Məhkəmə qərarları › İş №2-2(103)-77/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-77/2023

01.02.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-77/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına dair Açar söz: ölkədən gütmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına dair işlə bağlı çıxarılmış Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5651/2022 nömrəli iş üzrə 30 sentyabr 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Maraqlı şəxs şəxsi hesab vərəqəsindən görünür ki, 482335,26 manat vergi borcu vardır.

2. Fiziki şəxslər haqqında məlumatlarla təsdiq edilir ki, Maraqlı şəxs xx xxxxxx 1984-cü il tarixdə Türkmənistan Respublikasında doğulmuş (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) və ünvan 1 ünvanında qeydiyyatdadır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli **********063900 nömrəli, xx.xx.2022-ci il tarixli **********536600 nömrəli, xx.xx.2022-ci il tarixli **********534200 nömrəli bildirişlərlə fiziki şəxsə müraciət edərək borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs dövlət büdcəsinə olan ümumilikdə 451010,62 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 75,32 manat, İcbari Tibbi Sığorta Fonduna olan 12,04 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün onun (doğulduğu tarix - xx xxxxxx 1984-cü il, doğulduğu yer – Türkmənistan Respublikası, Marı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 451010,62 manat məbləğində (o cümlədən, vergilər üzrə 301198,41 manat, faizlər üzrə 46087,88 manat, maliyyə sanksiyası üzrə 103724,33 manat), İcbari Tibbi Sığorta Fonduna 12,04 manat, Dövlət Sosial Müdafiə Fonduna 75,32 manat olmaqla, ümumilikdə 451097,98 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən əsasən xx.xx.2022-ci il tarixli **********063900 nömrəli, xx.xx.2022-ci il tarixli **********536600 nömrəli, xx.xx.2022-ci il tarixli **********534200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Dövlət büdcəsinə olan ümumilikdə 451010,62 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 75,32 manat, İcbari Tibbi Sığorta Fonduna olan 12,04 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5651/2022 saylı qətnaməsi ilə (hakim Zeynəb Axundova) ərizə təmin edilmişdir.

7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs xx.xx.2022-ci il tarixə borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Maraqlı şəxs borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində borc ödənilməmişdir. Bundan sonra ərizəçi maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərmiş, daha sonra ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

8. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-(113)-5651/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və ərizənin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi işi düzgün araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məktubuna əsasən maraqlı şəxsin borcunun olmaması qeyd edilmişdir. Bakı Kommersiya Məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş tələb olunan iddia əsassızdır. İşdən göründüyü kimi, birinci instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılma aparılmamış, işə tez-tələsik baxılaraq qərar verilmişdir. Ərizənin əsaslılığı yoxlanması üçün məhkəmə tərərfindən müvafiq orqanlara sorğular verilməli idi. Maraqlı şəxs məhkəmə günü məhkəmənin inzibati binasına daxil olsa da, iclas iştirakı olmadan keçirilmişdir. Maraqlı şəxsin ölkədən getmək hüququ aliment borcuna görə müvəqqəti məhdudlaşdırılmışdır. Bu işlə əlaqədar olaraq maraqlı şəxs tərəfindən hüquq mühafizə orqanlarına şikayətlər edilmiş və həmin şikayətə görə araşdırma aparılır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilərək ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

12. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddə-vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 13.Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

14. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5651/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Apellyasiya şikayətində maraqlı şəxs Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məktubunda onun vergi borcunun olmadığının qeyd edildiyini gösərmişdir.

16. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən maraqlı şəxsə vergi borcunun olmaması barədə məktub verilməmişdir. Apellyasiya şikayəinə əlavə edilmiş Sabunçu rayon Prokurorunun xx.xx.2022-ci il tarixli məktubunda Maraqlı şəxs müraciəti əsasında Sabunçu RPİ-nin 13-cü PB-də toplanmış material üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində araşdırmanın davam etdirildiyi qeyd edilir.

17. Məhkəmə kollegiyası hesab edir ki, vergi borcunun əsassız hesablanması barədə Maraqlı şəxs müraciəti üzrə araşdırma başa çatmadığından və vergi borcu ləğv edilmədiyindən ərizənin rədd edilməsi üçün qanuni əsaslar olmadığından apellyasiya şikayəti təmin edilə bilməz.

18. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

19. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 5651/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5651/2022 nömrəli iş üzrə 30 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar