Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-773/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1539/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 10.09.2018-ci il tarixli QSZS 158/0918 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 173.468,26 manat məbləğdə borc və məhkəməyə müraciətlə bağlı ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.04.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamənin əsaslarına görə, “Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Adı çəkilən müqavilənin 3.3-cü bəndindən görünür ki, mal təhvil verilərkən tərəflər təhvil-təslim aktl imzalamağı öhdələrinə gptürmüşlər. Belə olan halda, hazırki işdə satıcı olan iddiaçı tərəf malın cavabehə verilməsi öhdəliyini daşıdığından, həmçinin malın verilməsini sübutetmə vəzifəsini də daşıyır. İddiaçı tərəf bu halın sübuta yetirilməsi üçün 10 sentyabr 2018-ci il tarixli təhviltəhsil aktını məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, adı çəkilən akt mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, ilk növbədə aktın “təhvil verdi” hissəsindəki imzalar İdarə heyətinin sədri kimi göstərilmiş İbrahimli Fariz və Baş muhasib Yusifov Orxan, “təhvil aldı” hissəsində isə direktor Musayev Şaiq, Baş muhasib İsgəndərov Mehman tərəfindən edilmişdir. İbrahimli Fariz müqavilə imzalanan zaman X2 MMC-nin idarə heyətinin sədri olmuşdur. X1 müqavilə üzrə alıcı olduğundan malı “təhvil verən” deyil, “təhvil alan” kimi göstərilməli idi. Musayev Şaiq isə “təhvil alan” kimi deyil, “təhvil verən” kimi göstərilməli idi. Bundan başqa həmçinin qeyd olunan müqavilə tərəflərin imzası ilə və hüquqi şəxslərin möhürü ilə təsdiqlənsə də, eyni tarixli “təhvil-təslim aktı” hüquqi şəxslərin möhürləri ilə təsdiq edilməmişdir. Belə olan halda, məhkəmə qeyd olunan aktı mötəbər sübut kimi qəbul etmir.” Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi müqavilənin mövcudluğunu etiraf etmişdir. Həmin müqavilənin 1 saylı əlavəsində qeyd olunan əşyaların mövcudluğu da birmənalı şəkildə imza-möhürlə təsdiqlənmişdir. Müqavilənin 3.1-ci bəndində qeyd edilən şərtlərlə əşyalar əsas müqavilə bağlanılan imza və möhürlənmiş 1 saylı əlavədə qeyd olunan formada tərəflər arasında təhvil-təslim edilmişdir. Təhvil-təslim isə müqavilə şərtinin yerinə yetirilməsi üçün formal olaraq hazırlanmış aktla tərəflər arasında imzalanaraq icra edilmişdir. 1 saylı əlavədə qeyd edilən əşyalar təhvil götürülməsəydi, cavabdeh təbii ki, aktı imzalamazdı. Hazırkı halda cavabdehə məxsus 1.160,6 kv.m-lik qeyri-yaşayış sahəsində həmin əşyalar istifadə edilməkdədir. Əsas müqavilənin ayrılmaz hissəsi sayılan 1 saylı əlavədə qeyd olunan bütün əşyaların müqavilə şərti əsasında təhvil-təslim edilməsinin imza və möhürlə təsdiqlənməsinə baxmayaraq, texniki səhv nəticəsində aktın “təhvil verdi” və “təhvil aldı” hissəsindəki yalnışlıq əsas gətirilərək iddianın rədd edilməsi qəbuledilməzdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsaslıdır. İşin mübahisəsiz hallarına görə, tərəflər arasında 10.09.2018-ci il tarixli QSZS 158/0918 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, Müqavilə ilə satıcı (“X3” MMC, VÖEN **********) müqaviləyə əlavə edilmiş spesifikasiyalarda göstərilən malları alıcıya (Cavabdeh MMC) verməyi, alıcı isə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 nömrəli əlavə kimi Spesifikasiya və xüsusi şərtlərdə əks olunan cədvəldə razılaşdırılmış malların ümumi dəyəri 173.468,26 manatdır. Müqavilə, ona 1 nömrəli əlavə kimi Spesifikasiya və xüsusi şərtlər və cədvəl alıcı tərəfindən idarə heyətinin sədri Fariz İbrahimov, satıcı tərəfindən direktor Şaiq Musayev tərəfindən imzalanmış və MMC-lərin möhürləri ilə təsdiq olunmuşdur. Spesifikasiya və xüsusi şərtlərin 1.1-ci bəndinə görə, ödəniş bütün mallar tam olaraq alıcıya təhvil verildikdən sonra 5 iş günü ərzində ödəniləcək. VÖEN-in eyniliyi göstərir ki, iddiaçı, “X3” MMC-nin hüquqi varisidir. İşin tərəflər arasında mübahisəli məqamı 173.468,26 manat dəyərdə malların satıcı (iddiaçı) tərəfindən alıcıya (cavabdehə) təhvil verilib-verilməsindən ibarətdir. İşdə olan, alıcı tərəfindən idarə heyətinin sədri Fariz İbrahimov və baş mühasib Orxan Yusifov, satıcı tərəfindən direktor Şaiq Musayev və baş mühasib Mehman İsgəndərov tərəfindən imzalanmış 10.09.2018-ci il tarixli Təhvil-təslim aktına əsasən 173.468,26 manat dəyərdə mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh aktı onun tərəfindən imzalamış vəzifəli şəxslərin həmin tarixdə müvafiq olaraq idarə heyətinin sədri və baş mühasib olmalarını və imzaların onlara məxsus olduğunu mübahisə etmir. Cavabdeh bildirir ki, akta tərəflərin möhürü vurulmamışdır, mallar onlara təhvil verilməmişdir və aktı onun tərəfindən imzalamış vəzifəli şəxslər hazırda onun işçiləri deyil. Məhkəmə kollegiyası 10.09.2018-ci il tarixli Təhvil-təslim aktında təhvil alanla təhvil verənin imza yerinin dəyişik salınmasını texniki məsələ kimi qəbul edərək, cavabdehin iddiaya etirazlarına tənqidi yanaşır və hesab edir ki, bu andan etibarən malların ona təhvil verilmədiyini sübut etmək yükü sonuncunun üzərində olsa da, o, bununla bağlı Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir (MPM-in 385.1.4 və 390-cı maddələri). Bununla bağlı olaraq, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, apellyasiya şikayəti təmin edilməli (MPM-in 384.0.2-ci maddəsi), iş üzrə ödənilmiş dövlət rüsumları onu ödəyən tərəflərə aid edilməlidir (MPM-in 119.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1539/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh MMC-dən 10.09.2018-ci il tarixli QSZS 158/0918 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 173.468,26 manat (yüz yetmiş üç min dörd yüz altmış səkkiz manat iyirmi altı qəpik) məbləğdə borc tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəyən tərəflərə aid edilsin. İddiaçının apellyasiya şikayəti təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-773/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-773/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver