Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-777/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3657/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi ərizə və ərizəyə əlavə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs, eyni zamanda fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 15754,37 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3342,19 manat, İşsizlikdən sığorta fonduna olan 112,71 manat, İcbari Tibbi Sığorta Fonduna olan 500,95 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi bildirir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3342,19 manat, dövlət büdcəsinə 15754,37 manat məbləğində (o cümlədən, vergilər üzrə 14888,84 manat, faizlər üzrə 865,53 manat), İcbari Tibbi Sığorta Fonduna 500,94 manat, İşsizlikdən sığorta fonduna 112,71 manat, Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0,01 manat olmaqla, ümumilikdə 19.710,22 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən müvafiq bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Həmçinin, yaranmış borc məbləğinin 10 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq da göndərilmişdir.
3. Maraqlı şəxs birinci instansiya məhkəməsində iştirak etməmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3657/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.
5. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, “X2” MMC-nin icra orqanının rəhbəri olduğu dövrdə məcburi dövlət ödənişlərinin hamısını tam və vaxtında ödəmişdir. Ərizəçi tərəfindən ərizədə qeyd olunan borcun yaranmasın hansı dövrə təsadüf etdiyi barədə məlumat yoxdur. Belə olduğu halda ərizəçinin onun ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət etməsi, məhkəmə tərəfindən ərizəçinin ərizəsinin təmin olunması ilə bağlı qətnamə qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir. Həmçinin məhkəmə prosessual qanunvericiliyin tələblərinə zidd olaraq onun məhkəmə iclasında iştirakını təmin etməməklə, onun özünü müdafiə etmək hüququndan məhrum etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Ərizəçi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz ərizəyə uyğun əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında Maraqlı şəxs apellyasiya şikayətini müdafiə etdi və əlavə olaraq bildirdi ki, o, xx.xx.2023-cü ildə “X2” MMC-dən işdən çıxmışdır. Ərizəçinin nümayəndələri X3 ilə X4 isə apellyasiya şikayətinə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
10. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
11. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
12. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
13. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
14. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməlidir.
17. Belə ki, ərizəçinin istinad etdiyi hallar iş materiallarında olan Maraqlı şəxs (VÖEN: **********) və “X2” MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi və vergi borcunun ödənilməsinə dair xx.xx.2020-ci il tarixli **********678800 nömrəli bildirişlə təsdiq olunur.
18. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizə təmin edilməlidir.
19. Maraqlı şəxsin istinad etdiyi hallar isə əsaslı hesab edilə bilməz. Belə ki, işə əlavə olunmuş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həqiqətən də “X2” MMC ilə Maraqlı şəxs arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. Bununla yanaşı Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışdan görünür ki, “X2” MMC-nin qanuni təmsilçisi Maraqlı şəxsdur. Eyni zamanda ərizəçi tərəfindən təqdim edilən sənədlərə əsasən müəyyən olunur ki, Maraqlı şəxs onunla əmək müqaviləsinə xitam verildikdən sonra da “X2” MMC-nin adından onun direktoru qismində MMC-nin fəaliyyətinə dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli elektron məktublar tərtib edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə göndərmişdir. Göründüyü kimi maraqlı şəxs “X2” MMC-nin direktoru kimi işdən çıxdığını bildirsə də, ona faktiki və hüquqi rəhbərliyi həyata keçirməkdə davam edir. Bundan əlavə, vergi borcunun yaranma mənbəyi və bunun qanuni olub-olmaması hazırki mübahisənin predmeti deyildir. Eyni zamanda vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün yeganə əsas vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmasıdır. Ərizəçi tərəfindən ərizəyə əlavə olunmuş şəxsi hesab vərəqələrindən görünür ki, “X2” MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 3342,19 manat, dövlət büdcəsinə 15754,37 manat məbləğində (o cümlədən, vergilər üzrə 14888,84 manat, faizlər üzrə 865,53 manat), İcbari Tibbi Sığorta Fonduna 500,94 manat, İşsizlikdən sığorta fonduna 112,71 manat borcu vardır. Həmçinin borcun hansı rəhbərin dövründə yaranmasının da mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur. Çünki qanunvericilikdə vergi borcu yaranan vaxt hüquqi şəxsin icra orqanının rəhbəri olmuş şəxsin deyil, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması nəzərdə tutmuş və hazırda da “X2” MMC-nin rəhbəri Maraqlı şəxsdur.
20. Ona görə də, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
21. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3657/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn