Məhkəmə qərarları › İş №2-2(103)-775/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-775/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-775/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: yükdaşıma müqaviləsi) X1 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 3341/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. X6” MMC (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında xx.xx.2025-ci il tarixində 06/25 saylı “Daşıma müqaviləsi bağlanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin mallarını soyuducu sistemlə təchiz edilmiş yük maşınları ilə Azərbaycan Respublikası daxilində və xaricində müvafiq məntəqələrə daşıyır. Sifarişçi isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada nəqliyyat xidmətinin dəyərini icraçıya ödəyir.

3. Müqavilənin 4.3-cü bəndinə əsasən yüklənmə zamanı 72 saatdan, yükün çatdırılma nöqtəsində boşaltma zamanı 72 saatdan artıq gecikmə yaranarsa, Sifarişçi hər gecikdirilmiş gün üçün 100 ABŞ dolları İcraçıya ödəniş etməlidir.

4. Müqavilə hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli MT2503 seriyalı 10622873 saylı dəyəri 4.590 manat olan elektron qaimə göndərilmişdir.

6. Bakı şəhəri Alyans Vəkil Bürosu ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 (üç yüz) manat müəyyən olunur.

7. İddiaçı MMC-yə hüquqi yardımın göstərilməsi üçün Alyans Vəkil Bürosunun vəkili Vəkil1 xx.xx.2025-ci il tarixli elektron order verilmişdir.

İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki ilk icraat

8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4590 (dörd min beş yüz doxsan) manat borcun, habelə vəkilə ödənilmiş 300 (üç yüz) manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 65,90 (altmış beş manat doxsan qəpik) manatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (bundan sonra - “İcraçı və ya İddiaçı”) ilə "xxxx" MMC (bundan sonra -“Sifarişçi və ya Cavabdeh”) arasında xx.xx.2025-ci il tarixli 06/25 nömrəli daşıma müqaviləsi (bundan sonra – “Müqavilə”) bağlanmışdır (Müqavilə əlavə edilir). Müqavilə üzrə Sifarişçinin ödənilməmiş borcu vardır. Belə ki, Müqavilənin 4.3-cü bəndinə əsasən yüklənmə zamanı 72 saatdan, habelə yükün çatdırılma nöqtəsində boşaltma zamanı 72 saatdan artıq gecikmə yaranarsa, Sifarişçi hər gecikdirilmiş gün üçün 100 ABŞ dolları İcraçıya ödəniş etməlidir. Yük xx.xx.2025-də tarixdə çatdırılma nöqtəsinə çatdırılmış, lakin 72 saat sonra, yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi 27 gün ərzində boşaltma zamanı gecikmə yaranmışdır (CMR əlavə edilir). Cavabdehin İddiaçıya 4590 manat borcu var. Lakin e-qaimə faktura təsdiq edilsə də, indiyədək 4590 manat ödənilməmişdir. Bununla da Cavabdehin İddiaçıya 4590 manat ödənilməmiş borcu yaranmışdır.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3341/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2025-ci il tarixli daşıma müqaviləsi üzrə 4.590 (dörd min beş yüz doxsan) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli MT2503 seriyalı 10622873 saylı dəyəri 4.590 manat olan elektron qaimə göndərilmişdir. Cavabdeh tərəf də, iddiaya münasibət (etiraz) bildirməmiş, tələb edilən borcun ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, göstərilmiş olan yükdaşıma xidmətlərinin dəyəri olaraq 4.590 manat məbləğində pul cavadehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddianın 300 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Alyans Vəkil Bürosu ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 (üç yüz) manat müəyyən olunur. İş materiallarından məlum olur ki, İddiaçı MMC-yə hüquqi yardımın göstərilməsi üçün Alyans Vəkil Bürosunun vəkili Vəkil1 xx.xx.2025-ci il tarixli elektron order verilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65,90 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli e-2-2(113)-3341/2025 nömrəli qətnaməsi ilə cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 11 fevral 2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMC (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında bağlanmış xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən cədvəldə göstərilən işlərin təhvil verilməsini təsdiq etmək məqsədi ilə hazırlanmışdır: Beynəlxalq yükdaşıma Moskva – Bakı** AC *** / ** ZA *** maşını 2720 (iki min yeddi yüz iyirmi) manat. Biz aşağıda imza edənlər yuxarıdakı cədvəldə göstərilən işlərin görülməsini, aktın doğruluğunu və bu aktla təhvil verilmiş işlərlə bağlı iddiamızın olmadığını imzamızla təsdiq edirik.” Yəni tərəflər görülmüş işləri təhvil təslim etmiş və bir-birinə qarşı heç bir iddiası olmadıqlarını təsdiq etmişlər. X4 portalından çıxarışdan da görünür ki, İddiaçı MMC-nin səlahiyyətli şəxsi Əziz Əzizov ödəniş qaiməsini xx.xx.2025-ci il tarixində göndərmiş, Cavabdeh MMC səlahiyyətli nümayəndəsi Eltay Ələkbərov göndərənə xx.xx.2025 tarixində “boşdayanma məbləği yükləmə yerində nəğd şəkildə ödənildiyi üçün, qaimədə yalnız əsas daşınma məbləği (2720 azn) qeyd olunmalıdı” düzəlişlə qaytarmışdır. Daha sonra Əziz Əzizov düzəliş edilmiş qaiməni xx.xx.2025 tarixində göndərmişdir. Bununla tərəflər arasında göstərilən yükdaşıma ilə əlaqədar münasibətlər bitmiş hesab edilir. Lakin sonradan razılaşmanı nəzərə almadan İddiaçı MMC 10 mart 2025-ci il tarixi ilə yeni elektron qaimə göndərmişdir. Rusiya Federasiyasının Moskva şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə daşınmış yük üçün (yükün növü: Şampun, CMR №205-1) 12 yanvar 2025 tarixdən 7 fevral 2025 tarixinə kimi boş dayanma baş vermişdir. VOLVO markalı nəqliyyat vasitəsi ** AC *** / 27 ZA366 dartıcı və qoşqunu idarə edən İddiaçı MMC-nin sürücüsü Ceyhun Əliyev olmuşdur. Ceyhun Əliyevə boşdayanma müddətində qidalanma, yanacaq almaq və s. digər xərclər üçün pul tələb olunduğundan İddiaçı MMC rəhbərliyi Cavabdeh MMC-yə müraciət edərək sürücü Ceyhun Əliyevə gecikmə günləri üçün nəzərdə tutulmuş məbləğdən (hər gün üçün 100 ABŞ dolları) ödəilməsi xahiş edilmişdir. Bu xahişlərə, sürücünün tələbatlarının yerində ödənilməsini təmin etmək məqsədi ilə cərimə məbləğləri İddiaçı MMC-nin avtomaşının sürücüsü Ceyhun Əliyevə verilmişdir. Bunu təsdiq edən qəbzlər və digər sübutlar Məhkəməyə təqdim edilir. Ümumilikdə, İddiaçı MMC-nin avtomaşının sürücüsü Ceyhun Əliyevə hissə-hissə 245000 (iki yüz qırx beş min)rubl məbləğində pul vəsaiti təhvil verilmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

14. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək şikayətin təmin olunmamasını və qətnamənin dəyşdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəllə:

15. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

16. Maddə 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

17. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

18. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə:

19. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Məhkəmənin mövqeyi

27. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır.

28. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 3341/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, Cavabdeh MMC (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında xx.xx.2025-ci il tarixində 06/25 saylı “Daşıma müqaviləsi bağlanmışdır. Müqavilənin 4.3-cü bəndinə əsasən yüklənmə zamanı 72 saatdan, yükün çatdırılma nöqtəsində boşaltma zamanı 72 saatdan artıq gecikmə yaranarsa, Sifarişçi hər gecikdirilmiş gün üçün 100 ABŞ dolları İcraçıya ödəniş etməlidir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi 27 gün ərzində boşaltma zamanı gecikmə yaranması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh apellyasiya şikayətində boşdayanmaya görə cərimənin cavabdeh tərəfindən iddiaçının sürücüsü Əliyev Ceyhuna hissə-hissə 245.000 rubl təhvil verilmişdir.

31. Lakin cavabdeh boşdayanmaya görə cərimənin Əliyev Ceyhuna ödənilməsi, iddiaçı ilə boşdayanmaya görə cərimənin Əliyev Ceyhuna ödənilməsi barədə razılığın olmasını təsdiq edən sübutu məhkəyə təqdim etməmiş, Mülki Prosessual Məcəllənin 77.1ci maddəsini tələblərinə riayət etməmişdir.

32. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

34. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3341/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar