Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-766/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Azərbaycan Milli Elmlər X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-673/2020 saylı, 18 mart 2021-cu il tarixli qətnaməsindən (hakim Z.Axundova) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Milli Elmlər X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən AMEA-nın Fizika İnstitutuna yazılmış 103888,62 məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AMEA-nın Fizika İnstitutu ilə Cavabdeh ASC ilə arasında bağlanan “su təchizatı və kanalizasiya xidmətlərinə dair” müqavilə əsasında sudan istifadə olunur. Cavabdeh ASC ilə Yasamal rayon Sukanal İdarəsinin 01.01.2013-cü il tarixli abonent haqqında məlumata dair üzləşmə aktında 01.01.2003-cü il tarixdən halhazıra kimi suyun sərfiyyatına görə 107066,62 manat borcun yaranması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 21 may tarixli, 81 nömrəli qərarına əsasən Azərbaycan Milli Elmlər Akademiyasında struktur dəyişikliyi edilərək, H.Abdullayev adına Fizika İnstitutu və Fotoelektronika İnstitutu bazasında Azərbaycan Milli Elmlər X2 yaradılmışdır. Eyni zamanda 2002-ci ildə AMEA-nın Fizika və Fotoelektronika İnstitutlarının birləşməsi nəticəsində sayğaclarda təhvil-təslim aparılarkən Fotoelektronika İnstitutunun binasına Cavabdeh ASC tərəfindən 109216,80 məbləğində borc yazılmışdır. Bununla əlaqədar olaraq Cavabdeh ASC-dən 04.06.2019-cu, 06.11.2017-ci il tarixlərdə həmin borcun biofizika İnstitutunun hesabına köçürülməsi xahiş olunmuş, lakin heç bir cavab verilməmişdir. Bundan sonra 25.11.2019-cu il tarixdə Cavabdeh ASC-nin sədrinə müraciət olunaraq suya olan borcun iddia müddəti keçdiyi üçün silinməsi və bu barədə qarşılıqlı üzləşmə aktının tərtib olunması xahiş olunmuşdur. Cavabdehin 22.01.2020-ci il tarixli 01/2/01-5-/2/553 saylı cavab məktubunda qeyd olunmuşdur ki, mövcud borcun ümidsiz hesab edilməsi və ya iddia müddətinin ötməsi o halda mümkün olar ki, təchizatçı ilə istehlakçı təşkilatlar arasında Mülki Məcəllədə qeyd olunan müddət ərzində hər hansı dövriyyə, xidmətlərdən istifadə olunmasın. Cavabdeh ödənişlərin qismən aparıldığını əsas kimi götürərək, 2002-ci ildə yaranmış borcun silinməsini təmin etməyərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2017-ci il tarixli 825 saylı sərəncamını icra etməkdən yayınmışdır. İşin faktiki hallarından məlum olur ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə tərəflər arasında borca görə yaranmış mübahisələrlə bağlı müraciətlər olunmuş və cavabdeh təşkilat borcun tam ödənilməsini tələb etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-673/2020 saylı, 18 mart 2021-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya hesablanmış 98388,62 manat məbləğində borcun Azərbaycan Milli Elmlər X1 hesabından silinməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edildiyi hissədə ləğv olunmasını, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya məhkəməsi hazırkı mülki iş üzrə qətnamə qəbul edərkən Mülki Məcəllənin 551-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, mübahisə olunan məbləğ su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borc məbləğidir. 23 aprel 2019-cu ildə tərəflərlə Cəmiyyət arasında 071158 nömrəli üzləşmə aktı imzalanmışdır. Aktın məzmunundan da göründüyü kimi iddiaçı tərəf borcunun olmasını təsdiq etmişdir. Lakin bu cür sübutun olmasına baxmayaraq məhkəmə iddianı təmin etməklə əsassız qətnamə çıxarmışdır. Digər tərəfdən iddiaçı tərəfindən 2006-cu il ərzində göstərilmiş 7798.62 manat xidmətin qarşılığında 12736 manat, 2019-ci il ərzində göstərilmiş 33822 manat xidmətin qarşılığında 37000 manat, 2020-ci il ərzində göstərilmiş 31500 manat xidmətin qarşılığında 37000 manat xidmət haqları ödəmişdir. Yəni iddiaçı tərəfindən 2006-ci il üzrə göstərilmiş xidmətdən 4937,88 manat, 2019-cu il üzrə göstərilmiş xidmətdən 3178 manat, 2020-ci il üzrə göstərilmiş xidmətdən 5500 manatlıq ödəmələr həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 553.1.1-ci maddəsində qeyd olunur ki, mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə öhdəliklərin xitamı üçün müddət axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəllənin tələbindən də göründüyü kimi, hissə-hissə ödənişlərin edilməsi öhdəliyin xitamı üçün müddət axımını kəsir, axımın kəsildiyi müddətdən yenidən 5 illik müddət başlayır. Göründüyü kimi iddiaçı tərəfindən 2006, 2019, 2020-ci illərdə artıq ödənişlərin edilməsi borcun etiraf edilməsini göstərən hərəkətlər olmaqla, öhdəliklərin xitamı üçün müddət axımını kəsmişdir. Lakin məhkəmə bu fakta öz qətnaməsində hüquqi qiymət verməyərək iddia tələbi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsini tətbiq etməklə borc məbləğini əsassız olaraq silmişdir. Göstərilənlər bir daha təsdiq edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İşə apelyasiya qaydasında baxılması 13.08.2021-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq (elektron kabinetə bildiriş yerləşdirilməklə) məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-673/2020 saylı, 18 mart 2021-cu il tarixli qətnaməsi qisməniddianın təmin edildiyi hissədə ləğv edilməli, iddia Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya hesablanmış 98388,62 manat məbləğində borcun Azərbaycan Milli Elmlər X1 hesabından silinməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni həmin hissədə yoxlayaraq hesab edir ki, apelyasiya şikayəti əsaslıdır. İşdəki AMEA Rəyasət Heyətinin 03.06.2002-ci il tarixli, 13/1 saylı qərarından görünür ki, Fizika və Fotoelektronika İnstitutlarının bazasında AMEA-nın Fizika İnstitutu yaradılmışdır. Azərbaycan Milli Elmlər X4 tərəfindən Cavabdeh ASC Yasamal rayonu Sukanal İdarəsinə ünvanlanmış 06.11.2017-ci il tarixli, 029-08/552 nömrəli məktubdan görünür ki, Fizika İnstitutunun balansında olan ünvan 2 ünvanda 0.8250 ha torpaq sahəsində yerləşən 5 və 2 mərtəbəli inzibati və laboratoriya binalari ətrafında olan köməkçi tikililəri ilə birlikdə AMEA Biofızika İnstitutunun balansına verildiyi bildirilmiş və Fotoelektronika İnstitutunun binasına Cavabdeh ASC tərəfindən 109216,80 qəpik məbləğində yazılmış borcun Biofızika İnstitutunun razılığı ilə onların hesabına köçürülməsi xahiş edilmişdir. Azərbaycan Milli Elmlər X4 tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış 04.06.2019-cu il tarixli, 029-08/236 nömrəli məktubdan görünür ki, Fizika İnstitutunun balansında olan ünvan 3 ünvanda 0.8250 ha torpaq sahəsində yerləşən 5 və 2 mərtəbəli inzibati və laboratoriya binalari ətrafında olan köməkçi tikililəri ilə birlikdə AMEA Biofızika İnstitutunun balansına verildiyi bildirilmiş və Fotoelektronika İnstitutunun binasına Cavabdeh ASC tərəfindən 109216,80 qəpik məbləğində yazılmış boıcun Biofızika İnstitutunun razılığı ilə onların hesabına köçürülməsi xahiş edilmişdir. 01.02.2021-ci il tarixli abonent haqqında məlumatdan görünür ki, iddiaçının cari tarixə qalıq borcu 98388,62 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550, 551.2.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, 98388,62 manat məbləğində qalıq borc iddiaçının 2015-ci ildən əvvəlki illərə aid olan borcu olduğundan və iddiaçı həmin borcun tutulması üçün beş ildən sonra, 2020-ci ilin dekabr ayında iddia qaldırdığından beş illik tələb etmə müddəti keçdiyi üçün cavabdehin tələb hüququ xitam olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 553.1.1-ci maddəsinə əsasən mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə tələbetmə müddətinin axımı kəsilir. Cavabdehin apelyasiya şikayətinin dəlili bundan ibarətdir ki, iddiaçı 2015-ci ildən sonra əvvəlki illərin borcları üzrə ödənişlər etdiyindən müddətin axımı kəsilmişdir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçının abonent saldosundakı məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçının 2016-cı ildə su və kanalizasiya xidmətindən istifadəyə görə 26614,59 manat borcu yaranmış, iddiaçı isə həmin il üçün 28452,59 manat ödəniş həyata keçirmişdir. O cümlədən 2019-cu ildə 33822 manat borcu yarandığı halda 37.000 manat, 2020-ci ildə 31500 manat borcu yarandığı halda 37.000 manat ödəniş həyata keçirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 2015-ci ildən sonra iddiaçı tərəfindən əvvəlki illərin qalıq borcları üzrə ödənişlər edildiyi üçün tələbetmə müddətinin axımı kəsildiyindən 98388,62 manat məbləğində borcun tələbetmə hüququnun keçməsi əsası ilə silinməsinə dair iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsi işə baxarkən qeyd edilən halı nəzərə almadığından qətnamə mübahisələndirilən hissədə ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-673/2020 saylı, 18 mart 2021-cu il tarixli qətnaməsi qismən-iddianın təmin edildiyi hissədə ləğv edilməli, iddia Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya hesablanmış 98388,62 manat məbləğində borcun Azərbaycan Milli Elmlər X1 hesabından silinməsi hissəsində rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-673/2020 saylı, 18 mart 2021-cu il tarixli qətnaməsi qismən-iddianın təmin edildiyi hissədə ləğv edilsin. İddia Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya hesablanmış 98388,62 manat məbləğində borcun Azərbaycan Milli Elmlər X1 hesabından silinməsi hissəsində də rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-766/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-766/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver