Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-777/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 qarşı “müqavilənin ləğvi, lizinqin dövlət qeydiyyatının ləğvi və əmlakın boşaldılması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (Açar sözlər: lizinq müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, sübutetmə,yalan əqd) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 qarşı “müqavilənin ləğvi, lizinqin dövlət qeydiyyatının ləğvi və əmlakın boşaldılması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-1278/2025 nömrəli qətnaməsindən Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh7 iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədə sahibkarlıq məqsədilə mənzilin ona lizinqə verilməsini xahiş etmişdir.
2. İddiaçı MMC (alıcı) və X3 (satıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən lizinq obyekti olan mənzil (Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 ünvanında yerləşən mənzil) A.Tağıyevadan satın alınmışdır.
3. İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh7 (lizinq alan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, D159 X8 müqaviləsinə əsasən lizinq verən Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür.
4. Müqavilənin 1.2-ci bəndinə görə lizinq alanın ilkin maliyyə öhdəliyi 108820 (bir yüz səkkiz min səkkiz yüz iyirmi) manat müəyyən edilmişdir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavənin tərtibi metodikasına uyğun hesabalanacaq məbləğdə ödənilir.
5. Müqavilənin 5.5-ci bəndinə görə lizinq ödənişi vaxtında edilməzsə, lizinq verən gecikdirilən hər gün üçün məcmu maliyyə öhdəliyi qalığı məbləğinin 0.1%-i həcmində cərimə ödəməlidir.
6. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına görə Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 ünvanında yerləşən mənzil cavabdeh (lizinq alan) tərəfindən istifadəyə qəbul edilmiş, lizinq obyektinin qiyməti 270000 manat təşkil etmişdir.
7. xx.xx.2024-cü il tarixli D159 X8 müqaviləsinə əlavə 1-də müqavilə üzrə ödənişlərin tarixləri, məbləğləri, əsas məbləğ və lizinq mükafatları öz əksini tapmışdır.
8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 mülkiyyət hüququ ilə (tam pay) İddiaçı MMC-yə məxsusdur (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2024).
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh7 xeyrinə yüklü edilmiş, hüququ yüklü edilən şəxs İddiaçı MMC olmuşdur (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2024).
10. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 0401/24 nömrəli arayışa görə müqavilə üzrə Cavabdeh7 tərəfindən cəmi 3494 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Hazırda müqavilə üzrə əsas borc 21106 ABŞ dolları, cərimə borcu 13820 ABŞ dolları olmaqla, cəmi borc 34926 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı “müqavilənin ləğvi, lizinqin dövlət qeydiyyatının ləğvi və əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh7 arasında bağlanmış 22 may 2024-cü il tarixli D159 X8 müqaviləsinin ləğv edilməsi, 1 Saylı Bakı Ərazi idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin (Cavabdeh7) adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh7 tutulması, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi, bu şəxslərin mənzildən qeydiyyatdan çıxarılması və mənzildən çıxarılması, lizinq obyekti olan mənzilin - Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh7 arasında xx.xx.2023-cü il tarixli, D159 X8 müqaviləsi bağlanmış və lizinq predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak lizinq məbləği 108820 USD, lizinq müddəti 24 ay və lizinq mükafatı illik 21 faiz olmaq şərtilə lizinqə verilmişdir. Lizinq obyekti Cavabdeh7 xeyrinə lizinqlə yüklü edilmişdir. Lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. İddiaçı MMC tərəfindən tərtib olunmuş 0401/24 saylı xx.xx.2024-cü il tarixli borca dair arayışdan görünür ki, Lizinq alan bu günə qədər ümumilikdə 24600 USD ödəniş etməli idi. Lakin müqavilə bağlandığı tarixdən onun tərəfindən cəmi 3494 USD ödəniş edilmişdir. Hazırda D159 X8 müqaviləsi üzrə 21106 USD əsas məbləğdən və 13 820 USD hesablanmış cərimə olmaqla, cəmi 34926 USD borc mövcuddur. Belə ki, sözügedən Daxili lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən, lizinq ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Müqavilənin 4.2.6-cı bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini gecikdirməmək öhdəliyini üzərinə götürmüşdür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən isə, lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0,1 faizi məbləğində cərimə ödəməlidir. Lizinq müqaviləsinin 6.1.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəmə müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin lizinq obyektini mübahisəsiz qaydada geri almaq hüququ vardır. Cavabdehə dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə, yazılı bildirişlər göndərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmişdirlər.
13. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1278/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi, bu şəxslərin mənzildən qeydiyyatdan çıxarılması və mənzildən çıxarılması tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir.
14. Birinci instansiya məhkəməsinin e-2-2(113)-1278/2025, 19 may 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, D159 X8 müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilməsini, Cavabdeh7 tərəfindən lizinq predmeti olan mənzil - Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Lizinq predmeti olan mənzil - Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 üzərində Cavabdeh7 adına qeydə alınmış lizinqin dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilməsi, Cavabdeh7 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi qət olunmuşdur.
15. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh7 arasında xx.xx.2024-cü il tarixli D159 X8 müqaviləsi bağlanmışdır. Lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, lizinq ödənişlərinin ödənilməsini gecikdirmişdir.
16. Lizinq müqaviləsi üzrə Cavabdeh7 üzərinə düşən öhdəlikləri icra etməmiş, xx.xx.2024-cü il tarixə (xəbərdarlıqda göstərilən tarix) lizinq müqaviləsi üzrə ümumilikdə 24600 ABŞ dolları ödəməli olduğu halda, cəmi 3494 ABŞ dolları ödəniş etmişdir.
17. İddiaçı müqavilənin ləğvi ilə bağlı Cavabdeh7 xx.xx.2024-cü il tarixdə xəbərdarlıq göndərməklə öz iradə ifadəsini bəyan etmişdir.
18. Məhkəmə araşdırması zamanı Cavabdeh7 öhdəliklərini pozmasını müəyyən edildiyindən məhkəmə hesab etmişdir ki, iddiaçı hazırda lizinq müqaviləsinin ləğv edilməsini və lizinq obyekinin geri qaytarılmasını tələb etməkdə haqlıdır.
19. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia bu hissədə təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli D159 X8 müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilməli, lizinq obyekti olan mənzil boşaldılaraq iddiaçıya qaytarılmalıdır.
20. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab etmişdir. Belə ki, hazıkı halda tərəflər arasında olan lizinq müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edildiyi üçün iddiaçı lizinqin dövlət qeydiyyatının ləğv edilməsini də tələb etməkdə haqlıdır. Materiallardan görünür ki, lizinq obyekti iddiaçının mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində lizinqlə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-5-ci maddəsinə əsasən lizinq müqaviləsinin obyekti olan əmlaka hüquqlar bu Məcəllədə nəzərdə tutulan hallarda bu Məcəlləyə və digər normativ hüquqi aktlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmalıdır. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli D159 X8 müqaviləsi ləğv edilmiş hesab edilməli, cavabdeh tərəfindən lizinq predmeti olan mənzil - Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 boşaldılaraq İddiaçı MMCyə təhvil verilməli, əmlak üzərində Cavabdeh7 adına qeydə alınmış lizinqin dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh7 tutularaq iddiaçıya ödənilməlidir.
21. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 747.1, 748-1.1, 748-1.12.4, 748-1.8, 423.2, 424.2, 748-5-ci maddələrinə istinad etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat
a) Apellyasiya şikayətinin dəlilləri
22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1278/2025 nömrəli qətnaməsindən Cavabdeh7 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, adı çəkilən 66 saylı mənzil Cavabdeh7 atası Cavabdeh6, ondan da əvvəl babası Fuad Babayevə məxsus olmuşdur. Cavabdeh7 həmin mənzildə anadan olmuşdur və ailəsi ilə birlikdə mənzildə fasiləsiz yaşayır. Hazırda da həmin mənzildə nənəsi, atası, anası və bacısı ilə birlikdə yaşayırlar. Cavabdeh7 mənzillə bağlı hərəkətləri atasından götürdüyü etibarnamə əsasında həyata keçirmişdir. Adı çəkilən mənzil heç vaxtı X1 məxsus olmamış, onun adına borca qarşılıq rəsmiləşdirilmişdir. Beləki, Aidə Tağıyeva qeyri rəsmi sələmə pul verməklə məşğul olur. Cavabdeh7 atası Cavabdeh6 müəyyən edilmiş xəstəliyin müalicəsi üçün təcili pul lazım olduğundan, Aidə Tağıyeva ilə tanış edilmiş və sonuncudan yüksək faizlə borca pul götürmüşdür. Götürdüyü borcun təminatı kimi də tələb edildiyindən, mənzili borc verənin adına alqı-satqı etmişdir. Razılaşma belə olmuşdur ki, borc qaytarılandan sonra müqavilə ləğv edilir və mənzil atasının adına qayıdır. Lakin borcun qaytarılmasını təmin edə bilmədiyindən, borclu olduğu Aidə Tağıyeva və onunla birlikdə olan sələmlə məşğul olan şəxslərin təklifi ilə kredit almaqla Aidənin pulunu qaytarılması üçün İddiaçı MMC-yə baş vurmuşlar. Görüşlər zamanı ona lazım olan kreditin veriləcəyi, kreditlə Aidənin borcunun ödəniləcəyi, mənzilin onun adına qaytarılacağı və kreditə qarşı girovda saxlanılacağına razılaşdırılmışdır. Aidəyə verilməli olan borc məbləği, kreditin təşkili üçün zəhmət haqları və s. xərclər, həmçinin atasının müalicəsi üçün təcili lazım olan ödəniş olmaqla cəmi 108.820 dollar hesablanmış və verilməsi razılaşdırılmışdır. Məhz bu razılaşmalar əsasında tərəflər arasında 22 may 2024-cü il tarixdə bağlanmış, D159 nömrəli daxili lizinq müqaviləsinə ərsəyə gəlmişdir. Göründüyü kimi qətnamənin əsası kimi məhkəmənin istinad etdiyi İddiaçı MMC ilə Cavabdeh7 arasında 22 may 2024-cü il tarixdə bağlanmış D159 nömrəli daxili lizinq müqaviləsi, tərəflər arasında mövcud faktiki münasibətləri deyil, əslində mövcud kredit (borc) münasibətlərini pərdələməklə bağlanmışdır. Mənzilin lizinqlə alınması ilə bağlı münasibətdə isə yalançı əqddir. Lakin məhkəmə bu halları tam aydınlaşdırmamış, təqdim edilmiş daxili lizinq müqaviləsinin məzmunu ilə müəyyən edilən halları yetərli hesab etmiş, maddi hüquq normalarını da bu istiqamətdə tətbiq etdiyindən, tərəflər arasında mövcud faktiki münasibətlərə zidd, yanlış nəticəli qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Əslində məhkəmə adı çəkilən mənzil və verilmiş 108.820 ABŞ dollar pulla bağlı mövcud və aşkar şəkildə ortada olan halları nəzərə alıb, tərəflər arasaında bağlanmış daxili lizing müqaviləsini yalan əqd kimi qiymətləndirməli, iddiaçı tərəfindən verilmiş 108.820 ABŞ dolları məbləğini borc kimi qəbul edib, mübahisəni bu şəkildə həll etməli idi.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
24. İddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
25. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
27. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
32. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
33. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
34. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
35. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
36. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
37. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
38. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
39. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
48. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
53. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
54. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
55. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
56. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır.
57. İşin faktiki hallarından, iddiaçının cavabdehlə bağladığı daxili lizinq müqaviləsinin şərtlərindən, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından və xx.xx.2024-cü il tarixli D159 X8 müqaviləsinə əlavə 1-dən görünür ki, iddiaçı lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil verilməsi barədə öhdəlik qəbul etmiş, cavabdeh həmin lizinq müqaviləsi üzrə müvafiq ödənişləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür.
58. Beləliklə, iddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin lizinq müqaviləsi ilə bağlı müddəaları (§ 33) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil verilməsinin sübutetmə yükü iddiaçının, müəyyənləşdirilmiş dövriliklə muzd ödənişlərin edilməsinin sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
59. Bu müstəvidə kollegiya, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin maddi hüquq normalarını düzgün tətbiq etməməsi ilə bağlı dəlilə qiymət verməyi zəruri hesab edir. Belə ki, apellyator hesab edir ki, tərəflər arasında bağlanmış əqd yalan əqddir, məhkəmə məcəllənin lizinq müqaviləsinə aid maddələrini yalnış tətbiq etmişdir.
60. Kollegiya apellyatorun bu dəlilini əsassız hesab edir.
61. Belə ki, Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbləri baxımından əqd o zaman yalan əqd hesab olunur ki, həmin əqd bağlanarkən hər iki tərəf əqdin yalnız digər əqdi pərdələmək məqsədilə (hazırkı halda İddiaçı MMC-nin əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə Cavabdeh7 verilməsi barədə müqaviləni) bağlandığını və heç bir hüquqi nəticələr yaratmayacağını anlamış olsun.
62. Məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır.
63. Hazırkı halda isə cavabdeh iddiaya qarşı etirazını əsaslandırdığı faktları, İddiaçı MMC-nin əqdin yalnız digər əqdi pərdələmək məqsədilə bağladığını sübut etməmişdir.
64. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
65. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
66. Bu baxımdan məhkəmə kollegiyası apellyatorun müqavilənin digər münasibətləri pərdələməklə bağlanması barədə istinad etdiyi hallarla bağlı qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Lakin cavabdeh Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərini pozaraq istinad etdiyi hallarla bağlı sübut təqdim etməmişdir.
67. Digər tərəfdən iş materiallarında olan məhkəmə iclaslarının protokoluna əsasən məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 müqaviləni mübahisələndirməmiş, əksinə müqavilə üzrə öhdəliklərinin icra edilməsinə şərait yaradılması üçün vaxt verilməsini xahiş etmişdir.
68. İş materiallarına əlavə edilmiş xəbərnamələrə (iş materialları: 49-cu vərəqə) əsasən apellyatora isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya etirazını bildirməmişdir.
69. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını tətbiq edərkən səhvə yol verməmiş və mübahisəni haqlı olaraq lizinq müqaviləsi ilə bağlı müddəalar çərçivəsində qiymət vermişdir.
70. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıldır.
71. Kollegiya, məhkəmə xərclərinin bölüşdürülməsinə dair məhkəmənin gəldiyi nəticə ilə də razılaşır; belə ki, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1278/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.