Məhkəmə qərarları › İş №2-2(103)-763/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-763/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-763/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, İddiaçı Nümayəndə1 Anonim Şirkətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1014/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Nümayəndə1 Anonim Şirkəti Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, 13 044,09 manat ƏDV daxil 85511,24 manat əsas borc, 7172 manat cərimə borcu olmaqla ümumilikdə 92683,24 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1014/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 13 044,08 manat ƏDV daxil olmaqla 85 511,17 manat əsas borc, 4000 manat cərimə borcu olmaqla ümumilikdə 89 511,17 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pulun tutularaq iddiaçı Nümayəndə1 Anonim Şirkətinə ödənilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2024-cü il tarixli iclasın audioyazısı dinlənilməklə hazırkı iş üzrə qətnamənin nəticə hissəsində olan yanlışlıqların düzəldilməsi və “4000 manat cərimə” sözlərinin “400 manat cərimə” sözləri ilə əvəz olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1014/2024 nömrəli qərardadı ilə cavabdehin ərizəsi rədd edilmişdir. Həmin qərardaddan cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1014/2024 nömrəli qərardadının ləğv edilməsi, qətnamədəki yanlışlığın düzəldilərək “4000 manat cərimə” sözlərinin “400 manat cərimə” sözləri ilə əvəz olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli qətnaməsində yanlış göstərilmiş cərimə məbləğinə düzəliş etməmiş, yanlışlığı qorumağa çalışmışdır. Halbuki qətnamənin elanında 4000 sözləri qətiyyən deyilmir, elanda tutulan cərimə məbləğinin 400 manat olduğu aydın eşidilir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh qətnamənin elanında cərimə məbləğinin 400 manat kimi səsləndirildiyini bildirsə də, məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclası “Elektron məhkəmə” informasiya sisteminin məhkəmə proseslərinin elektron audio-video protokollaşdırma altsistemi (“Azfemida”) vasitəsilə audio-video yazıya alınmış, maddi daşıyıcıda iş materiallarına əlavə edilmişdir. Həmin yazıdan görünür ki, xx.xx.2024-cü il tarixli baxış iclası 5 dəqiqə 15 saniyə davam etmiş, 04:30-dan başlayaraq məhkəmə qətnaməsinin giriş və nəticə hissəsi elan olunmuşdur. Lakin qət edilən cərimə məbləği cavabdehin nümayəndəsi və vəkilinin qeyd etdiyi kimi 400 manat deyil, 4000 manat elan edilmişdir. Mülki Prosessual Məcəllənin 228.2-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Şikayətə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasının audio-video yazısına baxış keçirilmiş və müəyyən edilmişdir ki, hakim tərəfindən 400 manat deyil, 4000 manat elan edilmişdir. Göründüyü kimi, şikayətdə qeyd edilən məsələ təsdiqini tapmamışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1014/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar