Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-764/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kərimli İlham Əziz oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMM-ə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, e-2-2 (113)-822/2021 saylı qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh MMM-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZTX/700 saylı, 12.09.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən alınmış obyekt (avadanlıq) üzrə 24.709,18 avro əsas məbləğ, 4.447,66 avro ƏDV məbləği və 11.634,84 avro cərimə məbləği olmaqla, ümumilikdə 40.794,66 avro məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMM-dən alınaraq iddiaçı "xxxx" LTD MMC-nin xeyrinə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər "xxxx" LTD MMC ilə Cavabdeh MMM arasında 02.09.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə üzrə texnikanın dəyəri 50.000 avro əsas məbləğ və 9.000 avro ƏDV məbləği təşkil edir. Alıcı tərəfindən satıcının hesabına ümumilikdə 25.290,82 avro əsas məbləğ və 4.552,34 avro ƏDV məbləği ödənilmişdir. Hazırda alıcının satıcıya 24.709,18 avro əsas məbləğ və 4.447,66 avro ƏDV məbləği borcu mövcuddur. Tərəflər arasında bağlanan AZTX/700 saylı, 02.09.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda, satıcı 10 günlük güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0,1% həcmində, lakin gecikdirilmiş ödənişin ümumi dəyərinin 10%-dən artıq olmamaq şərti ilə cərimə ödənilməsini alıcıdan tələb edə bilər. Beləliklə, sonuncu e-qaimənin göndərildiyi 03.09.2019-cu il tarixdən 10 gün nəzərə alınmaqla, 13.09.2019-cu il tarixdən hər gecikdirilmiş gün üçün 0,1% həcmində cərimə hesablanması üçün müddət başlayır. Bu da hər gün üçün 29.156,82 x 0,1%= 29,16 avro cərimə təşkil edir. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə 13.08.2020-ci il tarixdə müqavilədən irəli gələn öhdəliklərin icrası barədə pretenziya məktubu göndərilmiş, əsas borc və bundan əlavə müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün cərimə məbləğinin ödənilməsi tələb edilmiş və öhdəliyin icrası üçün 14 günlük müddət təyin edilmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Hesab edir ki, tərəflər arasında bağlanmış 02.09.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMM-dən ödəməli olduğu 29.156,82 avro məbləğində əsas borc və bundan əlavə müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün 0,1% (cərimənin hesablanmağa başladığı 13.09.2019-cu il tarixdən iddia ərizəsinin verildiyi 16.10.2020-ci il tarixədək 399 günün keçdiyi nəzərə alınmaqla), yəni 399 x 29.16=11.634,84 avro cərimə məbləğinin, ümumilikdə 29.156,82 + 11.634,84=40794,66 avro məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, e-2-2 (113)-822/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh MMM-dən 23.220,94 avro məbləğində əsas borc, 4447,66 avro ƏDV məbləği və 1.000 avro məbləğində dəbbə pulu, cəmi 28.668,6 avro məbləğində pul vəsaitinin ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsini, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pandemiya ilə əlaqədar cavabdehin maddi vəziyyətində çətinlik yaranmış, öhdəliklərini icra edə bilməmişdir. Müqavilə şərtlərində ƏDV-nin cavabdeh tərəfindən ödənilməli olduğu nəzərdə tutulmadığından iddia ƏDV borcunun tutulması hissəsində əsassızdır. Məhkəmə tələbi həmin hissədə təmin edərkən əsaslandırmamışdır. Məhkəmə qətnaməsi ilə cavabdehdən tutulmuş 1000 AVRO dəbbə pulu şişirdilmiş məbləğdir. İşə apelyasiya qaydasında baxılması 06.08.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə (elektron kabinetlərinə məhkəmə bildirişləri yerləşdirilməklə) baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, e-2-2 (113)-822/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni həmin hissədə yoxlayaraq hesab edir ki, mübahisələndirilən hissədə məhkəmə iş üzrə düzgün nəticəyə gəlmişdir. İşin təqdim edilmiş sübutlar və tərəflərin yazılı və şifahi izahatları əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, "xxxx" MMC (satıcı) ilə “Cavabdeh MMM (alıcı) arasında 02 sentyabr 2019-cu il tarixdə AZTX/700 saylı alqısatqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 59.000 AVRO (101.555 manat) dəyərində betonqarışdıran avadanlıq satılmışdır. 01.01.2019 - 09.03.2021-ci il dövrü üçün hesabdan çıxarışa əsasən müəyyən edilmişdir ki, Cavabdeh MMM tərəfindən "xxxx" MMC-nin hesabına 55.528 manat məbləğində ödəniş edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən 09.03.2021-ci il tarixində cavabdeh tərəfindən iddiaçıya 3000 manat (Azərbaycan Respublikası Mərkəzi Bankının həmin tarixə olan rəsmi məzənnəsinə əsasən 1.488,24 avro) məbləğində ödəniş edilmiş, həmin məbləğin ƏDV-si isə ödənilməmişdir. Birinci instansiya məhkəməsi qətnamənin qəbul edildiyi tarixə cavabdehin iddiaçıya olan əsas borcunun 23.220,94 (24.709,18- 1488,24) avro, ödənilməli olan ƏDV məbləğinin 4447,66 avro təşkil etdiyini müəyyən edərək həmin məbləğin cavabdehdən tutulması barədə nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, müqavilədə alıcının üzərinə ƏDV ödəmək öhdəliyi qoyulmadığından iddia ƏDV tələbi ilə bağlı hissədə rədd edilməlidir. Məhkəmə apelyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə 1 saylı Əlavədə satılmış malın qiyməti ƏDV ilə birlikdə 59.000 AVRO göstərildiyindən cavabdeh razılaşdırılmış dəyəri ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Apelyasiya şikayətinin digər dəlili bundan ibarətdir ki, məhkəmə tərəfindən tutulmuş 1.000 avro məbləğində dəbbə pulu əsas borca nisbətdə tənasübsüz surətdə yüksək və şişirdilmiş məbləğdir. Tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə ilə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda satıcı 10 günlük güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0,1 faizi həcmində, lakin gecikdirilmiş ödənişin ümumi dəyərinin 10%-dən artıq olmamaq şərti ilə cərimə ödənilməsini alıcıdan tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tutulmuş dəbbə pulu tələbi əsas borc məbləğinin 10 %-dən artıq olmadığından qətnamə həmin hissədə də dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, e-2-2 (113)- 822/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMM-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, e-2-2 (113)-822/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-764/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-764/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver