Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-761/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin qanuni nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2-2(113)-1516/2024 nömrəli qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 25 oktyabr 2023-cü il tarixli AS-PS/001-13 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə A500C markalı tikinti armaturu satmağı üzərinə götürmüşdür. Nəzərdə tutulmuşdur ki, qiymətlər hər partiya satış üçün əlavə razılaşmalarda öz əksini tapır. Müqavilənin 4.1-ci bəndinə əsasən “Satıcı” müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən tam məbləğdə avans ödəniş həyata keçirildikdən sonra 5 (beş) təqvim günü ərzində malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürmüş, 5.1-ci bəndinə əsasən “alıcı” sifariş olunan malın dəyərinin 100% həcmində ödənişi sifariş təsdiq edildikdən və “satıcı”nın təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 3 iş günü ərzində köçürmə yolu ilə əvvəlcədən (avans) həyata keçirilməsi şərtləşdirilmişdir.
2. İddiaçı ASC və Cavabdeh MMC arasında imzalanmış 25 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə Əlavə 1 olan qiymətlərin razılaşması protokolundan məlum olur ki, müxtəlif mallar üzrə qiymətlər tərəflər arasında ƏDV daxil olmaqla cəmi 1.461125,43 manat məbləğində müəyyən edilmişdir.
3. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktlarına müvafiq olaraq 61287,31 manat, 311383,36 manat, 432300,38 manat, ümumilikdə 804971,05 manat məbləğində müxtəlif adda məhsullar İddiaçı ASC tərəfindən Cavabdeh MMC-nə təhvil verilmiş, tərəflər hər ikisi aktları imzaları ilə təsdiq edərək möhürləmişlər.
4. EBDS seriyalı, 520799 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 61287.31 manat, EBDT seriyalı, 437808 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 311383.36 manat, EBDT seriyalı, 832786 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 432300.38 manat dəyərində mallar İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.
5. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC tərəfindən iddiaçıya 160.000 manat və 196.384,47 manat məbləğində, cəmi 356.384,47 manat ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli **********335332 saylı və **********295067 saylı köçürmə aparılması haqqında bildirişlərə əsasən Cavabdeh MMC tərəfindən iddiaçıya 28.800 manat və 35.349,20 manat, cəmi 64149,20 ƏDV üzrə ödəniş olunmuşdur. ƏDV ilə birlikdə ümumi ödənilmiş məbləğ 420533,67 manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC iddia ərizəsi, daha sonra isə iddia tələbi həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində bağlanmış AS- PS/001-23 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində yaranmış 375882,93 manat məbləğində əsas borcun və ödənilmiş 1088,63 AZN dövlət rüsumunun, ümumilikdə 376971,56 AZN məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC şirkəti 2003-cü ildə təsis edilmiş və xx.xx.2003-cü il tarixində ********** eyniləşdirmə nömrəsi ilə dövlət qeydiyyata alınmışdır. Şirkətin ilk adı "xxxx" MMC olmuşdur. Sonrakı illər ərzində şirkətin adı və hüquqi forması bir neçə dəfə dəyişilmişdir. Şirkətin əsas fəaliyyət istiqaməti isə maye oksigen və metal məmulatları emalından və onların satışını həyata keçirməkdən ibarətdir. Cəmiyyətin fəaliyyət istiqamətinə uyğun olaraq bağladığı müqavilələrdən biri də Cavabdeh MMC ilə xx.xx.2023-cü il tarixində imzaladığı AS-PS/001-23 saylı alqısatqı müqaviləsi olmuşdur. Bu müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı İddiaçı ASC sifariş edilmiş malları (armaturları) Alıcı Cavabdeh MMCnin mülkiyyətinə verməyi, Alıcı isə aldığı malları lazımi qaydada qəbul etməyi və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə Alıcı tərəfindən edilmiş sifarişlər üzrə müvafiq məhsullar Satıcı tərəfindən Alıcıya müqavilə şərtlərinə uyğun surətdə təhvil verilmişdir. Lakin, buna baxmayaraq xx.xx.2023cü il tarixli, AS-PS/001-23 saylı müqavilə üzrə satılmış 796416,6 AZN dəyərində məhsulun məbləği hazırki tarixədək ödənilməmiş olaraq qalmaqdadır. Qeyd edilmiş mallar 3 partiya üzrə - xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində təhvil verilmiş və müvafiq təhvil-təslim aktları ilə rəsmiləşdirilmişdir. Qeyd edilən satışlar üzrə iddiaçı tərəfindən Cavabdeh MMC-yə EBDS 520799, EBDT 437808 və EBDT 832786 seriya və nömrəli elektron qaimələr də təqdim edilmişdir. Qeyd edilən qaimələr də qarşı tərəfdən təsdiqlənmişdir. Sonuncu satış tarixindən təqribən 2 aydan artıq bir müddət keçməsinə baxmayaraq alıcı tərəfindən heç bir ödəniş həyata keçirilməyib. Bu baxımdan qeyd etmək istərdik ki, müqavilənin ödəniş şərtlərini tənzimləyən 5.1-ci bəndinə əsasən, alıcının sifariş olunan malların dəyərinin 100 faizini sifariş təsdiq edildikdən və hesab-faktura təqdim edildikdən sonra 3 iş günü ərzində ödəməsi öhdəliyi nəzərdə tutulmuşdur. Lakin, artıq qeyd edildiyi kimi sifariş qəbul edilib mallar və hesab-faktura təqdim edilməsinə baxmayaraq indiyə qədər dəfələrlə aparılmış şifahi, e-mail və telefon danışıqlarına rəğmən qalıq borc məbləğinin ödənilməsi həyata keçirilməmişdir və müxtəlif bəhanələrlə indiki tarixə qədər gecikdirilməkdədir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixində elektron kargüzarlıq sistemi vasitəsilə pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunu qəbul etdikdən sonra cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1516/2024 nömrəli qiyabi qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia təmin edilmişdir.
9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müxtəlif malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini əvvəlcədən tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 598.4- cü maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır.
10. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 375.882,93 manat pulu ödəmədiyini, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır, buna görə də 375.882,93 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
11. Cavabdeh qiyabi qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1516/2024 nömrəli qiyabi qətnaməsi ləğv edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən öhdəliyin xeyli hissəsi icra edilsə də, cavabdeh tərəf özünə sərf edən hissələri məhkəməyə bildirmiş, məhkəmə hesab borcun ödənildiyi hesab üzrə sorğu verməmiş və hesaba mədaxil və məxaric olan vəsaitləri müəyyən etməmişdir. Odur ki, mütləq qaydada apellyasiya instansiyasında göstərilən xüsusatlar araşdırılmalı və real borc məbləği müəyyən edilməlidir. Məhkəmə sübutlarlara qiymət verərkən yalnız iddiaçının maraqlarından çıxış etmiş, cavabdehin maraqlarını gözləməmişdir. Bu da bərabərlik və balanslı yanaşma prisiplərinin tələblərini pozmuşdur. Cavabdeh tərəfindən verilmiş iclasın təxirə salımasına dair müraciətlərə əsaslı olmasına rəğmən əhəmiyyət verilməmiş və nəticədə iştirak hüququ pozulmuşdur. Yaranmış nəticədə həqiqi hallar məhkəmə tərəfindən tam müəyyən edilməmiş və həqiqi hallara söykənməyən qətnamə qəbul edilmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin qanuni nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.
14. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
15. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddə- alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddə- alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.2-ci maddə- əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3-cü maddə- əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 598.4-cü maddə- əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 599.1-ci maddə- alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddə-sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1516/2024 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə 804971,05 manat məbləğində müxtəlif adda məhsullar təhvil verilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 375882,93 manat məbləğində qalıq borcun tutulmasını xahiş etmiş, cavabdeh nə birinci instansiya, nə apellyasiya məhkəməsinə bu borcun ödənilməsi barədə hər hansı sübut təqdim edə bilməmişdir.
19. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən işə apellyasiya qaydasında baxılarkən "xxxx" MMC-nin audit rəyinin təqdim edilməsi üçün məhkəmə tərəfindən sorğu verilməsi və işin halları barədə məlumatı olan X1 şahid qismində dindirilməsi barədə vəsatət verilmişdir.
20. İş materiallarından görünür ki, işə birinci instansiya qaydasında baxılarkən cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatı olmuş, cavabdehin nümayəndəsi və vəkili iclaslarda iştirak etməmiş, müxtəlif tarixlərdə vəsatətlər verərək iclasda iştirak etməməsinin üzürlü səbəbi olduğuna dair sübut təqdim etmədən iclasların təxirə salınmasını xahiş etmişdir. MPM-nin 77, 78.1, 372.2-ci maddəsinin tələblərinə əsasən cavabdeh iddiaya dair etirazını və borcun ödənilməsi barədə sübutlarını birinci instansiya məhkəməsinə təqdim etməli olduğundan cavabdehin apellyasiya instansiyası mərhələsində şahid dindirilməsi və sorğu verilməsi barədə vəsatətləri prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilməmişdir.
21. Məhkəmə eyni zamanda qeyd edir ki, MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən ödənişin həyata keçirildiyi şahid ifadəsi ilə deyil, ödəniş sənədləri ilə sübut edilməli olduğundan və cavabdeh tərəfindən iddiaçının təsdiq etdiyi məbləğdən artıq ödəniş edilməsi barədə sübut təqdim edilmədiyindən məhkəmə apellyasiya şikayətini əsassız hesab edir.
22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1516/2024 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1516/2024 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.