Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-76/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair Açar söz: sığorta ödənişinin ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-193/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2020-ci il tarixli “Avtomobil nəqliyyat vasitələrinin kompleks sığorta şəhadətnaməsi”ndən görünür ki, iddiaçının qanuni istifadəsində olan markası, modeli, dövlət qeydiyyat nömrələri Əlavə 1-də qeyd edilmiş nəqliyyat vasitələri cavabdeh tərəfindən sığortalanmış, müqavilədə sığortalı və faydalanan şəxs kimi iddiaçı göstərilmiş, sığorta müddəti xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək, şərtsiz azadolma məbləği hər bir hadisə üzrə 10000 manat müəyyən edilmişdir. Sığorta riskləri kimi digər risklərlə yanaşə eyni zamanda yol nəqliyyat hadisəsi göstərilmişdir. Şəhadətnamədə sığorta şəhadətnaməsinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının “Mülki Məcəlləsinə”, “X1 kompleks sığorta Qaydaları”na uyğun hazırlandığı qeyd olunmuşdur.
2. İnzibati xəta haqqında AP ******* nömrəli, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, cavabdeh tərəfindən sığortalanmış 18AB023 dövlət qeydiyyat nişanlı Kombaynı yol vərəqəsi əsasında idarə edən X3 xx.xx.2020-ci il tarixində saat 19:45-də Sabirabad rayonunda pambıq sahəsindən yük yerini boşaltmadan çıxarmış, yükün ağırlığı sürücününün idarəetməni itirməsinə səbəb olmuş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İddiaçı ilə X4 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, sonuncu xx.xx.2020-ci il tarixində "xxxx" MMC-nin “MKT-Sabirabad” filialının traktorçu vəzifəsinə işə qəbul edilmişdir. İşdəki "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 04 avqust 2020-ci il tarixli müqavilədən görünür ki, JD 9970 markalı pambıqyığan kombayn "xxxx" ASC-yə məxsus pambıqyığan kombaynların operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, lizinq verən "xxxx" ASC balansında olan mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə lizinq alanın istifadəsinə verir.
3. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, kombaynın bərpası üçün tələb olunan ehtiyat hissələrinin ümumi məbləği 401.542,12 manat, əlavə xidmətlərin toplam dəyəri 1985 manat, əlavə tələb olunan ehtiyat hissələrinin toplam dəyəri 2478,68 manat, JD xidmətlərin toplam dəyəri 14.000 manat təşkil edir (ƏDV xaric).
4. İddiaçı xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarla cavabdehə müraciət edərək xx.xx.2020-ci il tarixdə iddiaçının istifadəsində olan 18AB023 dövlət qeydiyyat nişanlı “JOHN DEERE JD 9970” markalı pambıqyığan kombaynın sürücüsünün Hacıqabul-Horadiz avtomagistralının girişində yolun dalğalı olması səbəbindən idarəetməni itirməsi və kombaynın aşması barədə məlumat vermiş və sığorta hadisəsi nəticəsində pambıqyığan kombayna dəymiş zərərə görə sığorta məbləğinin ödənilməsini xahiş olunmuşdur.
5. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 18AB023 dövlət qeydiyyat nişanlı “JOHN DEERE JD 9970” markalı pambıqyığan kombayna dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə xüsusi bilik və təcrübəyə malik olan ekspertlər cəlb olunmuş, nəticədə zərərin aradan qaldırılması üçün 123.000 manat məbləğində pul vəsaitinin tələb olunduğu , hesablanılmış zərər məbləğinə qismən sığorta şərtləri tətbiq olunduğu və azadolma məbləği çıxıldığı halda "xxxx" ASC-nin sığorta ödənişinin verilməsi öhdəliyinin yaranmadığı müəyyən edilmişdir.
6. Cavabdehin məktubunda istinad edilmiş “Avtonəqliyyat vasitələrinin texniki ekspertizasının” ekspert İlqar Zeynalov tərəfindən tərtib edilmiş ekspert rəyi işl materiallarına əlavə edilmiş, rəydə “JOHN DEERE JD 9970” markalı pambıqyığan kombaynın ehtiyat hissələrinə dəymiş zərərin 92.150 manat, bərpası üçün işçilik xidmətlərinin dəyərinin 30.850 manat olduğu qeyd edilmişdir. Qeyd edilən ekspert rəyini tərtib etmiş İlqar Zeynalov xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə teleqramla müraciət edərək (2-ci cild 53-cü vərəq) həmin rəyi tərfib edərkən xarici ölkələrin bazar qiymətlərinə istinad etdiyini, xarici valyutanın konvertasiyası üçün müvafiq orqanlara müraciət etməklə hesablaşa işi aparmaq əvəzinə primitiv üsulla özü hesabladığını, riyazı hesablama səhvlərinə yol verdiyini qeyd edərək hesablama səhvlərinə görə həmin rəyin etibarsız hesab edilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26 may 2022-ci il tarixli 9/1463-8/555 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyekti olan “JOHN DEERE JD 9970” markalı, 18AB023 dövlət qeydiyyat nişanlı pambıqyığan kombayn təmir olunmuşdur. “John Deere JD 9970” markalı 18AB023 dövlət qeydiyyat nişanlı pambıqyığan kombaynın texniki təyinatına və göstəricisinə uyğun istifadə olunub-olunmamasının müəyyən edilməsi yol-nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyil. Hüquqi məna kəsb etdiyindən həmin hal məhkəmə tərəfindən qiymətləndirilə bilər. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" LTD tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “John Deere JD 9970” markalı 18AB023 dövlət qeydiyyat nişanlı pambıqyığan kombayn təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 30810 manat müəyyən edilir.
8. xx.xx.2021-ci il tarixli avtonəqliyyat vasitələrinin texniki ekspertizasının rəyindən görünür ki, John Deere 9970 markalı 18AB023 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 92150 manat, işçilik xidmətləri isə 30850 manat müəyyən olunur. Avtomobilə dəymiş zərər cəmi 123000 manat təşkil edir.
9. "xxxx" MMC tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli AZT/X/476 nömrəli JOHN Deere 9970 pambıqyığan kombayna dəymiş zərərin qüsur aktı barədə məktubdan görünür ki, 04 dekabr 2020-ci il tarixdə "xxxx" MMC servis mərkəzinə gətirilən qəzalı vəziyyətdə olan John Deere 9970 pambıqyığan kombayn üçün qüsur aktı yazılmasından ötrü işçilik xidmətinin ehtimal olunan xərci 7000 manat təşkil edəcək. Müəssisələr arasında olan sıx əməkdaşlığı nəzərə alaraq bu xidmət üçün onlara 20 % endirim edilir.
10. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasənda şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, "xxxx" ASC-də qəza komissarı vəzifəsində işləyir. İstənilən hadisə üzrə ilkin araşdırmanı o aparır. Həmin gün də hadisə barədə məlumat verildikdən sonra gecə saatlarında hadisə yerinə getmişdir. Orada ona bildirmişlər ki, kombayn magistral yola çıxmaq istəyərkən aşmışdır. Sürücünü hadisə yerində görməmişdir. Qəza komissarı kimi oradakı məsul şəxslərdən məlumat toplamış, onlar demişlər ki, kombaynın sürücüsü icazəsiz olaraq ərazidən çıxardıb, ərazidən çıxanda qarşıdan maşın gəldiyini görüb toqquşmanın qarşısını almaq üçün sürücü kombaynı saxlayıb və yükün ağırlığı onu geriyə hərəkətə məcbur edib və kombayn aşıbdır. Hadisəni fotoşəkillər çəkməklə, hadisə yerinə müayinə etməklə, hadisə yerindəki insanların fikrini dinləməklə, video qeydiyyatla araşdırır.
11. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin cavabdehin nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 43-cü maddəsinə əsasən traktorların, kənd təsərrüfatı maşınlarının və özügedən maşınların, texniki xarakteristikasına və ya vəziyyətinə görə, sürəti saatda 50 kilometrdən az olan digər nəqliyyat vasitələrinin, avtomagistralda xidmət işlərinin görülməsi halları istisna olmaqla istismarı qadağandır. Bu maddənin tələbləri 5.3 nişanı ilə işarə edilmiş yollara da şamil edilir. Belə ki, 5.1 və 5.3 nişanları ilə işarə olunmuş yollarda qeyd edilən nəqliyyat vasitələrinin hərəkəti qadağan edilir. Sorğuda qeyd edilmiş pambıqyığan kombayn özügedə maşınlara aid olduğundan müvafiq yollarda hərəkəti qadağandır.
12. Cavabdeh tərəfindən təqdim edilmiş Məhkəmə Yol Nəqliyyat Hadisələri Ekspertizasının rəyində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən sürücü X2 hadisədən qabaq bunkeri tam yüklü vəziyyətdə olan John Deere 9970 pambıqyığan kombaynın istifadəsi (yükü boşaltmadan torpaq –çınqıl örtüklü nahamar yolla hərəkət etdiyi üçün) onun təyinatına uyğun olmamışdır. Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində ** AB *** dövlət qeydiyyat nişanlı “JOHN DEERE JD 9970” markalı pambıqyığan kombayna dəymiş ziyanın əvəzi olaraq 420005,80 manat sığorta ödənişi və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, AZ/MİH/20/0155 nömrəli “X1 kompleks (kasko) sığorta şəhadətnaməsi”nə əsasən, cavabdeh iddiaçının istifadəsində olan nəqliyyat vasitələrinə görə sığorta müqaviləsi qüvvədə olan müddətdə (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) sığorta hadisələri nəticəsində dəymiş zərərin sığorta məbləğininin ödənilməsini öhdəsinə götürmüşdür. Sığorta şəhadətnaməsinə əsasən, sığorta məbləği 1 000 000 manat müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixdə iddiaçının istifadəsində olan ** AB *** dövlət qeydiyyat nişanlı “JOHN DEERE JD 9970” markalı pambıqyığan kombaynın sürücüsü Hacıqabul – Horadiz avtomagistralının girişində yolun dalğalı olması səbəbindən idarəetməni itirmiş və kombaynı aşırtmışdır. Sığorta hadisəsi nəticəsində pambıqyığan kombayna 420 005,80 manat məbləğində zərər dəymişdir. Sığortalanmış nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı "xxxx" MMC müstəqil qiymətləndirici şirkətin rəyinə əsasən dəymiş zərər 420 005,80 manat müəyyən edilsə də, bununla bağlı cavabdehdən hər hansı sığorta ödənişi həyata keçirilməmişdir. İddiaçının istifadəsində olan pambıqyığan kombayna dəymiş zərər ilə bağlı sığorta ödənişinin tələb edilməsi ilə bağlı xx.xx.2021-ci il REF/0183/2021 saylı və xx.xx.2021-ci il tarixli REF/1129/2021 saylı müraciətlərinə cavab olaraq, cavabdeh xx.xx.2021-ci il tarixli 0811 saylı məktubu ilə sığorta ödənişinin verilməsindən imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci bəndinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
15. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, pambıqyığan kombayn əkin sahəsindən xeyli aralı və magistral yola çıxış yerində bunkeri pambıqla dolu vəziyyətdə qəzaya düşmüş, bu da onun təyinatı üzrə istifadəsi qaydalarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırılmış xx.xx.2010-cu il tarixli X1 Kompleks Sığortası Qaydalarının 20.8-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin texniki təyinatına və göstəricilərinə uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı ortaya çıxan hər hansı zərərin əvəzi ödənilmir.
16. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-193/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 20810 manat pul tutulmuş, iddia qalan hissədə rədd edilmişdir.
17. Birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19:45-də Sabirabad rayonunda 18AB023 dövlət qeydiyyat nişanlı kombayn markalı nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə edən X3 pambıq sahəsindən yük yerini boşaltmadan çıxarmış, yükün ağırlığı sürücününün idarəetməni itirməsinə səbəb olmuş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
18. Məhkəmə hesab etmişdir ki, xx.xx.2020-ci il tarixində sığorta hadisəsinin baş verməsi sübut olunur. Sığorta hadisəsinin baş verməsi cavabdehin iddiaçıya ünvanladığı “Sığorta ödənişinin ödənilməsindən imtina edilməsi haqqında” məktubda da təkzib olunmur. Ona görə də, iddiaçı cavabdehdən sığorta ödənişinin verilməsini tələb etməkdə haqlıdır. İddiaçı
19. İş materiallarında olan sübutlarla iddiaçının istifadəsində olmuş kombayn markalı nəqliyyat vasitəsinə həqiqətən zərər dəyməsinin təsdiq olunması, həmin zərərin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26 may 2022-ci il tarixli 9/1463-8/555 nömrəli ekspert rəyinə əsasən təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 30810 manat müəyyən edilməsini nəzərə alaraq, məhkəmə həmin məbləğdən 10.000 manat azadolma məbləğini çıxmaqla iddianı qismən 20810 manat hissədə təmin etmişdir.
20. Cavabdehin təqdim etdiyi sübutlarla bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı 18AB023 dövlət qeydiyyat nişanlı kombayn markalı nəqliyyat vasitəsinin magistral yolda hərəkət etmədiyi, torpaq yolda hərəkət edərkən sürücünün idarəetməni itirməsi nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsi öz təsdiqini tapmışdır. İddiaçının iddianı qaldırmağa sığorta marağının olmaması ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 18AB023 dövlət qeydiyyat nişanlı Kombayn markalı nəqliyyat vasitəsi "xxxx" ASCyə məxsusdur, sonuncunun iddiaçı ilə bağladığı 04 avqust 2020-ci il tarixli AX-27/20 nömrəli “pambıqyığan kombaynların operativ lizinqə (istifadəyə) verilməsi” haqqında müqavilə əsasında xx.xx.2020-ci il tarixədək iddiaçının qanuni sahibliyi və istifadəsinə verilmişdir. Tərəflərin izahatlarından, məhkəməyə daxil olmuş ekspert rəyindən məlum olmuşdur ki, kombayn markalı nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi baş verdikdən sonra iddiaçının özü tərəfindən və onun vəsaiti hesabına təmir edilmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişdir.
22. İddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 193/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
23. Cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-193/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
24. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Tədqiqat obyekti olan kənd təsərrüfatı texnikası təmir olunduqdan sonra ekspertizaya təqdim edildiyi üçün pambıqyığan kombayna dəymiş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı ekspertiza qarşısında qoyulmuş sualın cavablandırılması qeyri-mümkün hesab edilmişdir. Buna baxmayaraq, ekspert iş materiallarında mövcud olan sığorta hadisəsi nəticəsində pambıqyığan kombayna dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı cavabdehin sorğusuna cavab olaraq,"xxxx" MMC tərəfindən ünvan sahibinə göndərilmiş müşayət məktubuna qoşma şəklində əlavə edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktını əsas götürərək, ** AB *** dövlət qeydiyyat nişanlı“JOHN DEERE JD 9970” markalı pambıqyığan kombaynın bərpası üçün təxminən 30810 manat vəsaitin tələb olunduğunu göstərmişdir. Yuxarıda qeyd olunan işin halları ilə bağlı bildiririk ki, ilkin olaraq daha əvvəl "xxxx" MMC tərəfindən kənd təsərrüfatı texnikası üzərində aparılmış diaqnostika nəticəsində (təmirdən öncə) 02 mart 2021-ci il tarixli qüsur aktı tərtib edilmiş və sığorta hadisəsi nəticəsində pambıqyığan kombaynın sıradan çıxmış 238 növdə ehtiyat hissələrinin “serviceadvisor” proqramına uyğun olaraq bərpası üçün və işçilik haqqı daxil olmaqla ümumilikdə 420005 manat vəsaitin tələb olunduğu göstərilmişdir. Lakin, bizə məlum olmayan səbəblərdən, ilkin qüsur aktı tərtib edildiyi tarixdən 1 (bir) ildən artıq müddət keçdikdən sonra, "xxxx" MMC tərəfindən tərtib edilmiş yeni, xx.xx.2022-ci il tarixli qüsur aktında, sığorta hadisəsi nəticəsində iddiaçının istifadəsində olan həmin ** AB *** dövlət qeydiyyat nişanlı “JOHN DEERE JD 9970” markalı pambıqyığan kombayn, yararsız vəziyyətə düşmüş cəmi 7 növdə ehtiyat hissələrinin “2-ci əl”dən ehtiyat hissələri ilə əvəz edilməsi üçün və işçilik haqqı daxil olmaqla ümumilikdə 30.810 manat vəsaitin tələb olunduğu qeyd edilmişdir. Beləliklə, texniki-servis xidməti göstərən eyni adlı şirkət tərəfindən sığorta hadisəsi nəticəsində sözügedən kənd təsərrüfatı texnikasına dəymiş zərərin məbləğinin müəyyən edilməsilə bağlı bir-birinə zidd olan, ayrı-ayrı tarixlərdə tərtib edilmiş qüsur aktlarının mötəbərliyi şübhə altına alınır. Belə olan halda, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı yazılı sübut kimi məhkəmə tərəfindən qəbul edilə bilməzdi. Həmçinin qeyd olunur ki,"xxxx" MMC tərəfindən sözügedən kənd təsərrüfatı texnikasının təmiri məqsədilə qeyd etdiyi “2-ci əl” ehtiyat hissələrinin keyfiyyət və yararlılıq baxımından iddiaçının tələblərinə uyğun olubolmayacağı ilə bağlı maraqları nəzərə alınmamışdır. Halbuki, bu halda iddiaçının maraqları nəzərə alınaraq, sözügedən pambıqyığan kombaynın təmiri ilə bağlı ehtiyat hissələrinin “2-ci əl”ehtiyat hissələri ilə əvəzedilməsi üçün iddiaçının razılığı olmalı idi. Belə ki, keyfiyyət və yararlılıq baxımından “2-ci əl” ehtiyat hissələrinin tətbiqi, gələcəkdə texnikanın uzunmüddətli və məhsuldar istifadəsinə imkan verib-verməyəcəyini şübhə altına ala bilər. Əlavə olaraq bildiririk ki, mülki icraat zamanı məhkəmə tərəfindən sığorta hadisəsi nəticəsində pambıqyığan kombayna dəymiş zərərin aradan qaldırılması ilə bağlı iddiaçıdan, çəkilmiş təmir xərcləri barədə məlumatın təqdim edilməsi tələb edilmişdir. Məhkəmənin yuxarıda qeyd edilən tələbinə münasibətdə bildiririk ki, cavabdeh tərəfindən sözügedən kənd təsərrüfatı texnikasının təmir olunmasından imtina edildiyi üçün və məhsul yığımı mövsümünün qızmar vaxtı olduğunu nəzərə alaraq, sözügedən kənd təsərrüfatı texnikasının tez bir zamanda işlək vəziyyətə gətirilməsi məqsədilə iddiaçı öz vəsaiti, işçi qüvvəsi və anbarında mövcud olan ehtiyat hissələrindən istifadə edərək təmir işləri apardığından həmin təmir xərcləri barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin bildiririk ki, sığorta qanunvericiliyinin tələblərinə görə, dəymiş zərərin aradan qaldırılması ilə bağlı sığortalı tərəfindən çəkilmiş xərclər barədə məlumatın məhkəməyə təqdim edilməsi nəzərdə tutulmamışdır. Belə ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Eyni zamanda bildiririk ki,sığorta ödənişinin verilməsindən imtina edilməsilə bağlı cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 0811 saylı xx.xx.2021-ci il tarixli məktubda sığorta hadisəsi nəticəsində iddiaçının istifadəsində olan ** AB *** dövlət qeydiyyat nişanlı “JOHN DEERE JD 9970” markalı pambıqyığan kombayna dəymiş zərərin məbləği 123000 manat kimi qiymətləndirilərək etiraf edilmişdir. Sadalanan normanın tələbindən görünür ki, məhkəmə qətnamə qəbul edərkən texniki-servis xidməti göstərən eyni adlı şirkət tərəfindən sığorta hadisəsi nəticəsində kənd təsərrüfatı texnikasına dəymiş zərərin məbləğinin müəyyən edilməsilə bağlı bir-birinə zidd olan, ayrı-ayrı tarixlərdə tərtib edilmiş qüsur aktlarından istifadə edərək sübutların obyektiv, hərtərəfli və tam araşdırılmasını təmin etməmişdir. Qeyd edilən normanın məzmunundan müəyyən etmək olar ki, cavabdeh sığorta ödənişinin verilməsindən imtina edilməsilə bağlı iddiaçıya ünvanlandığı 0811 saylı xx.xx.2021-ci il tarixli məktubunda sığorta hadisəsi nəticəsində iddiaçının istifadəsində olan ** AB *** dövlət qeydiyyat nişanlı “JOHN DEERE JD 9970” markalı pambıqyığan kombayna ümumilikdə 123.000 manat məbləğində maddi zərərin dəyməsini etiraf etmişdir. Bu da, kənd təsərrüfatı texnikasına dəymiş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı iddiaçını həmin faktı sübut etmək vəzifəsindən azad etməli idi.
25. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli arayışında göstərilmişdir ki, əsasən “JOHN DEERE JD 9970” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı pambıqyığan kombaynın əkin sahəsindən xeyli aralı və magistral yola çıxış yerində bunkeri pambıqla dolu vəziyyətdə qəzaya düşməsi, onun istifadəsi qaydalarına uyğun deyil. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, “JOHN DEERE JD 9970” markalı, 2018-ci il istehsalı olan pambıqyığan kombaynın bunkeri pambıqla yüklü vəziyyətdə əkin sahəsindən çıxaraq avtomagistral yola sürülüb idarə edilməsi onun texniki təyinatına və göstəricilərinə əsasən qanuna uyğun deyil. xx.xx.2022-ci il tarixli kütləvi informasiya vasitələri materialında göstərilmişdir ki, pambıqyığan kombaynın qanunun tələblərinə əsasən, avtomagistrallarda hərəkəti qadağandır. Məhkəmə iddia tələbini istisna edən halları müəyyən etmək üçün avtotexniki, dəymiş ziyanı müəyyən etmək üçün əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Ekspertizanın keçirilməsinə "xxxx" MMC-nin mütəxəssislərini cəlb etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/1463-8/555 nömrəli, xx.xx.2022-ci il tarixli kompleks rəyinə əsasən tədqiqat obyekti olan “JOHN DEERE JD 9970 ” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı pambıqyığan kombaynın texniki təyinatına və göstəricilərinə uyğun istifadə olunubolunmamasının müəyyən edilməsi yol-nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyil. Hüquqi məna kəsb etdiyindən həmin hal məhkəmə tərəfindən qiymətləndirilə bilər. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “JOHN DEERE JD 9970 ” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı pambıqyığan kombaynın təmir-bərpa xərcləri hadisə baş verən tarixə təxminən 30 810 manat müəyyən edilir. Məhkəmə iclası zamanı İddiaçı MMC-nin nümayəndəsi “JOHN DEERE JD 9970” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı pambıqyığan kombaynın onlar tərəfindən təmir-bərpa edilməsi haqqında izahat verməsinə baxmayaraq, məhkəməyə təmir-bərpa haqqında hər hansı bir sübut (qəbzlər, ödəniş tapşırıqları və s.) təqdim edə bilməmişdir. Məhkəmə iclası zamanı iddia qaldırmış İddiaçı MMC-nin “JOHN DEERE JD 9970 ” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı pambıqyığan kombaynla bağlı müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmışdır. Müəyyən edilmişdir ki, iddia tələbi verilən zaman və hazırda iddiaçının sığorta predmetinə dair sığorta marağı (əlaqəsi) və ya yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması xərclərinə dair sübutları mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 889-cu maddəsində göstərilmişdir ki, “sığorta marağı” sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığımənafedir. Sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. Sığortalının öz həyatı, habelə arvadının (ərinin), valideynlərinin, uşaqlarının, işçilərinin, işəgötürəninin, borclusunun, qəyyumunun, qəyyumluğunda olan şəxsin həyatı ilə bağlı sığorta marağı mövcuddur. Sığorta marağı mövcud olmadan bağlanan sığorta müqaviləsi bağlandığı andan etibarsızdır. Sığorta marağının gələcəkdə əldə edilməsi ehtimalımüvafiq sığorta müqaviləsinin bağlanması üçün əsas deyil. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı itərsə sığorta müqaviləsinə xitam verilməlidir. Əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağımövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir. Lakin məhkəmə iddiaçının subyektiv hüququnu, yəni sığorta predmetinin hazırda iddiaçıda olmadığı və təmirə pul vəsaiti xərcləmədiyi halda, ona müvafiq kompensasiyasının ödənilməsini təmin etmişdir. İş materiallarında olan AZ/MİH/20/0155 saylı sığorta müqaviləsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 899.1.2-ci maddəsinə əsasən müvafiq sığorta qaydaları ilə sığortalının (iddiaçı) razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı(cavabdeh) tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırılmış xx.xx.2010-cu il tarixli X1 Kompleks Sığortası Qaydaları isə sözügedən müqavilənin tərkib hissəsi olmaqla yanaşı yaranmış münasibətləri tənzimləyir (bax. Şəhadətnamənin şərtlər bölümü). Həmin Qaydaların 3-cü maddəsinin 16-cı hissəsində göstərilib ki, nəqliyyat vasitəsində onun texniki göstəricisindən artıq və ya ağırlıqda sərnişin və ya yük daşınması sığorta təminatı ilə əhatə olunmur. Qaydaların 20.8-ci maddəsində qeyd olunub ki, həddən artıq yükləmə və ya dartma da daxil olmaqla, avtonəqliyyat vasitəsinin texniki təyinatına və göstəricilərinə uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı ortaya çıxan hər hansı zərərin əvəzi ödənilmir. Göründüyü kimi, məhkəmə sığorta predmetinin texniki təyinatına uyğun olmamasını nəzərə almayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Məhkəmə “sığorta riskləri” ilə “sığorta hadisəsi” anlayışlarını düzgün tətbiq etməmişdir. Belə ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.18-ci maddəsinə əsasən sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir. Yəni sığortalının əmlak mənafeləri (sığorta obyekti) ilə bağlı zərərin yaranmasına dəlalət edən ehtimaldır. Məs.: nəqliyyat vasitəsinə “yol-nəqliyyat hadisəsi” riskindən könüllü (KASKO) müqavilə üzrə sığorta təminatı verilir. Lakin sürücü alkoqol sərxoşluğu halında və ya sürücülük hüququ olmadan sığorta predmetini idarə edir və sığorta şirkəti müqavilənin istisnalar bölümünə istinad edərək sığorta ödənişinin verilməsindən imtina edir. Bu halda sığorta riski gercəkləşir, yəni ehtimal edilən hadisə baş verir, lakin sığorta şirkətinin sığorta ödənişi vermək öhdəliyi yaranmır. Ona görə ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Qanununun 1.1.19-cu maddəsinə əsasən sığorta hadisəsi –... sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Alkoqol sərxoşluğu halında və ya sürücülük hüququ olmadan sığorta predmetini idarə edilməsi isə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya ödənilməsi üçün əsas olan hal deyil. Deməli, sığorta riskinin gercəkləşməsi (yol-nəqliyyat hadisəsinin baş vemrəsi) hələ özlüyündə sığorta hadisəsinin baş verməsi demək deyil. Belə ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsində qismində yolnəqliyyat hadisəsi də göstərilmişdir. Qeyd olunanlardan əlavə məhkəmə “Traktorçu”nun kombaynı qanunsuz idarə etməsinə münasibət bldirməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
27. Cavabdehə nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edərək tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
28. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 883.1-ci maddə- sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 889.1-ci maddə-sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. 889.2-ci maddə- sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. 894.1-ci maddə- qrup halında sığorta zamanı bir sığorta müqaviləsi ilə bir neçə sığorta predmeti sığortalanır. 898.1-ci maddə- icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. 898.2-ci maddə- azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. 898.4-cü maddə- şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir. 915-ci maddə- sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir. 922.1-ci maddə- sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddə- sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3-cü maddə- sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 925.1-ci maddə-sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2-ci maddə-sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 925.3-cü maddə-sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 926.1-ci maddə- sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 927.1-ci maddə-əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödəniºi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.
“Avtonəqliyyat vasitələrinin kompleks sığortası” Qaydaları Ümumi anlayışlar: Faydalanan şəxslər-bu qaydaların məqsədləri üçün sığortalanmış şəxs, o öldüyü halda isə onun varisləri faydalanan şəxslər hesab olunurları. Sığorta ödənişi-sığortalının əmlakına və ya digər əmlak maraqlarına dəyən zərərin əvəzinin ödənilməsi üçün sığortaçı tərəfindən ödənilən pul vəsaiti. 20.3 Bu Qaydalara əsasən aşağıda göstərilən hər hansı bir hadisə nəticəsində hər hansı vəsatətin (tələbin) оrtaya çıхması hallarında, sığоrtalı bədbəхt hadisənin, itkinin, zərərin və ya məsuliyyətin (qanunvеriciliyin tələblərinin bunu tələb еtdiyi dərəcədə yеrinə yеtirilməsi halları istisna оlmaqla) aşağıda göstərilən hər hansı hadisələrdən və ya оnların nəticələrindən asılılığının, əlaqəsinin və оnların nəticəsi оlmamasını sübut еtməlidir. Zəruri sübutların оlmaması halında, sığоrtaçı bеlə vəsatətə görə hеç bir məsuliyyət daşımır; Bеlə hadisələrə daхildir: 20.8. Həddən artıq yükləmə və ya dartma da daхil оlmaqla, avtоnəqliyyat vasitəsinin tехniki təyinatına və göstəricilərinə uyğun оlmayan məqsədlərlə istifadə еdilməsi. 32-ci maddə-aşağıdakı hallarda sığоrtaçı sığоrtalıya (faydalanan şəхsə) sığоrta ödənişini vеrməkdən imtina еtməyə haqlıdır:
1. Sığоrtalının riskin dərəcəsini və yaхud sığоrta hadisəsi ilə bağlı şəraiti müəyyən еtmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya sığоrta müqaviləsinin qüvvədə оlduğu müddət ərzində bu hallarda baş vеrən dəyişikliklər, təhlükənin artması barədə bildiyi və ya bilməli оlduğu məlumatları vеrməməsi və ya qəsdən yanlış məlumatlar vеrməsi;
2. Bu qaydalarda nəzərdə tutulan mühüm şərtlərin yеrinə yеtirilməməsi ilə sığоrta hadisəsi arasında əlaqənin оlub-оlmamasından asılı оlmayaraq sığоrtalının sığоrta müqaviləsində nəzərdə tutulan bеlə şərtlərə əməl еtməməsi;
3. Yеrinə yеtirilmədiyi təqdirdə sığоrta hadisəsinin baş vеrməsinə və ya zərərin həcminin artmasına gətirib çıхaran, sığоrtalı tərəfindən sığоrta müqaviləsinə, bu Qaydalara və ya qanunvеriciliyə əsasən оna həvalə еdilən öhdəlik və şərtlərin yеrinə yеtirilməməsi. Bu halda sığоrtaçının vеrməməyə haqlı оlduğu sığоrta ödənişinin məbləği, bеlə yеrinə yеtirilməmənin sığоrta hadisəsinin baş vеrməsinə və ya zərərin həcminin artmasına təsir dərəcəsinə müvafiq оlmalıdır;
4. Sığоrtaçı tərəfindən sığоrta hadisəsinin baş vеrməsi səbəblərinin araşdırılmasına sığоrtalı tərəfindən manеçilik törədilməsi;
5. Sığоrtalının sığоrta hadisəsinin yaranmasına yönəldilən qərəzli hərəkətlər və ya sığоrta hadisəsi ilə birbaşa səbəb əlaqəsində оlan qəsdən cinayətlər törətməsi;
6. Sığоrtalının sığоrtalanmış əmlakın хilas еdilməsi (qоrunub saхlanması) və ya оna dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri qəsdən görməməsi; 7 Sığоrta оbyеkti və hadisəsi barəsində sığоrtalının sığоrtaçıya qəsdən yanlış məlumat vеrməsi.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 29.Qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
30. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-193/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. İşin mübahisəsiz halıdır ki, iddiaçının lizinq müqaviləsi əsasında qanuni istifadəsində olmuş JD 9970 markalı pambıqyığan kombayn xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək cavabdeh tərəfindən kasko sığorta növündə sığortalanmış, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində-xx.xx.2020-ci il tarixdə JD 9970 markalı pambıqyığan kombayn qəzaya uğramış, kombayna ziyan dəymiş, sığorta ödənişi üçün iddiaçının cavabdehə müraciətinə cavabdeh tərəfindən imtina edilmiş, kombayn iddiaçının özü tərəfindən təmir edilmişdir.
32. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubunda baş vermiş hadisənin sığorta hadisəsi olmasını qəbul etsə də, birinci instansiya məhkəməsində iddiaya etirazında və apellyasiya şikayətində hadisənin sığorta hadisəsi olmasını mübahisələndirdiyindən məhkəmə kollegiyası ilk öncə bu məsələyə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə Mülki Məcəllənin 922.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, hazırkı halda tərəflər arasında bağlanmış sığorta şəhadətnaməsi ilə rəsmiləşdirilmiş sığorta müqaviləsində sığorta ödənişinin faydalanan şəxsə, yəni iddiaçıya ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta risklərindən biri olan yol nəqliyyat hadisəsi baş verdiyindən sığorta hadisəsinin baş verdiyi müəyyən olunur.
33. İddiaçının sığorta marağının olmaması və buna görə də, iddianı qaldırmağa subyektiv hüququnun olmadığına dair cavabdehin apellyasiya şikayətində qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, MM-nin 889.2-ci maddəsində sığorta marağının mövcudluğu şəxslə sığorta predmeti arasında qanundan və ya mülki-hüquqi müqavilədən irəli gələn əlaqə ilə tanındığından, hazırkı halda isə xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi baş verdikdə sığortalanmış kombaynın iddiaçıya lizinqə verilməsinə dair "xxxx" ASC ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə qüvvədə olduğu və kombayn hadisədən sonra iddiaçının vəsaiti və ehtiyat hissələri ilə təmir edildiyi nəzərə alınarsa iddiaçının sığorta marağının mövcudluğu müəyyən olunur.
34. Cavabdehin sığortalanmış kombaynın yüklü vəziyyətdə magistral yolda hərəkət etməsinin sığorta ödənişindən verilməsindən imtina üçün əsas olması ilə bağlı mülahizələrə məhkəmə hüquqi qiymət verərək hesab edir ki, əvvəla cavabdeh xx.xx.2021ci il tarixli məktubunda bu əsasa istinad etməmiş, hadisəni sığorta hadisəsi hesab edərək hətta qarşı tərəfə dəyən zərərin hesablanmaı üçün mütəxəssis dəvət etmiş, hesablanmış zərər məbləğinə qismən sığorta şərtlərini tətbiq edildikdən və azadolma məbləği çıxıldıqdan sonra ödəniləcək məbləğ qalmadığını göstərmişdir.
35. Bundan əlavə cavabdehin özünün istinad etdiyi, tərəflər arasında sığorta müqaviləsi bağlanarkən əsas gstərilmiş “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” Qaydalarının 32-ci maddəsinə sığorta ödənişinin verilməsindən imtinanın konkret əsasları nəzərdə tutulmuş, cavabdeh həmin əsaslardan hər hansı birinin mövcud olduğunu sübut edə bilməmişdir.
36. Qaydaların 20.8-ci maddəsində nəzərdə tutulmuş hadisənin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, həmin normada nəzərdə tutulmuş həddən artıq yükləmə dedikdə nəyin nəzərdə tutulduğu Qaydaların 3-cü maddəsinin 16-cı bəndində qeyd edilir. Həmin normaya əsasən nəqliyyat vasitəsində оnun tехniki göstəricilərindən artıq sayda və ya ağırlıqda sərnişin və ya yük daşınması sığorta təminatı verilmir. Deməli, həddən artıq yüklənmə halının mövcudluğunu təsdiq etmək üçün cavabdeh sübut etməli idi ki, kombaynda faktiki mövcud olan yükün çəkisi onun texniki göstəricilərinə əsasən daşıya biləcəyi çəkidən çox olmuşdur. Sığortalanmış kombaynda sığorta hadisəsi baş verərkən mövcud olmuş yükün çəkisi barədə işdə məlumat olmadığından kombaynın həddən artıq yüklənib-yüklənmədiyinə hüquqi qiymət vermək mümkün deyil.
37. Bundan əlavə hazıkı halda kombaynın yük yerini boşaltmadan magistral yolla hərəkət etməsi inzibati xəta tərkibi (İXM 327.1-ci maddəsi) yaradan pozuntu olsa da, avtоnəqliyyat vasitəsinin tехniki təyinatına və göstəricilərinə uyğun оlmayan məqsədlərlə istifadə еdilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, istifadə sözünün leksik mənasıfaydalanma, fayda götürmə məqsədilə işlətmə deməkdir. Nəqliyyat vasitəsinin olduğu yerdən müəyyən ünvana çatmaq üçün yolla hərəkəti onun təyinatına uyğun olmayan məqsədlə istifadə edilməsi kimi hüquqi qiymət vermək olmaz. Pambıqyığan kombaynla sərnişin və digər yüklərin daşınması üçün istifadə edilsəydi o halda təyinatına uyğun olmayan məqsədlə istifadə halı baş vermiş olardı. Sürücünün inzibati xəta törətməsi isə hazırkı halda sığorta ödənişi ödənilməsindən imtina üçün əsas ola bilməz.
38. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Məhkəmə yol nəqliyyat hadisələri Ekspertiza”sı rəyində sığortalanmış kombaynın texniki göstəricilərinə əsasən hansı ağırlıqda yük daşıya biləcəyi müəyyən edilmədən (rəydə yalnız bunkerin həcmi qeyd edilmişdir) və sığorta hadisəsi baş verərkən bunkerdə olmuş yükün çəkisi barədə məlumat olmadan kombaynın yüklü olması əsası ilə istifadəsinin onun təyinatına uyğun olmadığı qeyd edildiyindən məhkəmə həmin rəyi cavabdehin dəlillərini təsdiq edən mötəbər sübut kimi qəbul edilmir. Məhkəmə bu nəticəyə gələrkən eyni zamanda nəzərə alır ki, ümumiyyətlə kombaynın sığota hadisəsi baş verərkən təyinatına uyğun istifadə edilibedimədiyinə hüquqi qiymət verilməsi yol nəqliyyat hadisələri ekspertizasının səlahiyyətinə aid deyil. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddianın təmin edildiyi hissədə mübahisələndirilən qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, sığorta hadisəsi nəticəsində zərər dəymiş kombaynın iddiaçı tərəfindən təmir edildiyindən hadisə nəticəsində dəymiş ziyanın həcmi məhkəmə tərəfindən yalnız iş materiallarına əlavə edilmiş qüsur aktları əsasında müəyyən edilə bilərdi. İddiaçı apellyasiya şikayətində "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubunda kombayna dəymiş zərərin ekspertlər tərəfindən 123.000 manat qiymətləndirilməsinin qeyd edildiyini göstərərək məhkəmə tərəfindən iddiaçının tələbinin ən azı bu məbləğdə təmin edilməsini xahiş edir.
40. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, qeyd edilən məktubda göstərilmiş 123.000 manat zərər məbləği cavabdeh tərəfindən “Avtonəqliyyat vasitələrinin texniki ekspertizasının” rəyinə əsasən müəyyən edildiyindən, həmin rəyi tərtib edən ekspert İlqar Zeynalov isə xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə teleqramla müraciət edərək rəy tərfib edilərkən hesablamada səhvə yol verdiyi üçün rəyin etibarsız hesab edilməsini xahiş etdiyindən birinci instansiya məhkəməsi düzgün olaraq həmin rəyi mötəbər sübut kimi qəbul etməmiş və iş üzrə ekspertiza təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin "xxxx" LTD-nin mütəxəssis rəyi əsasında verdiyi ekspert rəyində sığorta hadisəsi nəticəsində ziyan dəymiş JD 9970 markalı pambıqyığan kombaynın təmir bərpa xərci üçün 30810 manat vəsait tələb olunduğu qeyd edilmişdir. İddiaçı tərəfə sığorta hadisəsi nəticəsində dəymiş real zərərin bu məbləğdən artıq olduğuna dair məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən iddianın rədd edildiyi hissədə də qətnamə qanuni və əsaslı hesab edilir.
41. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
42. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 193/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı MMC və cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-193/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.