Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-78/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı alqısatqı müqaviləsi üzrə əsas borcun, cərimə məbləğinin tutulmasına dair Bakı Kommersiya Məhkəməsinin 06.09.2021-ci il tarixli, e-2-2(113)- 3134/2021 saylı qətnaməsindən (hakim Zaur Pirverdiyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək 15.05.2020-ci il tarixdə bağlanmış O000769588 saylı alqı-satqı müqaviləsi üzrə 148995,96 manat məbləğində əsas borcun, 15600 manat cərimə məbləğinin və köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında 15.05.2020ci il tarixində bağlanmış O000769588 saylı alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə sement məhsulları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilədə qeyd edilmiş məhsulları cavabdehə göndərmişdir. Lakin, cavabdeh göndərilmiş məhsulların dəyərini tam olaraq ödəməmişdir. 28.04.2021-ci il tarixdə iddiaçı cavabdehə pretenziya məktubu ünvanlayaraq, borc məbləğinin 05.05.2021-ci il tarixədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Pretenziya məktubu cavabdehə 29.04.2021-ci il tarixində çatdırılmışdır. Cavabdehlə 15.05.2020-ci il tarixində bağlanmış O000769588 saylı alqısatqı müqaviləsinin 7.2-ci maddəsinə əsasən, satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehə göndərilmiş elektron qaimə-faktura təsdiq edilmişdir. Cavabdeh həmçinin malların qəbul edilməsi barədə yük-nəqliyyat qaimələrini imzalayıb möhürləmişdir. İş materiallarında olan alqı-satqı müqaviləsi, elektron qaimə-faktura, üzləşmə aktı, yük-nəqliyyat qaiməsi və digər sənədlər iddianın əsaslılığını təsdiq edir. Bakı Kommersiya Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2-2(113)-3134/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 148995,96 manat məbləğində əsas borc və 7000 manat cərimə məbləği tutulmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3134/2021 saylı, 06.09.2021-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, əslində Cavabdeh MMC ilə “Holcim (Azərbaycan)” ASC arasında olan alqı-satqı müqaviləsi heç də iddia ərizəsində yazıldığı və məhkəmə prosesində deyilənlər kimi deyildir. Alqı-satqı müqaviləsində göstərilən borc məbləği hal-hazırda olan borc məbləğindən qat-qat yüksək göstərilmişdir. Cərimə borclarından isə söz belə gedə bilməz. Alqı-satqı müqaviləsində göstərilən maddələrdə isə Cavabdeh MMC-nin maraqlarına zidd bir çox məqamlar mövcuddur. Bu məqamlar isə Holcim (Azərbaycan) ASC və Holcim (Azərbaycan) ASC-nin nümayəndəsi tərəfindən məhkəmə prosesində dilə gətirilmir. Vəziyyətin bu həddə çatmasının əsas səbəbi isə Holcim (Azərbaycan) ASC-nin əsassız iddia ərizələri ilə məhkəməyə müraciət etməsidir. Məhkəmə prosesində iddiaçı tərəfin nümayəndəsinin müqavilənin 8.2-ci maddəsinə əsaslanıb fikir bildirməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə prosesi zamanı hakimin O000769588 saylı alqı-satqı müqaviləsinə əsaslanması və həmin müqavilədə olan bəndlərin nə dərəcədə Cavabdeh MMC-nin maraqlarına zidd olduğuna nəzər yetirməmişdir. Alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Amma ki, bu müqavilədə Cavabdeh MMC-nin maraqlarına zidd hüquq və vəzifələrini pozan müddəalar mövcuddur. Bu isə Bakı Kommersiya Məhkəməsinin hazırki işə qərəzli mövqeyinin açıq-aşkar təzahürüdür. İşə apellyasiya qaydasında baxılması 08.12.2021-ci il tarixə təyin edilmiş, cavabdehin vəsatətinə əsasən 19.01.2022-ci il tarixə təxirə salınmış, məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06.09.2021-ci il tarixli e-2-2(113)-3134/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, iş üzrə qəbul edilmiş qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Məhkəmə qətnaməni mübahisələndirilən hissələrdə yoxlayaraq hesab edir ki, qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsaslar mövcud deyil. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış 15.05.2020-ci il tarixli O000769588 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə sement məhsulu satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8.2-ci bəndinə əsasən alıcı aldığı hər bir taxta altlığı geri qaytarmalıdır, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə "Qiymət" əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 gün ərzində satıcıya ödəməlidir. Müqavilənin 7.2-ci bəndinə əsasən Satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. İddiaçının hazırda tələb etdiyi 148995,96 manat məbləğində əsas borcun 92695,77 manatı cavabdehə 31.12.2020-ci il tarixədək satılmış sement məhsuluna, ƏDV daxil 56300,16 manatı sementlə birlikdə cavabdehə təhvil verilmiş, lakin qaytarılmamış taxta altlığa görə yaranmış, cərimə borcu isə müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmışdır. İşdəki 31.12.2020-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, cavabdeh həmin aktı imzalamaqla iddiaçıya 31.12.2020-ci il tarixə sement məhsuluna görə ümumi borcunun 92695,77 manat təşkil etdiyini təsdiq etmişdir. Cavabdehin iddiaçının pretenziyasına 14.05.2021-ci il tarixli cavab məktubundan görünür ki, cavabdeh iddiaçıya 92695,77 manat borcu olduğunu göstərmiş və borcun ödənilməsi üçün iki ay vaxt verilməsini xahiş etmişdir. 01.07.2021-ci il tarixli EBBE seriyalı 173399 saylı elektron qaimənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 56300,16 manat dəyərində 1988 ədəd altlıqlar verilmişdir. İş materiallarına altlıqların təhvil-təslim aktları əlavə edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 600.4-cü maddələrinə istinad edərək işdəki sübutlarla iddiaçının tələbinin əsas borc hissəsində əsaslı olduğuna dair qənaətə gələrək əsas borc hissəsində tələbi tam təmin etmiş, cərimə ilə bağlı hissədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsini tətbiq edərək iddianı qismən-7000 manat həddində təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının tələb etdiyi borc məbləğinin real borcdan xeyli yüksək olduğunu, borcun bir hissəsinin ödənildiyini qeyd etsə də, iddianı hansı hissədə etiraf etdiyini, hansı hissədə qəbul etmədiyini göstərməmiş, iddiaya etirazını mötəbər sübutlarla əsaslandırmamışdır. Bu səbəbdən cavabdehin iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatəti məhkəmə tərəfindən işin yubadılması məqsədi ilə verilmiş əsassız vəsatət hesab edilərək təmin edilməmişdir. Alqı-satqı müqaviləsinin şərtlərinin alıcının maraqlarına zidd olması barədə apellyasiya şikayətində qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəf halhazıradək həmin müqavilənin hər hansı bəndini mübahisələndirmədiyindən və müqavilənin şərtlərində qanuna zidd hər hansı müddəa olmadığından qeyd edilən mülahizələr iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06.09.2021-ci il tarixli e-2- 2(113)-3134/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 06.09.2021-ci il tarixli e-2-2(113)-3134/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-78/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-78/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver