW seriyalı 865409 nömrəli dəyəri 2.367,67 manat, xx.xx.2021-ci il tarixli EBAW seriyalı 865994 nömrəli dəyəri 5.983,78 manat, xx.xx.2021-ci il tarixli EBAW seriyalı 866024 nömrəli dəyəri 3.115,32 manat, xx.xx.2021-ci il tarixli EBAX seriyalı 659234 nömrəli dəyəri 536,90 manat, xx.xx.2021-ci il tarixli EBAX seriyalı 670288 nömrəli dəyəri 2.109,37 manat, xx.xx.2021-ci il tarixli EBAX seriyalı 687809 nömrəli dəyəri 1.528,93 manat, xx.xx.2021-ci il tarixli EBAX seriyalı 663693 nömrəli dəyəri 4.847,44 manat, xx.xx.2021-ci il tarixli EBAX seriyalı 994863 nömrəli dəyəri 904,59 manat, xx.xx.2021-ci il tarixli EBAY seriyalı 109600 nömrəli dəyəri 147,26 manat, xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 537412 nömrəli dəyəri 4.250,95 manat, xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 539983 nömrəli dəyəri 2.507,03 manat, xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 544114 nömrəli dəyəri 2.479,86 manat, xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 547181 nömrəli dəyəri 3.496,64 manat, xx.xx.2021-ci il tarixli EBBA seriyalı 735916 nömrəli dəyəri 21,24 manat, xx.xx.2021-ci il tarixli EBBA seriyalı 739755 nömrəli dəyəri 7.385,62 manat, xx.xx.2021-ci il tarixli EBBD seriyalı 690195 nömrəli dəyəri 453,95 manat olan, ümumi məbləği 51.715,74 manat dəyərində elektron qaimələr üzrə iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir.

29. Göründüyü kimi iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

30. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ cavabdehin heç bir etiraz etmədiyi və özünün təsdiq etdiyi elektron qaimələrlə təsdiq olunur.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

32. Cavabdeh apellyasiya şikayətinin dəlili kimi iddiaçı tərəfindən keyfiyyətli malın təqdim edilmədiyini bildirir.

33. Kollegiya qeyd edir ki, əgər həqiqətən də iddiaçı cavabdehə keyfiyyətsiz mallar təqdim etsə idi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.

34. İddiaçı tərəfindən cavabdehə 51.715,74 manat dəyərində elektron qaimələr üzrə mal təhvil verilmişdir.

35. İşə əlavə edilmiş cədvəldən də göründüyü kimi, xx.xx.2021-ci il tarixli EBBA seriyalı 735916 nömrəli dəyəri 21,24 manat olan elektron qaimə üzrə 11,47 manat məbləğində çıxılma həyata keçirilmişdir.

36. Cavabdehin hazırda 51.704,27 (51.715,74-11,47) manat borcu mövcuddur.

37. Həmçinin, cavabdeh malların verilməsini mübahisələndirilməmiş ancaq əsas borc üzrə tələb edilən 51.704,27 manat məbləğində puldan 10.000 manatın nağd formada ödənildiyini bildirmişdir. Cavabdeh iddiaçının əsas borc olaraq qeyd etdiyi 51.704,27 manat puldan 10.000 manat hissəsinin nağd formada ödənildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

38. Cavabdeh dəyəri tələb edilən malları iddiaçıdan təhvil almış, elektron qaimələrlə təsdiq edilmiş borcun ödənilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddianın təmin edildiyi hissədə qətnamə qanuni və əsaslı hesab edilir.

39. Eyni zamanda, kollegiya qeyd edir ki, hazırda borcun hesablanması xüsusi bilik tələb etmədiyindən, məhkəmə mühasibatlıq ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

40. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1336/2023 saylı, 26 aprel 2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar