Məhkəmə qərarları › İş №2-2(103)-759/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-759/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-759/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı “X1” MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-466/2021 nömrəli iş üzrə 07 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən EBAG 693909 nömrəli 21.02.2020-ci il tarixli qaimə üzrə 6.860 manat xidmət haqqı üzrə borc və 5.000 manat dəbbə pulu olmaqla, ümumilikdə 11.860 manat pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.05.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən edilmiş, cavabdehdən 6.860 manat xidmət haqqı və 100 manat dəbbə pulunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, təmin olunmuş hissədə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmış, çəkişmə prinsipini pozaraq tez-tələsik qətnamə qəbul etmişdir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə prosesinə təyin olunmuş vaxtda gəlmiş, lakin zala daxil olarkən məlum olmuşdur ki, artıq hakim qərar qəbul etmək üçün müşavirəyə çıxmışdır. Qərar cavabdehin nümayəndəsinin iştirakı ilə elan olunmuşdur. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndini istinad edir, lakin orada qeyd olunmuş şərtlərə qiymət vermir. Belə ki, müqavilənin 2.1 və 2.2-ci bəndlərində bilavasitə qeyd olunur ki, xidmət üzrə hər bir əməliyyata dair xüsusi şərtlər və qiymətlər Müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır. Müqavilənin qeyd olunan bəndlərində tərəflərin qəbul etdiyi bu əsas şərtə əməl olunmadığı, tərəflər arasında hər hansı qiymət razılaşmasına dair əlavə olmadığı halda nədənsə Məhkəmə iddianı təmin edərkən iddiaçı tərəfindən cavabdehə 21.02.2020-ci il tarixli EBAG 693909 nömrəli elektron qaimənin göndərildiyini əsas götürməklə qanunvericiliyə zidd, əsassız iddianın təmin olunması qənaətinə gəlmişdir. Göründüyü kimi, məhkəmə müqavilənin bəndlərini sadalamaqla kifayətlənmiş, müqavilə şərtlərinə əməl olunub-olunmamasına aydınlaşdırmamış, qiymət verməmiş və nəticədə əsassız qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin iddia təmin olunan hissədə ləğv edilməsinin xahiş edildiyi və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu üçün, qətnamə yalnız iddia təmin olunan hissədə yoxlanılmalıdır. Bu kontekstdə araşdırılan işin mübahisəsiz hallarına görə, tərəflər arasında 03 dekabr 2019-cu il tarixdə 01-12/2019 nömrəli Nəqliyyat-ekspedisiya müqaviləsi bağlanmışdır, Müqaviləyə əsasən ekspeditor (iddiaçı) sifarişçinin (cavabdeh) sifarişinə əsasən malın daşınması xidmətini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, sifarişçi isə həmin əməliyyatlar müqabilində ekspeditora xidmət haqqını ödəməyi öhdəsinə götürür, sifarişçi ekspreditor tərəfindən təqdim olunmuş elektron hesab-fakturaya əsasən ödənişi 5 təqvim günü ərzində ekspeditorun hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirməlidir, tərəf gecikdirilmiş hər gün üçün xidmət haqqının ümumi məbləğinin 0,5%-i məbləğində peniya ödəyəcəkdir, xidmət haqqı xarici valyuta ilə müəyyən edilir və Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş günü üçün müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödənilir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş EBAG 693909 nömrəli 21.02.2020-ci il tarixli elektron qaiməyə əsasən iddiaçının göstərdiyi xidmətə üzrə cavabdeh tərəfindən 9.860 manat ödəniş edilməlidir, 11.02.2020-ci il tarixli 25 saylı və 21.02.2020-ci il tarixli 146 saylı hesab-fakturalara görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin haqqı olaraq 5.500 ABŞ dolları və 300 ABŞ dolları tələb edilmişdir, 06.01.2021-ci il tarixli 259981 nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 3.000 manat ödəniş edilmişdir. İddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsi təşkil edir. Həmin normaya əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, daşıma müqaviləsinə əsasən daşımanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya qalan borcunu ödəməlidir (Mülki Məcəllənin 427.3, 442, 448.1 və 448.2-ci maddələri). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, 03 dekabr 2019-cu il tarixli Nəqliyyat-ekspedisiya müqaviləsinin bağlanmasını, sifarişinə əsasən malların daşınması xidmətinin iddiaçı tərəfindən yerinə yetirildiyini, ödənişi elektron hesab-faktura təqdim olunduqdan sonra 5 təqvim günü ərzində iddiaçının hesablaşma hesabına köçürmə yolu ilə həyata keçməli olduğu halda bunu etmədiyini, gecikdirilmiş hər gün üçün xidmət haqqının ümumi məbləğinin 0,5%-i məbləğində peniya nəzərdə tutulduğunu, ona EBAG 693909 nömrəli 21.02.2020-ci il tarixli elektron qaimə təqdim olunduğunu, qaimənin özünü və məbləğini mübahisə etməyən və hazırkı iddia qaldırıldıqdan sonra qalıq borcdan 3.000 manat ödəniş edən cavabdehin Müqavilənin 2.1 və 2.2-ci bəndlərinə istinad edərək xidmət üzrə hər bir əməliyyata dair xüsusi şərtlər və qiymətlərin müqaviləyə edilən əlavələrdə öz əksini tapmamasını bildirməsi formal mülahizə xarakterli olmaqla, daşımanın dəyərinin ödənilməsi öhdəliyinin icrasını uzatmaq yaxud bundan yayınmaq məqsədi güdür. Cavabdehin nümayəndəsinin məhkəmə prosesinə gec gəlməsi də onun məsuliyyət dairəsinə aiddir. Birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən peniya məbləğini 100 manata endirməsi isə cavabdehin əmlak mənafelərinə cavab verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamədə Mülki Məcəllənin alqı-satqı müqaviləsinə dair normalarını sadalayıb, yük daşınması barədə 850.1-ci maddəsini qeyd etməməsi ilə razılaşmasa da, məhkəmə Mülki Məcəllənin 385, 386 və 448-ci maddələri ilə tənzimlənən öhdəliyin yaranmasının ümumi əsaslarına istinad edərək, mübahisə üzrə ümumən düzgün nəticəyə gəldiyi üçün, bunu texniki səhv olaraq qəbul edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-466/2021 nömrəli iş üzrə 07 may 2021ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar