Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-760/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 31 mart 2021-ci il tarixli, e- 2-2 (113)-820/2021 saylı qətnaməsindən (hakim Fərrux Qasımov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 14.11.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 22681,79 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 31 mart 2021-ci il tarixli, e-2-2 (113)-820/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının tələbi üzrə kommersiya mübahisəsinə baxarkən borcun məbləğini ümumiyyətlə araşdırmamış, yalnız iddiaçının ərizəsində göstərdiyi borcun cavabdehdən tutulması barədə nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən bu istiqamətdə müvafiq araşdırma aparılmış olsaydı, cavabdehin iddiaçıya 22681,79 manat borcunun olması təkzib olunardı. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 08.09.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 31 mart 2021-ci il tarixli, e-2-2 (113)-820/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış 14.11.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə sürtünməyə davamlı polad lövhələr satılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 01.08.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehə cəmi ƏDV daxil 39964,15 manat dəyərində malmaterial verilmiş, alıcı tərəfindən satıcıya ƏDV daxil 17282,36 manat ödənilmişdir. Maliyyə arayışına əlavə edilmiş cədvələ əsasən EAAP 250395 saylı elektron qaimə üzrə təqdim edilmiş 6291,39 manat məbləğində malın dəyəri və EAAO 261682 saylı elektron qaimələr üzrə təqdim edilmiş mallardan 16390,4 manat qalıq borc ödənilməmişdir. Qeyd edilən elektron qaimələr iş materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəlləsinin 567, 600.1-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. Cavabdeh apelyasiya şikayətində təqdim edilmiş elektron qaimələr üzrə malların iddiaçı tərəfindən ona təqdim edildiyini mübahisələndirməmiş, borcun məbləğinin araşdırılmalı olduğunu göstərsə də, məhkəməyə ödənişlərlə bağlı hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 13.08.2021-ci il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, qalıq borc məbləği 21.000 manat olmalıdır, iddiaçı 1000 manat artıq ödəniş tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbinə etirazı sübutlarla təsdiq edilmədiyindən mübahisələndirilən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 31 mart 2021-ci il tarixli, e-2-2 (113)-820/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 31 mart 2021-ci il tarixli, e-2-2 (113)-820/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-760/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-760/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver