Məhkəmə qərarları › İş №2-2(103)-760/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-760/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-760/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-4558/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən taxıl məhsullarının alğı-satqısı barədə AT-29 nömrəli, 14 aprel 2023 -cü il tarixli müqavilə üzrə yaranmış 47809,50 manat borc məbləği və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4558/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə və ona əlavə olunmuş sənədlər, iddia ərizəsinin cavabdeh X3 çatdırılması, həmçinin sonuncu ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə, yəni elektron qaydada həyata keçirilmədiyindən geri qaytarılmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4558/2025 saylı qərardadının ləğv edilməsi, iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə MPM-in 150.2-ci maddəsinin tələblərini səhv təfsir etmişdir. Belə ki, əvvəla, iddiaçıya cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinin mövcud olub-olmaması məlum deyil və iddiaçının bu məlumatı əldə etmək və iddia ərizəsi və sənədləri həmin sistemə göndərmək imkanı yoxdur. Bu məlumatlar yalnız məhkəmələr tərəfindən müəyyən edilir. Digər tərəfdən, iddiaçının iddia ərizəsini cavabdehin “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirmək imkanı olmadığı üçün iddia ərizəsi və sənədlər cavabdehin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə (X5) göndərilmiş, bu barədə məlumat elektron qaydada ona çatdırılmışdır. Bununla bağlı sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə maddi hüquq normalarının tələblərini pozaraq, iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı Kommersiya Məhkəməsinin 03 iyun 2025-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi məsələsinin müzakirə edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC 14 aprel 2025-ci il tarixdə xəbərdarlıq məktubunu Cavabdeh MMC-yə məxsus X5 göndərmişdir. Kollegiya hesab edir ki, qanunvericliyin tələbinə əsasən xəbərdarlıq məktubunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (Dövlət Vergi Xidmətinin) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) sənəd iddia ərizəsinə əlavə edilməlidir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası qeyd edilən əsasları nəzərdən keçirərək və onları əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi icraata götürülməlidir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olnumalı, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyasının qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-4563/2025 nömrəli qərardadı ləğv edilsin. Kommersiya işi materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar