Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-759/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 807/2023 saylı, 04 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli RG118/2020 nömrəli alqı-satqı müqaviləsinə əsasən bu müqavilənin şərtlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşdırılması haqqında protokolda qeyd olunan qaz məhsullarını, sifarişlərə uyğun olaraq Cavabdehnə təhvil verməyi, Cavabdeh isə malları təhvil aldıqdan sonra dəyərini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürür.
2. İddiaçı alqı-satqısı müqaviləsinə əsasən balonlar karbon qazla birlikdə Cavabdeh MMC-yə təhvil verdiyini, cavabdehin isə satılan karbon qazının pulunu ödəsə də, müqavilənin 2.5-ci bəndində göstərilən karbon qazın tarası hesab olunan balonların icarə haqqını ödəmədiyini bildirir. Cavabdeh isə iddiaçının icarəyə verilmiş karbon qaz balonlarına görə icarə haqqını necə hesablaması və balonların icarəyə götürəndə tələb olunan vəsaitə mütənasib hansı müddətlərdə cavabdehdə qalması ilə bağlı sübutun olmadığını qeyd edir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh MMCdən ƏDV daxil 4787,26 manat borc məbləği tutulmasını, Cavabdeh MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə borcun vaxtında qaytarılmamasına görə hesablanmış 1244 manat miqdarında cərimə tutulması, Cavabdeh MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilmiş 82 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli RG118/2020 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən alqı-satqı predmeti olan texniki qaz məhsulları sifarişlərə uyğun olaraq vaxtında çatdırılmış, eləcədə balonların icarəsi ilə bağlı müqavilənin 2.5-ci bəndində nəzərdə tutulmuş öhdəliklər tam həcmdə yerinə yetirilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri, icarə haqqı hissəsində yerinə yetirməmiş və nəticədə "xxxx" MMC-yə ƏDV (18%) daxil 4787.26 manat borcu yaranmışdır. Bununla bağlı, cavabdehin əməkdaşlarının elektron poçt ünvanına dəfələrlə cavabsız qalan məktublar göndərilmişdir. Cavabdehə 20 iyun 2022-ci il tarixdə pretenziya məktubu kuryer vasitəsilə, 15 oktyabr 2022-ci il tarixdə isə onlayn kərgüzarlıq vasitəsilə təqdim edilmişdir. Bundan əlavə cavabdehlə mübahisənin sülh yolu ilə həll edilməsinə dair nəticəsi olmayan müzakirələr aparılmışdır. Sonradan cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsi təklif edilmişdir. Hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak edərək əsas mediasiya sessiyasının keçirilməsindən imtina etmişdir. Cavabdeh MMC alqı-satqı predmeti olan qaz məhsullarını elektron qaimələri imza etməklə təhvil alıb dəyərini ödəmiş, lakin icarə haqqına dair hesab fakturaların və e-qaimənin gec verilməsini bəhanə edərək, dəyərini ödədiyi qazların daşınmasında istifadə olunan balonlara dair icarə haqqını ödəməkdən imtina etmişdir. Qazların alqısına dair eqaimələrdə qaz məhsullarının adı və daşınmasında istifadə olunan balonların nömrəsi və sayı açıq aydın göstərilmişdir. Cavabdehə ƏDV (18%) daxil 4142,98 manat icarə haqqı ilə bağı birinci hesab-faktura xx.xx.2021 il tarixdə (e-qaimə xx.xx.2021 il), ƏDV (18%) daxil 256,06 manat icarə haqqının ödənilməsi ilə bağı ikinci hesab-faktura xx.xx.2022 il tarixdə (e-qaimə xx.xx.2022 il), ƏDV (18%) daxil 388,22 manat icarə haqqının ödənilməsi ilə bağı üçüncü hesab-faktura xx.xx.2022 tarixdə (e-qaimə xx.xx.2022 il) təqdim edilmişdir. Qeyd olunan üç ədəd e-qaimədən birinci və ikincisi cavabdeh tərəfindən təstiq edilmiş, üçüncü e-qaimə isə təsdiq edilməyərək, xx.xx.2022 tarixdə geriyə düzəliş göndərilmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-807/2023 saylı, 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən ƏDV daxil 4787,26 manat əsas borc, 112,74 manat cərimə cəmi 4900 manat, həmçinin 60 manat mediasiya xərci və 5,25 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçın icarə müddəti ilə bağlı təqdim etdiyi sənədlərə düzgün qiymət verməmişdir. İş üzrə təqdim edilən xx.xx.2021-ci il tarixli EBBO seriyalı 279148 nömrəli elektron qaimə, xx.xx.2022-ci il tarixli EBBP seriyalı 675846 nömrəli elektron qaimə elelktron vergi sistemi tərəfindən avtomotik olaraq təsdiq edilmişdir. Həmin sənədlərdə günlərin sayı göstərilsə də lakin hansı dövrün və ya ayın günlərinə aid olmasına dair heç bir qeyd aparılmamışdır. Karbonqazının alınması mübahisə doğurmasa da lakin balonların hansı müddətdə cavabdehdə qalması yanlış və artıq olaraq yazılmışdır. İddiaçı ilə mübahisəniz başlıca səbəbi məhz buna görə olmuşdur ki, qaz balonları mütamadi olaraq cavabdehə gəlib-gedib lakin iddiaçıya etibar olunduğu üçün cavabdeh tərəfindən balonların qalma müddətləri və günlərinin sayı dəqiq uçotu aparılmamışdır. Cavabdeh balonların icarə müddəti ilə bağlı nə təhvil-təslim aktını nə də ki elektron qaimə-fakturanı imzalamamışdır. Məhkəmə isə bu halları nəzərə almamış nə də ki ümumiyyətlə qaz balonlarının satış günləri ilə doldurma günlərini araşdırmamışdır. Halbuki təhvil aktlarından balonların alış tarixləri qeyd olunur İddiaçı karbon qazını satarkən onun tarası ilə birlikdə təqdim etməli idi. Lakin iddiaçı bu məcburitələblərə riayət etməyək müqaviləyə icarə ilə bağlı uyğun olmayan şərt əlavə etmişdir. İddiaçı həm qaz satır həm də ki qazın tarasını. Lakin məlum olmur qazın tarası olmadan qazın satışı hansı qaydada həyata keçirilə bilərdi. Əgər iddiaçının balonlarında satış həyata keçirilbsə ilk növbədə satış tarixləri, balonların geri qaytarılması doldurulması və gətirilməsi halları sübut olunmalı idi. Lakin iddiaçı bununla bağlı heç bir sübut təqdim etməmişdir. İddiaçı icarə müddəti ilə bağlı düzgün tərtib edilməyən sənədləri məhkəməyə təqdim etmiş, məhkəmə isə bununla razılaşmışdır. Məhkəmə yanlış olaraq sübutetmə yükünü cavabdehin üzərinə qoymuşdur. Halbuki qazın mütamadi olaraqalış satış edilməsini nəzərə alaraq balonların cavabdehdə qalması müddətlərini sübut edən heç bir sənəd əlavə edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
16. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
19. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
20. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.
21. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən-iddia tələbinin təmin edilən hissəsində əsaslıdır.
24. İşin müəyyən olunmuş halları ondan ibarətir ki, xx.xx.2020-ci il tarixli RG118/2020 nömrəli iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşdırılması haqqında protokolda qeyd olunan qaz məhsullarını, sifarişlərə uyğun olaraq Cavabdehnə təhvil verməyi, Cavabdeh isə malları təhvil aldıqdan sonra dəyərini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürür.
25. Müqavilənin 2.5-ci maddəsinə əsasən bu müqavilənin icrası zamanı Cavabdeh MMC-nin istəyinə uyğun olaraq "xxxx" MMC-yə, eləcə də, Cavabdeh MMC-yə aid balonlardan istifadə ediləcəkdir. Satıcıya aid balonlardan istifadə edildiyi təqdirdə, 1 günü 1 manat (ƏDV xaric) olmaqla icarə haqqı tətbiq edilir.
26. Müqavilənin 3.2.5-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlər gecikdirildiyi təqdirdə "xxxx" MMC-yə hər keçən təqvim günü üçün ödənilməyən məbləğin 0,1 faizi miqdarında cərimə ödəyir.
27. 2020-ci ildən 2022-ci ilə kimi sistemə yüklənilmiş elektron qaimələrdən görünür ki, müqavilə üzrə nəzərdə tutulan karbon qazı Cavabdehnə satılmışdır.
28. xx.xx.2021-ci il tarixli EBBO seriyalı 279148 nömrəli elektron qaimədən görünür ki, karbon balonlarının “Beer Art" Məhdud Məsuliyyətli Cəmiyyətində icarədə olduğu müddət ərzində 4142,98 manat həcmində "xxxx" MMC tərəfindən borc hesablanmışdır.
29. xx.xx.2022-ci il tarixli EBBP seriyalı 675846 nömrəli elektron qaimədən görünür ki, karbon balonlarının Cavabdehndə icarədə olduğu müddət ərzində 256,06 manat həcmində "xxxx" MMC tərəfindən borc hesablanmışdır.
30. xx.xx.2022-ci il tarixli 1941/21 nömrəli hesab-fakturadan görünür ki, karbon balonlarının Cavabdehndə icarədə olduğu müddət ərzində 256,06 manat həcmində "xxxx" MMC tərəfindən borc hesablanmışdır.
31. İddiaçı tərəfindən üç hesab-faktura xx.xx.2022 tarixdə (e-qaimə xx.xx.2022 il) təqdim edilmişdir.
32. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi elektron qaimələrlə təsdiq olunur.
33. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
34. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
35. Cavabdehin balonların icarə müddəti ilə bağlı təhvil-təslim aktının imzalanmaması ilə bağlı dlilinə münasibətdə qeyd edilməlidir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında işlərin təhvil-təslimi qaimə faktura və hesab faktura göndərilməsi ilə rəsmiləşdirilmişdir.
36. Kollegiya qeyd edir ki, karbon qazı karbon qazı tarası hesab olunan balonlarda Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu isə alınan karbon qazının dəyərini iddiaçıya ödəmişdir. Göründüyü kimi, karbon qazı tarası olan balonlarda cavabdehə təhvil verilmiş, iddiaçı isə müqavilənin 2.5-ci bəndinə əsasən balonların cavabdehdə qaldığı müddət üçün icarə haqqı hesablanmış və ödəniləcək vəsaiti əks etdirən elektron qaiməni Cavabdeh MMC göndərsə də, balonların icarə haqqı ödənilməmişdir.
37. Karbon qazın tarası hesab olunan balonlarla cavabdehə təhvil verilməsi işin mübahisəsiz haldır.
38. Cavabdehin xx.xx.2021-ci il tarixli 279148 saylı elektron qaimə-fakturada 10 lt-lıq karbon balonun icarə müddətini 2152 gün 40 lt-lıq karbon balonun icarə müddətini 1359 gün qeyd edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edilməlidir ki, onlar günlərin sayını deyil, balonların həcmini əks etdirmişdir.
39. Cavabdeh balonların daha az müddət ərzində qalmasını bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir.
40. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 3.2.5-ci bəndində öz əksini tapmışdır.
41. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
42. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
43. Kollegiya həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq əsas borc məbləğinə münasibətdə 112,74 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.
44. Eyni zamanda, tələb edilmədiyi halda dövlət rüsumunun ondan tutulması ilə bağlı qeyd edilməlidir ki, MPM-in 119.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
47. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-807/2023 saylı, 04 aprel 2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Məmməd Məmmədov