Məhkəmə qərarları › İş №2-2(103)-775/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-775/2022

18.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-775/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddiası üzrə Açar söz: müqavilənin etibarsız hesab edilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X8, üçünçü şəxs X4 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-2781/2022 nömrəli qiyabi qətnaməsində üçünçü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları: 1.Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 267 saylı Sərəncsmına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935-A ünvanında yerləşən 0,2 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələşdirilməsinə "xxxx" MMC-yə icazə verilmişdir. 2.Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin tikinti-planlaşdırma idarəsi tərəfindən verilmiş 2006-cı il tarixli 11977 saylı inşaat pasportuna əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935-A ünvanında yerləşən yaşayış binasına torpaq sahəsinin ayrılması təsdiq edilmişdir. 3.Cavabdeh MMC şirkətinin direktoru X13 tərəfindən Qanuni nümayəndə2 verilmiş xx.xx.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh MMC şirkətinin bütün icrası və idarəetməsi 3 il müddətinə, yəni xx.xx.2012-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək Qanuni nümayəndə2 etibar olunmuşdur.

4. Bakı istintaq təcridxanasında saxlanılan X10 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərinə sərəncam verməyi ..... Qanuni nümayəndə2 etibar etmişdir. Etibarnamə bir il müddətinə verilmiş, xx.xx.2013-cü il tarixədək qüvvədə olması göstərilmişdir. 5.İddiaçı MMC-nin təsisçisi X5 xx.xx.2012- ci il tarixli etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə2 ilə Cavabdeh MMCnin təsisçisi X13 arasında bağlanmış 28 may 2012-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin surətindən görünür ki, müqavilənin predmeti Bakı şəhər İcra Hakimiyyəti başçısının 267 saylı xx.xx.2005-ci il sərəncamı ilə Bakı şəhəri Xətai rayonu Gəncə prospektindəki 2935 “A” saylı məhəllədə 0.2 ha torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələndirilməsi, tikintinin başa çatdırılması və mənzillərin alqısatqısının rəsmiləşdirilməsi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin müəyyənləşdirilməsi və bölgüsü həyata keçməkdir. 6.Müqavilənin 3.2-ci bəndinə əsasən tərəflər bu müqavilə imzalandığı andan etibarən mənzillərin satışının rəsmiləşdirilməsi (alqı-satqı, icarə, barter, əvəzləşdirmə, bağışlama, təmir-bərpa və s.) hüququnun 2-ci tərəf adlandırılan Cavabdeh MMC-yə həvalə olunmasını razılaşır. 7.İddiaçı MMC-nin direktoru X14 şəxsində bir tərəfdən və "xxxx" MMC-nin direktoru X10 şəxsində bağlanmış 16 noyabr 2005-ci il tarixli Birgə təsərrüfat fəaliyyəti haqqında Müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai rayonu Gəncə prospektindəki 2935 “A” saylı məhəllədə 0.2 ha torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələndirilməsi və tikintisi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öz öhdələrinə götürürlər.

Birinci instansiya məhkəməsində icraat:

8.İddiaçı MMC Cavabdeh MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında tərtib edilmiş xx.xx.2012-ci il tarixli birgə təsərrüfat müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin direktoru olmuş Qanuni nümayəndə2 iddiaçının adından səlahiyyəti olmadan müqavilə bağlamış və guya bu müqavilə əsasında da saxta satışlar etmişdir. Belə ki, müqaviləni Qanuni nümayəndə2 bu yaxın vaxtlarda tərtib etmiş və saxta möhürlərlə özü imza etməklə hazılamışdır. Bu birgə təsərrüfat müqaviləsi ümumiyyətlə indiyənədək üzə çıxmamış və heç bir yerdə hallanmamışdır. Müqavilənin mövcudluğu haqqında onlar Budaqova Könülün işi üzrə 2021-ci ildə məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsində tərəf sübut kimi təqdim edərkən məlumatlı olmuşlar. Tərəfin təqdim etdiyi müqavilə kserosurət olmuşdur. Həmin işdə də Cavabdeh MMC cavabdeh olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Müqavilə bu səbəbdən də hazırki vaxtda mübahisələndirilir. Müqavilənin etibarsızlığı üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, ilk növbədə bu müqavilə başqa əqdləri pərdələmək üçün bağlanmış müqavilədir. Çünki 2015-ci ildə tərtib edilməsinə baxmayaraq indi üzə çıxmışdır. Üzə çıxmasına səbəb isə cavabbdehin direktoru olmuş Qanuni nümayəndə2 qanunsuz olaraq səlahiyyəti olmadan evləri satdığına görə bunu indi tərtib edib üzə çıxartmışdır. Texniki Proqressin direktoru olmuş X10 2012-ci ildə həbsdə olarkən xx.xx.2012-ci ildə Qanuni nümayəndə2 onun adından təsərrüfat işlərini idarə etmək üçün etibarnamə vermişdir. Qanuni nümayəndə2 də öz növbəsindən bundan istifadə edərək etibarnamə əsasında evləri satmağa başlamışdır. Sonra məhz bu dələduzluq əməllərinə görə Qanuni nümayəndə2 özü də həbs edilmiş və məsuliyyətə cəlb edilmişdir. Qanuni nümayəndə2 satdığı evlərin hamısı etibarnamə əsasında satılmışdır. Lakin Qanuni nümayəndə2 etibarnamənin müddəti bitdikdən sonra da evlərin satışını saxta yolla davam etdirmiş və bununla da MMC-yə ziyan vurduğuna görə barəsində şikayət edildikdən sonra məsuliyyətə cəlb edilmişdir. Budaqova Könülün işində isə onun adına xx.xx.2014-cü il tarixdə saxta müqavilə tərtib etmiş və bu evi ona satmışdır. Əslində evi 2014-cü ildə də ona satmamışdır. Bu ev başqa şəxs Qurbanova soyadlı başqa şəxsin idi. Daha dəqiqi evin mərtəbəsi fərqli idi. Qurbanova adlı şəxs məhkəmədə dələduzluğundan yenə iddia etmək üçün evi səlahiyyəti olmayan şəxs olan Cavabdeh MMC-nin direktoru Əkbərlə əlbir olaraq köhnə tarixə yeni sənəd düzəldirlər. Sonra isə Budaqova Könül adlı şəxs həmin binadakı mənzilə görə yeni iddia qaldırır. Xətai rayon Məhkəməsində bu birgə təsərrüfat müqaviləsi üzə çıxmır və məhz həmin dövrdə Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə2 səlahiyyəti olmadığından ev rəsmiləşdirildiyinə görə Budaqova Könülün iddiası rədd edilir. Lakin Bakı Apellyasiya Məhkəməsində qəfil son iclasda bu sənəd üzə çıxır və məhkəmə ona istinadən Budaqova Könülün iddiasını təmin edir. Burada sual yaranır ki, əgər bu müqavilə mövcud idisə niyə indiyədək bu müqavilə məhkəməyə və ya digər məhkələrdə təqdim edilmirdi və ümumiyyətlə mövcud olmamışdır?! Bu müqavilə köhnə tarixə yeni düzəldilmiş müqavilədir. Həmçinin bu müqavilə imzalanan dövrdə Kazımzadə Kazım həbsdə olmuşdur. Həm iddiaçının və həmçinin “Ələsgəroğlu”nun möhürləri istintaq getdiyindən korrupsiya idarəsində təhvil alınmışdır. Necə olur ki, möhürü müsadirə olunmuş müəssisənin müqaviləsi bağlanır. Bu da onu göstərir ki, həmin müqavilədəki möhür saxtadır və həmin möhür Qanuni nümayəndə2 mövcud olmamışdır. Digər bir məsələ isə etibarnamədə həmin müəssisənin adından hər hansı əqdin bağlanması ilə bağlı müddəanın olmamasıdır. Təqdim edilmiş edibarnamədə səlahiyyət fiziki şəxs kimi X3 Qanuni nümayəndə2 etibar edilmişdir. Lakin orda Texniki Proqres və ya Ələsgəroğlu MMC tərəfindən hər hansı əməliyyatların aparılmasına dair səlahiyyət verilməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2781/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. 11.Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 49.1-ci, 49.2-ci, 337.1ci, 360.1-ci maddələrinə, İddiaçı MMC-nin Nizamnaməsinin 4.5-ci bəndinə istinad edərək hesab etmişdir ki, cəmiyyətin adından müqaviləni yalnız direktor və ya cəmiyyətin səlahiyyət verdiyi hər hansı digər şəxs bağlaya bilərdi. Aydındır ki, səlahiyyətsiz şəxsin bağladığı əqd hüquqi şəxs barəsində hər hansı hüquqi nəticə doğura bilməz. Mülki Məcəllə səlahiyyətsiz şəxsin əqd bağlaması hallarını da tənzimləyən normaları özündə ehtiva edir və bu kimi hallarda təmsil olunanın iradəsinə bəzi nəticələri bağlayır. Belə ki, təmsil olunan səlahiyyətsiz şəxsin bağladığı əqdi bəyənə bilər (MM, 357-ci maddə). Bəyənmə səlahiyyətsiz şəxsin bağladığı əqdə daha sonra səlahiyyətli şəxs tərəfindən verilən razılıqdır. Bəyənmə keçmişə münasibətdə hüquqi nəticə meydana gətirir. Beləliklə də, bəyənmə səlahiyyətsiz bir şəkildə bağlanmış müqaviləni sanki əvvəlcədən səlahiyyət verilmiş kimi etibarlı hala gətirir (MM, 358.2-ci maddə). Bəyənmə ilə əqddəki qüsur tamamlanır və həmin əqd səlahiyyətli şəxsin hüquq sferasında nəticələrini doğurur (MM, 360.2-ci maddə). Bəyənmə həm açıq, həm də qapalı şəkildə ifadə oluna bilər. Materiallardan görünür ki, “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilə səlahiyyətsiz şəxs olan Qanuni nümayəndə2 tərəfindən imzalanmışdır. Belə ki, müqavilədə Qanuni nümayəndə2 İddiaçı MMC-nin təsisçisi X5 xx.xx.2012-ci il tarixli etibarnamə üzrə nümayəndəsi kimi müqaviləni bağladığı göstərilsə də, adıçəkilən etibarnamə K.Kazımzadə tərəfindən təsisçisi olduğu İddiaçı MMC-nin adından hər hansı hərəkətin edilməsi, o cümlədən əqdlərin bağlanması məqsədilə deyil, K.Kazımzadənin bütün əmlakının idarə edilməsi və onun üzərində sərəncam verilməsi məqsədilə verilmişdir. Göründüyü ki, “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilə Cəmiyyətin səlahiyyətsiz şəxsi tərəfindən imzalanmış, Cəmiyyət tərəfindən də sonradan bəyənilməmişdir. Nəticədə müqavilə Cəmiyyətin hüquqi sferasında hüquqi nəticələr doğurmamaqla bağlandığı andan etibarsız olmuşdur. Bu baxımdan bəyənilməmiş müqavilənin sonradan Cəmiyyət tərəfindən yuxarıda göstərilən əsasla etibarsızlığının tələb olunması Mülki Məcəllənin tələblərinə uyğun hesab edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri 12.X9 xx.xx.2021-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2781/2021 saylı qiyabi qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. 13.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X10 xx.xx.2012-ci il tarixdə Qanuni nümayəndə2 -harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği , müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o cümlədən: almaq, satmaq, bağışlamaq hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, (müəssisələrdən, idarələrdən təşkilatlardan, o cümlədən bank orqanfarındqıp, poçtdan və teleqrafdan, bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qi ymətli kağızları, eləcə də sənədləri almağı bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt-teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işlən aparmağı, qanunla iddiaçıya, cavabdeh, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı yə ya pulu almaq hüququ ilə icra - vərəqəsini Təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etməsi haqqında etibarnamə vermişdir. "xxxx" MMC (MMC-nin təsisçisi X5 nümayəndəsi Qanuni nümayəndə2) ilə Cavabdeh MMC (MMC-nin təsisçisi X13) arasında xx.xx.2012-ci il tarixdə bağlanmış “Birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin” surətindən görünür ki, tərəflər Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 267 saylı xx.xx.2005-çi il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətairayonu, Gəncə prospektindəki 2935A saylı məhəllədə 0,2 ha. torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələşdirilməsi, tikintinin başa çatdırılması və mənzillərin alqısatqısının rəsmiləşdirilməsi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öhdələrinə götürmüşlər. Həmin müqavilənin 3.2-.ci bəndində göstərilmişdir ki, tərəflər bu müqavilə imzalandığı andan etibarən mənzillərin satışının rəsmişləşdirilməsi (alqı-satqı, icarə, barter, əvəzləşdirmə, bağışlamaq, təmir-bərpa və s.) hüququnun 2-ci tərəf adlandırılan Cavabdeh MMC-yə həvalə olunmasına razılaşmışlar. Bu müqayiləyə əsasən mənzillərin satış hüququ Cavabdeh MMC- yə həvalə olunmuş, müqaviləni də "xxxx" MMCnin təsisçisi X5 adından etibarnamə əsasında nümayəndəsi Qanuni nümayəndə2 imzalamış, həmin vaxt etibarnamə qüvvədə olmuşdur. "Ələsgəroğlu-K” ilə X11 arasında xx.xx.2006-cı ildə bağlanmış 117 saylı müqavilədən X1 müqaviləsi xx.xx.2014-cü il tarixdə sonuncu ilə hüquqi şəxs olaraq Cavabdeh MMC arasında bağlanmış və sonuncunun adından müqaviləni direktor Qanuni nümayəndə2 imzalamışdır. Nəzərə almaq lazımdır ki, əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə iş üzrə sübutların əldə edilməsi üçün lazımı prosessual hərəkətləri təmin etmiş, bütün faktiki halları müəyyən etmişdir. Lakin müəyyən etdiyi faktiki hallara uyğun qətnamə qəbul etməmişdir. K.Budaqova mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməmişdir. Ən əsası məhkəmə nəzərə almamışdır ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1081/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X10 xx.xx.2012-ci il tarixdə Qanuni nümayəndə2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği , müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o cümlədən: almaq, satmaq, bağışlamaq hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, (müəssisələrdən, idarələrdən təşkilatlardan, o cümlədən bank orqanfarındqıp, poçtdan və teleqrafdan, bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt-teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işlən aparmağı, qanunla iddiaçıya, cavabdeh, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı yə ya pulu almaq hüququ ilə icra - vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yeitirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etməsi haqqında etibarnamə vermişdir. "xxxx" MMC (MMÇ-nin təsisçisi X5 nümayəndəsi Qanuni nümayəndə2) ilə Cavabdeh MMC (MMC-nin təsisçisi X13) arasında xx.xx.2012-ci il tarixdə bağlanmış “Birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin” surətindən görünür ki, tərəflər Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 267 saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki 2935A saylı məhəllədə 0,2 ha. torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələşdirilməsi, tikintinin başa çatdırılması və mənzillərin alqısatqısının rəsmiləşdirilməsi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öhdələrinə götürmüşlər. Həmin müqavilənin 3.2-ci bəndində göstərilmişdir ki, tərəflər bu müqavilə imzalandığı andan etibarən mənzillərin satışının rəsmişləşdirilməsi (alqı-satqı, icarə, barter, əvəzləşdirmə, bağışlamaq, təmir-bərpa |və s.) hüququnun 2-ci tərəf adlandırılan Cavabdeh MMCyə həvalə olunmasına razılaşmışlar. Bu müqayiləyə əsasən mənzillərin satış hüququ Cavabdeh MMC-yə həvalə olunmuş, müqaviləni də "xxxx" MMCnin təsisçisi X5 adından etibarnamə əsasında nümayəndəsi ; Qanuni nümayəndə2 imzalamış, həmin vaxt etibarnamə qüvvədə olmuşdur. Məhkəmə tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş kserosurətlər əsasında qətnamə qəbul edilmiş, lakin yuxarı instansiya məhkəməsinin qanuni qüvvəsində olan qətnaməsi nəzərə alınmamışdır. "xxxx" MMC (MMC-nin təsisçisi X5 nümayəndəsi Qanuni nümayəndə2) ilə Cavabdeh MMC(MMC-nin təsisçisi X13) arasında xx.xx.2012-ci il tarixdə bağlanmış “Birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə” "xxxx" MMC-nin təsisçisi X5 adından etibarnamə əsasındanümayəndəsi Qanuni nümayəndə2 imzalamışdır. Bu hallar işin nəticəsi mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, tam aydınlaşdırılması təmin edilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16.Üçüncü şəxsin nümayəndəsi və vəkili X7 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 17.İddiaçının nümayəndəsi X15 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Əsaslandırıcı hissə

Tətbiq edilən hüquq 18.Mülki Məcəllə: 337.2-ci maddə-əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 19.Mülki Prosessual Məcəllə: 261.0.2-ci maddə-eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə hakim iş üzrə icraata xitam verir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi 20.Məhkəmə izahatları dinləyib, şikayətin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-2781/2022 nömrəli qiyabi qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. 21.Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “22-ci bənd- ”Məhkəmə təcrübəsində bəzi hallarda “əqdi mübahisələndirmək” ifadəsi, “əqdin etibarsız sayılmasına dair iddia qaldırmaq” kimi başa düşülür. Prosessual anlamda bu, yanlış olmasa da, əqdlərin etibarsızlığı ilə bağlı qaydalar çərçivəsində (maddi hüquqi mənada) əqdi mübahisələndirmək məhkəmədə iddia qaldırmaq deyil, iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə bildirmək hüququdur (Mülki Məcəllə, maddə 337.2). Başqa sözlə, etibarsızlığın digər növlərində əqdin etibarsız hesab edilməsi (məsələn, səlahiyyətsiz təmsilçinin bağladığı əqdin etibarsız sayılması və s.) haqqında iddianın qaldırılması, onların mübahisə edilən əqdlər olması mənasına gəlmir. Bu baxımdan, maddi hüquqi mənada bir əqdin mübahisə edilən (mübahisələndirilən) sayılması üçün meyar onun etibarsızlığına dair iddianın qaldırılması deyil, etibarsızlığın yuxarıda sadalanan iradə zədələnməsi hallarından irəli gəlib-gəlməməsidir..... “31-ci bənd- mübahisələndirilən əqdi etibarsız hala gətirən hüquqi səbəb məhkəmə qərarı deyil, mübahisələndirmə faktının özüdür. Konstitusiya Məhkəməsinin də qərarında “Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. ...istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır.” kimi hüquqi mövqeləri ona dəlalət edir ki, mübahisə edilən əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürmək zərurəti yoxdur, etibarsızlıq nəticəsini mübahisələndirmə faktı (iddiadan və məhkəmədən kənarda) əmələ gətirir. Çünki, etibarsızlıq bir nəticədirsə həmin nəticəni əqdi mübahisə etmək hüququna malik olan şəxsin hərəkəti təmin edir. Bu hərəkətlə, yəni iradə ifadəsi qarşı tərəfə bildirilməklə etibarsızlıq nəticəsi qanuna əsasən yaranmış olur. Bunun üçün hüquq sistemimiz əlavə şərtlər - iddia tələbinin irəli sürülməsi, məhkəmənin qərar çıxarması və s. tələb etmir. Amma bu məsələlərlə bağlı tərəflər arasında mübahisə yarandıqda həmin ixtilaf təbii ki, məhkəmə tərəfindən həll olunur.” 22.Göstərilənlərə əsasən Ali Məhkəmə qərara almışdır ki, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. 24.Üçüncü şəxs X9 tərəfindən təqdim edilmiş məhkəmə aktlarından görünür ki, X9 cavabdehlər İddiaçı MMC, Cavabdeh MMC və digərlərinə qarşı Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləsi əsasında əldə etdiyi mənzilin boşaldılaraq ona təhvil verilməsi, həmin mənzillə bağlı digər müqavillərin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. 25.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)-1081/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X4 iddiası qismən təmin edilərək Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsindəki sahəsi 59,47 kv.m olan mənzillə bağlı Cavabdeh MMC ilə X18 arasında imzalanmış xx.xx.2013-cü il tarixli müqavilə, İddiaçı MMC ilə cavabdeh X12 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmiş və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.

26. Qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, qeyd edilən mübahisəyə baxılarkən hazırda mübahisələndirilən xx.xx.2012-ci il tarixli birgə təsərrüfat haqqında müqaviləyə məhkəmə tərəfindən hüquqi qiymət verilmiş, həmin müqavilə əsasında Cavabdeh MMC -nin mənzilləri satmaq hüququ tanınaraq X9 ilə xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə etibarlı müqavilə hesab edilmişdir.

27. İddiaçı MMC-nin həmin qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (102)-127/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir. 28.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırda etibarsız hesab edilməsi xahiş olunan xx.xx.2012-ci il tarixli müqaviləyə məhkəmə tərəfindən X9, İddiaçı MMC-nin və Cavabdeh MMC -nin iştirak etdiyi əvvəlki mülki mübahisə üzrə hüquqi qiymət verildiyindən və həmin iş üzrə yekun məhkəmə aktı qəbul edildiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

30. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)- 2781/2022 nömrəli qiyabi qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264, 357, 384, 400, 400.2-ci maddələrinin tələblərini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-2781/2022 nömrəli qiyabi qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi elektron kabinetə yerləşdirildiyi gündən 10 gün ərzində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar