Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-762/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" SŞ ASC-yə qarşı sığorta ödənişi tələbinə dair iş üzrə (açar sözlər: sığorta ödənişi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə cavabdeh "xxxx" SŞ ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) sığorta ödənişi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-595/2019 nömrəli iş üzrə 03 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. YBF2018-00046 nömrəli xx.xx.2018-ci il tarixli Yük Sığortası Şəhadətnaməsinə əsasən, İddiaçı MMC və "xxxx" SŞ ASC arasında xx.xx.2018-ci il tarixli 58001015 nömrəli hesab-fakturaya əsasən elektron avadanlığın “Yük sığortası” növü üzrə Almaniyanın Hamburq şəhərindən Bakı şəhərinə çatdırılmasının sığorta edilməsi barədə sığorta şəhadətnaməsi imzalanmışdır. Şəhadətnaməyə görə, ümumi sığorta məbləği 17.510 Avro (34,669,80 AZN), sığorta haqqı 31,52 Avro (62,41 AZN) müəyyən edilmişdir. Sığorta haqqı tam şəkildə köçürmə yolu ilə sığorta müqaviləsi imzalandığı tarixdən 1 ay müddətində ödənilmədikdə, sığorta müqaviləsi qüvvəyə minməmiş hesab olunur və heç bir hüquqi nəticə yaratmadan avtomatik ləğv olunur. Yalnız yükün daşınması zamanı meydana gələn zərərlərə təminat verilir. Yükün sığorta təminatı xx.xx.2018-ci il tarixdən başlamaqla xx.xx.2018-ci il tarixədək 15 gün müddətində müəyyən edilmişdir.
2. AR VN Milli gəlirlər departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixdə təsdiq etdiyi nizamnaməyə dəyişiklik və xx.xx.2018-ci il tarixli **********322800 nömrəli çıxarışına görə, xx.xx.2003-cü il tarixdə 0103-P12-37665 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (VÖEN **********) adı dəyişdirilərək İddiaçı MMC olmuşdur.
3. Tərəflər arasında işgüzar münasibətlər elektron məktublar (e-mail yazışmaları) vasitəsilə də həyata keçirilmişdir. Həmin yazışmalardan: İddiaçı MMC-nin əməkdaşı Diananın ona məxsus “mailto:diana.farajova@aggl.azElektron ünvan 1” e-mail adresindən xx.xx.2018-ci il saat 18:03-də "xxxx" SŞ ASC-nin əməkdaşı Nərmin Quliyevaya ünvanladığı məktubda bildirilir: “Hörmətli Nərmin xanım, xahiş edirik, Almaniyadakı ünvanından (Kolumbusstrasse 8a, 22113 Hamburq, Almaniya) hava ilə bu göndərilən yükü sığortalayasınız. NİPPON Exspres (Almaniya) GmbH. Daha sonra aviaqaimənin surətini göndərəcəyik. X1, malın dəyəri: 17.510 Avro. “Linkinpartner Europe GmbH” şirkətinin əməkdaşı Marc Brenneckenin ona məxsus “mailto:marc.brennecke@linkinpartner.deElektron ünvan 2” e-mail adresindən xx.xx.2018ci il saat 18:41-də ünvanladığı məktubda bildirilir: “Hörmətli Kamran, qeyd etmək istərdik ki, yük ilə bağlı müəyyən problemimiz mövcuddur. Biz yükün hava limanına çatdırılması üçün tədbirlər planını hazırlamışdıq, lakin, anbar bildirmişdir ki, yükün yerini müəyyən etmək mümkün olmamışdır. Qeyd edirik ki, biz yükün hava limanına dərhal çatdırılması məqsədi ilə anbara yükün tapılması ilə bağlı dəfələrlə müraciət etmişik. Qeyd edirik ki, Alman vaxtı ilə 18:00-dək yük tapılmadığı təqdirdə yükün yeni uçuş sifarişini təşkil etmək lazım olacaqdır.” İddiaçı MMC-nin əməkdaşı Diananın ona məxsus “mailto:diana.farajova@aggl.azElektron ünvan 1” e-mail adresindən xx.xx.2018-ci il saat 2:36-da (PM) "xxxx" SŞ ASC-nin əməkdaşı Nərmin Quliyevaya ünvanladığı məktubda bildirilir: “Hörmətli Nərmin xanım, şirkətimizin alman tərəfdaşımız ilə mövcud olan yazışmaya diqqət yetirməyinizi xahiş edirik. Qeyd edirik ki, hal-hazırda yük Almaniyada itib. Çox güman ki, tapılacaq. Qeyd olunanları Sizə məlumat kimi bildiririk. Hər hansı məlumat əldə etdikdə Sizə bildirəcəyik.” "xxxx" SŞ ASC-nin əməkdaşı Nərmin Quliyevanın ona məxsus “mailto:nguliyeva@standartinsurance.azElektron ünvan 3” e-mail adresindən xx.xx.2018-ci il saat 14:49-da İddiaçı MMC-nin əməkdaşı Dianaya ünvanladığı məktubda bildirilir: “Hörmətli Diana xanım, məlumata görə minnətdarıq. Yük barədə ətraflı məlumat, misal üçün ümumi sığortası və daşınmanın marşurutu barədə təqdim etməyinizə minnətdar olardıq. Mən də öz qeydlərimdə sığorta şəhadətnaməsini tapmağa çalışacam.” “Linkinpartner Europe GmbH” şirkətinin əməkdaşı Marc Brenneckenin ona məxsus “mailto:marc.brennecke@linkinpartner.deElektron ünvan 2” e-mail adresindən xx.xx.2018ci il saat 14:43-də ünvanladığı məktubda bildirilir: “Hörmətli Kamran müəllim, biz Alman yük daşıyıcısından ingilis dilində daxil olan məktubu əlavə edəcəyik. Biz onlara ingilis dilində məktubun hazırlanması ilə bağlı bir neçə dəfə müraciət etmişik. Yük ilə bağlı məlumat aldıqda dərhal bildirəcəyik. Təşəkkür edirik.” İddiaçı MMC-nin əməkdaşı Diananın ona məxsus “mailto:diana.farajova@aggl.azElektron ünvan 1” e-mail adresindən xx.xx.2018-ci il saat 15:13-də ünvanladığı məktubda bildirilir: “Fərqanə xanım, əlavədə yük daşınmanı həyata keçirən şirkətdən daxil olan rəsmi məktub mövcuddur. Lakin, Alman dilindədir. Bizim tərəfdaşımız qeyd olunan məktubu ingilis dilində göndərilməsinə dair müraciət etmişdir” "xxxx" SŞ ASC-nin əməkdaşı Ruslan Fətəliyevin ona məxsus “mailto:rfataliyev@standartinsurance.azElektron ünvan 4” e-mail adresindən xx.xx.2018-ci il saat 17:31-də İddiaçı MMC-nin əməkdaşı Dianaya ünvanladığı məktubda bildirilir: “Salam Diana xanım, aşağıdakı müqavilələr üzrə ödənişləri yaxın bir zamanda Sizdən ödəməyinizi xahiş edirəm: YBF2018-00029, YBF2018-00033, YBF2018-00046, YBF2018- 00042, YBF2018-00045, YBF2018-00030, YBF2018-00043.” İddiaçı MMC-nin əməkdaşı Diananın ona məxsus “mailto:diana.farajova@aggl.azElektron ünvan 1” e-mail adresindən xx.xx.2018-ci il, saat 16:58-də ünvanladığı məktubda bildirilir: “Salam Flora xanım, aşağıda Alman tərəfdaşı ilə “Panasonic”ə aid itirilmiş yük barədə yeni yazışmalarımı nəzərinizə çatdırırıq. Biz yükü göndərən tərəfdən Alman dilində şərh edən məktubu qəbul etməsinə müvəffəq olmuşuq. Xahiş edirik ki, kompensasiyanın ödənilməsi ilə bağlı Sizdə mövcud olan prosedurlar barədə bildirəsiniz.” İddiaçı MMC-nin əməkdaşı Diananın ona məxsus “mailto:diana.farajova@aggl.azElektron ünvan 1” e-mail adresindən xx.xx.2018-ci il tarixdə "xxxx" SŞ ASC-nin əməkdaşı Nərmin Quliyevaya ünvanladığı məktubda bildirilir: “07 sentyabr tarixdə biz qeyd olunan məktubu və bu mövzuya dair sənədləri digər əməkdaşa göndərdik. Alman yük daşıyıcıdan “Panasonic” yükünə aid avia qaiməni, T1 sənədini və fakturanı əlavə edirik.”
4. "xxxx" SŞ ASC-nin İddiaçı MMC-yə ünvanladığı xx.xx.2018-ci il tarixli 1743 nömrəli məktubda bildirilmişdir ki, YBF2018-00029, YBF2018-00030, YBF2018-00033, YBF2018-00042, YBF2018-00043, YBF2018-00045, YBF2018-00046, YBF2018-00055, YBF2018-00057, YBF2018-00061, YBF2018-00075 nömrəli sığorta şəhadətnamələrinin ümumi sığorta haqqının ödənilmə qaydasına əsasən sığorta haqları qeyd edilən tarixlərdə ödənilmədiyi üçün müqavilələr ləğv olunmuşdur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin YBF2018-00046 nömrəli xx.xx.2018-ci il tarixli sığorta şəhadətnaməsi üzrə sığorta haqqının ödənilmədiyi əsas gətirilərək müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin sığorta müqaviləsi əsasında sığortalanmış yükün xx.xx.2018-ci il tarixdə itməsi ilə bağlı baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 17.510 Avro həcmində sığorta ödənişinin, sığorta hadisəsi barədə sığortaçıya məlumat verildiyi tarixdən, yəni xx.xx.2018ci il tarixdən hazırkı tarixədək cavabdeh tərəfindən sığorta ödənişinin gecikdirilmiş 294 təqvim gününün hər gününə görə sığorta ödənişi məbləğinin 0,1 faizi (17,51 avro) həcmində hesablanmış 5.147,94 Avro dəbbə pulunun, mülki iş üzrə vəkil xidmətinə görə ödənilmiş 700 manat və 30 otuz manat məbləğdə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddianın əsaslarına görə, iddiaçı müştərilərin sifarişləri əsasında onlara məxsus yüklərin beynəlxalq daşımalarının həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. Qeyd olunan fəaliyyətlə bağlı risklərin sığortalanması məqsədilə mütəmadi olaraq “yük sığortası” məhsulundan istifadə edirlər. Bu məqsədlə artıq 3 ildən artıq müddətdir ki, cavabdehlə bu sahədə əməkdaşlıq edir və bu müddət ərzində hər hansı sığorta hadisəsi qeydə alınmamışdır. 2018-ci ilin iyul ayında İddiaçı MMC ilə "xxxx" MMC-yə məxsus “Panasonic” markalı elektronik məhsulların Almaniyanın Hamburq şəhərindən Bakı şəhərinə daşınmasının təşkilinə dair sifarişi qəbul etmişdir. Bununla əlaqədar olaraq sözügedən yükün sığortalanması məqsədilə iddiaçı ilə cavabdeh arasında danışıqlar aparılmış və həmin yük YBF2018-00046 nömrəli xx.xx.2018-ci il tarixli sığorta şəhadətnaməsi əsasında “Yük sığortası” növü üzrə sığortalanmışdır. Sığorta şəhadətnaməsinin şərtlərinə əsasən həmin yükün sığorta təminatı xx.xx.2018-ci il tarixdən başlamaqla xx.xx.2018-ci il tarixədək 15 gün müddətində müəyyən edilmiş, sığorta haqqının 1 ay müddətində tam şəkildə, köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2018-ci il tarixdə Almaniyada əməkdaşlıq etdikləri agent “Linkinpartner Europe GmbH” şirkəti tərəfindən müəssisəyə məlumat verilərək sığorta predmeti olan yükün Hamburq hava limanına daşınması zamanı itdiyi bildirilmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən elə həmin tarixdə də bu barədə cavabdehə məlumat verilmiş, həmçinin yükün hərəkəti və onun itməsinə dair müvafiq sənədlər sığortaçıya təqdim olunmuşdur. Lakin sığorta şirkəti sözügedən sığorta hadisəsi ilə bağlı hər hansı araşdırma aparmadan, sığorta müqaviləsinə və qanunvericiliyə əsasən öz öhdəsinə götürdüyü öhdəliklərin icrasından yayınmaq məqsədilə xx.xx.2018-ci il tarixli 1743 nömrəli məktubla müəssisəyə müraciət edərək YBF2018-00046 nömrəli xx.xx.2018-ci il tarixli sığorta şəhadətnaməsi üzrə sığorta haqqının ödənilmədiyi əsas gətirilərək müqavilənin ləğv edildiyini bildirmişdir. Halbuki, cavabdeh tərəfindən sığorta haqqının ödənilməsi üçün elektron qaimə-faktura müəssisəyə təqdim edilmədiyindən əməkdaşlar tərəfindən dəfələrlə telefon danışıqları və e-mail vasitəsilə yazışmalar zamanı e-qaimə-fakturanın təqdim edilməsi cavabdehdən tələb edilmişdir. Lakin cavabdeh tərəfindən e-qaimə-faktura təqdim edilmədiyindən sözügedən sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi mümkün olmamışdır. Qeyd olunanlardan göründüyü kimi, mübahisəli sığorta müqaviləsi üzrə sığorta haqqının vaxtında ödənilməməsi sığortalının təqsiri üzündən baş verməmişdir.
7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-595/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən YBF 2018- 00046 nömrəli xx.xx.2018-ci il tarixli sığorta şəhadətnaməsi üzrə 17.510 avro həcmində sığorta ödənişi, 875,50 Avro dəbbə pulu, 700 manat vəkil xidmətinə görə çəkilmiş xərcin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
8. Qətnamənin əsaslarına görə, “Hazırkı iş üzrə məhkəmə cavabdehin sığorta haqqının İddiaçı MMC tərəfindən ödənilmədiyindən sığorta şəhadətnaməsinin qüvvəyə minmədiyi və bu səbəbdən heç bir hüquqi nəticə yaratmadığını əsas gətirməsinə dair fikrinə qiymət verərərk qeyd edir ki, işin halları ilə sübuta yetirilən, tərəflər arasında aparılmış danışıqlardan (email yazışmalarından) göründüyü kimi, iddiaçı tərəfindən cavabdehdən elektron qaimə-fakturanın təqdim olunması barədə dəfələrlə xahiş edilmiş, lakin iddiaçının bu xahişi nəzərə alınmamışdır. Odur ki, mübahisəli sığorta müqaviləsi üzrə sığorta haqqının vaxtında ödənilməməsi sığortalının təqsiri kimi qiymətləndirilməsi yolverilməzdir. Sığorta hadisəsi baş verən zaman YBF2018-00046 nömrəli, 27 iyul 2018-ci il tarixli Yük Sığortası Şəhadətnaməsi qüvvədə olmuşdur. Belə ki, şəhadətnamənin sığorta haqqı bəndinə müvafiq olaraq sığorta haqqının ödənilməsi üçün 1 (bir) ay müddətində vaxt müəyyən edilmişdir. Sığorta hadisəsi baş verdikdən sonra iddiaçı tərəfindən sığorta ödənişini etmək arzusunun olmamasının heç bir məntiqə sığmadığı açıq-aydın görünməkdədir. Cavabdeh tərəfindən iddiaçıya elektron qaimənin verilməməsi iddiaçıya sığorta ödənişinin aparılması üçün müvafiq şəraitin yaradılmaması faktını sübut edir. Bu hal öz növbəsində məhkəmə tərəfindən cavabdehin hüquqdan sui-istifadə halı kimi qiymətləndirilir. ... Həmçinin məhkəmə cavabdehin etirazının əsası kimi qeyd etdiyi növbəti arqument olaraq sığortalı yükün “sirli yoxolma”sı ilə bağlı bildirir ki, qanunvericilikdə - o cümlədən Azərbaycan Respunblikasının Mülki Məcəlləsində, eyni zamanda hər hansı normativ hüquqi aktda “sirli yoxolma” məfhumu mövcud deyildir. Hadisənin məhz şəhadətnamədə nəzərdə tutulan “sirli yoxolma” ifadəsinin təsiri altına düşüb-düşmədiyini aydınlaşdırmaq üçün hansı əlamətlərin olması məhkəmə tərəfindən müəyyən edilmir. O cümlədən məhkəmə cavabdehin nümayəndəsinin “Sığorta Qaydalarına” istinad etməklə “itmə”nin sığorta təminatına daxil olmadığı fikrinə dair münasibət bildirərək qeyd edir ki, həmin Qaydalar sığortalı tərəfindən təsdiq edilmədiyi və məhkəmə iclasında tərəflərin nümayəndələri tərəfindən qəbul edilmədiyindən məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə cavabdehin sığorta hadisəsi barədə sığortalıya vaxtında məlumat vermədiyi mülahizəsinə dair bildirir ki, sığortaçı ilə sığortalı arasında mövcud olan yazışmaların mətnindən müəyyən edilir ki, sığortalı yükün itirilməsi barədə məlumatları əldə etdiyi gündən növbəti gün (“Linkinpartner Europe GmbH şirkəti” tərəfindən sığorta predmeti olan yükün itdiyi bildirilmişdir.) - xx.xx.2018-ci il tarixdə "xxxx" Sığorta Şirkətinin rəsmi əməkdaşlarına bildirmişdir. Göründüyü kimi, cavabdeh yükün itməsi barədə iddiaçının bildiyi vaxtdan sığorta hadisəsinin baş verdiyi barədə məlumatlı olmuşdur. Məhkəmə həmçinin sözügedən Sığorta Şəhadətnaməsinin xüsusi zərər maddəsi hissəsinə müvafiq olaraq sığorta hadisəsinin baş verməsi barədə faydalanan şəxs hesab edilən İddiaçı MMC tərəfindən sığorta hadisəsindən xəbər tutduqdan dərhal sonra Sığortaçının nümayəndəsinə müvafiq qaydada xəbər verdiyini əsas götürərək, sığortaçının həmin sığorta hadisəsi üzrə iddianı rədd etmək hüququnu itirmiş olması qənaətinə gəlməkdədir. Eyni zamanda, məhkəmə cavabdehin yükün sığortalandığı marşrut üzrə - Hamburq- Bakı istiqamətində hava yolu ilə sığortalandığını əsas gətirməklə yükün hava limanınadək itirildiyini, təyyarəyə yüklənmədiyinə dair mülahizəsi ilə bağlı qeyd edir ki, sığorta növünün “hava yolu ilə” seçilməsi, sığortalanan yükün məhz hava limanından başlayarq sığortalandığı kimi qiymətləndirməməlidir. Belə ki, iş materiallarında olan yazışmalardan da göründüyü kimi, sığorta edilən yükün başlanğıc nöqtəsi Almaniya Kolumbusstrasse 8 a, 22113 Hamburq ünvanı müəyyən edilmişdir və bu barədə sığorta şirkəti sifarişi qəbul etmişdir. Bununla bağlı məhkəmə həmçinin qeyd edir ki, beynəlxalq yük daşımaları üzrə sığorta sahəsində mövcud işgüzar adətlərə əsasən yükün hava yolu ilə daşınması dedikdə daşınmanın ölkəyə ixrac zamanı hansı nəqliyyat vasitəsi növünün müəyyən edilməsi kimi başa düşülməlidir. ... Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən 01 avqust 2018-ci il tarixdən hazırki tarixədək cavabdeh tərəfindən sığorta ödənişinin gecişdirilmiş 294 təqvim gününün hər gününə görə sığorta ödənişi məbləğinin 0,1 faizi (17,51 avro) həcmində, 5147,94 (beş min yüz qırx yeddi avro, doxsan dörd sent) dəbbə pulu məbləği yüksək olduğundan azaldılaraq 875,50 (səkkiz yüz yetmiş beş avro, 50 sent) Avro məbləğində müəyyən edilməlidir. ... İş materiallarından görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosu ilə xx.xx.2019-cu il tarixli müqavilə imzalanmış və həmin şirkətin hesabına hüquqi xidmətə görə 12 fevral 2019-cu il tarixli SWİFT göndərişi əsasında 700 manat ödənilmişdir.”
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci, 464.1-ci, 467-ci, 888.2-ci, 899.1.2-ci, 902.1.4-cü, 926.1-ci, 922.1-ci, 922.3-cü, 934.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-16/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-595/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia rədd edilmişdir.
11. Qətnamənin əsaslarına görə, “Sığorta müqaviləsinin (şəhadətnaməsinin) “Sığorta haqqı” bölməsində razılaşdırılan müqavilə şərtində göstərilir ki, “sığorta haqqı tam şəkildə köçürmə yolu idənilməlidir. Müəyyən edilmiş sığorta haqqı sığorta müqaviləsi imzalandığı tarixdən 1 (bir) ay müddətində ödənilmədikdə, qanunvericiliyin tələbinə uyğun olaraq sığorta müqaviləsi qüvvəyə minməmiş hesab olunur və heç bir hüquqi nəticə yaratmadan avtomatik ləğv olunur.” Eyni zamanda, Mülki Məcəllənin 903.4-cü maddəsində də, məhz, nəzərdə tutulur ki, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 903.5-ci maddəsinə əsasən sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Həmin Məcəllənin 903.6-cı maddəsinə əsasən isə hər bir halda, sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən sığorta müqaviləsində və mülki qanunvericiliyin qeyd olunan müddəalarında nəzərdə tutulan müddət ərzində sığorta haqqı cavabdehə ödənilməmişdir və bu hal işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Belə olan halda, Mülki Məcəllənin 903.4-cü maddəsinin və sığorta müqaviləsinin (şəhadətnaməsinin) qeyd olunan şərti baxımından, tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixdə YBF2018-00046 nömrəli “Yük sığortası” müqaviləsi (şəhadətnaməsi) imzalansa da, onu imzalayan iddiaçı tərəfindən müqavilə şərtinə uyğun qaydada sığorta haqqı ödənilməmiş, dəməli müqavilə qüvvəyə də minməmiş, Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbi baxımından tərəflər, o cümlədən, cavabdeh üçün heç bir öhdəlik yarada və hüquqi nəticə yarada bilməz. İddiaçı iddia ərizəsində “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” xx.xx.2016-cı il tarixli 454-VQD №-li Azərbaycan Respublikası Qanununa istinadən, ona cavabdeh tərəfindən elektron qaimə-faktura verilmədiyini əsas gətirərək, sığorta haqqının ödənilməməsinin cavabdehin təqsiri üzündən baş verdiyini mübahisələndirərək, iddia tələbində haqlı olduğunu iddia edir. Məhkəmə kollegiyası aşaığdakılara görə iddiaçının qeyd olunan mövqeyi ilə razılaşmır. Birincisi, tərəflər arasındakı sığorta müqaviləsinin (şəhadətnaməsinin) «sığorta haqqı» bölməsində sığortaçının qaimə faktura vermə öhdəliyiyin nəzərdə tutulduğu müəyyən olunmur, sadəcə olaraq, sığorta haqqının köçürmə yolu ilə həyata keçirilməsi təsbit olunmuşdur. İddiaçının istinad etdiyi Vergi Məcəlləsinə edilən dəyişikliyə gəldikdə isə hazırkı mübahisə vergi qanunvericiliyinin deyil, mülki qanunvericiliyin müəyyənləşdirdiyi normalar daxilində tənzimlənməlidir. Hətta iddiaçının istinad etdiyi, vergi qanunvericiliyinə edilən həmin dəyişikliyi nəzərə alsaq belə, qeyd olunan əsaslanmasında haqlı olduğu görünmür. Belə ki, Vergi Məcəlləsinə edilən həmin dəyişiklik 1 yanvar 2017-ci il tarixdən qüvvəyə minmiş və mübahisəli sığorta müqaviləsi (şəhadətnaməsi) imzalanarkən qüvvədə olan, 71-1-ci maddəsinin redaksiyasına görə: «Bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir». Cavabdeh isə mal satan, xidmət göstərən təşkilat deyil, sığortaçıdır və onun iddiaçı ilə bağladığı sığorta müqaviləsi (şəhadətnaməsi) xidmət müqaviləsi kimi təfsir oluna bilməz. Çünki, Mülki Məcəllənin qeyd olunan 883.1-ci maddəsinin tələbindən də göründüyü kimi, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərin, sığorta haqqı müqavilində, müəyyən pul əvəzi verilməsini nəzərdə tutan bir razılaşmadır. Ən azından, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikaasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Qeyd olunanlar baxımından, iddiaçının istinad etdiyi vergi qapnunvericiliyi tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinə tətbiq edilməsi, eni zamanda Mülki Məcəllənin qeyd olunan imperativ normasına (maddə 903.4) göz yumulması mümkün deyil. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, birincisi, iddiaçının elektron qaimə faktura verilməsini cavabdehdən tələb etməsi sübut etmə vasitələri ilə təsdiq olunmur. İkincisi, cavabdehin həmin fakturanı verməkdən imtina etməsi və bununla bağlı iddiaçının ona qarşı hər hansı iddia tələbi irəli sürməsi və ya məhkəmə mübahisəsi açması da mövcud deyil. Üçüncüsü, cavabdehin həm iddiaya qarşı etirazının, həm də apellyasiya şikayətinin dəlillərindən və nümayəndələrinin məhkəmədə verdiyi izahatlarına əsasən müəyyən olunur ki, onlar arssında 54 dəfə sığorta müqaviləsi (şəhadətnaməsi) imzalanmış və onlardan 51-də qaimə-faktura verilmədən iddiaçı cavabdehin hesabına sığorta haqları köçürmüşdür. Qeyd edilməlidir ki, cavabdehin bu arqumenti iddiaçı tərəfindən heç təkzib də olunmur və mübahisələndirilmir. Göründüyü kimi, tərəflər arasında əvvəllər bərqərar olmuş işgüzar adətlər, habelə qeyd edildiyi kimi, sığorta müqaviləsinin «sığorta haqqı» bölməsində sığorta haqqının köçırmə yolu ilə ödənilməsinin təsbit olunması tam imkan verirdi ki, iddiaçı tərəfindən sığrta müqaviləsində (şəhadətnaməsində) nəzərdə tutulan sığorta haqqının köçürmə yolu ilə cavabdehin hesabına ödənilməsi onun öz təşəbbüsü ilə həyata keçirməsində heç bir əngəl mövcud olmamışdır. Beləliklə də iddiaçı, tərəflər arasında imzalanmış YBF2018-00046 nömrəli xx.xx.2018-ci il tarixli sığorta şəhadətnaməsinin şərtinə uyğun olan öhdəliyini, yəni həmin şəhadətnamənin sığorta haqqı bölməsində nəzərdə tutulan sığorta haqqını cavabdehə (sığortaçıya) ödəməmiş, bununla da, həmin sığorta şəhadətnaməsi qüvvəyə minməmişdir. Qüvvyə minməyən sığorta şəhadətnaməsinin isə qeyd edildiyi kimi hüquqi qüvvəsi ola bilməz. Hüquqi qüvvəsi olmayan müqaviləyə görə isə cavabdeh sığortaçının mülki məsuliyyət daşıması istisna olunur. Belə olan halda, iddiaçının cavabdeh sığortasıya qarşı sığorta ödənişinin verilməsi tələbinə dair hazırkı iddiası əsassızdır.”
12. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci, 888.2-ci, 899.1-ci, 899.1.2-ci, 903.4-cü, 903.5-ci, 903.6-cı, 922.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiya məhkəməsində icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 19/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-16/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Qərarın əsaslarına görə, “İşin materiallarından görünür ki, hazırkı iş üzrə tərəflər arasında 2017-ci il yanvarın 1-dən sonra 43 sığorta müqaviləsi bağlanmış, bunlardan yalnız 3-də sığortaçı tərəfindən qaimə-faktura verilmiş, lakin bu, iddiaçının həmin müqavilələr üzrə cavabdehin hesabına sığorta haqlarının keçirilməsinə mane olmamışdır. Qeyd edək ki, heç bir tərəf bu faktı təkzib etməmişdir. Göründüyü kimi, tərəflər arasında illər ərzində formalaşmış işgüzar təcrübədə elektron qaimə fakturasının olmaması tərəflər arasında bağlanmış sığorta müqavilələri üzrə ödəniş üçün heç bir tərəf üçün problem yaratmamışdır.”
d) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində icraat
15. Cavabdeh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək, Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə uyğun olmayan hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İddiaçı MMCnin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı ilə İddiaçı MMC-nin "xxxx" SŞ ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1-418.3-cü maddələrinə uyğun olmayan hesab edilmiş, müvafiq məhkəmə aktının icra edilməməsi və işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır.
17. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, “Beləliklə, sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd kimi çıxış edir. Bu, həmçinin Mülki Məcəllənin 901.1-ci maddəsinin məzmunundan irəli gəlir. Belə ki, həmin maddəyə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. ... Beləliklə, sığorta təminatının müddəti ərzində sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranması ilə şərtlənən sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən maliyyə kompensasiyası, yəni sığorta ödənişi həyata keçirilir. ... İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları sığorta hadisəsinin sığorta təminatının qüvvədə olduğu müddət ərzində baş verməsi nəticəsinə gəlməyə imkan verir. Bu nəticə həm sığorta müqaviləsinin şərtlərindən, həm də Mülki Məcəllənin 901.1 və 903.4-cü maddələrinin müddəalarından irəli gəlir. Belə ki, həmin Məcəllənin 901.1-ci maddəsinə görə, sığorta şəhadətnaməsi tərəflər arasında sığorta müqaviləsinin şərtlərini bildirən və təsdiq edən sənəddir. Məcəllənin 903.4-cü maddəsinə əsasən isə müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Yəni tərəflər sığorta təminatının sığorta haqqının ödənilməsindən əvvəlki tarixdə də qüvvəyə minməsini razılaşdıra bilərlər və belə olan halda sığorta təminatı sığorta haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq tərəflərin razılaşdırdıqları andan qüvvəyə minir. Odur ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən İddiaçı MMC-yə verilən sığorta şəhadətnaməsi onlar arasındakı sığorta müqaviləsinin şərtlərini göstərən və təsdiq edən sənəddir. Həmin şəhadətnamədə isə sığorta müddəti 15 gün müəyyən edilmiş, bu müddətin 26 iyul 2018-ci il tarixində başlayıb 9 avqust 2018-ci il tarixində qurtardığı göstərilmişdir. Həmçinin sığorta şəhadətnaməsində sığorta təminatının müddətinin 15 gün olduğu qeyd olunmuşdur. Bu müddətlər (həm sığorta müddəti, həm də sığorta təminatının müddəti) məhz sığorta təminatının hansı dövrü əhatə etdiyini göstərir və beynəlxalq təcrübədə istifadə olunan “period of cover” ifadəsininin məzmunu ilə eynilik təşkil edərək sığorta riskinin sığortaçının təminatı altında olduğu dövrü ifadə edir. Hadisənin 28 iyul 2018-ci il tarixində baş verməsi nəzərə alınarsa, sığorta hadisəsinin sığorta təminatının qüvvədə olduğu müddət ərzində baş vermiş olması nəticəsinə gəlmək olar. ... Lakin apellyasiya instansiyası məhkəməsi sığorta şirkətinin şikayətini təmin edərkən formal mülahizələrə əsaslanmış, müqavilənin şərtlərini və mülki qanunvericiliyin müddəalarını düzgün təfsir etməməklə, iddiaçının sığortaçı tərəfindən sığorta haqqının ödənilməsi üçün müvafiq şəraitin yaradılmaması və göstərilən maddi hüquq normalarının tələblərinə riayət edilməməsi barədə irəli sürdüyü dəlillərinə lazımi hüquqi qiymət verməmişdir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, sığorta baş verməmiş riskin təminatıdır, artıq baş vermiş bir hadisəyə görə sığorta təminatının alınması sığorta institutunun mahiyyətinə və təyinatına uyğun deyildir. Sığorta hadisəsi baş verdiyi təqdirdə artıq sığortaçının sığorta ödənişini etmək öhdəliyi yaranır. Bu halda sığortalının sığorta haqqını ödəməsinə hər hansı hüquqi və ya faktiki ehtiyac qalmır. Belə ki, Mülki Məcəllənin 929-cu maddəsinə görə, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. Yuxarıda da qeyd olunduğu kimi, hazırkı iş üzrə tərəflər arasında sığorta təminatının müddəti 15 gün müəyyən edilmişdir. Odur ki, 15 günlük sığorta münasibəti baxımından bir ay müddət ərzində sığorta haqqının ödənilməməsinin sığorta müqaviləsinin ləğvi səbəbi kimi göstərilməsi tərəflər arasında sığorta münasibətlərinin mahiyyətinə uyğun olmamışdır. Mülki Məcəllənin 903-cü maddəsinin müvafiq göstərişi də məhz daha uzun müddətli sığorta təminatını nəzərdə tutan sığorta müqavilələri üçün keçərlidir. Nəticə etibarı ilə sığorta təminatının müddətinin bitməsindən sonra sığorta haqqının ödənilməməsinin müqavilənin ləğvinə səbəb kimi qiymətləndirilməsi sığorta münasibətlərinin mahiyyətinə və mülki qanunvericiliyin normalarının göstərişlərinə uyğun olmamışdır. ... Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sığorta müqaviləsinin sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minməsi mülahizəsinə əsaslanaraq iddianı rədd etməklə mülki və mülki prosessual qanunvericiliklərin yuxarıda göstərilən müddəalarını pozmuşdur. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu apellyasiya instansiyası məhkəməsinin sığorta müqaviləsinin və ya sığortaçının müqavilədən irəli gələn fəaliyyətinin xidmət müqaviləsi və ya xidmət kimi təfsir oluna bilməməsi mövqeyi ilə bağlı bildirir ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.9-cu maddəsində göstərilmişdir ki, sığorta risklərinin və zərərlərin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması, həmçinin zərərlərin tənzimlənməsi ilə bağlı xidmətlər sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən həyata keçirildikdə də, bu fəaliyyət sığorta xidmətlərinin tərkib hissəsi hesab edilir. Sığorta fəaliyyətinin mahiyyət etibarı ilə xidmət olduğu şübhəsizdir. Belə ki, mülki dövriyyədə həyata keçirilən fəaliyyətlər ya əmtəə istehsalı, ya da xidmət göstərilməsi şəklində təzahür edir. Sığorta fəaliyyəti əmtəə istehsalı olmadığından, xidmət sahəsinə aid fəaliyyət olaraq qiymətləndirilməlidir.”
d) Ali Məhkəmənin Plenumunda icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı ilə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(102)-19/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı, bununla bağlı Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-16/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
19. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-595/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
20. Şikayətin dəlillərinə görə, şirkət tərəfindən yük sığorta şəhadətnaməsi imzalandığı üçün şəhadətnamə bağlanmış hesab edilsə də, qanuvcricilikdə nəzərdə tutulmuş qaydada sığorta haqqı ödənilmədiyi üçün qüvvəyə minməmişdir. Sonradan iddiaçı tərəfindən təsdiq olunmuş sığorta şəhadətnaməsindən göründüyü kimi, şəhadətnamənin ikinci səhifəsində sığorta haqqı bölməsində göstərilir: Sığorta haqqı tam şəkildə köçürmə yolu ilə ödənilməlidir. Müəyyən edilmiş sığota haqqı sığorta müqaviləsi imzalandığı tarixdən 1 (bir) ay müddətində ödənilmədikdə, qanunvericiliyin tələbinə uyğun olaraq sığorta müqaviləsi qüvvəyə minməmiş hesab olunur və heç bir hüquqi nəticə yaratmadan avtomatiq ləğv olunur. İş materiallarından göründüyü kimi, iddiaçı sığorta haqqını ümumiyyətlə ödəməmişdir. Məhkəmə baxışı zamanı həmin suala yazılı izahla bildirilmişdir ki, sözügedən sığorta şəhadətnaməsindən əvvəl iddiaçı ilə şirkət arasında bağlanmış 54 ədəd sığorta şəhadətnaməsi üzrə ilk 3 sığorta şəhadətnaməsinin hesab fakturası verilmiş, sonrakı 51 ədəd sığorta şəhadətnamələri üzrə (ehtiyac olmadığı üçün) hesab faktura verilmədən sığorta haqqı ödənilmişdir (həmin sənədlər işə əlavə edilmişdir). Ona görə ki, tərəflər 3 il ərzində əməkdaşlıq etdikləri bu dövrdə biri-birinin hesablarını əzbərdən bildikləri üçün tələb etməmişdir. Sual oluna bilərdi ki, iddiaçı əgər hesab fakturanı bilmirdirsə 51 ədəd sığorta şəhadətnamələrinin sığorta haqqını necə ödəmişdir? Qətnamənin 2-ci səhifəsində bildirilir ki, telefon danışıqları və e-mail yazışmaları zamanı hesab faktura tələb edilib. Eyni zamanda qətnamənin 5-ci səhifəsinin 3-cü abzasında məhkəmə tərəfindən həmin məsələyə münasibət bildirəndə qeyd edilmişdir ki, tərəflər arasında aparılmış danışıqlardan (e-mail yazışmalardan) göründüyü kimi, iddiaçı tərəfindən cavabdehdən elektron qaimə fakturanın təqdim olunması barədə dəfələrlə xahiş etmişdir. Qaimə fakturanın tələb edilməsi ilə bağlı heç bir sənəd mövcud deyil. Belə bir müraciət olmamışdır. Sığorta şəhadətnaməsinin istisnalar bölməsində sığorta təminatı verilməyən hadisələrdən biri sirli yoxolma kimi qeyd edilmişdir. Məhkəmə tərəfindən buna çox geniş münasibət bildirilmişdir. Sirli yoxolama Azərbaycan terminində çox az işlədilir. İngilis terminində isə sirli yoxolma, sirli yoxa çıxma, oğurluq ehtimalını istisna edən itkin, təəccüblü maraq və fərziyyələrə səbəb olan, başa düşmək və ya izah etmək çətin olan şəraitdə bir zərər deməkdir. Təcrübədən görünür ki, hər gün müşahidə etdiyimiz (yol nəqliyyat hadisəsi ilə bağlı) baş verən sığorta hadisəsi barəsində sığortalı dərhal polisə və sığortaçıya məlumat verir. Toplanmış sənədlər əsasında sığorta təminatı həyata keçirilir. Belə bir qiymətli yükün itməsi və yaxud yox olması barəsində polisə məlumat verilməməsi və yükün daşıyıcısının da susması sadəcə şifahi olaraq itib deməklə sığorta hadisəsinin qəbul edilməsi yol verilməzdir. MMC tərəfindən isə şifahi itib deməklə kifayətlənməsi sığorta hadisəsinə aid sənədlərin təqdim edilməsinə (əgər sığorta hadisəsi varsa) hərəkətsizlik göstərirsə, bu sığorta marağının olmamasıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı apelyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, şikayətin təmin edilməməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; Maddə 888.2. Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır; Maddə 899.1. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: 899.1.1. tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; 899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; 899.1.3. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada. Maddə 901.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir; Maddə 903.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir; Maddə 903.2. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir; Maddə 903.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir; Maddə 903.5. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər; Maddə 903.6. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir; Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir; Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; Maddə 929. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir; Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir; Maddə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
25. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. İddia qismən təmin olunduğundan, baxmayaraq ki, cavabdeh qətnamənin tam ləğvini xahiş etmişdir, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi), həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, birinci instansiya məhkəməsinin qətnaməsi iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
29. İşin mübahisəsiz hallarına görə, tərəflər arasında xx.xx.2018-ci il tarixdə yük sığortası şəhadətnaməsinə əsasən sığorta müqaviləsi bağlanmış, yükün sığorta təminatı xx.xx.2018-ci il tarixədək (15 gün müddətə) müəyyən edilmiş, yük xx.xx.2018-ci il tarixdə Almaniyada itmiş, cavabdeh xx.xx.2018-ci il tarixli məktubla sığorta şəhadətnaməsi ilə nəzərdə tutulan müddətdə sığorta haqqı ödənilmədiyi üçün müqavilənin ləğv olunduğunu bildirərək, 17.519 Avro məbləğdə sığorta ödənişinin ödənilməsindən imtina etmişdir.
30. Məhkəmə kollegiyası cavabdehin imtinasının əsası ilə razılaşmır və bu mənada onun apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
31. Belə ki, sığorta hadisəsi sığorta təminatının qüvvədə olduğu müddət ərzində baş vermişdir. Bu nəticə həm sığorta müqaviləsinin şərtlərindən, həm də Mülki Məcəllənin 901.1 və 903.4-cü maddələrinin müddəalarından irəli gəlir. Yəni, tərəflər sığorta təminatının sığorta haqqının ödənilməsindən əvvəlki tarixdə də qüvvəyə minməsini razılaşdıra bilərlər və belə olan halda sığorta təminatı sığorta haqqının ödənilibödənilməməsindən asılı olmayaraq tərəflərin razılaşdırdıqları andan qüvvəyə minir. Odur ki, cavabdeh tərəfindən iddiaçıya verilən sığorta şəhadətnaməsi onlar arasındakı sığorta müqaviləsinin şərtlərini göstərən və təsdiq edən sənəddir. Həmin şəhadətnamədə isə sığorta müddəti 15 gün müəyyən edilmiş, bu müddətin xx.xx.2018-ci il tarixində başlayıb xx.xx.2018-ci il tarixdə qurtardığı göstərilmişdir. Həmçinin, sığorta şəhadətnaməsində sığorta təminatının müddətinin 15 gün olduğu qeyd olunmuşdur. Bu müddətlər (həm sığorta müddəti, həm də sığorta təminatının müddəti) məhz sığorta təminatının hansı dövrü əhatə etdiyini göstərir və beynəlxalq təcrübədə istifadə olunan “period of cover” ifadəsininin məzmunu ilə eynilik təşkil edərək, sığorta riskinin sığortaçının təminatı altında olduğu dövrü ifadə edir. Hadisə xx.xx.2018-ci il tarixdə baş verdiyindən, sığorta hadisəsi də sığorta təminatının qüvvədə olduğu müddət ərzində baş vermişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, sığorta baş verməmiş riskin təminatıdır, artıq baş vermiş bir hadisəyə görə sığorta təminatının alınması sığorta institutunun mahiyyətinə və təyinatına uyğun deyil. Sığorta hadisəsi baş verdiyi təqdirdə artıq sığortaçının sığorta ödənişini etmək öhdəliyi yaranır. Bu halda sığortalının sığorta haqqını ödəməsinə hər hansı hüquqi və ya faktiki ehtiyac qalmır. Belə ki, Mülki Məcəllənin 929-cu maddəsinə görə, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
33. İşdən aydın olduğu kimi, iş üzrə tərəflər arasında sığorta təminatının müddəti 15 gün müəyyən edilmişdir. Odur ki, 15 günlük sığorta münasibəti baxımından bir ay müddət ərzində sığorta haqqının ödənilməməsinin sığorta müqaviləsinin ləğvi səbəbi kimi göstərilməsi tərəflər arasında sığorta münasibətlərinin mahiyyətinə uyğun olmamışdır. Mülki Məcəllənin 903-cü maddəsinin müvafiq göstərişi də məhz daha uzun müddətli sığorta təminatını nəzərdə tutan sığorta müqavilələri üçün keçərlidir. Nəticə etibarı ilə sığorta təminatının müddətinin bitməsindən sonra sığorta haqqının ödənilməməsinin müqavilənin ləğvinə səbəb kimi qiymətləndirilməsi sığorta münasibətlərinin mahiyyətinə və mülki qanunvericiliyin normalarının göstərişlərinə uyğun olmamışdır.
34. Bu baxımdan sığorta müqaviləsinin sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minməsi barədə mülahizə mülki qanunvericiliyin müddəalarının pozulması kimi qiymətləndirilməlidir.
35. Apellyasiya şikayətinin sirli yoxolma barədə dəlili də əsaslı deyil. Belə ki, cavabdehin xx.xx.2018-ci il tarixli imtinası yalnız bir əsasla - sığorta haqqının sığorta şəhadətnaməsi ilə nəzərdə tutulan müddətdə ödənilməməsi ilə əsaslandırılmışdır.
36. Cavabdehin apellyasiya şikayəti dəbbə pulu və hüquqi yardıma görə ödənilən məbləğlərə dair dəlil ehtiva etmədiyindən, faktiki və qanuni əsaslarının mövcudluğu iş üzrə də təsdiqini tapan həmin məbləğlərlə bağlı mübahisənin olmadığı qəbul edilir.
37. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
38. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-595/2019 nömrəli iş üzrə 03 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" SŞ ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Emin Mehdiyev Aytən Oruczadə