Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-759/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3147/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. “İddiaçı (icarəçi) və Cavabdeh (icarəyə verən) arasında 10 sentyabr 2022-ci il tarixli xalça və avtoyuma avadanlığına dair icarə müqaviləsi bağlanmışdır.
2. Həmin müqaviləyə əsasən “icarəyə verən” Cavabdeh, xalça və avtoyuma avadanlığını saz və işlək vəziyyətdə icarəyə verir, “icarəçi” İddiaçı xalça və avtoyuma avadanlığını saz və işlək vəziyyətdə icarəyə götürür və avadanlığın saz və işlək vəziyyətdə icarə müddəti bitdikdən sonra “icarəyə verənə” geri qaytarılmasını öhdəsinə götürür.
3. Həmin müqavilənin 2-ci bəndinə əsasən icarəyə verilən əmlak CE Euromax markalı TTSK 200 olan xalça və avtoyuma avadanlığıdır.
4. Həmin müqavilənin 4-cü bəndinə əsasən icarəyə verilən avadanlığın istifadəsinə görə “icarəyə götürən” İddiaçı “icarəyə verən” Cavabdeh aylıq 600 manat icarə haqqı ödəyir.
5. Həmin müqavilənin 8-ci bəndinə əsasən avadanlığın ilkin qiyməti tərəflər arasında 5000 manat qiymətləndirilmişdir. 2 illik bağlanmış müqavilə müddətində, müqavilənin ilk 6 ayından sonra icarəyə verənə əgər 2000 manat verərsə, avadanlıq icarəçidə qalır və müqaviləyə xitam verilir.
6. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən tərəflər arasında bağlanmış icarə müqaviləsinin iddiaçı tərəfindən icra edilməməsi səbəbindən həmin müqavilə üzrə öhdəliklərin məcburi qaydada icrası məqsədilə (xx.xx.2022-ci il tarixədək ödənilməmiş 1760 manat icarə haqqı və 1500 manat dəbbə pulu) xx.xx.2022-ci il tarixdə icra qeydi verilmiş, icra edilməsi üçün Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir.
7. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı “müqavilənin ləğvi” tələbinə dair iddiası iddiaçının vəsatəti ilə baxılmamış saxlanılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 sentyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini və bu günə kimi iddiaçı tərəfindən icarədara ödənilmiş 5000 manat məbləğ nəzərə alınmaqla, icarə predmeti olan yuyucu avadanlığın iddiaçının mülkiyyətinə keçməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı bildirir ki, həmin icarə müqaviləsi vacib əhəmiyyətli yanılma təsiri altında bağlandığından, əqd bağlandığı andan etibarsız sayılmalıdır. Belə ki, müqavilənin 8ci bəndində göstərilmişdir ki, avadanlığın ilkin qiyməti "tərəflər arasında" 5000 (beş min) manat qiymətləndirilmişdir. İcarə müqaviləsinin 4-cü bəndinin tələblərinə müvafiq olaraq, icarəçi kimi icarəyə verənə hər ay 600 (altı yüz) manat icarə haqqı ödəməli olduğu göstərilmişdir. Müqavilə bağladıqdan sonra iddiaçıya məlum olmuşdur ki, icarəyə verən onu aldatmışdır. Belə ki, avadanlığın keyfiyyəti və qiyməti barədə məlumatlar ona məlum olmamışdır. Bu məlumatlar avadanlığın sahibinin iddia etdiyi məlumatlardır. Avadanlığın dəqiq qiyməti mövcuddur, bu qiymət əsas götürülməlidir. Qiyməti 1000 manat olan avadanlığın ilkin satış qiyməti tərəflər arasında 5000 manat qiymətləndirilə bilməzdi. İcarə müqaviləsinin 11-ci bəndində göstərilir ki, icarə haqqı göstərilən müddətdən beş gün gecikdirilərsə, icarəçi icarə haqqına əlavə olaraq, 500 (beş yüz) manat icarədara ödəməlidir. Bu isə o anlama gəlir ki, bu və ya digər üzürlü və ya üzürsüz səbəbdən icarə haqqının ödənilməsi beş gün gecikərsə, icarə haqqından əlavə 500 manat cərimə ödənilməlidir. Müqavilədə göstərilir ki, müqavilənin qüvvədə olduğu müddətdə müqavilənin ilk altı ayından sonra icarəçi icarədara 2000 manat ödəməklə müqavilə predmeti olan avadanlıq icarəçiyə keçməklə, müqaviləyə vaxtından əvvəl xitam verilir. Bu maddənin özü də, icarə müqaviləsinə deyil, lizinq müqaviləsinə aid olan normadır.
11. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, müqavilə notariat ofisində bağlanmış, cavabdeh həmin müqavilənin şərtləri ilə tanış olub müqaviləni könüllü şəkildə imzalamışdır. Lakin müqavilə üzrə iddiaçı öz öhdəliklərini icra etməmiş, müqavilənin ilk 6 ayı ərzində ona cəmi 40 manat ödəmişdir. Ümumiyyətlə bu günə qədər cavabdehə 40 manat, 500 manat və 2500 manat olmaqla ödəniş etmişdir. İddia ərizəsində göstərilmiş 5000 manat ödənişin edilməsi barədə iddia əsassızdır. Belə ki, iddiaçı tərəfindən həmin vəsaitin ödənilməsini təsdiq edən hər hansı sənəd ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı müqavilə öhdəliklərini pozduğu üçün o, notariusa müraciət etmiş, notarius tərəfindən icra qeydi verilmişdir. Hazırda icra qeydi icra şöbəsinin icraatında olsa da, iddiaçı həmin icra sənədini icra etmir, hər cür iddialarla icranı yubandırmağa çalışır. Belə ki, iddiaçı daha əvvəl eyni müqavilənin ləğvi tələbi ilə məhkəməyə müraciət etmiş, lakin 3 ay sonra ərizəsini geri götürmüş, ərizə baxılmamış saxlanılmışdır.
12. Bakı Kommersiya Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2-2(113)-3147/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf iddiaçının savadsızlığından istifadə edərək müqaviləni tamamən başqa şərtlərlə notariusda tərtib etdirmiş, iddiaçı isə müqaviləni oxumadan imzalamışdır. İddiaçı tərəfindən müqvailə üzrə ümumilikdə 5000 manatdan artıq ödəniş edilmişdir. Lakin, 3040 manat sənədlə ödənildiyi üçün cavabdeh tərəf yalnız həmin hissə ödənişin edildiyini qəbul etmişdir. Eyni zamanda məhkəmə proseslərinin vaxtı barədə iddiaçıya məlumat verilməmiş,onun iştirakı olmadan prosess keçirilmiş və məhkəmə birtərəfli qaydada cavabdehin ifadəsini dinləyərək, bunu əsas kimi qəbul etmiş və iddianı təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamıdşır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. https://e-qanun.az/framework/46944
14. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir (347.2.1); şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir (347.2.2); tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir (347.2.3).
15. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
18. Belə ki, iddiaçının istinad etdiyi hallara əsasən iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 347.1-ci maddəsi təşkil edir.
19. Həmin maddəinin tələblərinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 20.Vacib əhəmiyyətli yanılma halları isə Mülki Məcəllənin 347.2-ci maddəsində gösərilmişdir. 21.Eyni zamanda, Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmişdir ki, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
23. Hazırki işin halları da ondan ibarətdir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət ötürülmüşdür.
24. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı İddiaçı izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə 9 saylı notariat kontorunda Cavabdeh ilə müqavilə bağlamış, müqavilənin şərtlərini oxumadan ulduza inanıb imza etmiş, oktyabr ayında aylıq 600 manat pulu ona ödəmiş, noyabr ayında ünvanına bildiriş gələndən sonra müqaviləni başqa şəxsə oxutdurduqda ona məlum olmuşdur ki, Ulduz onu aldatmışdır.
25. Bundan əlavə, hazırki iddia irəli sürülməmişdən əvvəl iddiaçı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, həmin iddia ərizəsində hazırda mübahisələndirdiyi müqavilənin bütün şərtlərinə aid öz mövqeyini qeyd etmiş və müqavilənin onun tərəfindən tam icra olunduğunu bildirmişdir. Həmin iddia ərizəsi xx.xx.2023-cü il tarixdə imzalanmışdır.
26. Hazırda isə iddiaçı vacib əhəmiyyətli yanılmaya istinad edərək eyni müqaviləni mübahisələndirir, eyni zamanda iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
27. Göründüyü kimi hazırki iddia Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq kəsici müddət keçirilməklə verilmişdir.
28. Mülki Məcəllənin 354.2-ci maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə isə həmin müddətin keçməsi hüququn xitamına səbəb olur.
29. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi hallar araşdırılmadan iddia rədd edilməlidir.
30. Apellyasiya şikayətində istinad olunan prosessual pozuntulara dair qeyd edilir ki, məhkəmə iclasları barədə iddiaçıya həm məhkəmə bildirişləri, həm də SMS-lər göndərilmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3147/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov