Məhkəmə qərarları › İş №2-2(103)-762/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-762/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-762/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, e-2-2(113)-1333/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8.414,20 manat məbləğində borcun, eyni zamanda ödənilmiş 105 manat dövlət rüsumunun, cəmi 8.514,20 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 12 fevral 2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2020-cı il tarixdə Cavabdeh İddiaçı MMC-yə müraciət edərək xx.xx.2020-cı il tarixli 24 saylı inşaat materiallarının nisyə alqı-satqı müqaviləsi əsasında tikinti materialları almışdır. Müqavilə bağlanılarkən cavabdehin şəxsiyyətini təsdiq edən sənədi tələb olunmuş və eyniləşdirilmişdir. Qeyd olunan tikinti materialları cavabdehə təhvil verilmiş və bununla da İddiaçı MMC xx.xx.2020-cı il tarixli 24 saylı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etmişdir. Lakin cavabdeh xx.xx.2020-cı il tarixli 24 saylı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir. Cavabdeh ilə iddiaçı arasında 16.02.20-ci il tarixdə qarşılıqlı hesablaşmaların yoxlanılması məqsədilə üzləşmə aktı bağlanmışdır. Həmin üzləşmə aktında da göründüyü kimi cavabdehin iddiaçıya 8.414 manat borcu vardır. Lakin Cavabdeh dəfələrlə yazılı və şifahi müraciət olunmasına, 01.06.22-ci il tarixdə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bugünədək 8.414,20 manat məbləğində olan borcunu ödəməmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1333/2023 saylı, 21 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

4. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, e-2-2(113)-1333/2023 saylı qətnaməsinin tamamilə ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi qətnamədə haqsız olaraq müqaviləni hərfi mənada təfsir etmiş, müqavilədə olan texniki və hərf səhvlərini əsas gətirərək alqı-satqı münasibətlərinin yaranmadığını iddia etmişdir. Halbuki cavabdeh üzləşmə aktının sonunda əlavədə öz dəst-xətti ilə borcu etiraf edərək Məhkəmənin bu mövqeyinin əsassız olduğunu sübuta yetirmişdir. Həmçinin, Məhkəmə sonuncu iclasa qədər müqavilədə olan texniki səhvlərə toxunmamış, yalnız son iclasda bunu mübahisələndirərək iddiaçıya müqavilələrin texniki baxımdan düzgün versiyalarını təqdim etməyə şərait yaratmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respubikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

9. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

10. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hü-ququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.

17. İş materiallarına əlavə edilmiş:

18. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2125/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı işi üzrə Cavabdeh 10604 manat borcun, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə iddiası rədd edilmişdir.

19. Qeyd edilmiş qətnamədən göründüyü kimi, iddianın faktiki əsasını İddiaçı MMC ilə Cavabdeh arasında 24 dekabr 2016-cı il tarixdə bağlanılan 24 saylı alqı-satqı müqaviləsi təşkil edir.

20. Hazırda isə iddiaçı iddianın faktiki əsası kimi xx.xx.2020-cı il tarixli 24 saylı alqısatqı müqaviləsinə istinad edir.

21. Birinci instansiya məhkəməsi qeyd edir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alındığında ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı MMC-nin üzərinə düşür.

22. Həmçinin o da qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi üzrə müqavilənin predmeti yəni hansı adda, hansı sayda, hansı çeşiddə və s. malların verilməsi şərti müqavilənin mühüm şərti hesab olunur. Qeyd edilmiş şərtə isə riayət olunmaması yəni, hər hansı bir malın verilməsi təsdiqini tapmaması alqı-satqı müqaviləsinin bağlanmamasına və tərəflər arasında iddiaçı tərəfindən istinad olunan müqavilə üzrə alqı-satqı münasibətlərinin yaranmamasına dəlalət edir.

23. Qeyd edilmiş halın araşdırılması üçün məhkəmə iclasında iddiaçı tərəfdən istinad olunan müqavilə üzrə hansı (növ, say, dəyəri və s.) malların cavabdehə verildiyi və bu barədə nə kimi təsdiqedici sənədlərin (misal elektron qaimə və s.) olması soruşulmuş, cavabdeh tərəf isə elektron qaimə və təhvil aktlarının olmadığını, elektron qaimələrin verilməsinin onların hüququ olduğunu bildirmişdir. Həmçinin də, məhz hansı malların olmasını da, cavablandıra bilməmişdir.

24. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktında “xx.xx.2021-ci il” tarixli (yəni 1 il sonrakı tarix qeyd edilmişdir) 24 saylı alqı satqı müqaviləsinə istinad olunmaqla yanaşı, həmçinin son hissəyə də diqqət yetirilməsini zəruri hesab edir. Belə ki, qeyd edilmiş “aktın” son hissəsində, İddiaçı MMC öz şikayət ərizəsini məhkəmədən xx.xx.2021-ci il tarixdə geri götürür, xx.xx.2022-ci il tarixinə qədər pul bağlacaq” məzmunlu yazı daxil edilmişdir.

25. Göründüyü kimi, xx.xx.2020-ci il tarixli “üzləşmə aktının” tarixinə nəzər yetirildiyində aydın olur ki, akt Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2125/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul edilməmişdən qabaq imza edilmişdir. Həmçinin də, üzləşmə aktı yalnız bir tərəfli qaydada imza edilmişdir.

26. Bu isə onu deməyə əsas verir ki, qeyd edilmiş, xx.xx.2020-ci il tarixli “üzləşmə aktı”nda qeyd edilmiş borc həqiqətən də, mövcud olmuş olsa idi, iddiaçı tərəf verilmiş iddiada bu borcu tələb edər, eyni zamanda da, akta İddiaçı MMC öz şikayət ərizəsini məhkəmədən xx.xx.2021-ci il tarixdə geri götürür məzmunlu yazını daxil etməzdi.

27. Qeyd edilən hallardan görünür ki, iddiaçı tərəf cavabdehlə xx.xx.2020-cı il tarixli 24 saylı alqı-satqı müqaviləsi üzrə hər hansı bir malların verilməsini və həqiqətən də, tərəflər arasında müqavilə münasibətlərinin yaranmasını sübut edə bilməmişdir.

28. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, hazırkı halda xx.xx.2020-cı il tarixli 24 saylı alqı-satqı müqaviləsinin mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olan əqd olaraq deyil, məhz tərəflər arasında alqı-satqı münasibətlərinin yaranmaması əsası ilə iddia rədd edilməlidir.

29. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

31. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1333/2023 saylı, 21 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar